Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Cəbrayıl: işğalın ağır izləri və unudulmayan yaddaş

Cəbrayıl: işğalın ağır izləri və unudulmayan yaddaş

02.10.2026 [23:03]

Hər il oktyabrın 4-ü Azərbaycan xalqı Cəbrayıl şəhəri gününü qeyd edir. Bu tarix bir tərəfdən Qələbə sevincini, digər tərəfdən isə uzun illər davam edən işğalın acı xatirələrini yaddaşlarda canlandırır. Cəbrayılın azadlığının mənasını tam dərk etmək üçün ilk növbədə rayonun işğaldan əvvəlki həyatını və işğalın gətirdiyi dəhşətli fəsadları xatırlamaq lazımdır.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. Həmin vaxt rayon 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. 1050 kvadratkilometr ərazini əhatə edən rayonda 52 min nəfər əhali yaşayırdı. Bir gecənin içində bu insanlar doğma ocaqlarından didərgin salındı, əcdadlarının uyuduğu torpaqları tərk etməyə məcbur oldular.

İşğaldan əvvəl Cəbrayıl iqtisadi və mədəni baxımdan inkişaf etmiş bölgə idi. Rayonun torpaqları sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Burada dəmir filizi, hətta neft yataqlarının mövcudluğu da məlumdur. Əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olurdu. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, mal-qaranın kökəltmə birliyi və quşçuluq fabriki fəaliyyət göstərirdi.

Sosial və mədəni sahədə də Cəbrayıl yüksək göstəricilərə malik idi. 510 çarpayılıq xəstəxanalarda 92 həkim və 432 orta ixtisaslı tibb işçisi əhaliyə xidmət edirdi. 72 məktəbdə 1660 nəfərdən çox müəllim çalışırdı. Rayonda 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 78 kitabxana və 1 muzey fəaliyyət göstərirdi, mədəniyyət sahəsində 508 nəfər işləyirdi. Rayonun tarix-diyarşünaslıq muzeyində 20 mindən çox eksponat saxlanılırdı. Bütün bunlar Cəbrayılda elmin, mədəniyyətin və maarifin yüksək səviyyəyə çatdığını göstərirdi.

İşğal bu zəngin həyatı məhv etdi. Rayona dəyən ziyan 13,928 milyard ABŞ dolları həcmində qiymətləndirilir. 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı və 100-ə yaxın kənd vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid oldu, 191 nəfər əlil oldu. Rayonun 6 sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Bu rəqəmlərin arxasında minlərlə ailənin faciəsi, yarımçıq qalmış talelər dayanır.

Erməni vandalizmi Cəbrayılın tarixi-mədəni irsinə də amansızcasına toxundu. Dağtumas kəndi yaxınlığındakı “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə və Mərmər nənə məqbərələri kimi arxeoloji abidələr zərər gördü. Dağtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki səkkizguşəli türbələr və türk qəbiristanlığındakı məqbərələr ya tamamilə məhv edildi, ya da ciddi dağıntıya məruz qaldı. Bu, xalqımızın tarixi yaddaşını silmək cəhdi idi.

İşğalın ən ağır nəticələrindən biri də məcburi köçkünlük oldu. Cəbrayıllılar respublikanın 58 rayonunun 2000-ə yaxın yaşayış məntəqəsində məskunlaşdılar. Onların bir hissəsi qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda illərlə yaşamalı oldu. Lakin heç bir çətinlik onların doğma torpağa qayıdış arzusunu söndürə bilmədi.

Bu arzunun ilk işartıları hələ işğal illərində göründü. 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Strateji yüksəkliklərin azad olunmasından sonra kəndə həyat qayıtdı və Cocuq Mərcanlıya qayıdış sonradan Böyük Qayıdışın başlanğıcı kimi dəyərləndirildi. 2016-cı ilin aprel döyüşlərində isə Azərbaycan Ordusunun əks-hücumu nəticəsində strateji Lələtəpə yüksəkliyi azad edildi. Bu hadisə xalqımıza Qələbənin mümkünlüyünə olan inamı daha da gücləndirdi.

Bu gün Cəbrayıl şəhəri gününü qeyd edərkən işğalın ağır izlərini unutmamalıyıq. Çünki tarixi yaddaş gələcək nəsillər üçün ən böyük dərsdir. Dağıdılmış məktəblər, məhv edilmiş abidələr və şəhidlərimizin xatirəsi bizə azadlığın qiymətini xatırladır. Məhz bu yaddaş Cəbrayılın yenidən dirçəlişinə güc verən mənəvi qaynaqdır.

Azər SÜLEYMANOV,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 56 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31