Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Dağıntılardan Zəfər simalı şəhərə: Laçın təcrübəsi

Dağıntılardan Zəfər simalı şəhərə: Laçın təcrübəsi

25.08.2026 [13:13]

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq
işləri artıq konkret nəticələri ilə diqqət çəkir. Bu prosesin ən uğurlu nümunələrindən
biri də Laçındır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26
avqustun "Laçın şəhəri günü" kimi təsis edilməsi şəhərin tarixində yeni mərhələnin
başlandığını təsdiqləyən mühüm siyasi qərardır. Bu gün Laçın təkcə doğma sakinlərin
qayıtdığı məkan deyil, həm də müasir şəhərsalma prinsiplərinin tətbiq olunduğu,
sosial rifahın və dayanıqlı inkişafın təmin edildiyi yeni yaşayış modelinin
formalaşdığı ünvandır.
Laçının bugünkü inkişafını daha dolğun qiymətləndirmək üçün onun yaxın keçmişinə
nəzər salmaq kifayətdir. 1992-ci il mayın 18-də Ermənistanın hərbi təcavüzü
nəticəsində rayon işğal edildi, on minlərlə insan doğma yurdundan zorla didərgin
salındı. Bu, təkcə ərazi itkisi deyildi; insanların illərlə qurduğu həyat dağıdıldı, ailələr
parçalandı, yüzlərlə soydaşımız həyatını itirdi və ya itkin düşdü. İşğal dövründə
mədəniyyət, təhsil və səhiyyə obyektləri məqsədli şəkildə məhv edildi, tarixi abidələr
təhqir olundu, təbii sərvətlər talan edildi. Qanunsuz məskunlaşdırma siyasəti
aparılaraq rayonun tarixi-demoqrafik mənzərəsini dəyişdirmək cəhdləri göstərildi.
Bütün bunlar Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə açıq
hörmətsizliyinin növbəti təzahürü idi.
Azərbaycanın qazandığı tarixi Zəfər bu haqsızlığa son qoydu. 2020-ci ilin sonunda
Laçın rayonu Azərbaycanın nəzarətinə qaytarıldı, 2022-ci il avqustun 26-da isə Laçın
şəhəri, Zabux və Sus kəndləri üzərində tam suverenlik bərpa olundu. Bununla da
bölgədə keyfiyyətcə yeni bir mərhələ başladı. Qarşıya qoyulan məqsəd təkcə
dağıntıları aradan qaldırmaq deyil, insanların uzun illər həsrətində olduqları doğma
yurdlarını əvvəlkindən daha müasir, rahat və təhlükəsiz yaşayış yerinə çevirmək idi.
Bu gün həyata keçirilən bütün layihələr həmin strateji yanaşmanın uğurlu nəticələrini
nümayiş etdirir.
Laçının Baş planı müasir şəhərsalmanın ən qabaqcıl prinsiplərinə əsaslanır. Şəhərin
təbii landşaftı və əsrarəngiz gözəlliyi qorunmaqla yeni yaşayış məhəllələri salınır,
fərdi evlər və çoxmənzilli binalar vahid memarlıq konsepsiyasına uyğun şəkildə inşa
edilir. Burada məktəbəqədər təhsil müəssisələri, tam orta məktəblər, peşə təhsili
mərkəzləri, xəstəxana, mədəniyyət ocaqları, Memorial Park, İşğal və Zəfər muzeyləri
yaradılır. Şəhərin planlaşdırılmasında tətbiq olunan "15 dəqiqəlik şəhər" prinsipi isə
sakinlərin gündəlik ehtiyaclarını yaşadıqları əraziyə yaxın məsafədə təmin etməsinə
imkan verir. Bu yanaşma həm rahatlığı artırır, həm də müasir urbanizasiya
meyarlarına cavab verən sağlam yaşayış mühiti formalaşdırır.
Bütün bunlar Böyük Qayıdış proqramının mahiyyətini aydın şəkildə göstərir. Məqsəd
yalnız insanları doğma torpaqlarına qaytarmaq deyil, onların yüksək həyat keyfiyyəti
ilə təmin olunmasına nail olmaqdır. Laçında tikilən hər ev, istifadəyə verilən hər
sosial obyekt, salınan hər küçə və park dövlətin öz vətəndaşına göstərdiyi diqqət və

qayğının real ifadəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Qarabağ və Şərqi
Zəngəzur ən müasir standartlara uyğun şəkildə yenidən qurulur və Laçın bu siyasətin
ən uğurlu nümunələrindən biri kimi seçilir.
Bu gün Laçın artıq keçmişin ağrılarını arxada qoyaraq gələcəyə inamla baxan
şəhərdir. Burada aparılan quruculuq işləri Azərbaycanın iqtisadi imkanlarını, güclü
dövlət idarəçiliyini və uzunmüddətli inkişaf strategiyasını aydın şəkildə nümayiş
etdirir. 26 avqust – Laçın şəhəri günü də məhz bu reallığın rəmzidir. Bu tarix işğalın
acı xatirələrinin qələbə və quruculuq iradəsi ilə əvəz olunduğunu, Azərbaycanın öz
tarixi torpaqlarında yeni həyat qurmaq əzmini uğurla həyata keçirdiyini göstərən
əlamətdar gündür.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 108 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Sosial

Siyasət

Ədəbiyyat

Elm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30