Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan və Özbəkistanın iqtisadi imkanları yeni əməkdaşlıq üfüqləri açır

Azərbaycan və Özbəkistanın iqtisadi imkanları yeni əməkdaşlıq üfüqləri açır

25.08.2026 [12:23]

Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə siyasi və diplomatik sahə ilə yanaşı, iqtisadi istiqamətdə də sürətlə inkişaf edir. İki ölkənin malik olduğu iqtisadi potensialın bir-birini tamamlaması qarşılıqlı investisiyaların artırılması, birgə layihələrin həyata keçirilməsi və yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş imkanlar açır.
Azərbaycanın Cənubi Qafqazda mühüm iqtisadi, enerji və nəqliyyat mərkəzi kimi mövqeyi, Özbəkistanın isə Mərkəzi Asiyanın ən böyük iqtisadi potensiala malik ölkələrindən biri olması əməkdaşlığın coğrafiyasını daha da genişləndirir. Bu baxımdan Azərbaycan–Özbəkistan iqtisadi əlaqələri yalnız ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə regionlararası iqtisadi əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə də iki ölkənin iqtisadi imkanlarının bir-birini tamamladığı xüsusi vurğulanıb. Bu yanaşma qarşılıqlı investisiyaların təşviqi və müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.
Sənaye kooperasiyası Azərbaycan–Özbəkistan iqtisadi əməkdaşlığının perspektivli istiqamətlərindən biridir. Müxtəlif sənaye sahələrində birgə müəssisələrin yaradılması, istehsal imkanlarının birləşdirilməsi və yeni məhsulların istehsalı həm daxili bazarların təmin olunmasına, həm də üçüncü ölkələrin bazarlarına çıxış imkanlarının genişlənməsinə şərait yarada bilər.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə iki ölkənin iqtisadi potensialını birləşdirən əsas istiqamətlərdən biridir. Azərbaycanın Xəzər dənizi üzərindən Avropa və Asiya arasında mühüm nəqliyyat qovşağı olması, Özbəkistanın isə Mərkəzi Asiyada strateji mövqedə yerləşməsi Orta Dəhlizin imkanlarından daha geniş istifadə üçün əlverişli şərait yaradır. Bu marşrut üzrə yükdaşımaların artırılması ticarət əlaqələrinin inkişafına və yeni iqtisadi imkanların formalaşmasına xidmət edir.
Enerji sahəsində də əməkdaşlığın perspektivləri genişdir. Azərbaycanın enerji resurslarının nəqli və ixracı sahəsində əldə etdiyi təcrübə, Özbəkistanın isə enerji istehsalı və yeni enerji layihələri üzrə potensialı qarşılıqlı faydalı əməkdaşlıq üçün imkanlar yaradır. Bərpaolunan enerji, elektrik enerjisi istehsalı və enerji səmərəliliyi kimi istiqamətlərdə birgə təşəbbüslər gələcək əməkdaşlığın mühüm hissəsinə çevrilə bilər.
Kənd təsərrüfatı və aqrar sahədə də iki ölkənin imkanları bir-birini tamamlayır. Aqrar məhsulların istehsalı, emalı, saxlanması və ixracı üzrə təcrübə mübadiləsi, müasir texnologiyaların tətbiqi və birgə müəssisələrin yaradılması iqtisadi əlaqələrin şaxələndirilməsinə imkan verir.
İqtisadi münasibətlərin inkişafında qarşılıqlı investisiyalar xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistanın dövlət və özəl sektorlarının birgə layihələrə cəlb olunması uzunmüddətli iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir. İnvestisiya fondları və digər maliyyə mexanizmləri isə yeni layihələrin maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradır.
Bütün bunlar göstərir ki, Azərbaycan–Özbəkistan iqtisadi əməkdaşlığı böyük potensiala malikdir. İki ölkənin coğrafi mövqeyi, iqtisadi resursları, istehsal imkanları və nəqliyyat potensialı bir-birini tamamlayır. Ən əsası isə dövlətlər arasında mövcud olan siyasi etimad və qardaşlıq münasibətləri iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün möhkəm əsas yaradır.
Azərbaycan və Özbəkistan qarşılıqlı faydaya əsaslanan yeni layihələri həyata keçirməklə yalnız milli iqtisadiyyatlarının inkişafına deyil, regionlar arasında iqtisadi əlaqələrin güclənməsinə də töhfə verirlər. Qarşıdakı dövrdə yeni əməkdaşlıq formatlarının yaradılması, investisiyaların artırılması və birgə istehsal layihələrinin genişləndirilməsi iki ölkənin strateji tərəfdaşlığını daha da gücləndirəcək.
Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanlarının bir-birini tamamlaması iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsi üçün mühüm üstünlükdür. Siyasi iradə, qarşılıqlı etimad və mövcud iqtisadi potensialın düzgün istiqamətləndirilməsi Azərbaycan–Özbəkistan tərəfdaşlığını gələcək illərdə daha da gücləndirəcək və yeni iqtisadi uğurlar üçün geniş üfüqlər açacaq.

YAP Qubadlı rayon təşkilatının sədri

Təhmasib Rüstəmov

Paylaş:
Baxılıb: 259 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31