Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycanın enerji strategiyası: Qlobal təhlükəsizliyə və dayanıqlı inkişafa aparan yol

Azərbaycanın enerji strategiyası: Qlobal təhlükəsizliyə və dayanıqlı inkişafa aparan yol

08.06.2026 [14:32]

İyunun 1-də keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin enerji siyasətinin uğurlarını və gələcək inkişaf istiqamətlərini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Dövlət başçısının çıxışında xüsusi vurğulanan məqamlardan biri Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayının 16-ya çatması və həmin ölkələrdən 10-nun Avropa İttifaqına üzv dövlətlər olması idi. Bu göstərici Azərbaycanın təkcə enerji istehsalçısı deyil, həm də qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan etibarlı tərəfdaş kimi mövqeyini aydın şəkildə nümayiş etdirir.

Müasir dövrdə enerji resursları dövlətlərin iqtisadi qüdrətini, siyasi nüfuzunu və beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi müəyyən edən əsas amillərdən biridir. Dünyada enerji təhlükəsizliyinin getdikcə daha böyük əhəmiyyət daşıdığı bir vaxtda Azərbaycan öz zəngin təbii ehtiyatlarını düzgün idarə etməklə beynəlxalq enerji bazarında xüsusi yer tutmağa nail olub. Bu uğurların əsasında isə uzunmüddətli və uzaqgörən dövlət siyasəti dayanır.

Azərbaycanın enerji tarixində dönüş nöqtəsi hesab edilən hadisə 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması oldu. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi nəticəsində reallaşan bu tarixi saziş ölkənin iqtisadi inkişaf strategiyasının əsasını qoydu. Həmin dövrdə Azərbaycan yeni müstəqillik qazanmış, siyasi sabitliyin və iqtisadi inkişafın təmin olunması istiqamətində ciddi çağırışlarla üzləşmişdi. Məhz belə bir mürəkkəb şəraitdə qəbul edilən strateji qərar Azərbaycanın dünya enerji bazarına inteqrasiyasına və xarici investisiyaların cəlb olunmasına geniş imkanlar yaratdı.

Sonrakı illərdə həyata keçirilən enerji layihələri Azərbaycanın iqtisadi qüdrətinin artmasına mühüm töhfə verdi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və digər irimiqyaslı layihələr ölkəmizi regionun əsas enerji mərkəzlərindən birinə çevirdi. Bu layihələr təkcə enerji resurslarının nəqlini təmin etmədi, eyni zamanda regional əməkdaşlığın möhkəmlənməsinə, iqtisadi inteqrasiyanın genişlənməsinə və siyasi sabitliyin güclənməsinə xidmət etdi.

Prezident İlham Əliyev Bakı Enerji Həftəsindəki çıxışında qeyd etdi ki, vaxtilə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan təşəbbüs bu gün qlobal enerji sektorunun ən nüfuzlu tədbirlərindən birinə çevrilib. Dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərinin, beynəlxalq şirkətlərin rəhbərlərinin və enerji ekspertlərinin iştirak etdiyi Bakı Enerji Həftəsi artıq beynəlxalq əməkdaşlığın vacib platforması kimi tanınır. Bu tədbir Azərbaycanın enerji siyasətinə olan yüksək etimadın və marağın göstəricisidir.

Azərbaycanın qaz strategiyasında mühüm yer tutan "Şahdəniz" yatağı ölkənin enerji tarixində xüsusi mərhələ təşkil edir. Dünyanın ən iri qaz yataqlarından biri hesab olunan bu layihənin həyata keçirilməsi Azərbaycanın qaz ixrac potensialını əhəmiyyətli dərəcədə artırdı. Hazırda "Şahdəniz" yatağından hasil olunan qaz bir çox ölkələrin enerji təminatında mühüm rol oynayır və qitələrarası enerji əməkdaşlığının əsas elementlərindən biri kimi çıxış edir.

Son illərdə beynəlxalq enerji bazarında baş verən geosiyasi dəyişikliklər Azərbaycanın strateji əhəmiyyətini daha da artırıb. Xüsusilə Avropada enerji mənbələrinin şaxələndirilməsi siyasətinin aktuallaşması fonunda Azərbaycan etibarlı enerji təchizatçısı kimi ön plana çıxıb. Avropa dövlətləri enerji təhlükəsizliyinin təmin olunması məqsədilə yeni tərəfdaşlar axtararkən Azərbaycan öz öhdəliklərinə sadiq qalaraq etibarlı əməkdaş nümunəsi göstərib.

Bu prosesdə Cənub Qaz Dəhlizi xüsusi əhəmiyyət kəsb edir. Uzunluğu minlərlə kilometr olan bu strateji layihə Xəzər hövzəsini Avropa bazarları ilə birləşdirən mühüm enerji körpüsünə çevrilib. Transanadolu və Transadriatik boru kəmərləri vasitəsilə Azərbaycan qazının Avropaya nəqli həm qitənin enerji təhlükəsizliyinə töhfə verir, həm də ölkəmizin beynəlxalq əhəmiyyətini artırır. Məhz bunun nəticəsidir ki, Azərbaycan qazına tələbat ildən-ilə artır və yeni əməkdaşlıq perspektivləri formalaşır.

Enerji siyasətinin uğurları ölkənin sosial-iqtisadi inkişafında da özünü aydın şəkildə göstərir. Enerji layihələrindən əldə olunan gəlirlər hesabına ölkədə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib, yeni yollar, məktəblər, xəstəxanalar tikilib, regionların inkişafına yönəlmiş proqramlar reallaşdırılıb. Bununla yanaşı, enerji gəlirləri Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsinə, iqtisadi müstəqilliyinin möhkəmlənməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edib.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji siyasətinin yeni mərhələyə qədəm qoyduğunu da diqqətə çatdırdı. Dünyada yaşıl enerji gündəliyinin ön plana çıxdığı bir dövrdə Azərbaycan bərpaolunan enerji sahəsinə böyük investisiyalar cəlb edir. Günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi istiqamətində beynəlxalq şirkətlərlə əməkdaşlıq genişlənir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "yaşıl enerji zonası" elan edilməsi də bu strategiyanın mühüm tərkib hissəsidir.

Ölkəmizin yaşıl enerji sahəsində həyata keçirdiyi layihələr yalnız daxili tələbatın ödənilməsinə deyil, gələcəkdə təmiz enerjinin ixracına da hesablanıb. Xəzər dənizinin böyük külək enerjisi potensialı, günəş enerjisi imkanları və yeni texnologiyaların tətbiqi Azərbaycanın bu istiqamətdə də regional liderə çevrilməsi üçün əlverişli zəmin yaradır.

Bu gün Azərbaycan dünya enerji siyasətində etibarlı tərəfdaş, məsuliyyətli istehsalçı və strateji əməkdaş kimi tanınır. Ölkəmizin enerji diplomatiyası müxtəlif regionları və dövlətləri birləşdirən mühüm əməkdaşlıq platformasına çevrilib. Azərbaycanın həyata keçirdiyi siyasət göstərir ki, təbii sərvətlərdən səmərəli istifadə yalnız iqtisadi inkişafı deyil, həm də milli təhlükəsizliyi, siyasi müstəqilliyi və beynəlxalq nüfuzu təmin edən mühüm amildir.

Bakı Enerji Həftəsində səsləndirilən fikirlər bir daha təsdiq etdi ki, Azərbaycan enerji sektorunda əldə etdiyi uğurları yeni çağırışlara uyğun şəkildə inkişaf etdirir. "Əsrin müqaviləsi" ilə əsası qoyulan enerji strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında yeni mərhələyə qədəm qoyub. Ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji istiqamətində həyata keçirilən layihələr ölkəmizin gələcək inkişaf modelini müəyyənləşdirir. Bütün bunlar Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolunu daha da artırır və ölkəmizi beynəlxalq enerji arxitekturasının aparıcı iştirakçılarından birinə çevirir.

Elvin Əliyev

YAP Babək rayon təşkilatı sədrinin müavini

Paylaş:
Baxılıb: 155 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30