Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Qərbin davranışları ...

Qərbin davranışları ...

31.10.2023 [10:14]

Qəzzada münaqişənin qızışdırılması yeni dünya müharibəsi təhdidi yaradır

Oktyabrın 7-dən başlayan növbəti İsrail-Fələstin qarşıdurmasının lokal və qısamüddətli olacağı barədə ehtimallar hər ötən gün daha da azalır. Tərəflərin açıqlamalarından bəlli olur ki, Qəzzada aparılan əməliyyatlar tezliklə başa çatmayacaq, qarşıdurma uzun çəkəcək və hələlik tunelin sonunda işıq görünmür.

Qəzzada yaşanan insanlıq faciəsi

İsrail-Fələstin arasında yaşanan növbəti qarşıdurma beynəlxalq təşkilatların uzun illər ərzində problemin həllinə yanaşmasının acı nəticəsidir. Ortada regionda iki dövlətin yaradılması ilə bağlı qərar olsa da, onun həyata keçirilməsi onilliklər ərzində təxirə salınıb. Buna əsas səbəb isə ayrı-ayrı qlobal güc mərkəzlərinin iddialı yanaşmaları, özlərinin maraqlarından geri çəkilmək istəməmələri olub. Bəhs olunan güc mərkəzləri, ələlxüsus da kollektiv Qərb əslində regionu maraqlarının təmin olunması uğrunda qanlı mübarizə poliqonuna çeviriblər. Biz şahidiyik ki, bir sıra hallarda BMT-nin qərarları çox çevik şəkildə icra olunur, dünyanın ayrı-ayrı bölgələrində sərt tənzimləmə mexanizmləri işə salınır. Ancaq eyni yanaşmanı İsrail-Fələstin probleminin həllinə münasibətdə görmürük.

Bir növ qlobal jandarma çevrilmək iddialarından çıxış edən kollektiv Qərbin belə selektiv yanaşmasının acı nəticələrini isə sıravi insanlar çəkirlər. Bu gün İsrail-Fələstin probleminin növbəti fazasında hər iki ölkədə, xüsusilə də Qəzzada dünyanın gözü qarşısında bir insanlıq faciəsi yaşanır.  Qəzzada oktyabrın 7-dən bəri 7 mindən çox insan həyatını itirib. Onlardan 3038-i uşaq, 1726-sı qadın və 414-ü qoca olub. Rəqəmlər stabil deyil və hər ötən gün dəyişir.

Bölgədə humanitar böhran son həddə çatıb. Ağır hücumlar nəticəsində xəsarət alanların artması fonunda tibbi ləvazimatlar, dərman vasitələri, həkim heyətləri kəskin şəkildə çatışmır. “Təxminən 1,1 milyon insana ərzaq yardımı çatdırılması üçün qarşıdakı iki ay ərzində Qəzzaya hər gün 40 yük avtomobili daxil olmalıdır”. Bu barədə mərkəzi qərargahı İtaliyanın paytaxtı Romada yerləşən BMT-nin Ümumdünya Ərzaq Proqramı bildirib. Qeyd olunur ki, Qəzza əhalisinin artan ehtiyaclarını qarşılamaq üçün davamlı yardımlara ehtiyac var. Hazırda Qəzzada yaşanan yanacaq qıtlığı ərzaq yardımlarının dayanmasına səbəb ola bilər. Yanacaq tədarükü çörək istehsalı, istiliklə təminat və yardımların nəqliyyat vasitələri ilə müvafiq yerlərə daşınması üçün mühüm əhəmiyyət kəsb edir. Minlərlə ailənin əziyyət çəkməməsi üçün humanitar əməliyyatların əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Kollektiv Qərb ənənəvi ampluasında

Qəzzada yaşanan insanlıq faciəsi fonunda kollektiv Qərbin ənənəvi riyakar ampluasında qalması ikrah doğurur. İsrail-Fələstin probleminin yenidən hərb meydanında alovlanması əslində yeni dünya müharibəsinə gətirib çıxara bilər. Analitiklər bununla bağlı məyusluq doğuran proqnozlar səsləndirirlər. Həqiqətən də, silahlı qarşıdurmalara digər dövlətlərin qoşulma ehtimalları kifayət qədər yüksəkdir və hətta buna açıq çağırışlar da eşidilir. Yeni dünya müharibəsinin indiyədək bəşəriyyətin üzləşdiyi ən dəhşətli müharibə olacağı isə heç müzakirə mövzusu da deyil. Əvvəlki dünya müharibələrindən sonra silah istehsalı artıb, quruda, suda, havada işləyə bilən yeni növ dağıdıcı hərbi texnikalar icad olunub, ən əsası isə ayrı-ayrı ölkələr nüvə arsenallarını böyüdüblər. İsrail-Fələstin qarşıdurması dayandırlmasa və problem siyasi müstəvidə həllini tapmasa,  bu silahlar işə düşə bilər.

Dünyanı belə bir fəlakət gözlədiyi bir məqamda kollektiv Qərb Yaxın Şərqdə yenə də yanan odun üzərinə yağ tökməklə məşğuldur. Alınan xəbərlər Qərbin ikili standarta əsaslanan mövqeyini göstərir - bunun təsdiqi üçün cəmi bir neçə fakta diqqət yetirmək kifayətdir. Məsələn, Amerika Birləşmiş Ştatları (ABŞ) bölgəyə əlavə döyüş təyyarələri və gəmiləri göndərir - bunu əvəzinə münaqişəni nizamlamaq üçün cəhdlər göstərilə bilməzmi? ABŞ-ın vitse-prezidenti Kamala Harris ölkəsinin İsraili hərbi avadanlıq və məsləhətlərlə dəstəklədiyini açıq mətnlə ifadə edib.

Həmişə bulanlıq sularda balıq tutmaq istəyən Fransa da tərəfləri sülhə çağırmaq əvəzinə, HƏMAS-a qarşı koalisiya ideyası irəli sürür. Prezident Makron İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyanın HƏMAS-la da mübarizə aparmaq üçün genişləndirilməsinin zəruriliyinə çağırış edib. Sitat: “İŞİD-ə qarşı ABŞ-ın rəhbərliyi ilə yaradılan beynəlxalq koalisiya HƏMAS-a qarşı da mübarizə aparmalıdır”.

Makron nə üçün sülhə çağırış etmir, bunun əvəzində hərbi eskalasiyanın əhatə dairəsinin genişləndirilməsinə nail olmağa çalışır? Onun “HƏMAS-a qarşı beynəlxalq koalisiya yaradılması zəruridir” çağırışı onu göstərir ki, Fransa İsrail-Fələstin qarşıdurmasının daha da dərinləşməsində maraqlıdır və Qəzzada ölən dinc insanlar onun üçün heç bir əhəmiyyət daşımır. Tarixən günahsız insanların ölümünə barmaqarası baxan, soyqırımları törədən Fransa Makronun timsalında

klassik səlibçi konsepsiyasından çıxış edir, problemə səlibçi təfəkkürü ilə yanaşır. Beləliklə, biz görürük ki, Qərbin münaqişəni qızışdırması yeni dünya müharibəsi təhlükəsini daha da real edir.

Azərbaycanın ədalətli yanaşması

İsrail-Fələstin qarşıdurmasının aradan qaldırlmasına ən doğru yanaşmalardan biri münaqişənin həllinə Azərbaycanın münasibətidir. Azərbaycan təxminən 30 il ərzində Ermənistanın apardığı işğalçılıq siyasətindən, bu ölkənin törətdiyi hərbi təxribatlardan əziyyət çəkən ölkədir. Biz qanlı müharibənin nə demək olduğunu yaxşı bilirik, bunu öz həyatımızda yaşamışıq. Ərazi bütövlüyünün pozulması faktı ilə barışmayan Azərbaycan 2020-ci ildə ədalətli müharibə aparmaq məcburiyyətində qaldı. Ölkəmiz məhz öz gücünə ərazi bütövlüyünün və suverenliyinin bərpasına nail olub.

Müharibə dəhşətlərini yaşayan bir ölkə olaraq Azərbaycan İsrail-Fələstin qarşıdurmasının da tez bir zamanda sülh yolu ilə həllini tapmasını istəyir. Bu günlərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Fələstin-İsrail münaqişəsi zonasında dərhal atəşkəsə çağıran qətnamə qəbul edib. Səsvermə dünya təşkilatının saytında yayımlanıb. Azərbaycan da daxil olmaqla qətnamənin lehinə 120 ölkə səs verib, 14-ü əleyhinə olub, 45-i isə bitərəf qalıb. Məlumata görə, qətnamə İordaniya və daha 40 dövlət tərəfindən hazırlanıb. Sənəddə deyilir ki, BMT Baş Assambleyası Fələstin və İsrail vətəndaşlarına qarşı zorakılığı pisləyir. Həmçinin qətnamədə hərbi əməliyyatların dayandırılmasına gətirib çıxaracaq təcili humanitar atəşkəsə çağırış edilir.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 606 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30