Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / “Bharat” dövləti ...

“Bharat” dövləti ...

07.09.2023 [11:35]

Hindistan adını dəyişir, siyasətini də dəyişəcəkmi?

Ərazisinə görə dünyada yeddinci, əhalisinin sayına görə isə ikinci yeri tutan Hindistan yeni dəyişikliklər astanasındadır. Belə ki, Hindistan hakimiyyəti ölkənin adını Bharat olaraq dəyişdirmək istəyir. Müvafiq qətnamə parlamentin sentyabrın 18-dən 22-dək keçiriləcək xüsusi iclasında təqdim oluna bilər. Bu barədə məlumatı Hindistan Konqresinin lideri Cayram Rameş də təsdiqləyib. O bildirib ki, Raştrapati Bhavan (Hindistanda Prezident sarayı) hətta Bharat prezidenti adından G20 ölkələrinin iştirakçılarına dəvət də göndərib. Belə ki, G20 naharına rəsmi dəvətnamələrdə “Hindistan prezidenti” əvəzinə “Bharat prezidenti” yazılıb.

“Yəni xəbər həqiqətən doğrudur”, - deyə Rameş “X” (“Twitter”) hesabında qeyd edib. Həmçinin Hindistan parlamentinin yuxarı palatasından da bununla bağlı açıqlama verilib. “İngilislər Bharat adını Hindistan adı ilə dəyişdiriblər. Ölkəmiz min illərdir ki, Bharat adı ilə tanınır... “Hindistan” adı müstəmləkəçilikdə idi və buna görə də köləliyin simvoludur”, - deyə palatadan bildirilib.

200 illik tabeçilikdən doğan “Hindistan”...

Hindistan ərazisindəki ilk dövlət bizim eradan əvvəl I minilliyin birinci yarısında yaranıb. Qədim və orta əsrlərdə Hindistanın elm, ədəbiyyat, incəsənət sahəsindəki nailiyyətləri, müxtəlif dini və fəlsəfi sistemləri Şərqin bir çox sivilizasiyalarına mühüm təsirlərini göstərib. Tarixən fərqli işğallara məruz qalmış bu region XVI əsrin əvvəllərindən Avropa müstəmləkəçiləri tərəfindən tədricən müstəmləkəyə çevrilib - iki yüz il Böyük Britaniyanın tabeliyində olub. Hindistan tarixi 1857-1859-cu illəri milli-azadlıq hərəkatları, 1918-1922, 1928-1933-cü illəri itaətsizlik, 1946-cı ildən sonrakı dövrü isə üsyanlar dövrü kimi xarakterizə edir. 1947-ci ildə Hindistan dominion statusu alıb. Cəvahirləl Nehru başda olmaqla Müvəqqəti hökumət təşkil olunur. Həmin il avqustun 15-də Hindistan ərazisində dini əlamətlər əsas götürülməklə iki müstəqil dövlət, hindusların çoxluq təşkil etdiyi Hindistan və əhalisi əsasən müsəlmanlardan ibarət olan Pakistan dövlətləri qurulur. Elə həmin dövrdən də iki ölkə arasında mühüm problemlər yaranır - Hindistanın torpaq iddiaları buna yol açır. Təxminən, 75 ildir ki, davam edən bu mübahisə bu gün də öz həllini tapmayıb və Pakistanın haqlı etirazları öz yerini tapmayıb. Qeyd edək ki, 1950-ci ildə qəbul olunmuş konstitusiya Hindistanı 22 ştat və 9 müttəfiq ərazidən ibarət federativ respublika, idarə formasına görə parlament respublikası kimi təsbit etdi.

Bharatın kökü...

Bharat bəlli olduğu kimi, Hindistanın qədim adıdır. Hətta bu ad sanskritlərdə qeyd edilib və xalq arasında bu gün də aktualdır. Bu adın tarixi haqda fərqli məlumatlar mövcuddur. Məsələn, bəzi tarixi qaynaqlar Bharatanın caynizm və hinduizmdə Ari xalqın kralı olduğunu iddia edir. Əfsanələrə görə “Koşalanın bütün hökmdarları Günəşdən törədilərsə, Aydan gələn yeganə Bharata idi”. Bharata Hindistan

yarımadasının bütün ərazisini fəth edən ilk hökmdar sayılır və ərazi də onun şərəfinə “Bharatavarşa” kimi tanınır. Mahabharata görə, Baktriya, Əfqanıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Fars əraziləri də Bharata imperiyasının bir hissəsi idi. “Purana”da, hətta Hindistan deyil, dünyanın bütün ərazisi Bharatavarşa adlanır - onlar üçün “dünya” anlayışı yalnız tanıdıqları coğrafi ərazi sayılırdı.

Jain mifologiyasında Bharata təkcə bütün dünyanı deyil, həm də səmavi planetləri fəth edərək Meru dağının zirvəsinə çataraq bayrağını onun üzərinə qaldırıb. Ancaq zirvəyə çatanda orada digər qəhrəmanların bayraqlarını tapır. Təvazökarlıq simvolu sayılan Bharata caynizmi qəbul edir, dünya həzzindən əl çəkir və “nirvanaya” çatır.

Digər mənbələrdə “Bharata” qədim hind teatrşünası kimi tanıdılır. Eramızdan əvvəl 5-ci əsrdə teatr sənəti və dram nəzəriyyəsinə dair ən qədim traktatlardan biri olan “Natyaşastranın” müəllifi kimi qeyd edilən Bharata hind teatrının atası hesab olunur. “Natyaşastra” hind musiqisi və rəqsi üçün əsas mətndir. “Natyaşastra” klassik hind rəqsi Bharatanatyamı kodlaşdırır və on növ Sanskrit teatr formalarını (natya/rupaka) təsnif edir.

Başqa bir mənbədə isə “Bharata”lar “Riqveda”nın 3-cü mandalasında adı çəkilən Ari tayfası kimi tanıdılır. Bu əsərin müəllifi kimi təqdim olunan Vişvamitra adlı “rişi” də bu tayfanın nümayəndəsidir. Əsərdə Bharata qəbiləsinin çayı necə keçdiyi təsvir edilir. Bharata həm də Aqni adlarından biri və Rudra üçün epitet kimi istifadə edilirmiş.

Hindistan siyasi səhvlərini də düzəldəcəkmi?

Bir sözlə, tarixi dəyişikliyin astanasında olan Hindistan özünün qədim adını qaytarmaq niyyətindədir. Bu, rəsmi Dehlinin öz siyasətinə də korrektələr etməsi demək olacaqmı? Bəlli olduğu kimi, Hindistan indiyə qədər “çevrilişlərin və inqilabların olmadığı ölkə” kimi şöhrət tapsa da, bəzi addımları qeyri-demkoratikliyi ilə seçilir. Pakistana qarşı əsassız torpaq iddiası, daha doğrusu Kəşmiri Pakistan torpağı kimi tanımaması rəsmi Dehlinin beynəlxalq hüquqa qarşı hörmətsizliyidir. 1948-ci ildə əldə olunan razılaşmanı pozmaqla Hindistan uzun illərdir ki, bu regiona sabitliyin gəlməsinə imkan vermir.

Hindistanın bir yeniləməsi gərəkən siyasi xətti də Azərbaycan-Ermənistan münasibətlərində tutduğu qərəzli mövqedir. Azərbaycan torpaqlarını uzun illər işğal altında saxlayan, təcavüzlər və soyqırımıları törədən Ermənistanı əsassız şəkildə silahlandıran Hindistan bununla beynəlxalq hüquqa qarşı hörmətsizlik edir. Ermənistan mətbuatı Hindistanda dərc olunan “The Economic Times” nəşrinə istinadən yazmışdı ki, silahlandırma ilə bağlı müqavilə İrəvanla Dehli arasında ötən il sentyabrın əvvəllərində imzalanıbmış. Sənədin şərtlərinə əsasən, Hindistan Ermənistana təxminən 250 milyon dollarlıq silah tədarük etməyi planlaşdırıb. Söhbət əsasən “Pinaka” raket sistemlərinin və onların sursatlarının, eləcə də tank əleyhinə digər silahların satışından gedir. Bu silahlar Hindistanın yerli istehsalıdır. Onlardan daxili silahlanmada istifadə olunur. Hindistan mətbuatının yazdığına görə, yaxın üç ildə Ermənistana dəyəri təxminən 150 milyon ABŞ dolları olan “ATAGS” haubitsaları da tədarük ediləcək. Təsadüfi deyil ki, iyulun 26-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan ilə görüşmüşdü. Görüşdə Hikmət Hacıyev Ermənistan ilə Hindistan arasında hərbi əməkdaşlığın dərinləşməsi və bu xüsusda son günlər mediada Hindistan istehsalı olan silah sistemlərinin İran vasitəsilə Ermənistana daşınması barədə foto və videoların yayılmasının Azərbaycan tərəfində narahatlıq doğurduğunu bildirmişdi. Prezident Administrasiyasının rəsmisi vurğulamışdı ki, Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlar apardığı bir vaxtda Hindistanın bu ölkəyə öldürücü silahlar tədarük etməsi Ermənistanın militarizasiyasına və vəziyyətin gərginləşməsinə yol açır və Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına maneələr törədir. Bu, həm də Hindistanın özünün bəyan etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasəti, eləcə də bu ölkənin də təmsil olunduğu Qoşulmama Hərəkatının tarixi “Bandunq prinsipləri” ilə uyğun gəlmir.

Beləliklə, adını dəyişərək tarixinə yeni bir səhifə açmağa niyyətlənən Hindistan indiyə qədər etdiyi səhvləri də təkrarlamamalıdır - bu, onun üçün daha uğurlu və daha yaxşı yoldur...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 798 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30