Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / START-ın “STOP” sirri

START-ın “STOP” sirri

25.02.2023 [11:10]

Nüvə razılaşması pozularsa...

Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin ölkəsinin ABŞ-la Yeni Strateji Silahlar Müqaviləsi (START) adlanan müqavilədə iştirakını dayandıracağını bəyan edərək, dünyanın iki ən böyük nüvə dövləti arasındakı nüvə silahlarına nəzarət sazişinin gələcəyini sual altına qoyub.

2011-ci ildə qüvvəyə minmiş bu müqavilə hər bir ölkənin malik ola biləcəyi qitələrarası nüvə silahlarının sayına məhdudiyyət qoyulmasını nəzərdə tutur. Saziş 2021-ci ildə daha beş il müddətinə uzadılmışdı. Silahlara nəzarət müqaviləsi uzun müddət idi ki, Vaşinqton və Moskva arasında konstruktiv əməkdaşlığın ən etibarlı qalası hesab olunurdu.

Rusiya prezidentinin son çıxışından belə məlum olur ki, sözügedən razılaşma artıq heç cür bərpa olunmayacaq. Üstəlik, Putinin müqavilə tərəfi kimi Rusiyanın rolunu dondurması dünyada yeni silahlanma yarışının başlanmasına təkan verə bilər.

Putin Federal Məclisə müraciətində ABŞ da daxil olmaqla Qərb dünyasını müharibə meyillərini qızışdırmaqda ittiham edib. Putin 100 dəqiqəyə yaxın çıxışı zamanı deyib: “Onlar bizə “strateji məğlubiyyət” yaşatmaq istəyir və eyni zamanda bizim nüvə obyektlərimizi ələ keçirməyə çalışırlar. Elə o səbəbdən mən bu gün Rusiyanın Strateji Hücum Silahları Müqaviləsində iştirakını dayandırdığını elan etməyə məcburam”.

Putin “biz qayıdacağıq” deyir, Stoltenberq “geriyə yol yoxdur” söyləyir

Putinin bu bəyanatına Qərbdən gözlənən cavab gecikməyib. NATO-nun baş katibi Yens Stoltenberq Rusiya liderinin məlum çıxışı ilə müqavilənin artıq qüvvədən düşdüyünü bildirib:

“Yeni START-la bağlı Putinin elan etdiyi qərara görə bütün silahlara nəzarət arxitekturası artıq ləğv olundu”.

Bəs Rusiya lideri ilə NATO rəhbərinin bu açıqlamaları dünyada yeni nüvə yarışının start götürməsinə zəmin yarada bilərmi?

Bir çox ekspertlərin fikrincə, Putinin məlum açıqlamasını yeni nüvə silahı yarışının xəbərçisi kimi şərh etmək tezdir. Məlum olduğu kimi, müqavilənin müddəti 2026-cı ildə başa çatacaq. Ancaq Rusiya liderinin bu açıqlaması ABŞ və Rusiya arasında müqavilənin uzadılması və ya iki tərəf arasında danışıqların baş tutması üçün diplomatik səyləri daha da çətinləşdirəcək. Unutmaq olmaz ki, iki supergüc birlikdə dünya nüvə arsenalının təxminən 90 faizinə sahibdir.

Silahlara Nəzarət Assosiasiyasının əməkdaşı Deril Kimbell nüvə razılaşmasının pozulması məsələsini bu cür şərh edib: “Əgər Rusiya Yeni START Müqaviləsinin müddəti bitənə qədər öz strateji arsenalına qoyulan məhdudiyyətlərlə razılaşmasa, o zaman 1972-ci ildən bəri ilk dəfə olaraq dünyanın ən böyük iki nüvə arsenalında heç bir limitin olmadığı bir zamana gəlib çıxacağıq. Deməliyəm ki, bu, hər iki tərəfə öz strateji nüvə arsenalını artırmaq üçün qapı açır”.

Göründüyü kimi, Rusiya Qərbə qarşı ən son təzyiq imkanından belə yararlanmağa çalışır. Bununla belə, Putin onu da vurğulayıb ki, Rusiya müqavilədən tamamilə çıxmır, sadəcə, iştirakını dayandırır. Putinin fikrincə, müvəqqəti “stop” sənədi qüvvədə saxlayır və nəzəri olaraq gələcəkdə ona qayıtmaq şansını qoruyur. Lakin nüvə ekspertləri bildirirlər ki, müqavilədə Moskvanın dediyi kimi bir tərəfin “iştirakını dayandırmaq”la bağlı heç bir müddəa yoxdur, sənəddə, sadəcə, müqavilədən çıxmaq variantı var. NATO-nun baş katibi Stoltenberq də bu müddəadan çıxış edərək Rusiyanın məlum addımı ilə müqaviləni pozduğu barədə açıqlama verib.

Nüvə yarışı başlanır

Putin məlum çıxışında Rusiyanın nə vaxtsa sazişə qayıtması üçün şərt kimi NATO-ya üzv digər ölkələrin, o cümlədən Böyük Britaniya və Fransanın nüvə potensialının da nəzərə alınmasının vacibliyinə işarə vurub. Amma iş orasındadır ki, bu ölkələr müqavilənin tərəfləri deyillər. Adı çəkilən dövlətlərin nə müqavilənin imzalanmasında, nə də 2021-ci ildə müqavilə müddətinin uzadılmasında hər hansı rolu olmayıb. Rusiya prezidenti müqaviləyə gələcəkdə digər nüvə dövlətlərinin də tərəf kimi cəlb edilməsini nəzərdə tutursa, faktiki olaraq bu, yenə də mümkün olmayacaq. Çünki Rusiyanın həmin razılaşmadan çıxması, Putinin sözləri ilə desək, statusunu dondurması sözügedən sazişin artıq qüvvədən düşməsi sayılır. İkinci bir tərəfdən, Putinin eyham vurduğu “yeni üzvlər”in bu müqaviləni imzalamaq istəyib-istəmədikləri barədə indiyədək həmin dövlətlər tərəfindən hər hansı bir açıqlama və ya fikir səsləndirilməyib.

Putinin sensasiyalı çıxışından qısa müddət sonra Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, Kreml hələlik nüvə başlıqlarının sayını artırmamaq barədə müqavilədə nəzərdə tutulan tələblərə riayət edəcək.

Putin onu da bildirib ki, ABŞ nüvə sınaqları keçirmədiyi müddətcə Rusiya da belə sınaqlar keçirməyəcək. Xatırladaq ki, həm ABŞ, həm də Rusiya 1996-cı ildə bütün nüvə silahlarının sınaqlarını yasaqlayan Əhatəli Nüvə Sınaqlarının Qadağası Müqaviləsini imzalayıb. Görünən budur ki, aqressiv Rusiya ilə müqayisədə ABŞ-ın bu müqaviləni pozma ehtimalı çox azdır.

Sanksiyalara qarşı Rusiyadan gözlənilməz cavab

Ancaq bütün hallarda Rusiyanın qərarı heç də göydəndüşmə sayılmaz. Hələ 2020-ci ilin mart ayında strateji nüvə silahı obyektlərində keçirilən qarşılıqlı yoxlamalar koronavirus pandemiyası üzündən dayandırılmışdı. Lakin pandemiya səngidikdən sonra da qarşılıqlı yoxlamalar baş tutmadı. Qərbin Rusiyaya tətbiq etdiyi sanskiyalar səbəbindən 2022-ci ilin avqustunda Rusiya rəsmilərinin ABŞ-a səfərlərinə qadağa qoyuldu. Məhz bu qadağa Kremlin əlində tutarlı bəhanəyə çevrildi. Qərbin sanksiyalarını əsas gətirən Moskva ABŞ mütəxəssislərinə onların nəzarətində olan nüvə obyektlərinə daxil olmağı qadağan etdi.

Göründüyü kimi, bu qarşılıqlı təzyiq hələ ki, xronoloji ardıcıllıqla davam edir. Ötən ilin noyabrında ABŞ Dövlət Departamenti  yoxlamaların bərpasına dair yol xəritəsi hazırlamaq üçün Misirdə planlaşdırılan görüşü Rusiyanın təxirə saldığı barədə məlumat vermişdi. Bundan əlavə, ABŞ Dövlət Departamenti ötən ay yaydığı bəyanatda Moskvanı müqavilədən irəli gələn öhdəlikləri pozmaqda günahlandırmışdı.

Vaşinqtonun nüvə daşınmalarına nəzarəti çətinləşir

Rusiyanın START müqaviləsində iştirakını dayandırdığını elan etməsindən sonra ABŞ dövlət katibi Antoni Blinken onların  Rusiyanın addımlarını yaxından izləyəcəyini bildirib. Dövlət katibi Vaşinqtonun silahlara nəzarət danışıqlarına açıq olduğunu bir daha təsdiqləyib.

Pandemiyadan bəri qarşılıqlı yoxlamalar bərpa olunmadığından Putinin bu açıqlaması situasiyanın xeyli mürəkkəbləşəcəyindən xəbər verir. Burada ABŞ-ı narahat edən əsas məsələ Rusiyanın nüvə raketlərinin daşınması, saxlanması, yaxud istismardan çıxarılması zamanı Vaşinqtonu xəbərdar etməməsi olacaq.

Qeyd edək ki, START müqaviləsinin mühüm bir hissəsini əhatə edən bu məlumat mübadiləsi hər bir ölkəyə nəzarət mexanizmidir. Beynəlxalq nüvə razılaşmalarına görə, heç bir dövlət məxfi nüvə sınaqları keçirə bilməz, belə müqavilələrdə əsas tələblərdən biri nüvə məsələləri ilə bağlı istənilən əməliyyatın şəffaf keçirilməsidir. ABŞ Dövlət Departamentinin məlumatına görə, START sazişinin qüvvəyə mindiyi 2011-ci ildən bəri hər iki tərəf (ABŞ və Rusiya) arasında 25 mindən çox bildiriş mübadiləsi aparılıb.

Baydendən daha sərt mövqe tələb edilir

Hazırda ABŞ Moskvanın nüvə ehtiyatlarının vəziyyəti barədə onları məlumatlandırmaqda davam edib-etməyəcəyi sualı ilə üzləşib. Qərbdə bir çox ekspert əmindir ki, Bayden administrasiyası Putindən fərqli olaraq sazişdə nəzərdə tutulan   öhdəliklərdən imtina etmək niyyətində deyil. Putinin açıqlamasından sonra Baydenin özü də daha sərt mövqe tələb edən respublikaçıların təzyiqi ilə üzləşə bilər. Məsələn, Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə Komitəsinin sədri Mayk Rocers artıq əlavə nüvə qüvvələrinin yerləşdirilməsi də daxil “bütün variantlar masada olmalıdır” deyib.

Qlobal təhlükəsizlik təhlükədədir

Bu arada, digər bir təhlükəni də gözardı etmək olmaz. Belə ki, yeni START müqaviləsi pozularsa və ya 2026-cı ilin fevralında bitmə tarixindən əvvəl hər iki tərəf müqaviləni yeniləməzsə, bu, digər potensial nüvə güclərinə mənfi çağırış olacaq. “Təsəvvür edin, bu vəziyyət Hindistan və Pakistan üçün nə deməkdir? Çini də unutmayın! Məlumunuz olsun ki, bu hal soyuq müharibədən qat-qat qorxuludur. Oyunçuların artması dünyanın qlobal təhlükəsizliyi üçün dəhşət ola bilər”, - deyə “Reuters” Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun strategiya, texnologiya və silahlara nəzarət üzrə direktoru Uilyam Alberke qorxulu gələcəklə bağlı xəbərdarlıq edib.

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 700 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30