Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Rusiya-NATO qarşıdurması güclənir

Rusiya-NATO qarşıdurması güclənir

24.01.2023 [10:44]

Rəsmi Moskva artıq NATO-nun müharibəyə birbaşa qoşulduğunu iddia edir

N.BAYRAMLI

Rusiya-Ukrayna münaqişəsinin sonu görünməz olaraq qalır. Ötən il fevralın 24-də başlayan müharibə region üçün ağır nəticələr verib. Sonu görünməyən müharibə indiyə qədər həm Rusiyaya, həm də Ukraynaya xeyli ziyan vurub. Belə ki, Ukraynada minlərlə mülki insan həyatını itirib, hərbçilər həlak olub, xeyli sayda infrastruktur dağıdılıb, milyonlarla insan qaçqın vəziyyətinə düşüb. Bu ölkənin ərazisinin 20 faizə yaxını hazırda Rusiya ordusunun nəzarətindədir.

“Ramştayn” formatı Ukraynaya növbəti hərbi yardımı müzakirə edib

Rusiya-Ukrayna müharibəsi geosiyasi proseslərə əhəmiyyətli dərəcədə təsir edib. ABŞ, Avropa İttifaqı Rusiyaya ciddi sanksiyalar tətbiq edir. Avropa İttifaqı tərəfindən sayca səkkiz sanksiyalar paketi qəbul olunub. Məqsəd Rusiyanın iqtisadiyyatını zəiflətmək, bununla da rəsmi Moskvanı müharibəni dayandırmağa məcbur etməkdir. ABŞ və Avropa İttifaqı, eləcə də NATO Ukraynaya özünü müdafiə etmək üçün fəal hərbi yardım da göstərirlər. Yanvarın 20-də Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun - “Ramştayn” formatının növbəti toplantısında da rəsmi Kiyevə hərbi dəstək məsələsi müzakirə olunub. Toplantıda ABŞ-ın müdafiə naziri Lloyd Ostin xarici tərəfdaşları Ukraynaya kömək etməkdə daha qətiyyətli olmağa çağırıb. Lloyd Ostinin sözlərinə görə, Ukrayna dünyanı ruhlandırıb, Rusiya isə sursat çatışmazlığı və ağır döyüş itkiləri ilə üzləşib. Azad və suveren Ukrayna güclü dəstək aldıqda, Kreml yenidən bir neçə müttəfiqindən təchiz üçün kömək istəməlidir. Bu arada hətta İran və Şimali Koreya da Rusiyaya silah tədarükünü etiraf etmək istəmir. “Daha dərinə getməyin vaxtıdır. Ukrayna xalqı bizi izləyir, Kreml bizi izləyir, tarix də bizi izləyir. Ona görə də biz Ukraynanın Rusiya imperiyasının təcavüzündən müdafiəsinə kömək etmək əzmimizdən geri çəkilməyəcəyik və tərəddüd etməyəcəyik”, - deyə ABŞ müdafiə naziri əlavə edib. ABŞ Ukraynaya həcmi 2,5 milyard dollar olacaq yeni hərbi yardım paketini elan edib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin videomüraciətinə cavab olaraq Ostin bildirib ki, ABŞ ölkələrin sərhədlərinin güc yolu ilə dəyişdirilə bilməyəcəyi prinsipini dəstəkləməyə davam edəcək. Prezident Volodimir Zelenski iclasda müttəfiqlərini Ukraynaya uzaqmənzilli raketlər və F-16 qırıcıları göndərilməsini müzakirə etmək üçün “Ramştayn”ın yeni toplantısını keçirməyə çağırıb. “Ukraynanın uzaqmənzilli raketlər və döyüş təyyarələri ilə təmin edilməsi, müttəfiqlərin indi göstərdiyi yardımdan daha yüksək addım olardı”, - deyə Zelenski bildirib.

Peskovdan NATO açıqlaması

Ukraynaya verilən xarici hərbi dəstəyi isə rəsmi Moskva etirazla qarşılayır. Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib ki, NATO və ABŞ-ın Ukraynaya dəstəyi və silah yardımı münaqişələr dövriyyəsinə səbəb olub. O, NATO-nun Ukrayna müharibəsində birbaşa və ya dolayısı ilə iştirak etdiyini iddia edib: “NATO ölkələrinin birbaşa və ya dolayısı ilə bu münaqişəyə qarışdığını görürük. Bu gərginliyin artmasını davam etdirmək üçün siyasi iradə nümayiş etdirdiklərini də eşidirik. Ukraynanın döyüş meydanında qalib gələcəyi ilə bağlı yanlış təsəvvür yaranıb. Bu, yuxarıya doğru münaqişələr dövriyyəsinə səbəb olur”. ABŞ-ın Kiyevə planlaşdırdığı tank yardımı haqqında danışan Peskov bu vəziyyətin Ukrayna üçün problem yaradacağını bildirib: “Bunun nəticələri Ukrayna üçün mütləq mənfi olacaq. Biz dəfələrlə demişik ki, bu cür göndərişlər prinsipcə heç nəyi dəyişə bilməz, əksinə, Ukrayna və onun xalqı üçün yeni problemlər yaradacaq. Mütəxəssislərimiz də bu tədarüklərlə bağlı yaranacaq problemlərdən xəbərdardırlar. Həmin tankların texniki baxışa və təmirə ehtiyacı var. Üstəlik, bu tankların çatdırılması Rusiyanın öz məqsədlərinə çatmaq səylərini dəyişməyəcək. Üçüncü ölkələrə yüklərin daşınması ilə bağlı qanuni məhdudiyyətləri nəzərə almaq vacibdir. Çünki bütün göndərişlər hərbi təyinatlı mallardır. Təbii ki, biz bu prosesi diqqətlə izləyəcəyik”. Kremlin sözçüsü Qərb ölkələrinin Rusiya ilə dialoq qurmasını tövsiyə edib: “Almaniya, Fransa və Ukrayna Minsk razılaşmaları üzərində son 8 ildə bir oyun oynadı. İndi bu ölkələr əməllərinin bədəlini ödəməlidirlər. Bütün mənfi nəticələrin fərqinə varmaları və Rusiyanın narahatlıqlarını dinləmələri lazımdır”.

Politoloq: Ukrayna ordusunu NATO təmin edir

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov qəzetimizə açıqlamasında bildirib ki, NATO  Rusiya ilə savaşa birbaşa qoşulmağa ehtiyat etsə də, qarşıdurma üçün məkan kimi Ukrayna ərazisini seçib. Aydındır ki, Ukrayna ordusunun şəxsi heyətinin təkmilləşdirilməsi, potensialının artırılması, bu ölkəyə müxtəlif silah və hərbi texnikaların verilməsi

NATO-nun hesabınadır. Burada NATO-nun siyasi, maliyyə, hərbi, loqistik dəstəyi həm müharibənin müddətini uzadır, həm də Ukraynanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı kontekstində münaqişənin həlli ilə bağlı bir mövqe ortaya qoyur. Eyni zamanda, bu amillər savaşın Rusiya-NATO kontekstinə çevrilməsinə səbəb olur. Ona görə də, Peskov açıq şəkildə bildirir ki, bu müharibədə NATO iştirak edir.

Politoloqun sözlərinə görə, müharibənin uzun müddət davam etməsi proqnozlaşdırılan deyildi: “2023-cü ilin əvvəlindən Rusiyanın hücumları intensivləşdirməsi onu deməyə əsas verir ki, müharibə tez bir zamanda bitməyəcək. Ukrayna da işğal faktı ilə razılaşmır, ərazilərini azad etmək istiqamətində qətiyyətlidir və burada NATO-nun dəstəyi öz rolunu oynayır. Eyni zamanda, Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun da yenidən Ukraynaya səfər etməsi onu təsdiqləyir ki, Qərbin rəsmi Kiyevə dəstəyi azalmayacaq. NATO əvvəl olduğundan daha çox miqyasda Ukraynaya hərbi yardım göstərəcək. Ona görə də, Rusiyanın birbaşa olaraq NATO-nu günahlandırması təsadüfi deyil. Düşünürəm ki, Rusiya da NATO-nun Ukraynaya dəstəyi ilə əlaqədar öz hərbi addımlarını gücləndirəcək. Yəqin ki, uzun illər sonra bu müharibəyə dair dərsliklərdə, kitablarda  məlumatlar Rusiya-NATO qarşıdurması kimi qeyd ediləcək”.

Paylaş:
Baxılıb: 84 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Son 5 ay ...

03 Fevral 11:02

Sosial

Ədəbiyyat

Allahı qoruyan şair

03 Fevral 10:56

Siyasət

İRR camaşırxanası...

03 Fevral 10:47  

Siyasət

Siyasət

Siyasət

Daha bir şans

03 Fevral 10:12

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28