Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Azərbaycan həmrəyliyi sözdə yox, əməldə göstərdi

Azərbaycan həmrəyliyi sözdə yox, əməldə göstərdi

10.07.2020 [10:00]

Prezident İlham Əliyev: Humanitar və maliyyə yardımı bir daha onu göstərir ki, ilk növbədə, Azərbaycan ayaqda möhkəm duran ölkədir və çətin dövrdə özünə qapanmır
Azərbaycan dövləti pandemiya şəraitində əhalinin sağlamlığını qorumaq və sosial müdafiəsini gücləndirmək üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Əlamətdar haldır ki, Azərbaycanın pandemiyaya qarşı gördüyü tədbirlər beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Məlumdur ki, ölkəmiz pandemiya şəraitində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx əməkdaşlıq edir. Qurumun nümayəndəliyi Azərbaycanda çox fəal iş aparır və bu xəstəliyin yayılmaması üçün əməli addımlar atılır. Azərbaycan da öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatını beynəlxalq arenada dəstəkləyir, quruma maliyyə yardımı göstərir. Respublikamız pandemiyadan sonra da ÜST-lə əməkdaşlığını davam etdirmək niyyətindədir. Prezident İlham Əliyev iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışından sonara Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində ÜST-ün ölkəmizdə pandemiyaya qarşı mübarizə çərçivəsində görülən işlərə yüksək qiymət verdiyini xatırladaraq vurğulayıb: “Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda görülmüş işlərə yüksək qiymət vermişdir, həm birinci mərhələdə, ondan sonrakı mərhələdə və bu gün. Bu gün də biz sıx əlaqədəyik və hesab edirəm ki, bu təşkilatla hər bir ölkə çox sıx əməkdaşlıq etməlidir”.
Azərbaycanın koronavirus pandemiyasına qarşı beynəlxalq səviyyədə də yüksək dəyərləndirilən mübarizə tədbirlərindən söhbər açarkən başqa bir mühüm məqamı da xüsusi vurğulamaq lazımdır. Söhbət ölkəmizin pandemiya şəraitində qlobal həmrəyliyin genişləndirilməsinə göstərdiyi davamlı səylərdən gedir.
Azərbaycan pandemiya şəraitində qlobal həmrəyliyin gücləndirilməsinə mühüm töhfələr verir
Məlumdur ki, qısa müddətdə dünyanın 200-dən çox ölkəsinə yayılan yeni növ koronavirus pandemiyası qlobal miqyasda bir sıra ciddi təhdidlər yaradıb. Artıq ayrı-ayrı ölkələr pandemiya səbəbindən getdikcə artan xərclərini qarşılamaqda çətinlik çəkdiklərini açıq şəkildə bildirirlər. Verilən məlumatlara görə artıq 150-dək ölkə kömək üçün Dünya Bankına, Beynəlxalq Valyuta Fonduna müraciət ünvanlayıb. Aydındır ki, belə bir çətin vəziyyətdə özünə qapanmaqla, dünyadan təcrid olunmaqla pandemiya ilə mübarizədə uğurlu nəticələr qazanmaq mümkün deyil. Pandemiya qlobal təhdidlər yaratdığı kimi, ona qarşı mübarizədə də ölkələr və beynəlxalq təşkilatlar səylərini əlaqələndirməli, koordinasiyalı fəaliyyətə üstünlük verməlidirlər.
Deyilənlər baxımından Azərbaycanın nümunəsi təqdirəlayiqdir. Azərbaycan heç vaxt hansısa bir ölkənin çətin vəziyyətindən istifadə edib özü üçün nəyisə əldə etməyə çalışmayıb. Respublikamız ancaq əməkdaşlıq, xeyirxahlıq, yardım və dəstək hesabına daha çox dost, tərəfdaş qazanıb. Ölkəmiz öz ənənəsinə çətin pandemiya dövründə də sadiqlik nümayiş etdirir. Belə ki, Azərbaycan məsuliyyətli ölkə kimi, pandemiya şəraitində qlobal həmrəyliyin gücləndirilməsinə davamlı səylər göstərir.
Qeyd edək ki, Azərbaycan COVİD-19-la mübarizə məqsədilə indiyədək qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə 10 milyon dollar ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım göstərib. Beynəlxalq həmrəyliyin gücləndirilməsinə dəstək verməsini ölkəmizin üstünlüyü kimi dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Hətta çətin bir dövrdə biz 30-dan çox ölkəyə yardım göstərmişik və düz etmişik. Əlbəttə, məhz çətin günlərdə ölkələr bir-birinə dəstək verməlidirlər. Yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı bəyanatlar verə bilər. Ancaq biz bu həmrəyliyi sözdə yox, əməldə göstərməliyik və bunu göstərmişik. Hesab edirəm ki, buna görə ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. Onsuz da Azərbaycan dünyada çox yüksək imicə malik bir ölkədir. Son hadisələr bunu bir daha təsdiqlədi. Bu humanitar və maliyyə yardımı bir daha onu göstərir ki, ilk növbədə, Azərbaycan ayaqda möhkəm duran ölkədir və çətin dövrdə özünə qapanmır. Əksinə, bu dövr ərzində bizim təşəbbüslərimiz, o cümlədən beynəlxalq müstəvidə təşəbbüslərimiz beynəlxalq əməkdaşlığı təşviq edən təşəbbüslərdir. Burada Azərbaycan dünya miqyasında çox önəmli rol oynayan ölkə kimi özünü bir daha təsdiqləyib”.
Azərbaycanın pandemiya şəraitində beynəlxalq həmrəyliyə dəstək verməsi həmçinin nüfuzlu beynəlxalq təşkilatlar olan Türk Şurasına və Qoşulmama Hərəkatına sədrlik fəaliyyəti çərçivəsində də aydın şəkildə nəzərə çarpır. Hər bir ölkə hər hansı bir təşkilatda fəaliyyətini tam icra etməlidir, bu fəaliyyət formal xarakter daşımamalıdır. 2019-cu ilin oktyabrından sözügedən hər iki quruma sədrlik edən Azərbaycan üzərində düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirir, fəal siyasət apararaq üzv ölkələrin maraqlarını dünya miqyasında müdafiə edir, hər zaman ədalətin və beynəlxalq hüququn müdafiəsində dayanır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatında sədrlik edən Azərbaycanın təşəbbüsü ilə bu təşkilatların Bakıda iki Zirvə görüşü keçirilib. Zirvə görüşlərinin keçirilməsini yüksək dəyərləndirən Prezident İlham Əliyev “Qoşulmama Hərəkatına üzv ölkələrin və Türk Şurasının Zirvə görüşləri çox uğurlu keçdi. Qəbul edilmiş sənədlərdə Azərbaycanın bu təşəbbüsü və bu sahədə oynadığı rolu, həmrəyliyə hesablanmış addımları yüksək qiymət almışdır”, - deyə vurğulayıb.
Şübhəsiz ki, Azərbaycan Türk Şurasının və Qoşulmama Hərəkatının pandemiya şəraitində yüksək səviyyəli görüşlərini təşkil etməklə liderlik keyfiyyəti ortaya qoyub və qlobal səyləri birləşdirib. Qeyd edək ki, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən Zirvə görüşündə 120 ölkə təmsil olunub, eyni zamanda, tərkibində 55 dövləti birləşdirən Afrika İttifaqı buna qoşulub. Bundan başqa, 27 dövlətin yer aldığı Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə qatılıb. Vurğulamaq yerinə düşər ki, tərkibində 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır.
Azərbaycan digər formatlarda da həmrəylik və əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə nail olmağa çalışır. Xəbər verildiyi kimi, bir qədər bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans vasitəsilə görüşü keçirilib. Prezident İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycan üçtərəfli əməkdaşlıq formatına həmişə böyük maraqla yanaşıb, üstünlük verib. Vurğulamaq yerinə düşər ki, Azərbaycan, Əfqanıstan, Türkmənistan dövlət başçılarının Zirvə görüşündə iqtisadi əməkdaşlıq sahəsində konkret nəticələr əldə edilib, hökumətlərarası işçi qruplarının yaradılmasına nail olunub, Ümumiyyətlə, bu, çox böyük iqtisadi səmərə gətirə biləcək yeni formatdır.
Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının xüsusi sessiyası pandemiyaya qarşı mübarizədə önəmli addım olacaq
Qoşulmama Hərəkatının yuxarıda bəhs olunan Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev pandemiya ilə mübarizədə qlobal həmrəyliyin möhkəmləndirilməsinə hesablanan BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüs irəli sürüb. Azərbaycan Prezidentinin təklifi Nyu Yorkda Qoşulamama Hərəkatının 120 üzv ölkəsi arasında yekdilliklə razılaşdırılıb. Bunun ardınca Qoşulmama Hərəkatının Sədri, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb. Öz növbəsində qurumun Baş katibi 28 may tarixində BMT Baş Assambleyasının “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət ünvanlayaraq 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilmələrini xahiş edib.
Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Verilən rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-a qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıblar. BMT üzvü olan 130-dək dövlətin Qoşulmama Hərəkatının Sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü dəstəkləməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Bəhs olunan təşəbbüsün dünya ölkələri tərəfindən dəstəklənməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Bizim növbəti təşəbbüsümüz BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə əlaqədar idi. Bu təşəbbüs də dünya miqyasında yüksək qiymət aldı və 130-dan çox ölkə bizim təşəbbüsümüzə dəstək verdi. Beləliklə, yaxın gələcəkdə sessiya keçiriləcəkdir”.
Qeyd edək ki, təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər vardır. Yeri gəlmişkən, qlobal pandemiyaya qarşı mübarizədə çoxtərəfli əməkdaşlığın aktuallığı Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş arasında baş tutan telefon danışığı zamanı da müzakirə edilib. Telefon danışığında Azərbaycanın pandemiya şəraitində qlobal həmrəyliyin və əməkdaşlığın möhkəmlənməsinə real töhfələr verdiyi nəzərə çatdırılıb. Prezident İlham Əliyev xüsusi sessiyanın keçirilməsi ilə əlaqədar texniki-logistik məsələlərin həllində Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu bildirib. BMT-nin Baş katibi Antonio Quterreş Baş Assambleyanın COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu deyib. Eyni zamanda, Baş katib Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün fəal surətdə çalışdığını bildirib. Prezident İlham Əliyev və Baş katib Antonio Quterreş telefon danışığında əminliklərini ifadə ediblər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 762 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31