Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Olimpiya tarixində rəzalət

Olimpiya tarixində rəzalət

30.07.2024 [10:40]

Xristian dünyası Yelisey Sarayını qınayır

Olimpiadalar tarix boyunca dünyada ən mötəbər idman yarışları və həmrəylik bayramı kimi qəbul olunub. Olimpiadaların yaratdığı irs həmişə beynəlxalq birlik üçün nümunə olub və yüksək dəyərləndirilib. İnsanlar uzun müddət bu irsin yaratdığı xoş duyğular altında yaşayıblar və növbəti olimpiadaları gözləyiblər. Bu mənada ev sahibi ölkələri həmişə öz məsuliyyətlərinin miqyasını anlayaraq olimpiadalara çox ciddi hazırlıqlar görüblər və bu olimpiadalar vasitəsilə dünyaya öz tarixlərini, mədəniyyətlərini, hazırkı reallıqlarını təqdim etməyə çalışıblar.

Parisin iyulun 26-dan avqustun 11-dək ev sahibliyi edəcəyi 33-cü Yay Olimpiya Oyunlarına da böyük maraq var idi. Bəli, Fransa tarixinə, mədəniyyətinə əsaslanmaqla Olimpiada vasitəsi ilə indiki həssas və gərgin dönəmdə dünyaya çox şey təqdim edə bilərdi. Təəssüf  bu, baş vermədi və gözləntilər doğrulmadı. İyulun 26-da Sena çayında və onun ətrafında düzənlənən açılış mərasimində, sözün əsl mənasında, biabırçılıqlar yaşandı.

Makronun uğursuz tezisi...

Fransa Paris - 2024-ün açılışına xoş əhval-ruhiyyə ilə deyil, ciddi narahatlıqlar doğuran insidentlərlə getdi. Belə ki, Oyunlara hazırlıq çərçivəsində Parisdə yarışların və açılış mərasiminin keçiriləcəyi ərazilərdən evsiz və qeydiyyatsız insanların şəhər ətrafına zorla köçürülməsi baş verdi. Bunun təhlükəsizlik məqsədilə edildiyinə dair açıqlamalar gəlirdi. Bununla belə, həmin insanların köçürüldükləri ünvanlarda normal yaşamaları üçün heç bir tədbir görülmədi. Başqa çoxsaylı nöqsanlar da sadalamaq mümkündür. Açılış ərəfəsində artıq hamıya bəlli idi ki, Olimpiada ilə bağlı təhlükəsizlik tədbirləri lazımi səviyyədə deyil. Parisə Fransanın regionlarından və Aİ ölkələrindən çoxsaylı polis qüvvələri cəlb edilməsinə baxmayaraq, şəhərdə terror riskləri tam şəkildə aradan qaldırılmayıb. Nəqliyyat infrastrukturunun iflic hala gətirilməsi bunun əyani təsdiqidir. Paris küçələrində kriminal ünsürlər də, necə deyərlər, at oynadırlar. Məsələn, oyunlardan bir neçə gün öncə Avstraliyadan olan 25 yaşlı gənc xanımın 5 nəfər tərəfindən Paris küçələrində zorlanması, Argentina futbol yığmasının şəxsi əşyalarının oğurlanması, oyunların açılış mərasimindən bir neçə saat öncə çempionatının bürünc mükafatçısı Zikonun taksidə yarım milyon avro məbləğində qarət olunması Parisdə kriminogen durumun nə qədər ağır olduğundan xəbər verir. İdmançılar Olimpiya kəndindəki dözülməz vəziyyətdən, o cümlədən də  qida çatışmazlığından şikayət edirlər. Bəs görəsən Olimpiadaya hazırlıq məqsədilə ayrılan 11 milyard avro hara xərclənib? Bu sual başqa bir söhbətin mövzusudur.  

Bütün bunlar ona dəlalət edir ki, Makron iqtidarı növbəti dəfə şöhrətpərəstlik edərək çiyinlərini götürə bilməyəcəyi yükün altına verib. Ancaq yuxarıda sadalanan faktlar Paris - 2024-lə bağlı heç də narahatlıq yaradan ən pis olaylar deyil. Fransa üçün üzqarası sayıla biləcək ən utanverici hadisələr məhz Oyunların Sena çayı və onun ətrafında düzənlənən açılış tədbirində baş verdi. Ümumi qənaət belədir ki, Parisdə baş tutan açılış mərasimi bütövlükdə Olimpiya tarixində bir rəzalətdir, rüsvayçılıqdır. Söhbət açılış mərasimində xristianların dini hisslərinin təhqir edilməsindən, cinsi azlıqların aqressiv təbliğatının aparmasından, satanizm elementləri və digər bu kimi hallardan gedir. Səhnələrdən birində peyğəmbər İsa Məsihin etikadan kənar obrazı yaradılıb. Olimpiadanın açılış tədbirinin dünyada necə böyük auditoriya ilə izləndiyini hər kəs yaxşı bilir. Biabırçı səhnələr yüz milyonlarla insana təqdim olunub.

Açılış mərasiminin ssenari müəlliflərinin hazırlıq mərhələsində Yelisey Sarayından hansısa tezislər almadıqlarını düşünmək sadəlövhlük olardı. Olimpiadalar bütün dövrlərdə siyasətdən uzaq tutulub. Ancaq belə görünür ki,  Makron və onun komandası Paris - 2024-ü də siyasi manipulyasiya alətinə çevirməkdən və onun vasitəsilə özlərinin sahib olduqları əxlaqi keyfiyyətləri dünyaya ötürməkdən çəkinməyiblər. Makronun özünün və formalaşdırdığı hökumətin ayrı-ayrı təmsilçilərinin qeyri-ənənəvi oriyentasiyaları ilə bağlı müzakirələr çox aparılır. Açılış mərasimində cinsi azlıqların aqressiv formada təbliğatına hesablanan səhnələrin nümayiş etdirilməsi yada qeyri-ixtiyari olaraq “od olmayan yerdən tüstü çıxmaz” zərb-məsəlini salır.

Fransa xalqına, dininə, tarixinə, dahilərinə hörmətsizlik

Bu günlərdə xarici nəşrlərdə yayılan məlumatlardan bəlli olur ki, Parisdə yaşananlar bütün dünya, xüsusilə də xristianlar tərəfindən ciddi tənqid atəşinə tutulub. Belə demək mümkündürsə, Yelisey Sarayı dünyanın qınaq obyektinə çevrilib. “The Guardian” şounu “şambolik və həddindən artıq iddialı” adlandıraraq, açılış mərasiminin Sena çayında keçirilməsinin minlərlə tamaşaçının məyusluğuna səbəb olduğunu bildirib. Qeyd olunub ki, bu, logistik problemlərə və tamaşaçıların şounu canlı izləyə bilməməsinə səbəb olub. “France 24”izdihamın təşkilini və idarə olunmasını tənqid edərək, tamaşaçıların çoxunun tribunaların dolu olması və giriş çətinliyi səbəbindən mərasimdən həzz ala bilmədiyini vurğulayıb. Digər mübahisəli məqam isə “Son Şam yeməyi”nin parodiyasını ifa edən “drag queens” qrupunun çıxışıdır. Bu, xüsusilə mühafizəkar və dini qruplar tərəfindən tənqidlə qarşılanıb. “Daily Mail” nəşri qeyd edib ki, belə “təxribat”lar qəzəb və dini hisslərə hörmətsizlik ittihamlarına səbəb olub.  Marion Marechal və hətta “Tesla”nın baş direktoru Elon Musk bunu “xristianlara hörmətsizlik” və “təxribat” adlandırıb. BBC, həmçinin qalmaqala və dini hissləri təhqir etməklə bağlı ittihamlara səbəb olan “Son Şam yeməyi”nin parodiyasını yerinə yetirmək üçün “drag queen”lərdən istifadəni uğursuz konsepsiya adlandırıb. “Republic World” yüksək gözləntilərə baxmayaraq, mərasimin bəyan edilmiş ambisiyaları doğrultmadığını yazıb. Qəzet mərasimi “böyük bir tamaşa” kimi təsvir edib, lakin tamaşaçıların çoxu şounu tam görə bilmədiyi üçün məyus olub. “The Economis” Olimpiadanın parislilərə təsirindən yazıb. “Bəzi mağazalar və restoranlar sentyabr ayına qədər bağlıdır. Muzeylər son illərdə ən aşağı ziyarətçi saylarından birinə hazırlaşır. Hündür məftil hasarlar məhəllələri ayırır. Polis hər blokda dayanaraq kimlərin keçə biləcəyinə icazə verir. Paris COVID-19 səbəbilə artıq yaşanmış lokdaunu indi də hiss edir, sanki zombi hücumunu gözləyir”, - deyə nəşr vurğulayıb.

“XXXIII Yay Olimpiya Oyunlarının açılışı zamanı Fransa xalqına hörmətsizlik nümayiş olunub”. Bunu  Fransa Nəsillər Assosiasiyasının prezidenti Tierri Pruvo (Thierry Prouvost) deyib. O, Fransa vətəndaşlarının Yay Olimpiya Oyunlarının açılışı zamanı şok yaşadığını bildirib: “Çünki Fransa xalqına, dininə, tarixinə, dahilərinə hörmətsizlik nümayiş olunub. Bu hörmətsizlik dövlətin gözü qarşısında baş verib. Dövlət sənət adı altında insanları şok halına salan təhqiramiz görüntülərin yayımlanmasına imkan yaradıb. Əksinə, dövlət qayda-qanun keşikçisi olmalıdır”, - deyə assosiasiya prezidenti vurğulayıb.

Tierri Pruvonun sözlərinə görə, kraliça Mari Antuanettanın musiqi sədaları altında başı kəsilmiş vəziyyətdə göstərilməsi Fransa xalqına olan hörmətsizlikdir: “Bu, yalnız zövqsüz bir sənət olmaqla məhdudlaşmır, bu insanlarda şok yaradan bir hadisədir. Səhnədə xristianların peyğəmbəri təhqir edilib. Bu, ümumilikdə, bütün xristianların təhqir edilməsidir. Çılpaq və saqqallı qadının səhnəyə çıxarılması isə təmamilə biabırçı bir hadisədir”, - deyə Tierri Pruvo hiddətini ifadə edib.

Avropa ölkələrinin baykota bərabər mövqeyi

Makron açılış mərasimini yüksək dəyərləndirərək səhnələrdən vəcdə gəldiyini bildirib. Əlbəttə, ondan başqa qiymət gözlənilmirdi. Yelisey Sarayının hazırlıq ərəfəsində təşkilatçılara verdikləri siyasi sifarişlər öz yerində. Ssenari müəllifləri, həmçinin Makronun hansı mənəvi dəyərlərin daşıyıcısı olduğunu yaxşı bilirlər. Onlar Yelisey Sarayının sahibinin “zövqünü” oxşamaq üçün əllərindən gələni ediblər və bu zaman milyonlarla xristian insanının hisslərinin təhqir olunmasını heç veclərinə də almayıblar.

Olimpiadanın açılış mərasiminin səviyyəsi heç bir halda Makronun zövqü ilə ölçülə bilməz. İnsanlar bu korlanmış zövqü qəbul etmədiklərini Makronu fitə basmaqla növbəti dəfə ortaya qoydular. Bəli, Fransa prezidenti açılış mərasimində tamaşaçılar tərəfindən fitə basılıb. Bu barədə Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsində yazıb. Siyasətçi qeyd edib ki, “müəyyən auditoriya” Makronun gəlişindən açıq-aydın narazılığını ifadə edib, buna görə də “o, hətta çaşıb qalıb”.

Filippo öz paylaşımına Fransa liderinin çıxışı zamanı fit və qışqırıqların eşidildiyi qısa videonu əlavə edib. Onun sözlərinə görə, bu fraqment efirdə kəsilib, siyasətçi görüntünün yayılmasına çağırış edib.

Əksər Avropa ölkələrinin Parisdə açılış mərasiminə qatılmağa lüzum görməmələri Makronun sifətinə vurulan daha bir sillədir. Bu, əslində baykota bərabər bir mövqedir. Əvəzində Avropadan olan siyasətçilər və parlamentarilər “Paris-2024” Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimini kəskin tənqid atəşinə tutublar. İtaliyanın Baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini “X” sosial şəbəkəsindəki hesabında Paris Olimpiadasının açılış mərasimi ilə bağlı bunları yazıb: “Dünyadakı milyardlarla xristianı təhqir edərək Olimpiadanı açmaq həqiqətən pis başlanğıc idi, əziz fransızlar”.

Baş nazirin müavini bu iradı “Paris-2024”ün açılış mərasimindəki bir hissə ilə bağlı olub. O, bu hissənin Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” freskasında təsvir olunan süjet ilə oxşarlığını qınayıb.

“İtaliya qardaşları” partiyasının üzvü Tommaso Foti “Facebook” sosial şəbəkəsindəki hesabında bunları yazıb: “Olimpiadanın açılışı Parisdə qürubu gözəlləşdirməkdən daha çox, kitç şəkillər və qəbuledilməz çıxışlar fonunda Qərbin qürubunu təqdim etdi. İdmançıların əvəzinə tədbirin mərkəzinə küfr məzmunlu kadrlara nə ehtiyac var idi, məlum deyil. Bilinən odur ki, biz Olimpiadanın bu qədər cəlbedici və həyəcanlı olmayan, küfr dolu vodevilə çevrilmiş açılışını təbii ki, xatırlamırıq”.

Həmin partiyadan olan Nikola Prokaççini isə açılış mərasimi ilə bağlı kinayəli paylaşım edib: “Gey-parad mərasimini çox bəyəndim. Olimpiadanın nə vaxt keçiriləcəyini bilirsiniz?”.

“İtaliya qardaşları” partiyasının üzvlərindən Alfredo Antoniozzi deyib ki, Makronun Fransası Olimpiadanın açılışında ən pisini göstərə bildi: əvvəlcə “Sonuncu şam yeməyi” dreq-kvin kimi təqdim edilməklə dünyadakı milyardlarla xristian ələ salındı, sonra isə dövlət başçıları yağışda islandılar. Partiyanın digər üzvü Lusio Malan sosial media hesabındakı paylaşımında bunu yazıb: “Paris-2024”: Fransa və Avropanı utandıran mərasim”.

“Liqa” partiyasının deputatı Simonetta Matone paylaşımında Paris Olimpiadasında açılış mərasimində yığma komandaların keçidinin ilk olaraq qaçqınlar komandası ilə başlamasını tənqid edərək bunları yazıb: “Qaçqın komandası ilə Olimpiya Oyunlarının açılış mərasimini açan fransızlara “alqışlar”. Əminik ki, onlar İtaliyadan Fransaya getmək istədikləri zaman sərhəddə artıq rədd edilməyəcəklər”.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 631 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30