Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Lənkəran sürətli inkişaf yolundadır

Lənkəran sürətli inkişaf yolundadır

17.04.2010 [14:40]

Dövlət Proqramının uğurlu icrası nəticəsində Lənkəran rayonu günü-gündən abadlaşır, insanların rifahı yüksəlir...
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər)” və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib. Həmçinin, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb. Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək bu gün də dövlətin qarşısında duran əsas vəzifələrdəndir. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin yürütdüyü sosial-iqtisadi islahatlar siyasəti nəticəsində respublikamızın rayonları, qəsəbələri və kəndləri öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Belə rayonlardan biri də Lənkəran rayonudur.
ölkənin cənub bölgəsi abadlaşır və gözəlləşir...
2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında Lənkəran rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı çox mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Görüləcək işlər nəticəsində Lənkəran şəhəri və rayonu inkişaf edəcək, iqtisadi durumu daha da yaxşılaşacaq. Artıq yeni Dövlət Proqramının icrasına başlanılıb. Hazırda rayonda yeni meyvə-tərəvəz konservi zavodu, çay fabriki, hazır məhsulu saxlama kameralarının quraşdırılması başa çatdırılıb, ətraf ərazi asfaltlanıb, müasir ornamentli çay evi qurulub. Qarşıdakı dövrdə rayonda sosial obyektlərin tikintisi və təmiri, yolların, su-kanalizasiya sisteminin, elektrik və qaz xətlərinin bərpası, turizmin, sənaye və aqrar sahənin inkişafı davam etdiriləcək, yeni iş yerləri açılacaq.
Tikinti-abadlıq işləri sürətlənib
Hesabat ilində şəhərdə və rayonun ayrı-ayrı yerlərində tikinti-abadlıq, yolların bərpası və asfaltlanması işləri davam etdirilib. Şəhərdə Gənclər Evinin yenidən qurulması başa çatdırılıb, Qumbaşı kəndi ərazisində əsaslı təmir olunmuş körpünün giriş hissəsində ornamentli arka divarı hörülüb, Gərmətük dairəsində dağ daşlarından mənzərəli şəlalə tikilib, Xalq Sənətkarlığı Şəhərciyində yenidənqurma işləri aparılıb. Liman şəhərində idman kompleksi yenidən tikilərək burada, respublikada ilk dəfə olaraq, ixtisaslaşdırılmış Regional Boks Mərkəzi yaradılıb, binanın qarşısında stadion tikilib və ətrafında yaşıllıq zolaqları salınıb. Əraziyə qiymətli tamet daşları düzülüb, stadionun dairəvi cığırı asfaltlanıb. İdman kompleksi və stadion tamamilə hasarlanıb.
20 Yanvar faciəsinin 20 illiyi ilə əlaqədar şəhərdə “Şəhidlər” abidə kompleksi tamamilə yenidən qurulub. Abidənin özü və ərazidəki şəhid qəbirləri qara mərmərlə örtülüb. Tikintidə qiymətli üzlüklərdən və tamet daşlarından istifadə olunub, abidənin mərkəzindəki əbədi məşələ qaz xətti çəkilib, ətrafında müasir işıqlandırıcılar quraşdırılıb.
II Dünya müharibəsində Qələbənin 65 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq edilmiş Milli Proqrama uyğun olaraq, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun ev-muzeyi yenidən qurulub, ətrafında səliqə-sahman işləri görülüb.
42 saylı yol istismar idarəsi tərəfindən magistral yollarda ümumilikdə, 24 min kvadratmetr ərazidə yaranmış çalalar asfalt-beton örtüyü ilə təmir edilib. Dağ kəndlərinə gedən Osaküçə-Türkəncil yolunda uçqunlar, sürüşmələr nəticəsində yaranmış torpaq və daş qalıqları ağır texnika vasitəsi ilə təmizlənərək hamarlanıb, Daştatük-Biləsər və Seyidəkəran kənd yolları təmir olunub, Əşlə kəndində Lənkərançayın üzərində yeni körpü tikilib və körpüyə asfalt yol çəkilib.
Hesabat dövründə şəhərin təmizliyi və yaşıllaşdırılması sahəsində müəyyən işlər görülüb, magistral yolların kənarlarında, park və bağlarda 38 min ədəd müxtəlif növ ağac, 2500 ədəd qiymətli evemus və 1000-dən çox qızılgül və başqa gül kolları əkilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2010-cu ilin “Ekologiya ili” elan olunması ilə əlaqədar tədbirlər planı tərtib olunub. Rayon ərazisində ekologiyanın qorunması, meşələrin bərpası üçün bütün zəruri işlər görülüb.
Elektrik təminatı artıb
Lənkəran rayonunu elektrik enerjisi ilə təchiz edən təşkilatlarla aparılan ardıcıl işin nəticəsi olaraq 2009-cu ildə təsadüfi qəzalar nəzərə alınmasa, rayona elektrik enerjisinin fasiləsiz verilməsi təmin edilib. İl ərzində şəhər İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən qərargahın yığıncaqları keçirilib, enerji haqlarının tam yığılmasının təmin edilməsi, qəzalı vəziyyətlərin aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülüb. Hesabat ilində istehlakçı qruplara 6 milyon 669 min 994 manat dəyərində 111 milyon 166 min 568 kvt/saat elektrik enerjisi verilib, ödəniş isə 84,4 faiz təşkil edib. O cümlədən, əhali sektoru üzrə 4 milyon 866 min 330 manat dəyərində 81 milyon 105 min 501 kilovat/saat enerji istehlak edilib, ödəniş 76,3 faiz olub.
Qaz təchizatı yaxşılaşıb
Lənkəran Qaz İstismar Sahəsi 13143 abonentə xidmət edir. Hesabat dövründə rayona dəyəri 1 milyon 753 min 604 manat olmaqla, 27 milyon 451 min kubmetr təbii qaz verilib. Sərf olunan mavi yanacağın dəyərinin 1 milyon 124 min 726 manatı, yaxud 64,1 faizi ödənilib. O cümlədən, əhaliyə 25 milyon 794 min kubmetr təbii qaz verilib, ödəniş isə 62,4 faiz təşkil edib.
Qaz təchizatını yaxşılaşdırmaq üçün orta və alçaq təzyiqli qaz kəmərlərində cari təmir işləri aparılıb, şəhərin Heydər Əliyev, Vaqif, Şeyx Zahid, Hacılar, Kələntərlilər, 20 Yanvar, Nizami, Etibar Əliyev, Mirzəməmmədhüseyn Axund küçələrində çəkilmiş yeni qaz kəmərləri istismara buraxılıb və 150 abonent üçün sayğac quraşdırılaraq onlara təbii qazın verilməsi təmin edilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Liman şəhərindən Şirin su qəsəbəsinə gedən qaz kəməri təmir edilib.
Sənaye inkişaf edib
Hesabat ilində rayon sənayesində 9,7 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 13,1 faiz çox sənaye məhsulu istehsal olunub. İstehsal olunmuş məhsulun 94,8 faizi istehlakçılara göndərilib. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 13,5 faiz artaraq, sənaye məhsulunun ümumi həcmində onun xüsusi çəkisi 93,8 faiz təşkil edib. İl ərzində sənaye sahələrində 1445 nəfər əməyə cəlb olunub, işləyənlərin orta aylıq əmək haqqı 19,8 faiz artaraq 145 manata çatıb. ötən il sənaye müəssisələri tərəfindən 112,5 ton balıq və balıq məhsulları, kərpic sexlərində isə 2 milyon ədəd kərpic və kərpic bloku, çay fabrikləri tərəfindən 340 ton quru çay istehsal edilib. Emal sexlərində 461,3 ton tomat, 653,1 ton konservləşdirilmiş meyvə-tərəvəz istehsal olunub. “Pal süd” markası ilə 4,5 milyon litr süd emal edilib, istehlakçılara 10 çeşiddə 2,7 min ton hazır məhsul göndərilib.
Kənd təsərrüfatında məhsuldarlıq yüksəlib
ötən il kənd təsərrüfatında da inkişaf davam edib. Əkin mövsümü dövründə bütün təsərrüfat növləri üzrə 8809 hektar sahə əkilib. Kənd təsərrüfatı məhsulları istehsalçılarının marağını artırmaq məqsədi ilə 1458 nəfər əkinçiyə dövlət tərəfindən 155 min 736 manat birdəfəlik subsidiya, 141 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına 50 faiz güzəştlə 80 ton gübrə satılıb. Nəticədə, rayonda taxıl əkini sahələri genişlənib. Hesabat ilində 2176 hektar sahədən 4355 ton taxıl yığılıb. Torpaq sahibləri tərəfindən məhsul yığımı dövründə 7670 ton kartof, 122731 ton tərəvəz, 117,4 ton yaşıl çay yarpağı, 390 ton üzüm, 13110 ton meyvə, 1641 ton bostan məhsulları istehsal edilib. Rayonda mal-qaranın sayı və heyvandarlıq məhsulları istehsalı artıb.
2008-ci ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın baş sayı 9,6 faiz, diri çəkidə ət istehsalı 3,6 faiz, süd istehsalı 4,4 faiz, yumurta istehsalı 0,9 faiz artıb. Torpaq sahiblərinə göstərilən dövlət qayğısı kənd təsərrüfatı məhsulları istehsalını artırmağa əlverişli şərait yaradıb.
Sahibkarlara əlverişli şərait yaradılıb
Sahibkarlarla işin canlandırılması, bu sahədə çətinliklərin aradan qaldırılması istiqamətində ardıcıl iş aparılır. Sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şəraitin nəticəsidir ki, rayonda sənayenin 93,8 faizi, aqrar bölmənin 99,9 faizi və pullu xidmətlərin 83,4 faizi özəl bölmənin payına düşür. 2009-cu ildə rayonda sahibkarlara, iş adamlarına və vətəndaşlara bank və kredit təşkilatları tərəfindən 26,2 milyon manat kredit verilib. Rayonun özəl müəssisələrinin istehsal etdikləri məhsullar Bakı şəhərində keçirilən sərgilərdə nümayiş etdirilib.
Aztəminatlı ailələrə sosial yardımların verilməsi davam edir
Əhaliyə əmək pensiyalarının, sosial müavinətlərin, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımlarının vaxtında ödənilməsi şəhər İcra Hakimiyyətinin diqqət mərkəzində olub. Hesabat dövründə 4122 ailəyə hər ay 446 min 820 manat ünvanlı sosial yardım ödənilib. Novruz, Ramazan və Yeni il bayramları ilə əlaqədar üç və daha çox əlili olan ailələrə, yataq xəstələrinə, kimsəsizlərə, Qarabağ müharibəsi veteranlarına, əlillərə, şəhid ailələrinə, sosial müdafiəsi zəif olan insanlara, Böyük Vətən müharibəsi və arxa cəbhə iştirakçılarına şəhər İcra Hakimiyyəti tərəfindən 137 min manatdan çox humanitar yardım verilib. Bu kateqoriyadan olan ailələrə, ehtiyacı olan vətəndaşlara dövlət qayğısı ilə yanaşı, Lənkəran şəhər İcra Hakimiyyətinin “Mərhəmət” fondu hesabına 43800 manatlıq maddi və ərzaq yardımı paylanılıb. Rayonda məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət problemlərinin həlli istiqamətində müntəzəm iş aparılıb. Şəhər İcra Hakimiyyəti, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Auditorlar Palatası tərəfindən onlara müxtəlif vaxtlarda yardımlar verilib.
Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Göyşaban kəndində Qarabağ müharibəsi veteranları üçün yaşayış evi tikilib. Rayonda yaşayan Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə nazirliyin xətti ilə 36 mənzilli yaşayış evinin tikintisi isə başa çatmaq üzrədir.
Təhsilə diqqət artıb
Hesabat ilində rayonun təhsil müəssisələrində təlim-tərbiyə işləri və tədris prosesi diqqət mərkəzində saxlanılıb. Qış aylarında məktəblərin və uşaq bağçalarının qızdırılması ilə bağlı ciddi problemlər yaranmayıb. 2009-cu ildə dövlət vəsaiti hesabına 360 şagird yerlik Rvo kənd, Heydər Əliyev Fondunun vəsaiti hesabına 100 şagird yerlik Tüədo kənd orta məktəbləri tikilib istifadəyə verilib. Təhsil Nazirliyi tərəfindən rayondakı məktəblərə 844 ədəd kompüter verilib, 16 məktəb və şəhər təhsil şöbəsi internet şəbəkəsinə qoşulub. ötən il Lənkəranda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının regional şöbəsi yaradılıb, onun normal fəaliyyəti üçün müvafiq tədbirlər görülüb. Məktəblərin təmirinə diqqət artırılıb. İl ərzində dövlət vəsaiti hesabına şəhərin 1 və 4 saylı məktəbləri, 3, 7, 15, 17 saylı uşaq bağçaları əsaslı, digər ümumtəhsil məktəbləri isə cari təmir edilib.
Səhiyyə xidmətinin keyfiyyəti yüksəlib
2009-cu ildə rayonda əhaliyə göstərilən səhiyyə xidmətini yaxşılaşdırmaq məqsədilə tədbirlər davam etdirilib. Mərkəzi xəstəxananın nəzdində perinatal mərkəz yaradılıb, Təcili Tibbi Yadım Stansiyasına 4 ədəd, Şağlaser kənd xəstəxanasına isə 1 ədəd ambulans verilib, Gərmətük qəsəbəsində, ucqar dağ kəndləri olan Gəgiran və Diryanda həkim ambulatoriyası və feldşer-mama məntəqələri tikilib istifadəyə verilib, Nərimanabad qəsəbəsindəki xəstəxananın fəaliyyəti bərpa edilib. Tibbi xidmətin yaxşılaşması hesabına rayonda uşaq ölümü və stasionar müalicədə olanlar arasında ölüm halları əvvəlki illərlə müqayisədə azalıb.
Mədəniyyət tədbirləri davam etdirilir
Hesabat dövründə rayonun mədəni-maarif müəssisələrində tarixi-əlamətdar hadisələrlə bağlı tədbirlər keçirilib, mədəniyyət işçilərinin, bədii özfəaliyyət kollektivlərinin respublika baxış-müsabiqələrində iştirakı təmin edilib. N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının fəaliyyəti xeyli yaxşılaşıb, teatrın yaradıcı kollektivi rayonun mədəni həyatında yaxından iştirak etməklə yanaşı, qastrol səfərlərində də olub. ümummilli lider Heydər Əliyevin xatirəsinə yaradılan muzeydə Ulu öndərin tarixi irsini təbliğ etmək, gənc nəsli Vətənə məhəbbət və Heydər Əliyev ideyalarına sədaqət ruhunda formalaşdırmaq məqsədilə bu istiqamətdə müəyyən işlər görülüb, məktəblilərin, gənclərin muzeyə ekskursiyaları təşkil olunub. Burada müxtəlif səpgili tədbirlər keçirilib.
Hesabat dövründə rayonda tarixi abidələrin qorunması və bərpası ilə bağlı işlər davam etdirilib. Yerli əhəmiyyətli tarixi abidələrin qorunması rayonda turizmin inkişafı baxımından çox vacib məsələ olduğundan dairəvi qalanın əsaslı təmiri tam başa çatdırılıb.
Gənclərlə iş diqqət mərkəzindədir
2009-cu ilin “Azərbaycan gəncliyi (2005-2009-cu illər) Dövlət Proqramı”nın icrasının son ili olmasına baxmayaraq, il ərzində rayonda dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilib. Gənclərin ümummilli lider Heydər Əliyevin tarixi irsinə, xalqımızın milli adət-ənənələrinə, şərəfli keçmişinə sədaqət ruhunda formalaşması istiqamətində tədbirlər keçirilib. Rayonda idmanın inkişafı məqsədilə lazımi tədbirlər görülüb, mövcud idman qurğuları təmir olunub, yeniləri tikilib. Göstərilən qayğıdan həvəslənən rayon idmançıları respublika birinciliklərində, beynəlxalq yarışlarda yüksək nəticələr qazanıblar.
Lənkəran sakinləri tərəqqini və inkişafı dəstəkləyir
Abadlıq-quruculuq, sosial-iqtisadi sahədə əldə edilən inkişaf, eyni zamanda, özünü rayonun ictimai-siyasi həyatında da qabarıq şəkildə büruzə verir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyasının (YAP) Lənkəran rayon təşkilatı ətrafında çoxminli üzvlər birləşib. ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasi kursun rayon əhalisi tərəfindən dəstəklənməsini YAP Lənkəran rayon təşkilatının sıralarına daxil olanların sayının artması da təsdiqləyir. YAP Lənkəran rayon təşkilatının sədri İlqar Dadaşovun sözlərinə görə, rayon əhalisi hər zaman Ulu öndər Heydər Əliyevin ideyalarına sadiqliyini nümayiş etdirib: “Rayonun sakinləri bütün siyasi kampaniyalarda fəallıq nümayiş etdirərək dövlətçiliyə bağlılıqlarını dəfələrlə sübut ediblər. Biz bunu prezident seçkilərində də, referendumda da, eyni zamanda, bələdiyyə seçkilərində də gördük. Əminəm ki, müşahidə olunan sosial-iqtisadi tərəqqi fonunda rayon əhalisi ictimai-siyasi proseslərdə daha aktiv iştirak edəcək, dövlətimizin inkişafı naminə qərarlar verəcək”.
Səlim LOÄžMANOÄžLU
Paylaş:
Baxılıb: 1380 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30