Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İnkişaf və tərəqqi edən Yasamal

İnkişaf və tərəqqi edən Yasamal

29.01.2010 [12:02]

Son illər aparılan abadlıq-quruculuq işləri bu rayonun simasını tamamilə dəyişib
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nda və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib. Həmçinin, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb. ötən 5 il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə minlərlə yeni müəssisə yaradılıb, daimi yeni iş yerləri açılıb, yoxsulluğun səviyyəsi 11 faizədək azalıb. Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək bu gün də dövlətin qarşısında duran əsas vəzifələrdəndir.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin yürütdüyü sosial-iqtisadi islahatlar siyasəti nəticəsində bölgələrlə yanaşı, Bakının rayonları, qəsəbələri və kəndləri də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Belə rayonlardan biri də Yasamal rayonudur.
Yasamal rayonu da Prezidentin diqqət mərkəzindədir
ümumiyyətlə, Prezident İlham Əliyevin Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən, son illər ərzində aparılan adablıq-quruculuq işləri, parkların yenidən qurulması, həmçinin, yeni obyektlərin istifadəyə verilməsi Yasamal rayonunun simasını tamamilə dəyişib. Dövlət başçısının diqqət və qayğısı sayəsində istifadəyə verilən bu yeni tikintilər rayona xüsusi gözəllik verir. Həmin obyektlərin əksəriyyətinin açılışında dövlət başçısının şəxsən iştirak etməsini isə rayon sakinləri xüsusi sevinclə qarşılayıblar. Məlumat üçün deyək ki, Prezident İlham Əliyev 2008-ci il dekabrın 20-də Yasamal rayonunda mədəniyyət və istirahət parkının, Heydər Əliyev məktəb-muzeyinin və rayon İcra Hakimiyyətinin yeni binasının açılışında iştirak edib.
Rayonun daxili imkanları hesabına tamamilə yeniləşdirilən və paytaxtımızın bu hissəsinə xüsusi yaraşıq verən park şəhər sakinlərinin sevimli istirahət guşələrindən birinə çevrilib. Burada yaraşıqlı fəvvarələr və şəlalələr kompleksi yaradılıb, ən hündür yerdə Azərbaycanın dövlət bayrağı ucaldılıb. Parkda hər cür hava şəraitinə davamlı materiallardan hazırlanmış 254 oturacaq qoyulub, 8,5 min kvadratmetr sahədə çəmənlik salınıb, 3500-dən çox müxtəlif ağac və gül kolları əkilib. Əraziyə yüksəkkeyfiyyətli mərmər döşənib, ən müasir işıqlandırma sistemi və 20 kvadratmetrlik monitor quraşdırılıb. Ətraf binalarda da əsaslı təmir və abadlıq işləri görülüb. Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan məktəb-muzeydə isə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər və eksponatlar nümayiş etdirilir. ümummilli liderin irsini təbliğ edən məktəb-muzeydəki zəngin kitabxana və kompüter otaqları gənclərin Ulu öndərin zəngin irsindən yararlanmasına kömək edir.
Yasamal rayon İcra Hakimiyyətinin beşmərtəbəli yeni binasında əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bu isə icra strukturunun işinin daha mükəmməl qurulmasına kömək edir. 300 nəfərlik iclas salonunda ən müxtəlif tədbirlər keçirmək mümkündür.
20 Yanvar şəhidlərinə xüsusi ehtiram
Bir neçə gün öncə Azərbaycan xalqının müasir tarixinin ən faciəli günü və qan yaddaşı olan 20 Yanvar faciəsinin 20-ci ildönümü tamam oldu. Həmin qanlı hadisələr əsasən, Yasamal rayonu ərazisində baş verib, onlarla günahsız insanlar vəhşicəsinə qətlə yetirilib və rayon rəhbərliyi 20 Yanvar şəhidlərini də yaddan çıxarmayıb. Belə ki, “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində xüsusi layihə əsasında olduqca möhtəşəm memorial abidə kompleksinin inşası həyata keçirilib. Yanvarın 20-də Prezident İlham Əliyev həmin memorial abidə kompleksinin açılışında iştirak edib. İnşasına ötən ilin oktyabrında başlanılan memorial kompleksin ümumi sahəsi 1500 kvadratmetrdir. Kompleksin divarı Afrika və Ukraynadan gətirilmiş qranit plitə ilə üzlənib. Abidənin ətrafındakı meydana da qranit plitə döşənib. Layihəyə əsasən, abidənin arxa hissəsindəki park abadlaşdırılıb, kompleksin qarşısında müasir işıqlandırma sistemi quraşdırılıb. Xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılıb. Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı, habelə, ümummilli lider Heydər Əliyevin Qanlı Yanvar hadisələri ilə bağlı dediyi “1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur” sözləri qızılı hərflərlə həkk olunub. Postament üzərində isə “20 Yanvar şəhidlərinin əziz xatirəsinə” sözləri yazılıb.
Abadlıq-quruculuq işləri davam edir
Yuxarıda da qeyd etdiyimiz kimi Prezident İlham Əliyevin yürütdüyü sosial-iqtisadi islahatlar siyasəti nəticəsində inkişaf edən rayonlardan biri də Bakının Yasamal rayonudur. 2009-cu il ərzində rayon ərazisində aparılan abadlıq və yenidənqurma işlərinin həcmi daha da genişləndirilib. Dövlət başçısının tapşırığı əsasında Füzuli meydanında abadlıq-quruculuq işləri aparılıb, Nəriman Nərimanov meydanında və ətraf ərazidə, İzmir parkında, Mikayıl Müşfiqin büstü olan parkda və Elmlər Akademiyasını əhatə edən parkda müasir tələblərə cavab verən yüksəksəviyyəli əsaslı təmir və yenidənqurma işləri başa çatdırılaraq şəhər sakinlərinin istifadəsinə verilib.
Rayon sakinlərinin sosial-məişət problemlərinin həlli, onların asudə vaxtlarının və istirahətlərinin təşkili hesabat dövründə də daim diqqət mərkəzində saxlanılmaqla ardıcıl olaraq bir sıra əməli işlər görülüb. Yasamal rayon İcra Hakimiyyətindən (RİH) verilən məlumata əsasən, 2009-cu ildə rayonda fəaliyyət göstərən bütün sənaye müəssisələri tərəfindən 75749,3 min manatlıq sənaye məhsulu istehsal edilib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 438503,6 min manat, tikinti-quraşdırma işlərinə isə 329186,8 min manat həcmində investisiya yönəldilib. 2009-cu ildə pullu xidmətlərin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 27,6 faiz artaraq, 469000,7 min manat təşkil edib. Pullu xidmətin 12,7 faizi dövlət müəssisələrinin payına düşüb. özəl sektorun müəssisələri tərəfindən əhaliyə 409639,9 min manatlıq və ya 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 45,2 faiz çox pullu xidmətlər göstərilib. Bu dövrdə pərakəndə əmtəə və iaşə dövriyyəsinin həcmi 3,8 artıb.
Rabitə və nəqliyyat sahəsində xidmətin səviyyəsi daha da yüksəlib
2009-cu ildə rabitə müəssisələri tərəfindən faktiki qiymətlərlə 192692,2 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 75,5 faiz çox xidmətlər göstərilib. Göstərilən rabitə xidmətləri əsasən dövlət rabitə müəssisələri tərəfindən həyata keçirilib. Əhaliyə göstərilən rabitə xidmətlərindən 106633,1 min manat vəsait əldə edilib.
2009-cu ildə nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 1741180,4 min manatlıq xidmətlər göstərilib ki, bu da 2008-ci ilin müvafiq dövrünə nisbətən 22,3 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətin dəyəri 9785,8 min manat olub ki, bu da 2008-ci ilin müvafiq dövrünə nisbətən 5,5 faiz artıb.
2009-cu ildə istehlak bazarı dinamik inkişaf etməkdə davam edib və rayon əhalisinə 938588,9 min manatlıq və ya əvvəlki ilin eyni dövründəkindən 15,4 faiz çox istehlak malları satılıb və pullu xidmətlər göstərilib. Hesabat dövründə rayonda 2199 yeni iş yeri açılıb ki, onun da 194-ü yeni yaradılan, 157-si mövcud müəssisələrdə və 1848 fiziki şəxslər olub.
Nümunəvi həyətlərin və məhəllələrin sayı artıb
ötən müddət ərzində RİH-in daxili imkanları hesabına 50 yaşayış məhəlləsində nümunəvi həyətlər yaradılıb. Həmin məhəllələrdə genişmiqyaslı abadlıq işləri aparılıb, sakinlərin istirahəti, yeniyetmə və gənclərin asudə vaxtlarının təşkili, idmanla məşğul olmaları üçün hər bir şərait yaradılıb. ümummilli lider Heydər Əliyevin respublikamızda siyasi rəhbərliyə gəlməsinin 40 illiyi münasibətilə Süleyman Dadaşov küçəsi, 577-ci məhəllədə yerləşən 18 yaşayış binasının həyətində müasir standartlara cavab verən süni ot örtüklü mini futbol meydançası tikilib gənclərimizin istifadəsinə verilib. Rayonda idmanın inkişafı, yeniyetmə və gənclərimizin asudə vaxtlarının səmərəli təşkili məqsədilə inşa edilən məhəllə futbol meydançası sayca ikinci meydançadır. Bundan əvvəl isə, rayonun Murtuza Muxtarov küçəsindəki məhəllədə mini-futbol meydançası istifadəyə verilib. Hesabat dövründə həcminə görə ən böyük abadlıq və yenidənqurma işlərinin aparıldığı məhəllə rayonun Şərifzadə küçəsi 174, 176, 180, 168 “a” saylı yaşayış binalarını əhatə edən məhəllədir. 1 hektardan çox ərazini əhatə edən bu məhəllənin uzun müddət baxımsız qalması, ayrı-ayrı sakinlər tərəfindən müxtəlif ölçüdə qanunsuz inşa edilən yöndəmsiz tikililər, dəmir tora alınmış sahələr, yeniyetmə və gənclərin, xüsusilə də, ahıl və yaşlı sakinlərin haqlı narazılıqlarına səbəb olmuşdu. 2009-cu ilin avqust ayının əvvəlində RİH-in həmin ünvanda keçirdiyi səyyari görüş zamanı məhəllə sakinlərinin müraciətinə əsasən, xüsusi layihə əsasında nümunəvi məhəllənin salınması işlərinə başlanılıb. İlk olaraq, məhəllədə 100-ə yaxın böyük tutumlu yük maşınları vasitəsilə məişət və digər tullantılar daşınıb. Qısa müddətdə məhəllədə yaşayan sakinlər üçün hər cür şərait yaradılmaqla nümunəvi məhəllə salınıb. Artıq məhəllənin sakinlərinin istirahəti üçün başqa parklara getmələrinə ehtiyac qalmayıb.
2009-cu il də rayon ərazisində 24 yaşayış binasının fasadı əsaslı şəkildə təmir edilib, yaşayış binalarının girişlərində 206 ədəd dəmir qapılar qoyulub, 2600 kv.metr ümumi istifadə yerləri şüşələnib.
Eyni zamanda, Prezident İlham Əliyevin xüsusi tapşırığına əsasən, Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün ötən ilin əvvəlindən yaşıllaşdırma işlərinə başlanılıb və bu məqsədlə rayon ərazisində magistral yol kənarlarında 5000 ədəd, məhəllədaxili ərazilərə isə 4600 ədəd müxtəlif növ ağaclar əkilib, 7460 kv.metr ərazidə çəmənliklər salınıb. Hesabat dövründə rayon ərazisində qanunsuz olaraq ağac kəsilməsinə yol verilməyib. Dövlət başçısının qısa müddət ərzində Bakı şəhərində və onun ətrafında 3 milyon ağacın əkilməsi, 2010-cu ilin “Ekologiya ili” elan edilməsi təşəbbüsünə qoşulan rayonda yaşıllaşdırma işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.
Rayon ərazisindəki magistral yollara 206000 kv.metr, məhəllədaxili yollara isə 70000 kv.metrdən çox asfalt örtüyü salınıb, 482760 kub.metr məişət, süpürüntü və digər tullantılar Balaxanı zibil poliqonuna daşınaraq zərərsizləşdirilib. Tutumu 1 kub.metr olan 180 ədəd zibil konteynerləri Mənzil İstismar sahələrinin ərazilərinə yerləşdirilib. Genişmiqyaslı abadlıq-quruculuq işləri ilə yanaşı, əvvəllər mövcud olmuş qanunsuz tikili və küçə ticarəti hallarının aradan qaldırılması rayonun ümumi vəziyyətinin yaxşılaşdırılmasına öz müsbət təsirini göstərib.
Əhali fasiləsiz elektrik enerjisi, içməli su və təbii qazla təchiz edilib
Rayonun təsərrüfat sahələrinin işi onların payız-qış mövsümünə hazırlığı RİH-in daim nəzarətində olub. Rayon ərazisində yerləşən idarə və müəssisələrin mənzil fondunun, kommunal xidmət sahələrinin, təhsil, səhiyyə və digər təsərrüfatlarının 2009-2010-cu illərin payız-qış mövsümünə hazırlığının təmin edilməsi məqsədilə Yasamal RİH tərəfindən tədbirlər planı təsdiq edilib. Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən tədbirlər planına uyğun olaraq yaşayış binalarının istilik sistemlərində apardığı cari və əsaslı təmir işləri sayəsində rayonun mərkəzi istilik şəbəkəsinə qoşulmuş 408 yaşayış binasının 298-i, eləcə də, digər mənbələrdən istilik alması nəzərdə tutulan 130 yaşayış binasının 82-si istiliklə təchiz edilib. Rayonun təhsil və səhiyyə müəssisələri də payız-qış mövsümündə tamamilə istiliklə təchiz edilib. Görülmüş tədbirlər nəticəsində təhsil və səhiyyə müəssisələrinin istiliklə təchizatında heç bir problem qalmayıb.
Rayon ərazisində yerləşən müəssisələrin və əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təchizatı məqsədilə RİH-in nəzdində fəaliyyət göstərən qərargahın hesabat dövründə 10-dan çox iclası keçirilib. Bu iclaslarda əhalinin enerji daşıyıcılarına olan tələbatının fasiləsiz ödənilməsi məsələsi ilə yanaşı, istifadə olunan enerji haqlarının yığılması məsələləri də geniş müzakirə olunaraq qarşıya çıxan problemlərin həlli istiqamətində konkret tədbirlər həyata keçirilib.
Rayon əhalisinin və digər tələbatçıların içməli suya olan tələbatının fasiləsiz ödənilməsi üçün ötən müddət ərzində istər Dövlət Proqramı çərçivəsində, istərsə də Su Kəməri İdarəsi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilib. Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2009-cu il tarixli 225 saylı sərəncamına uyğun olaraq rayon ərazisində hər birinin tutumu 10000 kub.m. olan iki su anbarının tikintisinə başlanılıb, A.Ağayev küçəsində 3 ədəd yararsız nasos stansiyası ləğv edilərək yerində yeni nasos stansiyası inşa edilib.
Bundan başqa, “Azərsu” ASC-nin müraciətinə uyğun olaraq, Yasamal RİH-in müvafiq sərəncamına əsasən, rayonun Nazim Hikmət küçəsində 577-ci və 501-ci məhəllələrində yeni və hər birinin tutumu 500 kub.metr olan su anbarı və nasos stansiyaları tikilib, A.Abbasov və Zərdabi küçələrində yerləşən mövcud nasos stansiyalarının rekonstruksiyası həyata keçirilib və rayon ərazisində 3300 p/m yeni su xətti çəkilib. Eyni zamanda, 70-dən artıq yaşayış binasını içməli su ilə təmin edən 1 saylı nasos stansiyası əsaslı şəkildə yenidən qurularaq müasir tələblərə cavab verən yeni nasos stansiyası tikilib, 3724 metr müxtəlif diametrli boru çəkilib. Təkcə Şərifzadə küçəsi boyunca diametri 500 mm olan 2100 p/metr su borusu çəkilib.
Xüsusi qayğıya ehtiyacı olanların sosial müdafiəsi gücləndirilir
Əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də rayon əhalisinin xüsusi qayğıya ehtiyacı olan hissəsinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya, müavinət və ünvanlı Sosial yardımların vaxtlı-vaxtında ödənilməsi, onlara səhiyyə xidmətinin təşkili məsələlərini də daim diqqət mərkəzində saxlanılıb. Belə ki, ötən dövrdə də şəhid ailələrinə, əlillərə, valideyn himayəsindən məhrum olmuş azyaşlılara, kimsəsiz, tənha ahıllara və digər aztəminatlı ailələrə mütəmadi olaraq maddi və ərzaq yardımları verilib. Hesabat dövründə rayon üzrə ünvanlı Sosial Yardım alan ailələrin sayı 3488-ə çatdırılıb, sosial yardım alan insanların sayı 13268 nəfər olub, həmçinin, mənzil şəraiti olduqca acınacaqlı olan 2 ailəyə - Qarabağ müharibəsi əlilinə və 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə Nərimanov rayon ərazisində istifadəyə verilən yaşayış binasında yeni mənzillər verilib. Bundan əlavə, rayonun Yeni Yasamal yaşayış massivində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün nəzərdə tutulmuş 9 mərtəbəli, 81 mənzilli yaşayış binasının tikintisinin başlanılmasına nail olunub. Azərbaycan Respublikası Prezidentinin 2009-cu ilin “Uşaq ili” elan edilməsi haqqında 22 dekabr 2008-ci il tarixli 103 saylı və Tədbirlər planının təsdiq edilməsi haqqında və 18 fevral 2009-cu il tarixli 163 saylı sərəncamlarının icrasının təmin olunması məqsədilə silsilə tədbirlər həyata keçirilib. Bu tədbirlərdə xüsusilə fiziki qüsurlu, valideyn himayəsindən məhrum olmuş, həmçinin, şəhid ailələrindən olan uşaqlara maddi yardımlar, qiymətli hədiyyələr verilib, yeni dərs ilinin başlanması münasibətilə onlara dərs ləvazimatları, məktəbli paltarları və çantalar təqdim olunub.
Yasamal sakinləri də tərəqqi və inkişafı dəstəkləyir
ölkənin hər yerində olduğu kimi, Yasamal rayonunun sakinləri də hər zaman dövlətçiliyə, Ulu öndər Heydər Əliyev siyasi kursuna, bu kursun davamçısı Prezident İlham Əliyevə sədaqətlərini nümayiş etdiriblər. Məhz bu sədaqətin nəticəsidir ki, ümummilli lider Heydər Əliyevin ideyalarının daşıyıcısı və fəal təbliğatçısı olan hakim Yeni Azərbaycan Partiyası (YAP) bütün seçkilərdə rayon seçicilərinin dəstəyini qazanır. Bu özünü ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində bir daha təsdiqləyib. YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılovun sözlərinə görə, rayon bələdiyyəsinin yeni seçilmiş 19 üzvündən 11-i məhz namizədliyi hakim partiya tərəfindən irəli sürülən şəxslərdir: “Hər zaman dövlətçiliyə sədaqətləri ilə seçilən Yasamal rayonunun sakinləri də tərəqqi və inkişafı dəstəkləyir”.
Fikrət İsmayılov onu da deyib ki, 1993-cü il fevralın 20-də yaradılan YAP Yasamal rayon təşkilatı hazırda 155 ilk partiya təşkilatında 24 mindən çox üzvü birləşdirir.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1432 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30