Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu dünya mediasının diqqətində

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu dünya mediasının diqqətində

29.09.2026 [10:58]

Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu, forumda səslənən fikirlər, imzalanan müqavilələr, investisiya sənədləri və Prezident İlham Əliyevin bu mötəbər tədbirdə iştirakı və keçirdiyi görüşlər dünya mediasının diqqətində olub. Türkiyənin, Rusiyanın, Avropa, Mərkəzi Asiya və digər ölkələrin media orqanları bu barədə geniş materiallar dərc edib.

Belə ki, Türkiyənin “SonDurak” media resursunda yazılıb ki, Prezident İlham Əliyevin himayəsi ilə keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində 10,8 milyard dollar həcmində 23 investisiya sənədi imzalanıb. Azərbaycanın Orta Dəhliz kimi layihələrdə iştirakı onun iqtisadi potensialını artırır və sərmayəçilər Azərbaycana sərmayə yatırmaq niyyətlərini bildiriblər.

“Haberler.com” saytında qeyd edilib ki, Azərbaycan Avropa ilə Asiya arasında böyük tranzit potensialına malikdir. Yaradılan nəqliyyat infrastrukturu perspektivdə iqtisadi inkişaf üçün geniş imkanlar yaradıb. Cənubi Qafqazın iqtisadi baxımdan inkişaf etmiş ölkəsi olan Azərbaycanda iqtisadi islahatlar səmərəli həyata keçirilib.

“İşçı Haber” saytında yazılıb ki, Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 10,8 milyard dollarlıq investisiya sənədinin imzalanması onun mötəbərliyi ilə yanaşı, Azərbaycanın iqtisadi potensialının da yüksək olduğunu göstərir. Müxtəlif sahələri əhatə edən investisiya sənədləri perspektivdə ölkə iqtisadiyyatının inkişafına böyük təkan verəcək. Forumda iştirak edən dünya miqyaslı şirkətlər də öz aralarında əməkdaşlıq haqqında razılıqlar əldə ediblər. Azərbaycan keçirdiyi bu forum vasitəsilə beynəlxalq şirkətlər üçün əməkdaşlıq imkanı yaradıb.

“Star” qəzetinin elektron variantında yayımlanan məqalədə bildirilib ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun işinə qatılan Azərbaycan Prezidenti İlham Əliyev uzunmüddətli və davamlı artıma nail olmaq üçün neft və təbii qazdan başqa sektorların potensialının qiymətləndirilməli olduğunu bildirib və əlavə edib ki, bərpaolunan enerji, logistika, nəqliyyat, elektrik enerjisi ixracı və mədənçilik gələcəkdə ölkə iqtisadiyyatının mühüm hərəkətverici qüvvələri olacaq. Azərbaycan etibarlı ölkə olduğu üçün buraya sərmayə yatırmaq istəyən şirkətlərin sayı artır. Təsadüfi deyil ki, son 20 ildə Azərbaycana təxminən 350 milyard dollar sərmayə yatırılıb.

“Yeni Dönəm” saytı forumda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə geniş yer verib. Qeyd olunub ki, Prezident İlham Əliyev Bakıda keçirilən İkinci Beynəlxalq İnvestisiya Forumunda çıxış edərək deyib: “Azərbaycandan keçən tranzit yük daşımalarında sürətli artım var və bu il 16 milyon tona çatacaq. Lakin məqsədimiz 2030-cu ilə qədər həm şərq-qərb, həm də şimal-cənub marşrutları üzrə 25 milyon tona, bəlkə də daha çoxa çatmaqdır. Buna nail olmaq üçün qonşularımızla fəal şəkildə çalışırıq”. Saytda diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin regionda apardığı sülh siyasəti bu planların reallaşmasına imkan verir.

“Akşam” qəzetinin elektron platformasında dərc olunan materialda vurğulanıb ki, Prezident İlham Əliyev ölkədə alternativ və bərpaolunan enerji mənbələrindən olduqca səmərəli istifadə edir. Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavat alternativ enerji istehsal etmək potensialı var. Bu istiqamətdə Azərbaycanda böyük işlər görülür və istismara verilən stansiyalar da fəaliyyətini davam etdirir.

“Bloomberg”də isə nəzərə çatdırılıb ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR, Fransanın “TotalEnergies” və mərkəzi Əbu-Dabidə yerləşən “XRG” şirkətləri arasında aparılan danışıqların nəticəsi olaraq Abşeron qaz və kondensat sahəsinə sərmayə qoymaq haqqında razılıq əldə edilib. Materialda diqqətə çatdırılıb ki, “Abşeron” yatağından yaxın 3 ildə əlavə 5 milyard kubmetr təbii qaz hasil ediləcək.

Qırğızıstanın Milli İnvestisiya Agentliyinin saytında dərc olunan materialda bildirilib ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda türk dövlətlərinin qarşılıqlı sərmayə yatırımı məsələsi müzakirə olunub və qərara alınıb ki, türk dövlətlərinin investisiya agentlikləri arasında əlaqələr artırılsın və birgə layihələr təqdim edilərək həyata keçirilsin. Bunlarla yanaşı, dünya maliyyə bazarında fəal rol oynamaq da qərara alınıb.

Rusiyanın TASS İnformasiya Agentliyində Azərbaycanın energetika naziri Pərviz Şahbazovun “Regional enerji əlaqələri və yaşıl keçid: Çağırışlar və imkanlar” mövzusunda keçirilən sessiyadakı çıxışına istinadla yazılır ki, Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi layihəsi üzrə yekun investisiya qərarı 2029-cu ilə planlaşdırılır. Ümumi ötürmə gücü 4 QVt olan layihənin texniki-iqtisadi əsaslandırılması onun mümkünlüyünü təsdiqləyib. Dəhliz 2032-ci ildə tədricən istifadəyə veriləcək və onun tam gücü ilə 2040-cı ilə qədər istifadəyə verilməsi planlaşdırılır.

“Finacial One” portalında vurğulanıb ki, forumda imzalanmış sənədlər süni intellekt, enerji, o cümlədən bərpaolunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə və su idarəçiliyi sahələrində layihələrin həyata keçirilməsini nəzərdə tutur. Müxtəlif ölkələrin dövlət qurumlarının, beynəlxalq maliyyə institutlarının, qlobal investorların, beyin mərkəzlərinin və işgüzar dairələrin nümayəndələrinin qatıldığı forumda Azərbaycan və region üçün investisiya perspektivləri, Orta Dəhlizin inkişafı, sənaye və azad iqtisadi zonalar, süni intellekt və rəqəmsal transformasiya, enerji və yaşıl keçid, kapital bazarları, aqrobiznes, vacib xammal və iqtisadi təhlükəsizlik məsələləri müzakirə olunub. Dünya üçün aktual xarakter daşıyan bu məsələləri Azərbaycan diqqətdə saxlayaraq müasir trendlərdən geridə qalmır.

“Ritm Evrazii” analitik portalında dərc edilən materiallarda diqqətə çatdırılıb ki, Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “The European House - Ambrosett”in baş direktoru və idarəedici tərəfdaşı Valerio De Molli “Azərbaycan və Cənubi Qafqaz: İnvestisiyaların artımı üçün mərkəz” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanın və Cənubi Qafqazın investisiyaların artımı üçün potensialı, regional əlaqələri və bölgənin qlobal iqtisadi sistemdəki inkişaf edən rolu vurğulanıb. Azərbaycanın iqtisadi potensialı haqqında ətraflı məlumat verilib.

Bolqarıstanın “Standart” saytında yazılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin bütün xarici borcunu 24 saat ərzində ödəyə biləcəyi barədə şok açıqlama verərək, Köhnə Qitədəki dərin maliyyə böhranını üzə çıxarıb. Prezident İlham Əliyev ölkənin xarici borcunu təxminən 20 dəfə üstələyən valyuta ehtiyatları topladığını vurğulayıb. Eyni zamanda, Avropa İttifaqı artıq orta hesabla ÜDM-in 83,4 faizini aşan rekord borcla sıxışdırılır və istehsalda xroniki böhran var. Saytda Azərbaycanın böyük iqtisadi potensiala malik olduğu bildirilib. Qeyd edilib ki, neft və qaz hələ də ixracın əsas payını təşkil etsə də, qeyri-neft sektoru hazırda ölkənin ÜDM-nin 70 faizindən çoxunu təşkil edir.

Digər bir sayt - “Net news”da Prezident İlham Əliyevin forumda səsləndirdiyi Azərbaycanın xarici borcu və valyuta ehtiyatları barədə fikirlərinin Bolqarıstan üçün nümunə olduğu diqqətə çatdırılıb: “Bolqarıstan üçün bu nümunə, xüsusilə aktualdır. Ölkəmiz Avropa İttifaqında ən aşağı borc səviyyələrindən biri ilə - ÜDM-in təxminən 29,9 faizi ilə öyünsə də, bu borcun artma tempi həyəcanvericidir. Problem ondadır ki, bu vəsaitlər çox vaxt əlavə dəyər yaradan uzunmüddətli investisiyalar əvəzinə cari xərclərə və sosial ödənişlərə yönəldilir. Lakin Azərbaycan əlavə dəyər yaradan bilən iqtisadi sistemə malikdir”.

Yunanıstanın “Money Review” saytında vurğulanıb ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR və “ExxonMobil” Orta Kür hövzəsindəki qeyri-ənənəvi karbohidrogen yataqlarının kəşfiyyatı, işlənməsi və istismarı üçün hasilatın pay bölgüsü müqaviləsini imzalayıblar. İki şirkətin hər biri 50 faiz paya sahib olacaq və “ExxonMobil” operator rolunu öz üzərinə götürəcək. Bu müqavilələr təchizat təhlükəsizliyinin Avropa gündəmində yüksək səviyyədə qaldığı bir vaxtda, Azərbaycanın təbii qaz istehsalçısı kimi mövqeyini gücləndirir. “Abşeron” yatağının genişləndirilməsi ölkənin təbii qaz hasilatını növbəti üç-dörd il ərzində təxminən 5 milyard kubmetr artıracaq. “TotalEnergies”in məlumatına görə, tam işlənmənin birinci mərhələyə əlavə olaraq, sabit hasilatla ildə təxminən 4,5 milyard kubmetr qaz hasil edəcəyi gözlənilir.

“Energia” saytında qeyd olunub ki, Azərbaycan təbii qazı əsasən Avropaya və Türkiyəyə ixrac edir. Ötən il Azərbaycanın Avropa İttifaqı ölkələrinə ixrac etdiyi qazın həcmi 25 milyard kubmetr təşkil edib. Bu qlobal enerji təchizatındakı fasilələrin təchizat təhlükəsizliyi ilə bağlı narahatlıqları artırdığı bir vaxta təsadüf edir. Azərbaycanın Avropaya ixracının daha da artması üçün əlavə boru kəməri tutumu tələb olunacaq. Materialda nəzərə çatdırılıb ki, tranzit olaraq Azərbaycan Avropa ilə Asiya arasındakı ticarət əlaqələrinin inkişafında əsas rol oynayır.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 212 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30