Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Dəyirmi masa”da “İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi” mövzusu müzakirə olunub

“Dəyirmi masa”da “İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi” mövzusu müzakirə olunub

24.04.2018 [09:37]

Aprelin 23-də Bakıda Müəllif Hüquqları Agentliyinin (MHA), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə “İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi” mövzusunda “dəyirmi masa” keçirilib. Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə keçirilən tədbir Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Müəllif Hüquqları Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov “dəyirmi masa”nın çox əhəmiyyətli və aktual bir mövzuya həsr olunduğunu deyib. Bildirilib ki, bu il 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü “İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi” devizi altında keçirilir. Bununla bağlı Dünya Əqli Mülkiyyət Təşkilatının açıqlamasında xüsusi qeyd olunur ki, qadınlarımızın səyləri nəticəsində hər gün həyatımızı zənginləşdirən və bilik sərhədlərimizi genişləndirən yeni ideyalar, faydalı kəşflər və ixtiralar əldə edilir. Yaradıcılıq sahələrində isə (kino, musiqi, ədəbiyyat, incəsənət, moda, dizayn və s.) qadınlar daim mədəniyyət konsepsiyasının özünü yenidən dərk edərək, bədii və yaradıcılıq ifadəsinin hüdudlarının axtarışı ilə bizi yeni dünyaların kəşf olunmasına və qavranılmasına sövq edirlər.
Kamran İmanov Müəllif Hüquqları Agentliyi tərəfindən Beynəlxalq Əqli Mülkiyyət Gününün 2001-ci ildən başlayaraq 18 ildir ki, qeyd edildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu günlə bağlı keçirilən tədbir, görüş, “dəyirmi masa”, konfrans və simpoziumların əsas məqsədi əqli mülkiyyət, müəllif-hüquq mədəniyyətinin formalaşdırılmasına dəstək vermək, biliklər cəmiyyətində kreativlik və yenilikçilik amillərinin stimullaşdırılmasında əqli mülkiyyətin əvəzedilməz əhəmiyyətini qabarıq göstərməkdir.
MHA İdarə Heyətinin sədri vurğulayıb ki, builki tədbir müasir müstəqil dövlətimizin memarı və qurucusu Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilib.
AXC-nin 100 illik yubileyi barədə danışan Kamran İmanov dövlətimizin başçısının Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana verdiyi müsahibəsindəki sözləri xatırladıb: “...Tarixə nəzər salanda düşünürsən, təsadüfi deyil ki, müsəlman aləmində ilk demokratik respublika məhz azərbaycanlılar tərəfindən yaradılıb. Yəni, bu hadisə xalqımızın keçmişindən, onun azadlıqsevər, məğrur və mütərəqqi xarakterindən qaynaqlanır... Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir. Siyasi islahatlar üçün qısa müddətdə çox böyük işlər görülüb. Təkcə bunu qeyd etmək kifayətdir ki, qadınlara səsvermə hüququ Avropa ölkələrinin çoxundan xeyli əvvəl verilib, bir sıra başqa mühüm qərarlar qəbul edilib”.
Dövlətimizin başçısının səyləri nəticəsində Azərbaycan getdikcə yeniləşir, iqtisadi islahatları reallaşdıran, iqtisadiyyatını şaxələndirən və innovativ inkişafa yol açan dövlətə çevrilir.
Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda vurğuladığı kimi, “Gələcəyimiz - innovasiyalar, texnologiyalar, yaxşı idarəetmə, şəffaflıq və sahibkarlara dövlət dəstəyindədir”.
Ölkə miqyasında aparılan islahatların əqli mülkiyyət sahəsinə müsbət təsir göstərdiyini vurğulayan Kamran İmanov deyib ki, Rəqabətqabiliyyətlilik İndeksinin “Əqli mülkiyyətin qorunması” alt göstəricisi üzrə Azərbaycan 4,8 bal toplayaraq 37-ci yeri tutur. Bununla da Azərbaycan 2016-2017-ci illərlə müqayisədə “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə tutduğu 71-ci yerdən 34 pillə yüksələrək, MDB ölkələri sırasında lider mövqeyini möhkəmləndirib. Prezident İlham Əliyevin ölkədə apardığı institusional islahatlar nəticəsində Müəllif Hüquqları Agentliyi hazırda dövlətimizin başçısı tərəfindən təsis edilən, dövlət və ictimai əhəmiyyət daşıyan, işçiləri dövlət qulluqçularına bərabər tutulan və mərkəzi icra hakimiyyəti orqanı statusunda təminatları olan, əqli mülkiyyət hüquqları sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimlənməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir. Prezident İlham Əliyevin yeni Sərəncamına əsasən, əqli mülkiyyətin bütün sahələrini özündə cəmləşdirən Əqli Mülkiyyət Agentliyi yaradılır. Bunlar dövlətimizin başçısının bu sahənin institusional quruluşuna olan diqqət və qayğısının növbəti təzahürüdür.
Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, bu il ölkəmiz mühüm tarixi hadisələr yaşayır. Bu günlərdə keçirilən prezident seçkilərində xalqımız tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verərək İlham Əliyevi yenidən dövlət başçısı seçdi. Təkcə AXC-nin yaranması deyil, həm də qadınlarımızın seçib-seçilmək hüququnun 100 illiyini qeyd edən xalqımız, xüsusilə də qadınlarımız hər zaman olduğu kimi, bu seçkilərdə də fəallıq göstərdilər. Bununla da onlar sübut etdilər ki, hələ XX əsrin əvvəllərində bu hüququ əldə etməklə cəmiyyətimizin həyatında aparıcı qüvvədirlər.
Hicran Hüseynova qadınların ailə və cəmiyyətdəki aparıcı mövqeyindən, onların dövlət quruculuğunda fəal iştirakından danışıb.
İnnovasiya və yaradıcılıq sahəsində fərqlənən bir qrup qadına MHA və AQUPDK-nın fəxri fərmanları təqdim edilib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, müasir müstəqil Azərbaycanın banisi Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası ölkəmizin milli iqtisadi inkişaf modelinin formalaşmasına və islahatların uğurla həyata keçirilməsinə etibarlı zəmin yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar davam etdirilib, ölkədə qadınların sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün əlverişli mühitin daha da yaxşılaşdırılması, institusional və innovativ metodların tətbiqi istiqamətində bir sıra işlər görülüb. Bu səbəbdəndir ki, qadınlar ölkədə bütün dövlət qurumlarında, Milli Məclisdə, müxtəlif yerli və beynəlxalq təşkilatlarda, həmçinin biznes strukturlarında təmsil olunurlar.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova bildirib ki, gender bərabərliyi əsas qanunumuzda, 1995-ci ildə qəbul edilmiş Konstitusiyamızda əksini tapıb, kişi və qadınların bərabər hüquqları təmin edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və bu qurumun səmərəli fəaliyyəti nəticəsində ölkəmizdə gender bərabərliyi ilə bağlı bir çox problemlər aradan qaldırılmaqdadır. Gender bərabərliyi hər bir cəmiyyətin inkişafı üçün çox böyük əhəmiyyətə malik mövzudur. Müasir dövrdə ölkələrin inkişaf səviyyəsi o dövlətlərdə qadınların mövqeləri, qadınlara olan münasibət və gender bərabərliyinin səviyyəsi ilə ölçülür. Azərbaycanda 2006-cı ildə “Gender bərabərliyinin təminatları haqqında” Qanunun və digər qanunvericilik aktlarının qəbul olunması bu sahədə hüquqi baza yaradıb. Bunlar bərabərliyin təmin edilməsi istiqamətində dövlətin siyasi iradəsinin göstəricisidir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Fərəh Əliyeva müasir dövrdə qadının cəmiyyətdə yeri və rolunun qiymətləndirilməsi meyarlarının məzmun və xarakterinin tamamilə yeniləndiyini söyləyib. Bildirilib ki, bu mənada ötən əsrdə inqilabi dəyişiklik edilərək qadının cəmiyyətdə mövqeyinə baxışı ənənəvi stereotiplərdən tamamilə azad olunub. Bu gün yüz illik yubileyini qeyd etdiyimiz AXC-nin ən önəmli və taleyüklü qərarlarından biri də müsəlman Şərqində ilk dəfə Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsi olub. Bu, sonralar Azərbaycan cəmiyyətində qadınların potensialına yol açmaq idi. Çox az müddətdə qadınlarımız mədəniyyət və incəsənət sahəsində aparıcı mövqelər qazana bildilər. Rektor diqqətə çatdırıb ki, ADMİU-da çalışan müəllimlərin yarıdan çoxunu qadınlar təşkil edir. Universitetdə tələbə qızların sayı da oğlanlardan çoxdur. Azərbaycanın dünyada müsbət imicinin formalaşmasında, sülhsevər, tolerant, multikultural ölkə kimi tanıdılmasında qadın mədəniyyət və incəsənət xadimlərimizin rolu olduqca böyükdür.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova deyib ki, AMEA dövlətin əsas elmi tədqiqat mərkəzi kimi xarici ölkələr və beynəlxalq təşkilatlarla fəal əlaqələr yaradır. Müasir dövrdə insan kapitalının formalaşmasında AMEA çox böyük rol oynayır. Güclü fundamental elmi bazanı əldə etmək üçün yüksək potensialı olan kadrların yetişməsinə ehtiyac var. Bu elmi kadrların arasında qadınlar xüsusi yerə və rola malikdirlər.
Nərgiz Axundova qeyd edib ki, AMEA-da çalışanların 59 faizini qadınlar təşkil edir. Akademiyada yaradılan bir neçə yeni elmi-tədqiqat institutuna qadın alimlərimiz rəhbərlik edirlər. Qadın alimlərimizin məqalələri bir sıra nüfuzlu jurnallarda nəşr edilir, onlar, həmçinin beynəlxalq təşkilatlarda, layihələrdə təmsil olunurlar.
Digər alim və mütəxəssislər də mövzuya dair məruzələrlə çıxış edib, müzakirələrə qatılıblar.

Paylaş:
Baxılıb: 416 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30