Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Azadlıq" radiosu kimə xidmət edir?

"Azadlıq" radiosu kimə xidmət edir?

29.09.2010 [09:40]

Və ya aparılan araşdırmalar belə deməyə əsas verir ki, okeanın o tayındakı erməni lobbisi kimi bu radio da ABŞ-Azərbaycan münasibətlərinin inkişafında maraqlı deyil
Bu gün hərtərəfli inkişafına görə, dünyanın diqqət mərkəzində olan Azərbaycan Qərbin və Avropanın etibarlı tərəfdaşlarından birinə çevrilib. Təbii ki, bunun kökündə də  Azərbaycan hakimiyyəti tərəfindən həyata keçirilən balanslaşdırılmış xarici siyasət, həmçinin, ölkəmizin demokratik prinsipləri rəhbər tutaraq inamla irəliləməsi faktı dayanır. Yəni, Avratlantik məkana uğurla inteqrasiya edən Azərbaycanda həyata keçirilən davamlı siyasi, iqtisadi islahatlar nəticəsində demokratik prinsiplər bərqərar olub. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanda vətəndaş cəmiyyəti, hüquqi dövlət, siyasi plüralizm, şəffaf seçki mühiti, iqtisadi sahədə azad bazar iqtisadiyyatı və sahibkarların sərbəst fəaliyyəti üçün hər bir şərait yaradılıb.
ABŞ Azərbaycanı Cənubi Qafqazdakı əsas tərəfdaşı hesab edir
Bütün bunlar, aparıcı Qərb ölkələrinin, xüsusilə də Birləşmiş Ştatların ölkəmizə marağını daha da artırır. Bu günlərdə Azərbaycan və ABŞ prezidentlərinin keçirilən görüşü də dediklərimizi təsdiqləyir. Məlumat üçün qeyd edək ki, görüşdə, Azərbaycanla ABŞ arasında siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində mövcud olan əməkdaşlıq əlaqələrinin səviyyəsi və inkişaf perspektivləri də dəyərləndirilib. Bir daha qeyd olunub ki, ABŞ Azərbaycanı Cənubi Qafqazdakı əsas tərəfdaşı hesab edir. çünki Cənubi Qafqazda nüfuzuna və iqtisadi göstəricilərinə görə ən güclü dövlət olan Azərbaycanla əməkdaşlıq ABŞ-ın bölgədəki siyasi, iqtisadi maraqlarına tam uyğundur. Belə ki, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir. Eyni zamanda, ölkəmizin maliyyə ehtiyatlarını artıraraq kredit alan ölkədən donor ölkəyə çevrilməsi də respublikanın qüdrətindən xəbər verir. ölkəmiz həm də regionda gedən proseslərə daha çox siyasi təsir gücünə sahibdir. Beləliklə, Azərbaycanın siyasi nüfuzu və geniş strateji imkanları ABŞ-la əlaqələrin daha sürətli inkişafı üçün yeni perspektivlər yaradır. Təsadüfi deyil ki, sözügedən görüşdə ABŞ Prezidenti Barak Obama Prezident İlham Əliyevin liderlik rolunu qeyd edərək, Azərbaycanın regionda ən çox uğurlar qazanan və ən nüfuzlu ölkələrdən biri olduğunu vurğulayıb.
Beynəlxalq terrorçuluğa qarşı mübarizədə Bakı Vaşinqtonun yanındadır
Onu da xüsusi olaraq qeyd etmək yerinə düşər ki, hazırda  ABŞ-la Azərbaycan arasında iqtisadi, xüsusilə də enerji sahəsində əməkdaşlıqla yanaşı, təhlükəsizlik sahəsində də sıx əlaqələr mövcuddur. Bu münasibətlər dövlət başçılarının görüşündə də əsas müzakirə mövzularından biri olub. Belə ki, görüş zamanı Azərbaycan ilə ABŞ-ın beynəlxalq antiterror əməliyyatlarında birgə fəaliyyəti xüsusi qeyd olunaraq ölkəmizin bu əməliyyatlarda iştirakı yüksək qiymətləndirilib. Əslində, Azərbaycan terrorizmə qarşı mübarizədə Birləşmiş Ştatlar üçün yaxın və etibarlı tərəfdaş ölkələrdən biri olmasını çoxdan sübuta yetirib. Belə ki, respublikamız dünyanın müxtəlif bölgələrində mövcud olan antiterror koalisiyalarında iştirak etməklə təcavüzkarlığa, zorakılığa qarşı mübarizədə öz yardımını əsirgəməyib. Hazırda Əfqanıstanda onlarla Azərbaycan sülhməramlısı xidmət göstərir. ölkəmiz eyni zamanda, ABŞ hərbi təyyarələrinə Azərbaycanın hava məkanından keçməklə Əfqanıstana çatmasına icazə verib. Beləliklə, istər sadalanan bu faktlar, istərsə də prezidentlərin son görüşü onu deməyə əsas verir ki, yaxın strateji tərəfdaş ölkələr olan Azərbaycanla ABŞ arasında qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə söykənən münasibətlər bu gün yüksələn xətlə inkişaf edir. Və Azərbaycan bu inkişafda nə qədər maraqlıdırsa, Birləşmiş Ştatlar da bir o qədər maraqlıdır.
“Azadlıq” radiosunun indiki formada fəaliyyəti Azərbaycan və ABŞ-ın maraqlarına ziddir
Lakin iki ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişafında maraqlı olmayan qüvvələr və dairələr də mövcuddur ki, bu sırada da ilk növbədə okeanın o tayındakı erməni lobbisi və “Azadlıq” radiosu, daha doğrusu, bu radionun Azərbaycan xidməti diqqəti cəlb edir. Əslində, erməni lobbisinin narahatlığını və ABŞ-Azərbaycan əlaqələrinə ziyan vurmaq üçün göstərdiyi fəaliyyətin mahiyyətini dərk etmək çətin deyil. Lakin ABŞ Konqresinin maliyyələşdirdiyi halda Azərbaycandakı zərərverici fəaliyyəti ilə həm də birbaşa Birləşmiş Ştatların maraqlarına zərbə vuran “Azadlıq” radiosunun kimə və nəyə xidmət etdiyi bəlli deyil.
O mənada ki, başda Prezident Barak Obama olmaqla, ABŞ rəsmiləri Azərbaycanla əməkdaşlığa yüksək dəyər verirlər. Məsələn, bir neçə ay öncə Prezident Barak Obama müdafiə naziri Robert Qeyts vasitəsilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi məktubda ölkələrimiz arasındakı tərəfdaşlığı yüksək dəyərləndirmiş, Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyə verdiyi mühüm töhfəni xüsusi olaraq qeyd etmişdi. ABŞ dövlət katibi Hillari Klinton isə Birləşmiş Ştatların bir sıra vacib layihələrin reallaşmasında Azərbaycanın tərəfdaşı olduğu üçün qürur duyduğunu bəyan etmişdi.
Nəhayət, yuxarıda da qeyd etdiyimiz kimi, ABŞ rəsmilərinin Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərmələri və ölkəmizə yüksək dəyər vermələri bir neçə gün öncə okeanın o tayında prezidentlər arasında keçirilən görüşdə bir daha öz təsdiqini tapdı. “Azərbaycan regionda ən çox uğurlar qazanan və ən nüfuzlu ölkələrdən biridir” - deyən ABŞ Prezidenti Barak Obama onu da əlavə etdi ki, güclü təsisatlar Azərbaycanda iqtisadi artım və sabitliyə kömək edib.
Bir sözlə, Birləşmiş Ştatların dövlət və hökumət səviyyəsində Azərbaycana, ölkəmizdə həyata keçirilən hərtərəfli islahatlara, həmçinin, ABŞ-Azərbaycan əlaqələrinə necə yüksək dəyər verdiyi göz önündədir. Bunu hər kəs görür və dərk edir. Lakin “Azadlıq” radiosu ya bunu görmək istəmir, ya da öz qaranlıq fəaliyyəti ilə sadəcə, bu əlaqələrin inkişafına mane olmağa çalışır. Görünür, bu radionun başında dayananlar, həmçinin, Azərbaycan xidmətinin təmsilçiləri öz fəaliyyətlərilə, eyni zamanda, ABŞ-ın maraqlarına qarşı çıxdıqlarının, daha doğrusu, bu maraqlara zərbə vurduqlarının fərqində deyillər. Kim bilir, bəlkə də, fərqindədirlər və sadəcə onlar da ABŞ-dakı erməni lobbisi kimi ABŞ-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişaf etməsində maraqlı deyillər. Əgər belə olmasaydı, o zaman sözügedən radio Azərbaycan cəmiyyətində baş verən hadisələrə “özünəməxsus yanaşma tərzi” sərgiləyərək, cəmiyyətin aparıcı kəsimi tərəfindən tənqidə məruz qalmazdı.
“Azadlıq” radiosu müxalifətin ruporu qismində...
Məsələ burasındadır ki, “Azadlıq” radiosu bu gün Azərbaycan cəmiyyətində baş verən bütün sosial, ictimai-siyasi proseslərə eyni “çeşmək altından” baxmaqla qiymət verir. Yəni, radio bütün xəbər və reportajlarında görülmüş işlərə qara yaxır, bir növ cəmiyyətdə mənfi təsəvvür formalaşdırmağa çalışır. Əslində, “Azadlıq” radiosunun bu cür fəaliyyətilə məhz, “qara piar” kampaniyası ilə gündəmi zəbt edən və radikal müxalifətin təsiri altında olan qəzetlərdən fərqlənmir. Hətta, demək olar ki, “Azadlıq” radiosu Azərbaycanda müxalifətin ruporu qismində çıxış edir. Bəli, məhz müxalifətin ruporu qismində. Bunun belə olduğunu təsdiqləyən kifayət qədər faktlar var. Heç uzağa getməyək, “Azadlıq” radiosunun hazırladığı materialların, xarici qərəzli dairələrin verdiyi hesabatların növbəti gün müxalifət qəzetlərində dərc olunması, bununla yanaşı, bir sıra məsələlərlə bağlı yalnız müxalifət nümayəndələrinin mövqeyinin vahid ictimai fikir kimi ortaya qoyulması söylənilən fikrin həqiqiliyinə işarə edir.
Əsas prinsip və qaydalara riayət etməyən radio...
ümumiyyətlə, istənilən KİV-in əsas vəzifəsi cəmiyyəti dəqiq, qərəzsiz, obyektiv və tərəfsiz informasiya ilə təmin etməkdir. üstəlik, bu prinsiplər “Azadlıq” radiosunun rəsmi saytında elan olunmuş öncəliklər sırasındadır. Radionun Azərbaycan bölümünün saytına yerləşdirilmiş anketdə bildirilir ki, “Azadlıq” radiosu bu qənaətdədir ki, demokratiyanın əsas şərti yaxşı məlumatlandırılmış cəmiyyətdir: “Radio obyektiv informasiyanı təmin edir. Həmçinin, demokratiyaya çatmaq və bazar iqtisadiyyatına keçmək yolunda daxili və regional problemlərin təhlili və müzakirəsinə şərait yaradır. Demokratik dəyərləri dəstəkləməklə region ölkələrində vətəndaş cəmiyyətini möhkəmləndirir. Etnik və dini dözümsüzlüyün təzahürləri ilə mübarizə aparır və xalqlar arasında qarşılıqlı anlaşmaya yardım edir. Yerli kütləvi informasiya vasitələri üçün nümunədir, onların müstəqilliyinə və işçilərinin peşəkarlıq səviyyəsinin artırılmasına yardım edir: Həmçinin, yerli informasiya vasitələri ilə əməkdaşlığı inkişaf etdirir. Region ölkələri ilə dünyanın inkişaf etmiş demokratiyaları arasında daha sıx əlaqələrə yardım edir”.
Amma radionun fəaliyyətində bu prinsiplərdən əsər-əlamət yoxdur. Bunu sübuta yetirmək üçün isə sadəcə olaraq, radionun bir həftəlik verilişlərini izləmək kifayət edir. Beynəlxalq təcrübədə də var ki, elektron KİV-lərin öz verilişlərini maraqlı etmək, auditoriyanı daha geniş siyasi cəbhələrin düşüncəsi ilə tanış etmək üçün təşkil etdiyi debatlarda müxtəlifyönümlü mövqelərin müzakirəsi daha konkret şəkildə özünü büruzə verməlidir. Ancaq yuxarıda da vurğuladığımız kimi, “Azadlıq” radiosu bir qayda olaraq, müxalifətin ruporu rolunda çıxış edir və bütün verilişlərini müxalif cəbhənin mövqeyi üzərində qurur.
Əlbəttə, müxalifətin də fikirləri KİV-də özünə yer tapmalıdır və buna heç kəs mane ola bilməz. O da nəzərə alınmalıdır ki, Azərbaycanda müxalif düşüncə təmsilçilərinin öz sözlərini söyləməsi üçün kifayət qədər geniş imkanlar var. Hətta bir sıra qəzetlər müxalifət partiyalarının orqanı olmaqla, sırf onların təbliğatı işini aparır. Müxalifət liderləri həmin qəzetlər vasitəsilə öz mövqelərini sərbəst şəkildə ifadə edirlər. Sadəcə olaraq, biz “Azadlıq” radiosunun öz fəaliyyətində paritetliyi qorumaması məsələsinə diqqəti yönəltmək istəyirik.
“Azadlıq” radiosu müxalifət liderlərinə böyük meydan verərək, onların hakimiyyət əleyhinə qeyri-obyektiv fikirlər söyləməsinə şərait yaradır. Radioda müxtəlif vaxtlarda hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri də efir vaxtı alıb və kifayət qədər əsaslandırılmış və məntiqə söykənən fikirlər səsləndiriblər. Amma təəssüf ki, bu polemikalar zamanı da radionun müxalifətin ruporuna çevrilməsinə yönəlmiş siyasət yeridilib və hazırda da bu siyasət davam edir. “Azadlıq” radiosunun təmsilçiləri hakim partiya təmsilçilərinin, həmçinin, heç bir partiyaya üzvlüyü olmayan bəzi siyasətçilərin radionun qərəzli mövqeyinə etiraz və s. kimi müxtəlif səbəblərdən radionun verilişlərində iştirak etməməsindən istifadə edərək, mövqeyi onsuz da əvvəlcədən bəlli olan şəxsləri verilişlərə dəvət etməklə, guya hakimiyyət-müxalifət polemikası görüntüsü yaratmağa çalışır. Əslində isə, dəvət olunanlar nə bitərəf ekspertlər olur, nə də ki, onların mövqeyi hakimiyyətdəki partiyanın mövqeyi ilə üst-üstə düşür.
Bir şeyi də qeyd etmək istərdik ki, “Azadlıq” radiosu Azərbaycanda birbaşa müxalifət dairələrinin fikirlərinin, daha dəqiq desək, onların hakimiyyət əleyhinə çağırışlarını yaymaqla məşğuldur. Əlbəttə, bu yolverilməzdir...
Bütün KİV-lər kimi “Azadlıq” da tərəfsiz olmalı, bu radionun əsas vəzifələri qanunda əksini tapan prinsiplərə və ən azından “Azadlıq” radiosunun peşəkar etika kodeksinə uyğun olmalıdır. Hansıki orada deyilir: “Azadlıq” radiosunun bütün müxbirləri, ştatdankənar əməkdaşları və təhlilçiləri dəqiqlik, tərəfsizlik, obyektivlik kimi prinsiplərə riayət etməlidirlər.
“Yeni Azərbaycan”ın Analitik Qrupu

Paylaş:
Baxılıb: 881 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31