Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Şuşa Bəyannaməsinin icrasına başlanıldı

Şuşa Bəyannaməsinin icrasına başlanıldı

14.09.2021 [09:45]

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi yeni mərhələdə


Dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri yeni dönəmdə mühüm inkişaf dinamikasına malikdir. İstər hərbi, istər iqtisadi, istərsə də siyasi müstəvidə qarşılıqlı əməkdaşlığa əsaslanan əlaqələrimiz gündən-günə daha da güclənməkdədir. Qarşılıqlı səfərlər, iki ölkənin rəsmi şəxsləri arasında keçirilən görüşlər bu əlaqələrin daha yüksək səviyyədə inkişafını təmin edir. Yeri gəlmişkən, Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev sentyabrın 13-də qardaş ölkənin milli müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ilə görüşüb. Keçirilən görüşlərdə hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Həmçinin hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.
Bundan başqa, Türkiyə Respublikasının Xarici İşlər nazirinin müavini Faruk Kaymakcının rəhbərlik etdiyi nümayəndə heyəti Bakıdadır. Sentyabrın 13-də Azərbaycanın Xarici İşlər Nazirliyində qardaş ölkənin nümayəndə heyəti ilə keçirilən görüşdə xarici işlər naziri Ceyhun Bayramov iki qardaş ölkə arasında mövcud olan və dinamik şəkildə inkişaf edən ikitərəfli əməkdaşlıq məsələlərinin geniş gündəliyi üzrə fikirlərini qarşı tərəflə bölüşüb, çoxtərəfli platformalarda əməkdaşlığımızın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edildiyi kimi, çoxşaxəli əməkdaşlıq əlaqələrinə malik Azərbaycan ilə Türkiyə bu gün əsl müttəfiqlik nümunəsi ortaya qoymaqdadır. Bu strateji tərəfdaşlığın ən mühüm istiqamətlərindən biri olan hərbi əməkdaşlıq məsələsi iki qardaş ölkənin Silahlı Qüvvələrinin yeni situasiyada birgə fəaliyyəti üçün də yeni perspektivlər vəd edir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də imzaladığı “Şuşa Bəyannaməsi”ndə Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edilməsi xüsusi vurğulanır. O cümlədən sənəddə iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi vurğulanır. Bütün bunlar isə yeni dönəmdə Azərbaycan-Türkiyə müttəfiqliyinin əsas komponentləri kimi çıxış etməkdədir.
Yeri gəlmişkən, “Şuşa Bəyannaməsi”nin imzalanmasının ardından artıq Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələrinin bir neçə birgə təlimi baş tutub. Bu ilin iyul-avqust aylarında keçirilən birgə təlimlərin ardından sentyabrda Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Laçın rayonunda döyüş atışlı taktiki təlimləri baş tutub. Ekspertlərin fikrincə, bu təlimlər “Şuşa Bəyannaməsi”nin uğurlu icrası kimi dəyərləndirilməlidir.
Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlunun fikrincə, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin ilk səfərini Türkiyəyə etməsi iki ölkə arasındakı münasibətlərin strateji xarakterini ortaya qoyur. Bütün istiqamətlərdə olduğu kimi, hərbi əməkdaşlıq sahəsindəki birgə fəaliyyət də özünün fərqli tərəfləri ilə diqqəti cəlb edir: “2021-ci ilin iyununda imzalanmış Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Bu Bəyannamə Azərbaycanın bir dövlətlə imzalamış olduğu ilk müttəfiqlik sənədidir və ölkəmizlə Türkiyənin qardaşlıq, dostluq əlaqələrinin ruhuna tam uyğundur. “Şuşa Bəyannaməsi” siyasi çəkiyə malik olduğu qədər, həm də mühüm hərbi əhəmiyyət daşıyır. Çünki sənəddə yer alan məqamların əksəriyyəti mahiyyət etibarilə hərbi təhlükəsizlik xarakterlidir. Bu baxımdan, Baş Qərargah rəisinin qardaş Türkiyədə keçirdiyi görüşlər Şuşa Bəyannaməsindən irəli gələn addımlar kimi səciyyələndirilməlidir”.
Millət vəkili onu da qeyd edib ki, iki ölkə arasında birgə hərbi təlimlərin keçirilməsi hərbi əməkdaşlığın mühüm elmentlərindəndir. İşğaldan azad olunmuş torpaqlarımızda, xüsusilə Laçın rayonunda Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimlər keçirməsi taktiki təsir gücü ilə yanaşı, dünyaya bir mesajdır. “Azərbaycan işğaldan azad etdiyi torpaqlarda təhlükəsizliyin təmininin də xüsusi diqqət mərkəzində olduğunu nümayiş etdirməkdədir. Bu sahədə qardaş Türkiyənin də Azərbaycanın yanında olması olduqca mühüm bir mesajdır,” - deyə E.Mirbəşiroğlu əlavə edib.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli də Azərbaycanla Türkiyə arasındakı münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, iki ölkə arasında digər sahələrlə yanaşı, hərbi müstəvidə də sıx əməkdaşlıq mövcuddur. Hərbi müttəfiqlik “Şuşa Bəyannaməsi”ndə də öz əksini tapıb: “Eyni zamanda, iki ölkə birgə hərbi təlimlər keçirir, hərbi təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələri mövcuddur. Gələcəkdə birgə silahların istehsalı məsələsi də aktualdır. Baş Qərargah rəisi Kərim Vəliyevin Türkiyəyə səfərinə gəldikdə isə bu cür yüksəksəviyyəli qarşılıqlı səfərlərin əməkdaşlıq baxımından əhəmiyyəti həddindən artıq böyükdür. Hesab edirəm ki, hər iki ölkənin dövlət başçılarının qarşıya qoyduğu tapşırıqlar yüksək səviyyədə yerinə yetirilir”.
E.Həsənli vurğulayıb ki, iki dövlət arasındakı uğurlu əməkdaşlıq ölkələrimizin müstəqilliyi, ərazi bütövlüyü, eyni zamanda, regionda sülhün və təhlükəsizliyin qorunması baxımından çox önəmlidir. “Bir neçə gün öncə Laçın rayonunda iki dövlətin birgə hərbi təlimlər keçirməsi, ardından Bakıda Azərbaycan, Pakistan, Türkiyə xüsusi təyinatlılarının təlimləri bir çox məqamlardan xəbər verir. Əlaqələr genişləndirilir və münasibətlərin gələcəkdə də daha sıx şəkildə inkişaf etdirilməsi nəzərdə tutulur,” - deyə hərbi ekspert əlavə edib.
Pərviz SADAYOĞLU

Paylaş
Baxılıb: 114 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31