Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin yaz sessiyası başa çatıb

Milli Məclisin yaz sessiyası başa çatıb

01.06.2021 [09:14]

Parlamentin növbədənkənar sessiyası keçiriləcək
Mayın 31-də Spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclas keçirilib. Öncə 6 məsələdən ibarət gündəlik təsdiqlənib.
Daha sonra millət vəkilləri cari məsələlərlə bağlı çıxış ediblər. Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, Prezident İlham Əliyevin Ağdam şəhərinin bərpasının təməl daşını qoyması hər birimizdə qürur yaradan tarixi hadisə oldu. Bu təməl daşı əslində, Azərbaycan dövlətçilik tarixinin əbədi divarlarına qoyulan yeni bir qat, yeni bir mərhələnin başlanğıcı idi. Bərpa gününun təməlqoyma mərasiminin 28 May - Respublika Günündə baş tutması da təsadüfi deyildi. Çünki bu tarixi Azərbaycan Prezidenti bir daha milli bayram, müstəqillik günü kimi xarakterizə edərək əldə etdiyimiz tarixi qələbəmizi müstəqil olmağımızla əlaqələndirdi. Bu fikirlər isə siyasi-ideoloji müstəvidə dövlətçilik şüurumuzun yeni qatının müstəqil və qalib əsaslarında formalaşması üçün atılan təməl daşı idi, genetik yaddaşımıza edilən müraciət idi.
Deputat deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli şüurunu ümmətçilikdən dövlətçiliyə, dövlətçilikdən cümhuriyyətçiliyə qədər inkişaf etdirdiyi kimi dövlətimizin başçısının bu fikirləri də milli şüurumuzu məğlubiyyətdən qalibiyyətə, qalibiyyətdən yeni milli mentalitetə qədər inkişaf etdirəcək. Bu, bir xalqın ictimai-siyasi fikir tarixində tamamilə yeni bir mərhələnin, yeni bir eranın başlanması deməkdi. Bu səbəbdəndir ki, bəzi Azərbaycanafob mərkəzlər müxtəlif internet resurslarında, sosial şəbəkələrdə tarixi zəfərimizə və nailiyyətlərimizə kölgə salmaq üçün ən müxtəlif səviyyələrdə qarayaxma kampaniyası aparırlar. Bəzi marginal müxalif quruplar da bu prosesdə fəal iştirak edirlər. Ancaq şübhəsiz ki, bütün bu antimilli fəaliyyətlər xalqımızın ümummilli sevinci və coşqusu qarşısında olduqca cılız görünür və belələri əsla öz qaranlıq məqsədlərinə çatmayacaqlar.
Millət vəkilinin sözlərinə görə, bəzən siyasət mümkün olmayanı mümkünetmə sənəti də adlandırılır: “Doğrusu, bunu isbat edəcək nümunələr o qədər də çox deyil. Ancaq düşünürəm ki, 44 günlük müharibə və ondan sonra ötən zaman ərzində Azərbaycan Prezidenti öz fəaliyyəti ilə bunun ən yaxşı təcrübi nümunəsini yaratdı. Bu gün Ermənistan dövlətinin iflas etməsi, haqq etdiyi şəkildə küncə sıxışdırılması, öz sərhədlərini qorumaq üçün yeni sahiblər axtarışına çıxması da məhz mümkün olmayanı mümkünetmə sənətinin yaratdığı reallıqdır. Axı cəmi bir neçə ay bundan öncəyə qədər bu dövlət Azərbaycan torpaqlarını işğal altında saxlayır, millətimizə meydan oxuyur, xalqımıza qarşı saysız-hesabsız cinayətlər törədirdi. İndi isə miskin vəziyyətə düşüb. Bütün bunlar Azərbaycan Prezidentinin həyata keçirdiyi milli-strateji siyasət və rasional-praqmatik davranışları nəticəsində baş verib. Bundan sonrakı mərhələ - cinayətkarın öz cəzasına çatdırılması Azərbaycanın isə yeni inkişaf tarixinin başlanğıcıdır”.
“Görünür, hazırda informasiya müharibəsinə cəlb edilən təkcə Azərbaycan deyil. Qonşu ölkələrdə də bu cür hallar var. Doğrudan da, Türkiyə ilə Azərbaycan öz tarixi qardaşlıq münasibətlərinin mühüm zirvəsini yaşamaqdadır. Bu prosesdə informasiya müharibəsinin ayrı-ayrı komponentləri kimi müxtəlif informasiyaların cəmiyyətə yanlış təqdim olunması və onun yanlış nəticələr doğurması yolverilməzdir. Çox yaxşı haldır ki, cəmiyyətdə son günlər müzakirə edilən informasiyaya aydınlıq gətirildi və səhvə düzəliş edildi. Düşünürəm ki, Türkiyə-Azərbaycan münasibətləri yeni nailiyyətlərə imza atacaq qədər daha yüksək səviyyədə inkişaf edəcək”, - deyə Hikmət Babaoğlu vurğulayıb.
Cari məsələlərin müzakirəsində, həmçinin deputatlar Fazil Mustafa, Qənirə Paşayeva, Azay Quliyev, Bəxtiyar Əliyev, Elman Nəsirov, Elşən Musayev, Elşad Mirbəşiroğlu, Bəhruz Məhərrəmov, Cavid Osmanov, Zahid Oruc bir sıra məsələləri diqqətə çatdırıblar.
İclasda “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Qanun layihəsi (üçüncü oxunuş) müzakirəyə çıxarılıb. Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın məlumatı dinlənildikdən sonra deputatlar Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Aydın Mirzəzadə rəy və təkliflərini bildiriblər. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov layihədə deputatları maraqlandıran bəzi məqamlara aydınlıq gətirib, komitə sədri Qənirə Paşayeva sualları cavablandırıb. Sonra məsələ səsə qoyulub və “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
İclasda “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanun layihəsi (üçüncü oxunuş) barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun şərhi dinlənildikdən sonra bu məsələ də səsə qoyulub və 5 fəsil 20 maddədən ibarət olan qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
“Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov təqdim edib. Müzakirədə Qüdrət Həsənquliyev, Sabir Rüstəmxanlı və Siyavuş Novruzov çıxış ediblər. Sonra layihə səsə qoyulub və qanun üçüncü oxunuşda qəbul edilib.
Sonra gündəlikdəki növbəti 3 qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi (ikinci oxunuş) barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyini parlamentə təqdim edən komitə sədri Tahir Mirkişili öncə 2020-ci ilin Azərbaycanın erməni işğalçıları üzərində qazandığı möhtəşəm hərbi-siyasi-iqtisadi Qələbə ili olduğuna diqqət yönəldib, COVID-19 pandemiyasının dünya miqyasında yaratdığı problemlərə toxunub. Bildirib ki, müharibə xərcləri, şəhid ailələrinə, əsgər və zabitlərə qayğının artırılması, sosial dəstək proqramlarının icrası, səhiyyə sisteminin gücləndirilməsi, işğaldan azad edilən ərazilərin bərpası, pandemiyadan əziyyət çəkən sahibkarların dəstəklənməsi 2020-ci il dövlət büdcəsinin icrası qarşısında dayanan mühüm hədəflərdən olub.
Komitə sədri nəzərə çatdırıb ki, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat proqnoza qarşı 24 milyard 681,7 milyon manat, yəni proqnozla müqayisədə 2,3 faiz çox icra olunub. Dövlət büdcəsinin xərcləri isə 27 milyard 492,2 milyon manat proqnoza qarşı 26 milyard 416,3 milyon manat icra edilib ki, bu da proqnozla müqayisədə 3,9 faiz az deməkdir. Bildirib ki, dövlət büdcəsində yaranan kəsir proqnoza nisbətdə 2 dəfə az olub. Ötən il xarici və daxili dövlət borclanmaları üzrə icra vəziyyəti müəyyənləşdirilmiş limiti keçməyib.
Sonra qanun layihəsinin müzakirəsinə başlanıb. Deputatlar Fazil Mustafa, Əli Məsimli, Qənirə Paşayeva, Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Etibar Əliyev bir sıra təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırıblar.
“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
İclasda “Kredit ittifaqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov təqdim edib. Deputatlar “Kredit ittifaqları haqqında” Qanuna təklif olunan dəyişikliyi ikinci oxunuşda məqbul sayıblar.
Gündəlikdəki sonuncu məsələ barədə birinci vitse-spiker, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Bildirib ki, “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi (ikinci oxunuş) gündəlikdəki 5-ci məsələ ilə üzvi surətdə bağlıdır. Kredit reyestrləri və kredit ittifaqları haqqında məlumatların verilməməsinə görə İnzibati Xətalar Məcəlləsində cərimə sanksiyaları nəzərdə tutulur.
Məlumat dinlənildikdən sonra Milli Məclis bu qanunu ikinci oxunuşda dəstəkləyib.
İclasa yekun vuran Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, “bu gün yaz sessiyasının sonuncu iclasıdır. Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə uyğun olaraq, 81 deputat növbədənkənar sessiyanın çağırılması üçün mənə müraciət edib. Mən bu barədə sərəncam imzalamışam və iyun ayında bizim növbədənkənar sessiyamız olacaq”.
Sonra deputatlara yaz sessiyasının yekunları barədə məlumat verən Spiker qeyd edib ki, “2021-ci ilin yaz sessiyasında Milli Məclisin 14 iclası keçirilib, 88 qanun və qərar, o cümlədən 1 Konstitusiya qanunu qəbul edilib. Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini parlament səviyyəsində dəstəkləmək üçün bütün tədbirlər həyata keçirilib”.
Yaz sessiyasının iclaslarında Milli Məclisdə Nazirlər Kabinetinin və Hesablama Palatasının illik fəaliyyətləri barədə hesabatların, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun məlumatının, İnsan hüquqları üzrə müvəkkilin və Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzələrinin dinlənildiyini qeyd edən Azərbaycan parlamentinin Sədri Sahibə Qafarova vurğulayıb ki, bütün dünyanın COVID-19-a qarşı mübarizə şəraitində yaşadığı hazırkı dövrdə pandemiyanın törətdiyi problemlərə baxmayaraq, Milli Məclisin normal iş ahəngi qorunub saxlanılıb, komitə və komissiyaların əksər iclasları videokonfrans formatında keçirilib, beynəlxalq əlaqələrin inkişafı sahəsində də işlər uğurla davam etdirilib.
Çıxışını yekunlaşdıran Spiker Milli Məclisin 2021-ci il yaz sessiyasını bağlı elan edib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə parlamentin yaz sessiyası başa çatıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 573 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31