Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ulu öndər Heydər Əliyev qüdrətli siyasətçi kimi güclü və inkişaf edən Azərbaycan dövlətinin əsasını qoymuşdur

Ulu öndər Heydər Əliyev qüdrətli siyasətçi kimi güclü və inkişaf edən Azərbaycan dövlətinin əsasını qoymuşdur

12.12.2018 [10:12]

Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü
Hüseyn Cavid

Qərinələr, əsrlər və minilliklər boyu davam edən bəşər salnaməsi, sivilizasiyaların, lokal və qlobal mədəniyyətlərin təkamülü və transformasiyası, eləcə də mövcud kəmiyyət dəyişikliklərinin yeni keyfiyyət dəyişikliyinə çevrilməsi nəticəsində Yer üzünün əşrəfi sayılan insan övladı və onun yaşadığı cəmiyyət adilikdən adilliyə, varislikdən müasirliyə doğru irəliləyərək müxtəlif dövrləri əhatə edən zaman və məkan müstəvisində misilsiz xidmətlər göstərmiş, tarixin yaddaşından silinməyən şəxsiyyətlər yetişdirmişdir.
Bu mənada ictimai şüurda milli və qlobal təfəkkürdə, həmçinin əxlaq fəlsəfəsində ən ali keyfiyyətləri özündə təcəssüm etdirən, eyni zamanda, real gerçəklikdən və sosial zərurətdən doğan tarixi şəxsiyyətlərin, görkəmli dövlət başçılarının, siyasi liderlərin siyasi arenaya çıxması təbii hal və məntiqi hadisə kimi qiymətləndirilməlidir.
Yəqin, yanılmarıq, desək ki, Şərq və Qərb sivilizasiyalarının qovşağında yerləşən, milli və ümumbəşəri dəyərlərin daşıyıcısı sayılan, qədim, eləcə də daima yeniləşən müstəqil Azərbaycan təkcə ecazkar təbiəti, zəngin yeraltı və yerüstü sərvətləri, unikal mədəniyyəti, nəcib, xeyirxah insanları ilə deyil, bu insanları, bədii təxəyyülün dili ilə söyləsək, vücuda gətirərək, xalq, millət halında birləşdirən tarixi şəxsiyyətləri, dövlət və mədəniyyət xadimləri ilə də seçilir. Bəli, bu gün Azərbaycanımızda olan ən böyük sərvət onun bu məmləkətdə yaşayan insanlarıdır. Və bu insanlar arasından çıxmış tarixi şəxsiyyətlər öz əməlləri ilə doğma diyarımızı gülüstana çevirərək cahana tanıtmış, əvəzsiz xidmətləri ilə əbədiyaşarlıq haqqı qazanmışlar.
Heç şübhəsiz ki, belə tarixi şəxsiyyətlər sırasında Öz əzəməti və qüdrəti ilə ən uca zirvələri fəth edən, zəfər salnaməmizin parlaq səhifələrini qızıl hərflərlə tarixə yazan müasir Azərbaycan dövlətinin banisi, məhz Böyük Xilaskar Heydər Əliyevimiz olmuşdur.
Başqa sözlə, bəşəriyyətə, həmçinin dünya mədəniyyətinə əvəzsiz töhfələr, dühalar və dahilər bəxş etmiş qədim və müasir Azərbaycanın parlaq tarixi şəxsiyyətləri sırasında dövlət müstəqilliyimizin qarantı Heydər Əliyevimiz şər qüvvələrin təklədiyi ölkəmizi, obrazlı dildə desək, sanki düşdüyü cəhənnəm burulğanları əzabında çapalayan sahibsizlik girdabından, bir xalq və bir dövlət olaraq tamamilə məhv olmaq təhlükəsindən xilas edərək, onu qısa zaman kəsiyində məşəqqətli, zülmətli gecələrdən işıqlı, nurlu, ilhamlı gələcəyə doğru inamla aparan, daha sonra cahanşümul məmləkətə çevirən ilk fövqəltəbiətli tarixi şəxsiyyət olmuşdur.
Vaxtı ilə yaxın və uzaq keçmişin mürəkkəb və ziddiyyətli anlarında görkəmli şəxsiyyətlərin, dövlət başçılarının cəmiyyət həyatında oynadığı rolu düzgün dəyərləndirən klassik alman filosofu Hegelin “siyasi tənəzzülə doğru sürətlə yaxınlaşmaqda olan xalqın müqəddəratını yalnız dahilər xilas edə bilər”, eləcə də Türkiyə Cümhuriyyətinin yaradıcısı və qurucusu Mustafa Kamal Atatürkün “ən böyük şəxslər özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığının və xoşbəxtliyinin qorunması yolunda həyatlarını qurban verən insanlardır” fikirləri sanki Böyük Xilaskar Heydər Əliyevimizin siyasət fəlsəfəsinə müasirlərimiz tərəfindən verilən bugünkü qiymətlə həmahəng səslənir.
Bildiyimiz kimi, Heydər Əliyevimizin ali siyasət fəlsəfəsində azərbaycançılıq ideologiyası, bütövlükdə Azərbaycan mövzusu bütün mövzuların şahı, əzəl mübtədası, başlanğıcı və sonu olmuşdur. O, qüdrətli bir siyasətçi kimi bütün şüurlu həyatı boyu Azərbaycanı düşünmüş, onun müstəqilliyini hər şeydən və hər kəsdən uca tutmuş, nura qərq olmuş mənalı ömrünün ilk çağlarından son günlərinədək güclü Azərbaycan dövlətinin əsasını qoymaq eşqi ilə yaşayıb-yaratmışdır. Bu mənada Ulu öndərimiz azərbaycançılıq məfkurəsini və ideyasını, Vətənə, millətə olan sevgisini ən müqəddəs amal hesab edir, bütün maddi və mənəvi dəyərlərin üzərində Azərbaycan dövlətinin və millətinin maraqlarının durduğunu əməli fəaliyyəti ilə də sübut edirdi. Beləliklə, Heydər Əliyevimiz əsrlər boyu düşünən aydınların, filosof və mütəfəkkirlərin arzuladığı, lakin gerçəkləşdirə bilmədiyi “ideal cəmiyyət” ideyasını günümüzün reallıqları səviyyəsinə çatdırmış, milli dövlət quruculuğu istiqamətində məmləkətimizi zəiflik mənbəyindən güc, əzəmət mənbəyinə çevirərək heç nədən böyük məmləkətimizi yaratmış, əldə etdiyi uğurlar nəticəsində Azərbaycanı dünyaya, dünyanı da Azərbaycana tanıtmışdır.
Siyasi fəaliyyətində azərbaycançılıq ideologiyasını daima rəhbər tutan Heydər Əliyevimiz Azərbaycan xalqının və onun hər bir vətəndaşının milli-dini kimliyindən, mənsubiyyətindən, siyasi əqidəsindən və baxışlarından asılı olmayaraq, millətin azadlıq carçısı və müstəqillik simvolu, insanların yeganə ümidgahı və pənah yeri idi. O, sanki Ulu Tanrı tərəfindən göndərilmiş milli taleyin səmavi elçisi və xilaskarı, daxili və xarici çəkişmələrdən, siyasi təlatümlərdən büdrəyən insanların azadlığı qarşısında hörülən tikanlı sədləri, maneələri dəf edərək, xalqı təbiətin gözəllik və əzəmət rəmzi sayılan uca çinartək bugünkü və gələcək Azərbaycanın inkişafı naminə iri addımlarla irəliyə doğru aparan bayraqdarı olmuşdur. Görünür, məhz bu səbəbdən də biz hər dəfə Heydər Əliyevimiz deyəndə Azərbaycan, Azərbaycan deyəndə Heydər Əliyevimiz başa düşürük. Həqiqətə söykənən bu deyilən sözlərin bir növ tam təsdiqi olaraq gözlərimiz önünə və poetik yaddaşa əbədi həkk olunmuş görkəmli Azərbaycan şairi Nəbi Xəzrinin sözlərinə dünya şöhrətli müğənni Müslüm Maqomayev tərəfindən bəstələnmiş Azərbaycan mahnısı yada düşür. Respublika sarayında (əvvəllər belə adlandırılırdı) Ulu öndər Heydər Əliyevimizin prezident seçkiləri ilə bağlı andiçmə mərasimindən sonra keçirilən bədii hissədə Müslüm Maqomayev ilk dəfə olaraq etiraf etmişdi ki, onun dillər əzbəri olan Azərbaycan mahnısı məhz Böyük azərbaycanlı Heydər Əliyevimizə həsr olunub. Sadəcə, çox şeyin gizlin saxlanıldığı və qapalı ölkə sayılan Sovetlər Birliyində adı çəkilən mahnının yazılmasının səbəbini və mahiyyətini açıqlamaq o dövr üçün məqsədəuyğun sayılmırdı.
Yeri gəlmişkən, Nəbi Xəzri yaradıcılığının və qəlbinin dərin qatlarında doğmalaşmış Azərbaycan və onun təbiətinin gözəlliyini tərənnüm edən uca çinar mövzuları ilə bağlı aşağıdakı sətirlər Heydər Əliyevimizin əxlaq fəlsəfəsi, daxili aləmi, mənəviyyat dünyası və dühası ilə, demək olar ki, daxili vəhdət, qarşılıqlı təsir müstəvisində bir-birini tamamlayan ahəngdarlıq və harmoniya təşkil edir.

 

Əgər yıxılsam, Çinar göstərin,
Mən ona söykənim, arana baxım.
Gözlərim görməsə, Göygölü verin,
Mən onun gözü ilə cahana baxım.
Hər yerdə, həmişə
Sənsən gümanım.
Canım-gözüm mənim,
Azərbaycanım!
Sən Günəş, mən isə bir zərrə kimi
Diriykən oğlunam, ölsəm torpağın.
Sən uca çinarsan, mənsə yarpağın,
Sənsən özüm mənim, Azərbaycanım.

 

Artıq uzun illərdi ki, bir çox tədqiqatçılar, o cümlədən başda Heydər Əliyev Fondu olmaqla, Ulu öndərimizin yaddaşlardan silinməyən, müasirlərimizə və gələcək nəsillərə nümunə ola biləcək həyat və yaradıcılığı, zəngin siyasi fəaliyyəti, müstəqil dövlət quruculuğu istiqamətində gördüyü əzəmətli əməllərlə bağlı bir sıra elmi-tədqiqat işlərini, monoqrafiyaları və seçilmiş əsərlərinin çoxcildli külliyyatını dünyanın müxtəlif dillərində işləyib çapa hazırlamış, başqa sözlə, bir növ bu Böyük İnsan qarşısında olan vicdan borclarını şərəf və ləyaqətlə yerinə yetirmişlər. Çünki nə qədər Azərbaycan adlı məmləkət və Azərbaycan xalqı yaşayırsa, bir o qədər də Onun tükənməz və ölçüyəgəlməz irsinə olan tələbata daima ehtiyac duyulacaq.
Böyük Xilaskarın müstəqil və güclü Azərbaycan naminə gördüyü əzəmətli və möhtəşəm əməllərdən biri, bəlkə də, ən birincisi - dünyada bir çox qüdrətli səltənətlər qurmuş siyasi xadimlərdən fərqli olaraq, Onun məmləkətimizi əbədiyaşar məkana çevirmək məqsədi ilə Öz siyasi məktəbini yaratmasıdır və bu siyasi məktəbin ən parlaq, layiqli nümayəndəsi İlham Əliyevimizi müasir Azərbaycanın bugünkü və gələcək inkişafı naminə hazırlayaraq, siyasi arenaya çıxara bilməsidir.
“Əgər oğul atasından sonra onun millət və dövlət uğrunda yolunu ləyaqətlə davam etdirirsə, bunu varisin övladlıq borcu adlandırmaq olar”
Konfutsi
Öz inkişafında ahəngdarlıq və harmoniya prinsiplərinə söykənən bəşəriyyət üçün əsrlər boyu ən ali ölçü vahidi sayılan zaman insanların yaşadığı sosial mühitdən asılı olmayaraq, onların əməllərinə, seçiminə daha düzgün qiymət və fərman verir. Dünya fəlsəfi fikir tarixində əsas mövzulardan biri hesab edilən insan və cəmiyyət, dövlət və onun idarə olunması problemləri təkcə qədim dövrün deyil, həm də çağdaş əsrimizin mütəfəkkirlərini, sənət və sənətkarlarını daima düşündürdüyündən onlar qarşılarına çıxan suallar çələnginə cavab axtarmağa çalışmışlar. Bu mənada, böyük Səməd Vurğunun məşhur fəlsəfi misrası “Qalib gələcəkmi cahana insan?” və bu misra ilə bağlı “əgər cahanda dövlətə rəhbər seçilən insan ağlı, insan zəkası xeyrə, insanlığa xidmət edəcəksə, onda o, qalibiyyət nişanını qələbə bayrağına sanca biləcəkdir” fikri həm varislik, həm də müasirlik baxımından olduqca aktual səslənir.
Deyilən bu ibrətamiz fikirləri mübaliğəsiz olaraq əsası Ulu öndər Heydər Əliyevimiz tərəfindən qoyulmuş azərbaycançılıq və güclü Azərbaycan ideologiyasının layiqli davamçısı, məmləkətimizi Öz möhtəşəm və əzəmətli əməlləri ilə rövnəqləndirən, qətiyyətli və qüdrətli ölkə başçımız İlham Əliyevimizə tam əminlik hissi ilə aid etmək olar.
Siyasi liderlik mədəniyyəti və estafeti yeniləşən Azərbaycanın yeni lideri, respublikamızın Prezidenti İlham Əliyevimizə həvalə olunduqdan sonra O, qısa zaman kəsiyində yüksələn xətt üzrə ictimai həyatımızın bütün sahələrini əhatə edən uğurlu və məqsədyönlü islahatlar həyata keçirmiş, müasir Azərbaycanda baş verən modernləşmə proseslərini düzgün məcraya yönəldərək, yeni innovasiyalar və informasiya texnologiyalarının tətbiqi prosesinin daxili və qlobal mühitin tələblərinə uyğun səviyyədə gerçəkləşməsinə münbit şərait yaratmışdır.
Ulu öndər Heydər Əliyevimizin dövlətçilik siyasətinə xas olan xüsusiyyətləri Öz əməli fəaliyyətində yüksək peşəkarlıqla həyata keçirən müstəqil dövlətimizin başçısı İlham Əliyevimiz ölkə iqtisadiyyatının tərəqqisinə xidmət edən sosial-iqtisadi proqramların gerçəkləşməsi prosesləri ilə yanaşı, milli mənəviyyatımızın və milli dəyərlərimizin təməl sütunlarından sayılan mədəniyyət siyasətinin hərtərəfli inkişafına da mühüm əhəmiyyət və önəm verir. Burada Prezidentimizi daha çox düşündürən və xalqımızın təleyüklü məsələlərindən sayılan dünyanı bürümüş labüd, haradasa ziddiyyətli qloballaşma proseslərinin insan amilinə mənfi təsirinin nəticələri fonunda kamil Azərbaycan cəmiyyətinə xas olan milli-mənəvi əxlaqi dəyərlərin, adət-ənənələrin, milli şüur və milli iftixar hissinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsidir. Deyilən bu fikirlərin bir növ əyani təsdiqi kimi böyük Azərbaycan şairi Nizami Gəncəvi də öz əsərlərində cəmiyyət və dövlətin idarəetmə sistemində güclü şəxsiyyət və ədalətli dövlət başçısı probleminə toxunaraq qeyd edir ki, “hakimiyyəti təmsil edənlər qanunların aliliyinə söykənməli, ədalətli qərarlar qəbul etməlidirlər”. Əks halda bu istiqamətdə atılan addımlar cəmiyyətin tərəqqisinə deyil, tənəzzülünə xidmət etmiş olur. Bu isə son nəticədə mövcud mənəvi və əxlaqi dəyərlərin məhvinə gətirib çıxarır. Söylənilən bu ibrətamiz kəlamın bir növ məntiqi davamı olaraq xatırlatmaq istərdik ki, müasir dünya siyasətində, həmçinin postsovet məkanına aid edilən bəzi ölkələrdə baş verən neqativ proseslər bir çox hallarda məhz bu məmləkətlərə başçılıq edən dövlət rəsmilərinin daxili və xarici siyasətlərində atılan yanlış addımlar, son nəticədə, cəmiyyətlərin zəifləməsinə, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün itirilməsinə gətirib çıxarır.
Göstərilən bu fəsadlı proseslər fonunda müstəqil Azərbaycanın milli-dövlət maraqlarını hər şeydən üstün tutan ölkə başçımız İlham Əliyevimiz istər bölgədə, istərsə də dünyada baş verən son dərəcə mürəkkəb, bəzən də həllinin sonu görünməyən bu ziddiyyətli hadisələri ağlın süzgəcindən keçirərək gələcəkdə qarşımıza çıxa biləcək problemlərin yeganə və düzgün həlli yollarını böyük məharət, iradə və siyasi ustalıqla tapır.
Bütün dünyada etibarlı tərəfdaş, söz və əqidə sahibi, siyasətdə qətiyyətliliyin və dönməzliyin simvolu kimi tanınan ölkə başçımız İlham Əliyevimizin rəhbərliyi sayəsində ictimai həyatımızın bütün istiqamətləri üzrə aparılan məqsədyönlü islahatlar, balanslaşdırılmış və zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş daxili və xarici siyasət kursu bugünkü və gələcək inkişafımızın uğurlu addımlarından xəbər verir.
Deyilən bütün fikirlərlə yanaşı, eyni zamanda, qətiyyətlə bildirmək istərdik ik, artıq bu gün müasir Azərbaycan nə günbatan, nə də üstünü qara buludlar almış zülmətli gecə dövləti deyildir ki, kimsə istənilən vaxt burada zülmət toxumunu səpə bilsin. Eləcə də bu gün Azərbaycan daşları, divarları için-için qan ağlayan, insanları ahu-nalə çəkib göz yaşları axıdan elə bir məmləkət deyil ki, burada yağı düşmən istədiyi an at oynada, meydan sulaya. Ölkə başçımız, Ali Baş Komandan İlham Əliyevimizin rəhbərliyi ilə müasir Azərbaycan vətəndaşlarında, ələlxüsus Azərbaycan əsgərində və ordusunda torpağa, dövlətə, məmləkətə aşılanmış sahiblik şüuru tam əminlik hissi ilə deməyə əsas verir ki, biz bir millət, bir dövlət olaraq istənilən an öz ərazi bütövlüyümüzü qorumağa, düşmənə sarsıdıcı zərbə vuraraq işğal olunmuş Azərbaycanın dilbər guşəsi olan Qarabağı və onun ətrafındakı rayonları azad etməyə hazırıq. Çünki biz zəiflik mənbəyini güc mənbəyinə çevirərək güclü millət, güclü dövlət məfkurəsini gerçəkləşdirə bilmiş, Azərbaycanı bütün dünyaya, dünyanı da Azərbaycana tanıda bilmişik.
“Qadın başlanğıcdır, qadın yaradışdır və ruhun təməlidir”
Jan-Pol Sartr, 20-ci əsrin
görkəmli filosofu, Nobel mükafatı laureatı
Əsrlər boyu öz möhtəşəm əməlləri ilə bəşər mədəniyyətini daima zanginləşdirən, tarixin hünər salnaməsini qəhrəmanlıq nümunələri ilə bəzəyən, başqa sözlə, qılınc və qələm, əzəmət və siyasət aləmində tarix yazan xalqlar arasında qədim türklər və türk dünyası, eləcə də bu dünyanı həmişə rövnəqləndirən türk qadını zamanından və məkanından asılı olmayaraq, bütün mütəfəkkirlərin, aydınların və sənətkarların həmişə təqdirini qazanmışdır. Təsadüfi deyildir ki, türk dünyasını, o cümlədən Azərbaycanı təmsil edən qadınlar ən qədim zamanlardan çağdaş dünyamızdakı ailənin və ocağın qoruyucusu, həyata layiqli övladlar gətirən və tərbiyələndirən dəyanətli ana, şərəf və ləyaqətini hər şeydən uca tutan vəfalı insan, istər döyüş meydanlarında, istərsə də cəmiyyətin və dövlətin idarə olunmasında qədirbilən xalqımızın qadir nümayəndələri ilə çiyin-çiyinə, yanaşı və məğrur duran, onlara hər an dəstək, həyan olan ən güclü, eyni zamanda, zərif və müqəddəs bir varlıqdır.
Çox sevindirici və fərəhləndirici haldır ki, ulu əcdadlarımızdan və qədim dastanlarımızdan bizə miras qalmış milli-mənəvi və əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz və bu dəyərlərin, ənənələrin fövqündə duran Azərbaycan qadınının adı, şərəfi həmişə uca tutulmuş, onun istər ailədə, istərsə də cəmiyyət həyatında oynadığı rol daima yüksək qiymətləndirilmişdir.
Bu gün müstəqil Azərbaycanın ictimai həyatını, onun demokratik təsisatlara söykənən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində atdığı uğurlu addımları rəşadətli, fədakar qadınlarımızın xidmətlərini nəzərə almadan təsəvvür etmək qeyri-mümkündür. Azərbaycan qadını, onun ideal obrazı və ideal cizgiləri ilə bağlı deyilən bütün bu fikirlərin ən ali mücəssəməsi öz parlaq təsdiqini əməli fəaliyyətində insani və idraki gözəlliyi daima təcəssüm etdirən, insanlığa, müasir və gələcək nəsillərə öz bənzərsizliyi ilə nümunə olan, xeyirxahlıq və nəciblik simvolu sayılan Mehriban xanım Əliyevamızın timsalında tapır. Bədii və fəlsəfi təfəkkürün dili ilə söyləsək, Mehriban xanım Əliyevamızın ictimai həyatımızın bir çox sahələri üzrə gördüyü əzəmətli işlər bizə onu deməyə əsas verir ki, artıq bu gün o, bir evin, bir elin, bir obanın xanımı olmaqla yanaşı, həm də dünyada tanınan Azərbaycan adlı bir məmləkətin də layiqli övladıdır. Bu mənada, ölkə başçımız İlham Əliyevimizin rəhbərliyi ilə Mehriban xanım Əliyevamızın güclü Azərbaycan naminə həyata keçirdiyi çoxşaxəli və məqsədyönlü silsilə tədbirlər böyük minnətdarlıq hissi ilə qarşılanmalı, hər cür təqdirəlayiq hal kimi dəyərləndirilməlidir.
Öz əməli və praktiki fəaliyyətində insan amilini, humanizm ideyalarını hər şeydən uca tutan Mehriban xanım Əliyevamızın həyata keçirdiyi geniş spektrli tədbirlər bilavasitə Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edir. Bu da təbiidir. Çünki Mehriban xanım Əliyevamızın həyat amalını və əxlaq fəlsəfəsinin qayəsini məhz Azərbaycan sevgisi, başqa sözlə, azərbaycançılıq ideologiyası təşkil edir.
Bu gün təmiz əxlaq, yüksək mədəniyyət və dərin zəka sahibi Mehriban xanım Əliyevamızın millət və Vətən naminə gördüyü diqqətəlayiq və heyrətamiz işlər yüz insan ağlına və ömrünə sığmayan nurlu ömür salnaməsinin parlaq səhifələrini təşkil edir.
Beləliklə, azad Azərbaycanın dünəni, bu günü, sabahı və nurlu gələcəyi naminə dövlət quran, dövləti yaşadan, xalqın qan yaddaşında torpağa sahiblik şüurunu oyadan bu üç BÖYÜK DAHİ insan haqqında söz açıb, söz yazmaq nə qədər çətin və məsuliyyətli olsa da, bir o qədər də şərəflidir. Çünki sağlam düşüncəli hər bir Azərbaycan vətəndaşı kimi bizlər də öz möhtəşəm əməlləri ilə zəngin tarix yazmış bu BÖYÜK İNSANLAR qarşısında olan öz vicdan, mənəviyyat borcumuzu və məsuliyyətimizi dərk edir, Vətən və millət eşqi ilə yaşamağı, düşünməyi bir daha onlardan öyrənirik.
Böyük insanlarla bağlı düşüncələrimi, onların əyilməz vicdanlarında əbədi həkk olunmuş əqidə dönməzliyinin bariz nümunələrini ürəyimin dərin qatında çoxdan yaşatdığım, bu gün də yaşayan və həmişə yaşayacaq ülviyyətə qovuşan böyük sevgimi Nəbi Xəzri poeziyasında səslənən “siz yaxşı ki, varsınız” bəndlərindəki misralarla bildirmək istərdim.


Sizlərə vurğunam mən,
Bəzəyidir şəfəqdən...
Sizlərdən yollar keçər,
Siz yaxşı ki, varsınız,
Zirvələrə açılan qapılarsınız.


Bu gün yeniləşən Azərbaycan sözün bədii və həqiqi mənasında nura qərq olmuş, günçıxan və parlaq gələcəyi olan elə bir dövlətdir ki, onun nuru bütün dünyaya işıq saçır. Və bu işığın çırağında, heç şübhəsiz ki, Ulu öndərimizin müqəddəs ruhu, ölkə başçımız, zəfər salnaməmizin ən qüdrətli sərvəri İlham Əliyevimizin sarsılmaz iradəsi, təmiz əxlaq, yüksək mədəniyyət və dərin zəka sahibi Mehriban xanım Əliyevamızın mehriban baxışları bizimlə olub, bizləri qoruyur və hifz edir.
Hacıbala Abutalıbov
Baş nazirin müavini,
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü,
Fizika-riyaziyyat elmləri doktoru, professor

Paylaş:
Baxılıb: 579 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30