Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: Münaqişənin həllinin bir yolu var - işğalçı qüvvələr bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır

Prezident İlham Əliyev: Münaqişənin həllinin bir yolu var - işğalçı qüvvələr bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır

03.08.2018 [09:02]

Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır
Cənubi Qafqazın lider dövləti kimi çıxış edən, yüksək beynəlxalq nüfuza malik olan Azərbaycanın xarici siyasət kursunun başlıca strateji prioritetlərindən birini Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi təşkil edir. Başqa sözlə, beynəlxalq hüquqa və ədalətə söykənərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə nail olmaq Azərbaycan üçün başlıca prinsipial və prioritet məsələlərdən biridir. Təsadüfi deyil ki, Azərbaycan dövləti bütün diplomatik imkanlardan və beynəlxalq tribunalardan istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyini daim diqqətə çatdırır.
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi qəti və birmənalıdır
Ümumiyyətlə, Ermənistanın hərbi təcavüzü nəticəsində meydana çıxan, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və yeddi ətraf rayonun zəbt edilməsi, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olması ilə nəticələnən bu münaqişənin həlli zərurətdir. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir.
Yeri gəlmişkən, Prezident İlham Əliyev avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxışı zamanı bu məqamlara toxunaraq deyib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, o həllin bir yolu var: ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. Bunu tarix deyir, beynəlxalq hüquq deyir və bütün dünya dövlətləri ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Keçən ay Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı Azərbaycana çox böyük dəstək ifadə olunmuşdur. Bu, bizim növbəti diplomatik qələbəmizdir. Eyni zamanda, keçən ay NATO-nun zirvə görüşünün nəticəsi olaraq qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək göstərilib. Yəni bunlar çox ciddi siyasi sənədlərdir, həqiqəti, beynəlxalq hüququ əks etdirən sənədlərdir. Eyni zamanda, işğalçı ölkəyə göndərilən çox ciddi siqnallardır. Onlar bilsinlər ki, mötəbər beynəlxalq təşkilatlar bu məsələni diqqətdə saxlayır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Münaqişənin həlli yalnız bu prinsiplər əsasında ola bilər və olmalıdır”.
Şübhəsiz ki, Azərbaycanın bu istiqamətdə prinsipial mövqeyi ayrı-ayrı milli dövlətlər və beynəlxalq ictimaiyyət tərəfindən problemə adekvat yanaşmanın ortaya qoyulmasını şərtləndirib. Qanunauyğun haldır ki, münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Mərhələli həll variantı atəşkəsin tam təmin olunmasını, işğal altında olan torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını nəzərdə tutur. Dağlıq Qarabağın gələcək statusu isə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilə bilər. Nəticə etibarilə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi üstünlük təşkil edir. Dünya ictimaiyyəti görür və anlayır ki, separatizm ciddi təhdidlər yaradır, bu səbəbdən dövlətlərin ərazi bütövlüyü əsas götürülməlidir. Eləcə də Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır. Yəni Azərbaycanın tutduğu prinsipial mövqeyin və sərgilədiyi praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri-labüd olduğunu hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib. Eyni zamanda, artıq beynəlxalq ictimaiyyət ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilən faciələrə münasibətini ortaya qoyur. Təsadüfi deyil ki, beynəlxalq miqyasda Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən, Ermənistanı təcavüzkar dövlət kimi tanıyan çoxsaylı qətnamələr qəbul edilib, eyni zamanda, ermənilərin xalqımızın başına gətirdiyi faciələr kəskin qınaq obyektinə çevrilib.
Ermənistanın regional layihələrdən təcrid olunması işğalçı siyasətinin nəticəsidir
O da reallıqdır ki, Azərbaycanın uğurlu diplomatiyası sayəsində Ermənistan dalana dirənib. Eyni zamanda, Cənubi Qafqazın lider dövləti olaraq Azərbaycan işğalçı ölkəni bütün regional və beynəlxalq layihələrdən təcrid edib. Təbii ki, bu amil təcavüzkar Ermənistandakı sosial-iqtisadi və siyasi böhranın dərinləşməsini şərtləndirib. Ümumilikdə, Ermənistanın işğalçı, təcavüzkar siyasəti nəticəsində regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi bu ölkənin gələcəyini sual altına alıb. Bu gün heç nisbi müstəqilliyə də malik olmayan, xaricdən gələn ianələrə bel bağlayan və total tənəzzülün müşahidə olunduğu Ermənistanda mövcud iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirdiyi üçün ekspertlər bədbin proqnozlar ifadə edirlər. Dövlətimizin başçısı bəhs olunan çıxışı zamanı bu məqamlara toxunaraq deyib: “İşğalçı dövlət indi ağır günlər yaşayır. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal xunta rejimi çökdü. Onların işğalçı siyasəti iflasa uğradı. Onların bu vəziyyətə düşməsinin əsas səbəbi işğal siyasətidir. Çünki əgər işğal siyasəti olmasaydı, Ermənistan regional layihələrdən təcrid edilməyəcəkdi və beləliklə, bizim imkanlarımızdan faydalana bilərdi. Məhz işğalçılıq siyasətinə görə Ermənistan bu gün bu ağır, təcrid edilmiş vəziyyətdədir və iqtisadi inkişaf üçün heç bir perspektiv yoxdur. O vaxta qədər ki, Azərbaycanla münasibətlər normallaşmayacaq. Normallaşmanın da bir yolu var - işğalçı dövlət bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmalıdır. Necə ki, dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurası 25 il əvvəl qətnamə qəbul edib və orada açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və qüvvədə qalacaq. Ona görə münaqişənin həlli üçün yol, bax, bu yoldur”.
Şübhəsiz, belə bir vəziyyətdə Ermənistan anlamalıdır ki, bundan sonrakı dövrdə danışıqlar prosesini uzatmaq, mövcud status-kvonu qoruyub saxlamaq mümkün deyil, beynəlxalq ictimaiyyət bu mövqeni qəbul etməyəcək. Odur ki, hazırkı şəraitdə işğalçı Ermənistan qeyri-konstruktiv mövqedən, işğalçı-təcavüzkar siyasətdən əl çəkməlidir.
Ermənistanın yeni hökuməti reallıqları dərk edərək əvvəlki hərbi xunta rejiminin yanlışlarını təkrar etməməlidir
Əlbəttə, indiki şəraitdə Ermənistanın yeni hökuməti reallıqları dərk edərək doğru nəticələr çıxarmalı, yəni əvvəlki hərbi xunta rejiminin yanlışlarını təkrar etməməlidir. Doğrudur, Ermənistanın yeni rəhbərliyi ard-arda bir-birinə zidd olan açıqlamalar verərək paradoksal hal yaratdı. Əvvəlcə Azərbaycanın Ermənistanla yox, Dağlıq Qarabağın qondarma rejimi ilə danışıqlar aparmalı olduğunu qeyd etdilər. Bu, əlbəttə ki, qəbuledilməz olmaqla yanaşı, həm də olduqca məntiqsiz yanaşmadır. Bu təklif nə Azərbaycan, nə də vasitəçilər tərəfindən qəbul edilməzdi. Bununla yanaşı, həmin absurd təklifdən bir müddət sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşərək danışıqlara başlayır. Bir-birinə zidd olan bu yanaşmalar isə, əslində, Ermənistan tərəfinin bu məsələ ilə bağlı siyasi manipulyasiyasını nümayiş etdirir. Lakin Ermənistanın rəhbərliyi anlamalıdır ki, sülh prosesinə zərbə vurmağa hesablanmış bu cür mövqe və yanaşma ilə münaqişənin beynəlxalq hüquq normalarına əsasən - ədalətli həllinə mane ola bilməzlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Ermənistanın yeni hökuməti bunu yaxşı başa düşməlidir. Əvvəlki kriminal xunta rejiminin səhvlərini buraxmamalıdır. Düzdür, yeni hökumət indi daxili işlərlə daha çox məşğuldur, ancaq bildirməliyəm ki, onlar tərəfindən səslənən ziddiyyətli bəyanatlar həm bizdə, həm bu məsələ ilə məşğul olan ölkələrdə və beynəlxalq təşkilatlarda təəccüb doğurur. Çünki bir-birini təkzib edən bu bəyanatlar başadüşülən deyil. Bir tərəfdən deyirlər ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağın qondarma rejimi ilə danışıqlar aparmalıdır. Bu, ümumiyyətlə, qəbuledilməzdir və bu, elə bir təklifdir ki, bu təklifi verən tərəf bəri başdan bilir ki, bu, qəbul edilməyəcək. Digər tərəfdən, bu təklif vasitəçilər tərəfindən heç vaxt qəbul edilməyəcək. Üçüncü tərəfdən, o bəyanatdan bir müddət keçəndən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşür və danışıqlara başlayır. Yəni tamamilə bir-birini təkzib edən, bir-birinə zidd olan yanaşmadır. Əlbəttə, biz başa düşürük, yeni hökumətə müəyyən qədər vaxt lazımdır ki, beynəlxalq münasibətlərdə mövcud olan praktikanı düzgün təhlil etsin. Ancaq, əlbəttə ki, bu bəyanatlar sülh prosesinə vurulmuş növbəti zərbələrdir və bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Çünki onlar işğal siyasətini davam etdirmək fikrindədirlər. Hələlik biz belə qənaətə gələ bilərik”.
Sülhün olması üçün işğalçı qüvvələr Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxmalıdır
Təbii ki, əsas olan məsələ Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında - Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasıdır. Bunun üçün Ermənistan işğalçı mövqe və siyasətdən əl çəkməlidir. Doğrudur, son zamanlar Ermənistandan sülhə yönəlik çağırışlar edilir, amma sülhün olması üçün işğalçı qüvvələrin Azərbaycan torpaqlarını qeyd-şərtsiz və dərhal boşaltması lazımdır. Bu məqamlara toxunan Prezident İlham Əliyev deyib: “Eyni zamanda, Ermənistandan sülhə yönəlmiş çağırışlar da edilir, biz də bu çağırışları eşidirik. Əlbəttə, biz də sülh istəyirik, amma biz torpaqlarımızı istəyirik. Torpaqlarımız qayıtmayana qədər sülh olmayacaq və Ermənistanın yeni rəhbərliyi bunu çox yaxşı başa düşməlidir. Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?! Müharibədən əziyyət çəkmiş, həlak olmuş, əlil olmuş Azərbaycan vətəndaşları öz torpağında həlak olublar, əlil olublar, Ermənistan torpağında yox. Ona görə münaqişənin həllinin bir yolu var - işğalçı qüvvələr bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Onda bölgədə sülh yaranar. Onda Ermənistan ilə Azərbaycan arasında əlaqələr yarana bilər. Onda regionun geosiyasi vəziyyəti tamamilə dəyişə bilər və dayanıqlı sülh yarana bilər”.
Qeyd etdiyimiz kimi, əgər Ermənistan, həqiqətən də, sülh tərəfdarıdırsa, o zaman Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarını çıxarmalı və öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın evlərinə qayıtması təmin edilməlidir. Azərbaycan tərəfi münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda konstruktiv mövqe sərgiləyib. Ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həllini tələb edir.
Azərbaycan istənilən halda işğal altında olan torpaqları azad edərək öz ərazi bütövlüyünü təmin edəcək
Vurğuladığımız kimi, bu gün bütün regional layihələrdən təcrid olunan - bölgədə blokada vəziyyətində olan Ermənistanın düşdüyü mürəkkəb durumun səbəbi bu ölkənin işğalçılıq siyasətidir. Artıq Ermənistanın bir sıra dairələri mövcud hakimiyyətin işğalçılıq siyasətindən imtina etməsini yeganə çıxış yolu kimi göstərirlər. Diqqətə çatdırılır ki, mövcud reallıqlar, o cümlədən 2016-cı ilin aprel döyüşlərinin nəticələri Ermənistanda ideoloji əsasları dağıtmaqla yanaşı, bu ölkənin işğalçılıq siyasətindən əl çəkməsinin zəruriliyini bir daha nümayiş etdirdi.
Şübhəsiz ki, Azərbaycan qətiyyətli - prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcək. Ermənistan danışıqlar prosesini yenə də uzatmağa cəhd edərsə, Azərbaycan təcrid siyasətini davam etdirəcək və bütün vasitələrdən istifadə etməklə işğalçı ölkəni daha da sarsıdacaq. Münaqişənin tezliklə və mərhələli yollarla həllinin torpaqlarımızın azad olunmasından asılı olduğunu deyən dövlətimizin başçısı bildirib: “Biz bunu tələb edirik və beynəlxalq hüquq da bunu tələb edir. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq. Çünki kriminal xunta rejiminin çökməsində Azərbaycanın rolu da az deyil. Onları çökdürən və uçuruma aparan birinci zərbə iki il bundan əvvəl vurulub. Aprel döyüşləri onların çürümüş sütunlarını tamamilə sıradan çıxarıb və ondan sonra kriminal xunta rejimi uçuruma doğru getməyə başlamışdır. Bunu heç kim unutmamalıdır. Əgər iki il bundan əvvəl bu döyüşlər cəmi 4-5 gün davam edibsə və buna baxmayaraq, biz iki min hektar torpağı işğalçılardan azad etdik və indi minlərlə hektar torpağa biz nəzarət edirik. Azərbaycan Ordusunun qüdrətini iyun ayında keçirilmiş hərbi paradda göstərdik. Azərbaycan Ordusu bu gün həm texniki təchizat, döyüş qabiliyyəti, silah-sursat baxımından dünya miqyasında ən güclü ordular sırasındadır, nadir ölkələrdə bizim qədər imkan var. Bizim hərbi qələbələrimiz davam edir. Bu ilin may ayında uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpaq işğalçılardan azad edildi. İndi oraya həyat qayıdır, əkin işləri aparılacaqdır”.
Qeyd etdiyimiz kimi, Azərbaycan istənilən halda işğal altında olan torpaqları azad edərək öz ərazi bütövlüyünü təmin edəcək. Ölkəmizin ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz və beynəlxalq hüquq normaları da Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz öz siyasətimizi davam etdirəcəyik, daha da güclü olmalıyıq. Bütün beynəlxalq təşkilatlar bizi beynəlxalq və siyasi müstəvidə dəstəkləyir. İqtisadi sahədə Ermənistanla Azərbaycan arasında yerlə göy qədər fərq var. Həm hərbi paradda nümayiş olunan imkanlar, həm də döyüş meydanında göstərilən şücaət, qəhrəmanlıq göstərdi ki, kim kimdir və kim nəyə qadirdir. Biz bütün bu imkanlardan istifadə edirik və edəcəyik. Biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Bir daha demək istəyirəm, Ermənistan rəhbərliyi bilməlidir ki, sülh istəyirsə, torpaqlarımızdan öz xoşu ilə çıxmalıdır”.
Ermənistan onu da nəzərə almalıdır ki, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək iqtidarındadır. Tarixi reallıqlar və beynəlxalq hüquqi baza, eləcə də Azərbaycanın iqtisadi qüdrəti, hərbi gücü və regionda mövcud olan real vəziyyət bunu deməyə əsas verir. Xüsusilə də, aprel döyüşləri və Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olduğunu nümayiş etdirdi. Başqa sözlə, bu reallıqlar Azərbaycan dövlətinin qüdrətini, Ermənistanın isə acizliyini göstərdi. Bir daha aydın oldu ki, Azərbaycan işğal faktı, mövcud status-kvo ilə barışmaq, Ermənistanın təxribatlarına dözmək niyyətində deyil və düşmənə layiqli cavab vermək iqtidarındadır. Ən əsası, aprel döyüşlərindən və Naxçıvan əməliyyatından sonra əldə edilmiş diplomatik və hərbi-psixoloji üstünlük Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın mövqeyini gücləndirdi və münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında həlli üçün ciddi zəmin yaratdı.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 792 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30