/ / Bütün dövlət orqanları Mingəçevir İES-də baş verən qəzanın nəticələrinin aradan qaldırılmasında böyük peşəkarlıq göstərdilər
Bütün dövlət orqanları Mingəçevir İES-də baş verən qəzanın nəticələrinin aradan qaldırılmasında böyük peşəkarlıq göstərdilər
07.07.2018 [09:14]
Prezident İlham Əliyev: Əlavə tədbirlər görülməlidir ki, gələcəkdə əgər hər hansı bir qəza baş verərsə ümumi sistemə bunun təsiri olmasın
Xəbər verdiyimiz kimi, iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib. Müşavirədə dövlət başçısı Mingəçevir İES-də baş verən qəza nəticəsində yaranmış problemlərlə bağlı böyük narahatlığını dilə gətirərək baş verənlərə görə əlaqədar qurumların rəhbərlərinin ünvanına kəskin iradlarını bildirib. Müşavirədə çox ciddi mesajlar səsləndirən Prezident İlham Əliyev gələcəkdə belə halların baş verməməsinə, elektroenergetika təsərrüfatının möhkəmləndirilməsinə hesablanan təkliflər verilməsini tapşırıb. “Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında ciddi problemlər yaranmışdır. Görülmüş operativ tədbirlər nəticəsində bir neçə saatdan sonra enerjinin verilməsi bərpa edilmişdir. Səhər mənim Sərəncamımla məsələni araşdırmaq üçün Dövlət Komissiyası yaradılmışdır və komissiya öz işinə başlamışdır. Komissiya qarşısında bir neçə vəzifə qoyulmuşdur. Onların arasında əsas vəzifə məsələni araşdırmaq və qəzanın səbəblərini aşkar etməkdir. Eyni zamanda, komissiya günahkarları müəyyən etməli, onlara qarşı görüləcək tədbirlər haqqında təkliflər verməlidir və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlamalıdır”, - deyə Azərbaycanın dövlət başçısı vurğulayıb.
Yaradılan müasir infrastruktur ölkənin inkişafına təkan verən vacib faktora çevrilib
Bu, bir həqiqətdir ki, zəruri infrastruktur təminatı yaradılmadan hər hansı bir sahədə inkişafa nail olmaq da mümkün deyil. Bu mənada son illərdə Azərbaycanın tarazlı şəkildə inkişaf etdirilməsindən söhbət açarkən bütün ölkə boyu yüksək səviyyədə reallaşdırılan infrastruktur layihələrinin önəmini xüsusi qeyd etmək lazımdır. Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycanın nail olduğu hərtərəfli inkişafı həmçinin respublikada yaradılan müasir infrastrukturun timsalında aydın şəkildə görmək mümkündür. Müxtəlif təyinatlı infrastruktur obyektlərinin yaradılması ilə bağlı reallaşdırılan çoxsaylı layihələr sayəsində ölkəmizin infrastruktur təminatı əhəmiyyətli dərəcədə möhkəmlənərək dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə çatıb.
Son 15 ildə respublikamızda böyük həcmlərdə investisiya qoyuluşu hesabına reallaşdırılan infrastruktur quruculuğu siyasəti çoxşaxəli olması və müxtəlif istiqamətləri əhatə etməsi ilə diqqəti cəlb edir. Bəhs olunan dövrdə bütün ölkə boyu sosial təyinatlı infrastruktur obyektlərinin tikintisi geniş vüsət alıb - respublika miqyasında 3100 məktəb, 600-dən çox tibb ocağı tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub. 2004-cü ildən ötən dövr ərzində Azərbaycanda qazlaşdırma 51 faizdən 93 faizə çatdırılıb. Son 15 ildə ölkənin bütün bölgələrində içməli su və kanalizasiya layihələri həyata keçirilib. Əgər 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2017-ci ildə bu göstərici 67 faizə çatdırılıb.
Bütün ölkə boyu yaradılan mükəmməl infrastruktur həm sosial, həm də iqtisadi önəm daşıyır. Belə ki, yaradılan yüksək səviyyəli müasir infrastruktur əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir göstərən mühüm faktor qismində çıxış etməklə yanaşı, qeyri-neft sektorunun üstün inkişafı, daxili istehsalın genişləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır. Bütün ölkə boyu müasir infrastruktur yaradılmasının əsas xarakterik cəhəti isə ondan ibarətdir ki, dövlət yeni infrastruktur obyektlərinin yaradılmasının maliyyə təminatını bir qayda olaraq öz öhdəsinə götürür. Sonradan bu layihələr bölgələrin və bütövlükdə ölkənin inkişafına təkan verən vacib faktora çevrilir.
Son 15 il ərzində Azərbaycanda onlarla yeni elektrik stansiyası istifadəyə verilib
Son 15 ildə ölkədə aparılan infrastruktur quruculuğundan söhbət açarkən respublikanın enerji təminatının güclənməsini xüsusi qeyd etmək lazımdır. Hazırda Azərbaycanda sənayenin və aqrar sektorun güclü inkişafı müşahidə edilir. Eyni zamanda, aparılan uğurlu siyasətin nəticəsi olaraq ölkəmizdə əhalinin sayı artır. Bütün bunlar isə öz növbəsində respublikamızda elektrik enerjisi istehlakının artması deməkdir. Prezident İlham Əliyev qarşıya mühüm tələb qoyub ki, ölkədə yeni generasiya güclərinin yaradılması, enerji istehsalı milli iqtisadiyyatın enerjiyə olan tələbatını qabaqlamalıdır.
Azərbaycanın dövlət başçısının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq son 15 ildə ölkənin elektroenergetika potensialının gücləndirilməsi üçün bu sahəyə ardıcıl şəkildə böyük həcmlərdə investisiyalar yönəldilib. Bunu diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulub. Son 15 il ərzində Azərbaycanda onlarla yeni elektrik stansiyası istifadəyə verilmişdir. Son 15 il ərzində 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilmişdir. Bizim enerji potensialımız hazırda 6400 meqavata bərabərdir. Onun 2500 meqavatı, qeyd etdiyim kimi, son 15 il ərzində yaradılıb. Ölkəmizin bütün bölgələrində yeni elektrik stansiyaları tikilmişdir - Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında. Eyni zamanda, bölgələrdə su elektrik stansiyaları yaradılmışdır. Yəni, bu stansiyaların coğrafiyası onu göstərir ki, biz çalışırdıq ölkəmizin bütün bölgələrində yeni stansiyalar tikilsin ki, enerji sisteminin dayanıqlılığı təmin edilsin”.
Qeyd olunanlardan da göründüyü kimi, yeni elektrik stansiyalarının inşası əsasən respublikanın bölgələrində həyata keçirilib ki, bu da təsadüfi deyil. Məlumdur ki, ölkəmizdə 2004-cü ildən etibarən Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanlara uyğun olaraq regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları reallaşdırılır. Dövlət proqramlarında nəzərdə tutulan və uğurla reallaşdırılan tədbirlər regionlarda yeni müsbət reallıqlar yaradıb. Təbii ki, bölgələrdə başlayan inkişaf adekvat generasiya gücləri tələb edir. Beləliklə, bəhs olunan dövrdə ölkə üzrə 30 elektrik stansiyası tikilib. O cümlədən cənub bölgəsində inşa edilən 87 MVt gücündə Astara elektrik stansiyası 3 fevral 2006-cı il tarixində istismara verilib. Bundan sonra 87 MVt gücündə Şəki elektrik stansiyası 14 oktyabr 2006-cı il tarixində işə salınıb. 2006-cı ildə həmçinin Xaçmaz elektrik stansiyasının (87 MVt gücündə), Naxçıvan Muxtar Respublikasında Vayxır su elektrik stansiyasının (5 MVt gücündə), Naxçıvan qaz-turbin elektrik stansiyasının (64 MVt), Naxçıvan elektrik stansiyasının (87 MVt) tikintisi başa çatdırılıb. Sonrakı illərdə 104 MVt gücündə Bakı elektrik stansiyasının, 300 MVt gücündə Səngəçal elektrik stansiyasının, 104 MVt gücündə “Şahdağ” elektrik stansiyasının, 525 MVt gücündə Sumqayıt elektrik stansiyasının, 20 MVt gücündə Biləv su elektrik stansiyasının, 5,6 MVt gücündə Qobustan Hibrid elektrik stansiyasının, 25 MVt gücündə “Şəmkirçay” su elektrik stansiyasının, 780 MVt gücündə “Cənub” elektrik stansiyasının, 25 MVt gücündə “Taxtakörpü” su elektrik stansiyasının və digərlərinin açılışı keçirilib. 2017-ci ildə də “Pirallahı” günəş elektrik stansiyası, “Balakən-1” kiçik su elektrik stansiyası, “Çiçəkli” kiçik su elektrik stansiyası respublikanın elektroenergetika sisteminə daxil edilib, bundan başqa, Varvara Su Elektrik Stansiyasının yenidən qurulması işləri yekunlaşdırılıb.
Yeni generasiya güclərinin yaradılması və ötürücü-paylayıcı şəbəkədə davamlı olaraq görülən işlərin nəticəsində ölkədə elektrik enerjisi istehsalı artıb. 2017-ci ildə respublikada ümumilikdə elektrik enerjisinin istehsalı 21,8 milyard kilovat-saat təşkil edib.
Azərbaycan həmçinin ölkədə istehsal edilən elektrik enerjisinin müəyyən hissəsini başqa dövlətlərə satır. Respublikamızdan ixraca yönəldilən elektrik enerjisinin həcmi ildən-ilə artırılır. 2017-ci ildə Azərbaycandan 1 milyard 160 milyon 196 min kilovat/saat elektrik enerjisi ixrac olunub. Ötən il ixrac olunan elektrik enerjisinin dəyəri 50 milyon 968 min ABŞ dolları təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 2 dəfəyədək artım deməkdir.
Azərbaycan ölkədən enerji ixracı həcmlərini artırmağı və ixrac coğrafiyasını genişləndirməyi hədəfləyib. Bir qədər bundan əvvəl “Azərenerji” ASC ilə İranın “TAVANİR” Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə imzalanıb. Sənədə əsasən, təcrid olunmuş (ada rejimində) İranın Muğan və Astara bölgələri üçün “Azərenerji” ASC-dən 180 MVt həcmində elektrik enerjisinin ixracı həyata keçiriləcək və artıq prosesə başlanılıb.
Hazırda Azərbaycan qardaş Türkiyənin elektrik enerjisi bazarında önəmli mövqe tutur. Prezident İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq bu ölkəyə elektrik enerjisi ixracının artırılması üçün davamlı tədbirlər həyata keçirilir. Cari ildən başlayaraq Türkiyə vasitəsilə Yunanıstana elektrik enerjisinin ixracı təmin olunur. Türkiyədəki müvafiq infrastruktur vasitəsilə Bolqarıstana elektrik enerjisinin ixracı istiqamətində də danışıqlara başlanılıb.
Ölkəmizin ərazisindən keçməklə yaradılan enerji dəhlizlərinin önəmi də xüsusi qeyd edilməlidir. Hazırda “Şimal-Cənub” enerji dəhlizinin yaradılması məqsədilə Azərbaycan-İran-Rusiya, “Şərq-Qərb” enerji dəhlizinin yaradılması məqsədilə Rusiya-Azərbaycan-Gürcüstan və İran-Azərbaycan-Gürcüstan enerji sistemlərinin birləşdirilməsi üzrə məsələlərin həlli istiqamətində intensiv işlər aparılır. Yeri gəlmişkən qeyd edək ki, Mingəçevir İES-də baş verən qəza zamanı Azərbaycan qonşu Rusiyadan və Gürcüstandan müəyyən həcmlərdə elektrik enerjisi alıb. Müşavirədə bundan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev Rusiyaya və Gürcüstana təşəkkürünü bildirib.
Ölkədə yeni generasiya güclərinin yaradılması və dayanıqlı, yüksəkkeyfiyyətli enerji təchizatı sisteminin qurulması ilə bağlı perspektiv planlar da kifayət qədər genişdir. 2011-ci il 21 sentyabr tarixində Bakı şəhərində 409 MVt gücündə “Şimal-2” elektrik stansiyasının təməli qoyulub. Artıq burada son tamamlama işləri aparılır və stansiyanın cari ildə istismara verilməsi gözlənilir. Lerik rayonunda tikilən 16,5 MVt gücündə elektrik stansiyası da 2018-ci ildə istismara veriləcək. Son illərdə respublikamızda kiçik su elektrik stansiyalarının tikintisi geniş vüsət alıb. Artıq yeni tikilən bir neçə su elektrik stansiyası uğurla fəaliyyət göstərir. Cari ildə bu qəbildən olan “Astara-1”, “Oğuz-1”, “Oğuz-2” və “Oğuz-3” kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi nəzərdə tutulur.
Perspektivdə sənaye mərkəzi kimi Bakının və bütövlükdə Abşeron yarımadasının artan tələbatına uyğun elektrik təchizatı infrastrukturunun yaradılması hədəflənib. Bu baxımdan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2018-2020-ci illərdə Bakı şəhərində 220 kV-luq üç yarımstansiyanın inşası haqqında” 7 aprel 2017-ci il tarixli sərəncamı mühüm əhəmiyyət kəsb edir. Bəhs olunan yarımstansiyaların, onları qidalandıran və Bakı şəhərinin yerli paylayıcı şəbəkələri ilə birləşdirən elektrik verilişi xətlərinin cari ildə inşasına başlanması planlaşdırılıb. Bütövlükdə, yönəldiləcək investisiyalar hesabına mövcud istehsal gücünün 2020-ci ilədək 20 faizədək artacağı gözlənilir.
Dövlət orqanlarının uğurlu fəaliyyəti nəticəsində yaranmış vəziyyətdən az itkilərlə çıxmaq mümkün oldu
Azərbaycanı fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, respublikamızda cəmiyyətə böyük vətənpərvərlik ruhu hakimdir. Ölkəmizdə yüksək xalq-iqtidar həmrəyliyi var, dövlətlə xalqın maraqları tam şəkildə üst-üstə düşür. Məhz belə güclü həmrəylik sayəsində ölkə qarşısında duran bütün məsələlər, qarşıya çıxan bütün problemlər öz həllini tapır. Mingəçevir İES-də baş verən qəza zamanı da ölkəmizə xas olan bu cəhət çox güclü bir qüvvə kimi özünü təsdiqlədi. Prezident İlham Əliyev bütün dövlət orqanlarına ciddi tapşırıq vermişdi ki, onların nümayəndələri bu vəziyyətdə vətəndaşlara kömək göstərsinlər. Prezident İlham Əliyev qəzanın nəticələrinin aradan qaldırılmasında dövlət orqanlarının fəaliyyətini yüksək dəyərləndirib. “Bütün dövlət orqanları bu vəzifənin icrasında böyük peşəkarlıq göstərmişlər. Onların çox uğurlu fəaliyyəti nəticəsində bu qəza, demək olar ki, aradan qaldırıldı. Baxmayaraq ki, vətəndaşlara böyük əziyyət verildi, heç bir ağır hadisə baş verməmişdir”.
Fövqəladə Hallar Nazirliyi təxliyyə işlərini tez və düzgün şəkildə aparıb. Metro və liftlərdə qalmış vətəndaşlar təxliyyə olunublar. Daxili işlər orqanları çox operativ şəkildə fəaliyyətə keçiblər. İlk növbədə, asayişin qorunub saxlanması məsələləri gündəlikdə idi. Eyni zamanda, işıqforların işləməməsi nəticəsində böyük təhlükə var idi ki, şəhər nəqliyyatı idarəolunmaz vəziyyətə düşə bilərdi. Polis əməkdaşları yol kəsişmələrində uğurlu fəaliyyət göstərərək yol hərəkətini tənzimləyə bilmişlər. Bakı Nəqliyyat Agentliyi dərhal operativ tədbirlər gördü, xətlərə yeni avtobuslar çıxarıldı, sərnişinlərə böyük diqqət və qayğı göstərildi. Bir sözlə, yaranmış vəziyyətdən az itkilərlə çıxmaq mümkün oldu. Dövlət orqanlarının fəallığı və peşəkarlığı sayəsində qısa müddətdə qəzanın fəsadları aradan qaldırıldı. Elektrik enerjisinin verilməsi bərpa edildikdən sonra dövlət başçısının tapşırığına uyğun olaraq, ilk növbədə, xüsusi həyati əhəmiyyətli obyektlərə - xəstəxanalara, metroya, hava limanına, Neft Şirkətinə, “Gəncə Det.Al” alüminium şirkətinə və digər bu kimi obyektlərə elektrik enerjisinin verilməsi təmin edilib. İyulun 4-də saat 4 radələrində isə ölkə üzrə tələbata uyğun gücün əldə edilməsinə nail olunub.
Azərbaycan vətəndaşlarının qəza zamanı yüksək həmrəylik və vətənpərvərlik hissləri nümayiş etdirmələri də hər cür xoş sözə layiqdir. Azərbaycan cəmiyyətini yetkin cəmiyyət kimi səciyyələndirən Prezident İlham Əliyev “Onu da qeyd etməliyəm ki, Azərbaycan vətəndaşları bu məsələ ilə bağlı böyük məsuliyyət, böyük vətəndaş həmrəyliyi göstərmişlər. Bütövlükdə Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bilmişdir. Fürsətdən istifadə edərək, bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bilirəm ki, vətəndaşlar bir-birlərinə kömək göstərmişlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur”, - deyə bildirib.
Elə bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə biz bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək
Prezident İlham Əliyevin yanında keçirilən müşavirə perspektiv fəaliyyət planlarının müəyyənləşdirilməsi baxımından da çox önəmlidir. Müşavirədə Mingəçevir İES-də baş verən qəza ilə bağlı təfərrüatlara aydınlıq gətirildi, eyni zamanda, gələcəkdə belə halların bir də baş verməməsi üçün bir sıra önəmli fikirlər səsləndirildi. “Əlavə tədbirlər görülməlidir ki, gələcəkdə əgər hər hansı bir qəza baş verərsə, ümumi sistemə bunun təsiri olmasın, yəni, qəza lokal xarakter daşısın”, - deyə Prezident İlham Əliyev bildirib.
Tədbirlər planı hazırlanmalıdır. Tədbirlər planına müşavirədə səsləndirilən fikirlər, o cümlədən beynəlxalq auditin cəlb edilməsi məsələsi salınmalıdır. Müşavirədə diqqətə çatdırıldı ki, Mingəçevirdəki İstilik Elektrik Stansiyasının tam təftişi və auditi aparılmalıdır. Eyni zamanda, ölkəmizin bütün enerji sisteminin beynəlxalq, aparıcı, bu sahədə peşəkarlığı ilə seçilən qurumlar tərəfindən təhlili aparılmalıdır və təkliflər verilməlidir. “Dünyanın hər bir ölkəsində heç kim qəzadan sığortalı deyil. Ancaq qəza lokal xarakter daşımalıdır. Bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurdu. Ona görə çox ciddi araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir. Bir daha qeyd etmək istəyirəm, elə bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə biz bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Müşavirədə həmçinin strateji təyinatlı obyektlərdə generatorların quraşdırılması məsələsi də gündəmə gətirilib. Qeyd edildiyi kimi, bəzi xəstəxanalarda generatorların işləməməsi, metroda isə ümumiyyətlə generatorların olmaması acınacaqlı haldır. Prezident İlham Əliyev strateji təyinatlı obyektlərdə generatorların quraşdırılmasının önəminə diqqət çəkərək bildirib: “Strateji obyektlərdə generatorların quraşdırılması məsələsinə də baxmaq lazımdır, ilk növbədə, xəstəxanalarda və metroda”.
Beləliklə, dövlət başçısının yanında keçirilən müşavirədə strateji təyinatlı obyektlərin enerji təminatının möhkəmləndirilməsi ilə bağlı irəli sürülən təkliflər böyük aktuallıq daşıyır. Şübhə yoxdur ki, belə müəssisələrin zəruri avadanlıqla, o cümlədən də generatorlarla təchiz edilməsi əhaliyə göstərilən xidmətin səviyyəsini yüksəltməyə, hər hansı bir qəza zamanı fasiləsiz iş rejiminin təmin olunmasına imkan verəcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxElm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18

