Milli Məclis Hesablama Palatasının illik hesabatını qəbul edib
19.05.2018 [09:20]
Parlamentin iclasında millət vəkilləri AŞPA-nın bu günlərdə qəbul etdiyi ədalətsiz qərara da münasibət bildiriblər
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda əvvəlcə millət vəkilləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu günlərdə qəbul etdiyi ədalətsiz qərara münasibət bildiriblər. Millət vəkili Fəzail İbrahimli qeyd edib ki, dünyada baş verən mürəkkəb proseslər fonunda Azərbaycanda sabitlik hökm sürür. Onun sözlərinə görə, müəyyən xarici qüvvələr Azərbaycanın inkişafını həzm edə bilmir. Bu tipli ədalətsiz qərarların verilməsi də ölkəmizə qarşı qısqanclığın göstəricisidir.
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, millət vəkili Sahibə Qafarova bildirib ki, bir neçə gün öncə AŞPA-nın bəzi üzvlərinə, o cümlədən Azərbaycan nümayəndə heyətinin rəhbərinə qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı qərarı Azərbaycana qarşı ikili standartların bariz nümunəsidir: “Əlbəttə, AŞPA-nın məlum qərarı ədalətli deyil, qərəzlidir və subyektiv mülahizələrə söykənir, eləcə də bu qərar konkret siyasi məqsədlərə xidmət edir. Digər tərəfdən, belə bir qərarın qəbul edilməsi demokratik prinsiplərin heçə sayılması, eləcə də AŞPA-nın missiyasına qarşı kobud hörmətsizlikdir. Bir məqamı da xüsusi diqqətə çatdırmaq istəyirəm. Bəli, bu gün Avropa Şurasında müəyyən mövqeyə sahib, ədalətli, sağlam qüvvələr də var. Bununla belə, sonuncu qərar da bir daha təsdiq edir ki, belə mötəbər təşkilatda heç də AŞPA-nın prinsiplərinə uyğun olmayan, sahib olduqları mövqedən bu və ya başqa çirkin məqsədlər üçün sui-istifadə edən siyasətçilər də var. Bu siyasətçilər də anti-Azərbaycan mövqeyi nümayiş etdirir, erməni lobbisi ilə birgə hərəkət edirlər. Onlar Azərbaycana və Dağlıq Qarabağ məsələsində ölkəmizin haqlı mübarizəsinə, haqq səsinə dəstək verən insanlara qarşı ədalətsiz mövqe ortaya qoyur, sanksiya tətbiq edirlər. Əlbəttə, biz bu cür münasibəti qəbul etmirik və qətiyyətlə pisləyirik”.
Millət vəkili deyib ki, Azərbaycan öz inkişaf yolunda irəliləyir və ictimai maraqların, milli təhlükəsizliyin təmin olunması əsas məqsəd kimi müəyyənləşdirilib: “AŞPA-dakı anti-Azərbaycan dairələrin bu cür neqativ cəhdləri heç bir nəticə verməyəcək. Həmçinin belə manipulyasiyalarla ölkəmizdə ictimai rəyə təsir etmək mümkün deyil. Bu səylər nə Azərbaycanın pozitiv beynəlxalq imicinə kölgə sala bilər, nə də ki ölkəmizdəki ictimai-siyasi sabitliyə təsir göstərə bilər. Qəbul olunan qərar nəinki nümayəndə heyətimizin AŞPA-dakı fəaliyyətinə mənfi təsir edə bilər, onun məhdudlaşdırılmasına gətirib çıxara bilər, əksinə, bundan sonra da Azərbaycan təşkilatda ən fəal şəkildə təmsil olunacaq, ölkəmizlə bağlı həqiqətlər, Ermənistanın işğalçılıq siyasəti təşkilatın tribunasından beynəlxalq ictimaiyyətə uğurla çatdırılacaq”.
“Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra AŞPA-da nümayəndə heyətimiz zamanında Ulu öndər Heydər Əliyevin, daha sonra isə vaxtilə nümayəndə heyətinə rəhbərlik etmiş cənab İlham Əliyevin strategiyası əsasında fəaliyyət göstərib. Bu strategiya Azərbaycanın milli maraqlarına xidmət etmək, ən başlıcası, Dağlıq Qarabağ məsələsini daim gündəmdə saxlamaq və işğalçı Ermənistanı ifşa etməkdən ibarət olub”. Bu fikirləri isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışı zamanı deyib. Ə.Hüseynli bildirib ki, ötən illər ərzində nümayəndə heyətimizin üzvləri AŞPA-da ən peşəkar millət vəkilləri kimi seçiliblər. Onun sözlərinə görə, deputatlarımız bir sıra mötəbər vəzifələr tutub, komitə sədrləri, hətta AŞPA rəhbərliyinə qədər yüksəliblər.
“Həmin “araşdırmada” araşdırmaçılar bildirirlər ki, Səməd Seyidovun həmin proseslərdə heç bir rolu olmayıb, amma sonda onunla bağlı sanksiyalar tətbiq edilir. Biz zamanında Avropa İnsan Hüquqları Konvensiyasını təbliğ etmişik və sənədin 7-ci maddəsi qanunsuz cəzalandırılmamaqla bağlıdır. Burada ədalətsizlik ondan ibarətdir ki, AŞPA bu qərarla özünün təbliğ etdiyi Konvensiyanın ruhunu pozur. Səməd Seyidov haqsız yerə cəzalandırılıb. Bu, həmin təşkilata başucalığı gətirmir. İnanırıq ki, Azərbaycan nümayəndə heyəti bundan sonra da AŞPA-da qətiyyətlə fəaliyyət göstərəcək. Heç bir qərar Azərbaycan parlamentarilərinin əzmini sındıra bilməz”.
YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da deyib ki, AŞPA-nın qərarı ilə bağlı məsələdə söhbət Səməd Seyidovdan deyil, ümumilikdə Azərbaycandan gedir. AŞPA-da atılan addımlar Azərbaycana, ölkəmizin iqtisadi inkişafına, ictimai-siyasi sabitliyə qarşı yönəlib. S.Novruzov bildirib ki, Azərbaycanın inkişafını gözü götürməyənlər ölkəmiz haqqında mənfi imic formalaşdırmaq istəyirlər. Onun sözlərinə görə, beynəlxalq təşkilatlarda fəaliyyət göstərən nümayəndə heyətlərimizin üzvləri birgə, sistemli şəkildə fəaliyyət göstərməlidirlər.
“Bizə qarşı xaricdə müəyyən dairələr tərəfindən planlar mövcuddur. Bundan sonrakı fəaliyyətimizdə işimizi elə qurmalıyıq ki, ölkəmizə qarşı belə cəhdlərin qarşısı alınsın. Hər bir insan öz ölkəsinin maraqlarını müdafiə etmək istəyir. Olmayan bir məsələni ölkəmizin üzərinə yazmaq böhtandır. Biz haqq işimizi davam etdirməli, ölkəmizin maraqlarını bütün səviyyələrdə müdafiə etməliyik”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, AŞPA-nın qərarı ikili standartların ölkəmizə birbaşa şamil olunmasıdır. O qeyd edib ki, AŞPA-da yüksək vəzifədə təmsil olunan insanlar qanun-qaydanı pozduğu halda heç bir sanksiyaya məruz qalmırlar: “Azərbaycan torpaqlarını işğal edən, etnik təmizləmə siyasəti yürüdən Ermənistan belə sanksiyalara məruz qalmayıb. Ancaq Azərbaycan öz haqq sözünü ortaya qoyanda müəyyən sanksiyalara məruz qalır. Bu da ikili standartların olduğunu göstərir. Biz bu nöqteyi-nəzərdən çox düz yoldayıq. Bu, mənim üçün qüsur yox, şərəfdir. Çünki mən Azərbaycanın maraqlarını qoruyuram. Bir insan kimi bu, təbii ki, mənim üçün o qədər də asan deyil. Bu gün Azərbaycan Prezidentinin apardığı siyasət həm Avropada, həm də dünyada öz təsdiqini tapıb. Biz bu siyasətin bəhrəsini artıq görürük”.
Millət vəkilləri Aydın Mirzəzadə, Zahid Oruc və digərləri də çıxış edərək AŞPA-nın qərarını pisləyiblər.
Məsələyə münasibət bildirən Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla bağlı qərarı ədalətsizdir. O.Əsədov AŞPA-nın belə əsassız qərarlarının əvvəllər də olduğunu qeyd edib. “Biz Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş fransalı deputatın AŞPA-nın Azərbaycanda keçirilən komitə iclasında iştirak etməsi üçün ölkəmizə gəlməsinə icazə vermədik və bizim parlamentə qarşı sanksiya qəbul etdilər ki, Azərbaycanda iki il müddətində heç bir tədbir keçirilməsin. Daha sonra özləri peşman oldular. Çünki alt komitənin iclası burada keçirilməli idi. Maddi imkanları da yox idi. Hətta iclasın keçirilməsi ilə bağlı xahiş də etdilər. Lakin biz buna etiraz olaraq bildirdik ki, sanksiyaya görə iclas keçirə bilmərik və iki il müddətində bundan imtina etdik. Yalnız iki ildən sonra komitə iclasları yenidən Azərbaycanda keçirildi”, - deyə Milli Məclisin sədri vurğulayıb.
Səməd Seyidova qarşı qərarın ədalətsiz olduğunu söyləyən Oqtay Əsədov bildirib ki, bu sanksiya bizə təsir göstərməyəcək: “Biz Səməd Seyidovun fəaliyyətinə bələdik. O, nümayəndə heyətinin rəhbəri, komitə sədridir. Azərbaycan nümayəndə heyəti fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək”.
Daha sonra gündəlikdəki məsələlər müzakirə olunub. İlk olaraq Hesablama Palatasının 2017-ci ilə dair hesabatı dinlənilib. Hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib. Bildirilib ki, Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti ilə bağlı hesabat mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilərək təqdim olunub. Hesablama Palatasının Kollegiyası hesabat ili üzrə iş planına uyğun 59 və əvvəlki ildən başlayan və 2017-ci ildə sona çatan 1 tədbir olmaqla 60 nəzarət tədbirinin nəticələri ilə bağlı qərarlar qəbul edib. Nəzarət tədbirlərinin 10-u analitik təhlil, 50-si audit formasında həyata keçirilib, həmin tədbirlər ümumilikdə 135 qurumu əhatə edib.
Hesabat ilində başa çatdırılmış tədbirlərin sayı 2016-cı il göstəricisindən 20,2 faiz az olsa da, tədbirlərin əhatə dairəsi genişləndirilib və əvvəlki illə müqayisədə təqribən 2 dəfə çoxdur. Əhatə edilmiş vəsaitlərin 79,2 faizi 2015-2016-cı illərə və 12,3 faizi 2017-ci ilə aid olub. Hesabat ilində dövlət büdcəsindən tam maliyyələşən təşkilatlarla yanaşı, beş səhmdar cəmiyyətin və bir məhdud məsuliyyətli cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti audit edilib, məcburi dövlət sosial sığorta haqlarının hesablanılması və ödənilməsi, sosial müavinətlərin və təqaüdlərin verilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini əhatə edən 6 nəzarət tədbiri də keçirilib.
2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlət maliyyə nəzarəti sahəsində islahatların tərkib hissəsi kimi bir sıra qanunvericilik aktlarında mühüm dəyişikliklər edilib. Dövlətimizin başçısı tərəfindən həyata keçirilmiş bu dəyişikliklər dövlət vəsaitlərinin nəzarətlə əhatəsinin daha da genişləndirilməsinə, dövlət vəsaitlərinin qənaətli, səmərəli və nəticəli istifadəsini təmin etməklə hesabatlılıq və şəffaflığın artırılmasına xidmət edir. Eyni zamanda, maliyyə və prosedur nöqsanların müəyyən edilməsinə sistemli yanaşmanın tətbiq edilməsinə və təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaradır.
Diqqətə çatdırılıb ki, nöqsan təsnifatına uyğun olaraq, səkkiz istiqamətdə Hesablama Palatası tərəfindən ümumilikdə 689 hal üzrə nöqsanlar müəyyən edilib. Bu, 1 audit tədbirinə orta hesabla 13,8 nöqsan düşdüyünü göstərir və bu da 2016-cı ilin göstəricisindən 2,6 vahid çoxdur. Hesabat ilində büdcə qanunvericiliyinin tələblərinə tam əməl edilməməsi, mühasibat uçotu və hesabatlılığın tərtibi, həmçinin dövlət satınalmaları ilə bağlı sahələrdə nöqsanların xüsusi çəkisi daha çoxdur. Vurğulanmalı məqamlardan biri isə hər üç istiqamət üzrə müəyyən edilmiş nöqsanların sayının bir nəzarət tədbirinə düşən orta göstəricisində də artımın olmasıdır. Nəzarət tədbirlərinin nəticəsi olaraq, 2017-ci ildə dövlət büdcəsinə 15,2 milyon manat, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə 1,1 milyon manat, dövlət-təsərrüfat qurumlarının hesablarına 1,7 milyon manat olmaqla, ümumilikdə 18 milyon manat vəsaitin bərpasına nail olunub. Hesabat ilində xarici valyutada vəsaitin bərpa edildiyini nəzərə almasaq, manatla bərpa edilmiş vəsaitin məbləği 2016-cı ilin göstəricindən 50 faiz çoxdur və 2017-ci ildə Hesablama Palatasının saxlama xərclərini 5,4 dəfə üstələyir.
Ümumiyyətlə, bərpa edilmiş vəsaitlərin strukturunda 2016-cı ildə olduğu kimi, 2017-ci ildə də dövlət gəlirləri sahəsində qanunvericiliyin pozulması nəticəsində bərpa edilmiş vəsaitlərin xüsusi çəkisi daha böyük olub. Hesabat ilində bu, ümumi bərpanın 34,4 faizinə bərabərdir.
Vəsaitlərin bərpası ilə yanaşı, nəzarət tədbirlərinin nəticəsi kimi, bir sıra tədbirlər də həyata keçirilib. 2017-ci ildə 4,5 milyon manat məbləğində işlərin görülməsi, 323,1 min manat məbləğində inventar və avadanlığın qurumlara çatdırılması təmin edilib, dövlət büdcəsi qarşısında 9,3 milyon manat məbləğində borc bağlanılıb.
Vurğulanıb ki, bəzi istiqamətlərdə artıq ödənilmiş vəsaitlərin bərpası bu və ya digər səbəblərdən mümkün olmur. Eyni zamanda, artıq hesablanmış və ödənilmiş pensiya və müavinətlərin bərpasının hissə-hissə aparılması, müvafiq hüquqi məsuliyyətin müəyyən edilməsində mövcud olan problemlər həmin vəsaitlərin tam bərpa olunmaması riskini artırır.
Dövlət vəsaitlərinin təyinatı üzrə istifadəsi ilə yanaşı, səmərəli istifadəsi də vacib tələbdir və bir-biri ilə sıx əlaqəlidir. Hesablama Palatası 2017-ci ildə 26 qurumda 92 hal üzrə 83,3 milyon manat məbləğində vəsaitin səmərəsiz istifadəsinə yol verildiyini müəyyən edib.
Hesablama Palatası 2017-ci ildə digər nəzarət orqanları - xüsusilə hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlığını davam etdirib. Hesabat ilində 4 auditin, o cümlədən dövlət satınalmaları ilə bağlı inzibati xəta halı üzrə 2 tədbirin, yol verilmiş qanunsuz ödənişlərə görə cinayət əlamətləri olan 12 iş olmaqla 2 audit tədbirinin, həmçinin 1 araşdırmanın nəticələri üzrə müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Hüquq-mühafizə orqanlarından Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə, hər bir iş üzrə cinayət işi açılıb və tədqiqatlar davam etdirilir.
İclasda daha sonra “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. Parlamentin vitse-spikeri, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov qanun layihəsi barədə məlumat verib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikasının Hesablama Palatası haqqında” qanun layihəsini təqdim edib. Qeyd edib ki, ikinci oxunuşda müzakirəyə çıxarılan qanun layihəsi 6 fəsil, 41 maddədən ibarətdir. Bu qanun Azərbaycan Respublikası Hesablama Palatasının statusunu, fəaliyyətinin hüquqi əsaslarını, idarəetmə və təşkilati strukturunu, habelə dövlət vəsaitlərinin qanunauyğun, məqsədyönlü və səmərəli istifadəsinə dövlət nəzarətinin təmin edilməsi sahəsində kənar dövlət maliyyə nəzarətinin obyektləri və digər tərəflərlə münasibətlərini tənzimləyir. Hesablama Palatasının fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir. Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti fəaliyyətini bu qanuna və Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) prinsipləri və standartları əsasında hazırlanan metodiki sənədlərə uyğun həyata keçirir. Hesablama Palatasının fəaliyyəti qanunçuluq, müstəqillik, kollegiallıq, şəffaflıq, obyektivlik, ədalətlilik və peşəkarlıq prinsiplərinə əsaslanır.
Vurğulanıb ki, Hesablama Palatasının üzvləri, işçiləri və Hesablama Palatasının fəaliyyəti ilə əlaqədar cəlb edilən ekspert, mütəxəssis və sərbəst auditorlar xidməti məlumatları, o cümlədən qanunla qorunan dövlət, bank, kommersiya və sair sirlərə aid olan məlumatları qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, açıqlaya bilməzlər.
Sonra deputatlar Əmək Məcəlləsində, “Təhsil haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Dövlət qulluğu haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini nəzərdən keçiriblər.
Deputatlar qanun layihələri haqqında fikir və təkliflərini səsləndiriblər. Müzakirələrdən sonra qanun layihələri qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45

