Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dünyada Azərbaycan və Türkiyə bir-birinə ən yaxın olan ölkələrdir

Dünyada Azərbaycan və Türkiyə bir-birinə ən yaxın olan ölkələrdir

27.04.2018 [09:08]

Prezident İlham Əliyev: Biz hər zaman bir-birimizin yanında olmuşuq. Bu gün də belədir, sabah da belə olacaq
Azərbaycanla Türkiyə arasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan münasibətlər bütün sahələrdə uğurla inkişaf edir. İki dost və qardaş ölkə arasında əlaqələrin möhkəmlənməsində dövlət başçılarının şəxsi münasibətləri və qarşılıqlı səfərləri də mühüm rol oynayır. Elə bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri böyük uğurla başa çatıb. Qardaş ölkədə Prezident İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla və digər yüksək səviyyəli rəsmilərlə önəmli görüşləri keçirilib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib. İclas başa çatdıqdan sonra dövlət başçılarının iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasındakı çıxışında bildirib ki, Türkiyə və Azərbaycan bir-birinə ən yaxın olan ölkələrdir, müttəfiqlərdir. Fikirlərinə davam edən Azərbaycanın dövlət başçısı deyib: “Biz hər zaman bir-birimizin yanında olmuşuq. Bu gün də belədir, sabah da belə olacaq”.
Azərbaycan-Türkiyə birliyinin böyük gələcəyi var
Azərbaycanla Türkiyə arasında siyasi əlaqələr kifayət qədər yüksək səviyyədə qurulub. İki dost və qardaş ölkə regional və qlobal əməkdaşlıq platformalarında ədalət mövqeyindən çıxış edir və daim bir-birinə möhkəm dəstək nümayiş etdirirlər.
Azərbaycan və Türkiyə, eyni zamanda, iki ölkə arasında yüksək səviyyədə olan siyasi əlaqələrin ruhuna uyğun olaraq qarşılıqlı sərmayə qoyuluşunu getdikcə artırırlar. İndiyə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına təqribən 14 milyard dollar sərmayə yönəldib. Türkiyə tərəfinin Azərbaycan iqtisadiyyatına yönəltdiyi sərmayənin həcmi isə 12 milyard dollara bərabərdir. Sərmayə qoyuluşunun belə böyük həcmlərlə ölçülməsi iki qardaş ölkənin bir-birinə olan inamını ifadə edir. Ancaq dost və qardaş ölkələrə bu qədər yatırım qoyula bilər.
Bütövlükdə, möhkəm təməl üzərində qurulan Azərbaycan-Türkiyə birliyinin böyük gələcəyi var. Yeri gəlmişkən, belə bir amili də vurğulamaq yerinə düşər ki, qarşılıqlı əlaqələrin möhkəmlənməsi yalnız iki ölkəyə fayda gətirmir, həm də regional və qlobal miqyasda gedən proseslərə öz müsbət təsirini göstərir. Prezident İlham Əliyev deyib ki, bizim əlaqələrimiz bütün sahələri əhatə edir və gündən-günə daha da güclənir. Əminəm ki, budəfəki səfərim və Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası bizim əlaqələrimizə yeni nəfəs, yeni təkan verəcək. “Bu gün Türkiyə-Azərbaycan əlaqələri ikitərəfli formatdan çıxıb, artıq regional məna daşıyır və dünya miqyasında gedən proseslərə də çox uğurla təsir göstərir. Bütün beynəlxalq təşkilatlarda biz daim bir-birimizi dəstəkləyirik və bu, bundan sonra da davam edəcək”, - deyə dövlət başçısı bildirib.
Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə qədər Azərbaycana dəstək verən ölkə olmayıb
Türkiyə Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə və ərazi bütövlüyünün təmin olunmasına böyük önəm verir. Türkiyə Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətdir. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq Türkiyə bu ölkə ilə bütün siyasi-iqtisadi əlaqələri dayandırıb. Eyni zamanda, Türkiyə 1993-cü ildən etibarən işğalçı ölkə ilə sərhədlərini bağlayıb. Türkiyə daim o mövqedən çıxış edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində və suveren dövlətin ərazi bütövlüyünə hörmət prinsipi əsasında həllini tapmalıdır. BMT-nın Təhlükəsizlik Şurası, ATƏT, AŞPA, Qoşulmama Hərəkatı, İƏT Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul ediblər və bu sənədlərin icrası təmin olunmalıdır.
Azərbaycan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunmasına göstərdiyi davamlı səyləri yüksək qiymətləndirir. Sözügedən səfər çərçivəsində Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında bunu bir daha xatırladaraq vurğulayıb ki, Türkiyə hər zaman bizimlə bərabərdir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində Türkiyə qədər bizə dəstək verən ikinci ölkə olmamışdır. Türkiyə hər zaman bizimlə bərabərdir, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Bu dəstək və həmrəylik bizə əlavə güc verir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ədalətli həllini tapmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir”.
Öz növbəsində, Azərbaycan da ermənilərin Türkiyəyə qarşı irəli sürdükləri əsassız ərazi və “soyqırımı” iddialarına layiqli cavab verilməsində daim qardaş ölkənin yanındadır. Praqada Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində keçirilən iclasda Azərbaycan Prezidentinin nümayiş etdirdiyi qətiyyətli mövqe - sammitə Türkiyə təmsilçisinin qatılmamasından istifadə edərək rəsmi Ankaranın ünvanına hədyanlar, qondarma “soyqırımı” sayıqlamalarını dilə gətirən Ermənistanın sabiq prezidenti Serj Sarkisyana tutarlı cavab verməsi heç vaxt yaddaşlardan silinməyəcək. Təsadüfi deyil ki, Türkiyə ictimaiyyəti tərəfindən Prezident İlham Əliyevin sammitdə qardaş ölkəni müdafiə məqsədilə etdiyi çıxışı və Onun Sarkisyana ünvanladığı “Türkiyə burada yoxdur, mən buradayam və sizin cavabınızı da mən verəcəyəm” cavabı düşmən ölkənin rəhbərinin sifətinə vurulan tərs sillə kimi dəyərləndirildi.
Azərbaycan həmçinin Türkiyənin bölgədə terrorizmə qarşı apardığı ədalətli mübarizəyə dəstək nümayiş etdirir. Qardaş ölkənin başladığı və uğurla tamamladığı “Zeytun budağı” əməliyyatının aparılmasında Azərbaycan dövləti və xalqı birmənalı şəkildə Türkiyənin yanında olub. Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasındakı çıxışında Türkiyənin terrorizmə qarşı apardığı mübarizəyə verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib: “FETÖ, PKK, PYD, YPG, İŞİD terror qruplaşmaları ilə mübarizəmizdə heç vaxt dəstəyini əsirgəməyən Azərbaycan xalqına xüsusilə təşəkkür edirəm. Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatını həm Azərbaycan hökuməti, həm də Azərbaycan xalqı öz mübarizəsi hesab edib”.
Türkiyə və Azərbaycan birlikdə Avrasiyanın energetika və nəqliyyat xəritəsini yenidən tərtib edirlər
Azərbaycan və Türkiyənin birgə reallaşdırdıqları enerji və nəqliyyat layihələri iki ölkə arasında yüksək münasibətlərin daha bir mühüm təzahürüdür. Azərbaycanın zəngin enerji ehtiyatları məhz qardaş Türkiyədən keçən dəhlizlər, o cümlədən də Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Supsa xətləri ilə daşınaraq dünya bazarlarına çıxarılır. İki qardaş ölkənin təşəbbüsləri ilə reallaşdırılan və 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Asiya ilə Avropanı birləşdirən nəhəng nəqliyyat infrastrukturudur. Yeni nəqliyyat infrastrukturu vasitəsi ilə yüklər daha qısa müddətdə daşınır.
Hazırda isə iki ölkənin birgə səyləri ilə “Cənub” qaz dəhlizinin tərkib hissəsi kimi yeni enerji layihəsi - TANAP reallaşdırılır. TANAP layihəsi üzrə saziş 2012-ci ildə İstanbulda imzalanıb. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.
Yaxın gələcəkdə TANAP-ın, “Star” neft emalı zavodunun istifadəyə verilməsi hər iki ölkənin imkanlarını daha da artıracaq. Bundan başqa, Azərbaycan sərmayəsi hesabına Ege bölgəsinin ən böyük limanı olan “Petlim” limanının inşa edilməsi də böyük əhəmiyyət daşıyır. Qeyd edək ki, bu, Türkiyənin üçüncü böyük limanıdır. Bütün bu deyilənlər Azərbaycanla Türkiyə arasında əməkdaşlığın geniş spektri barədə konkret təsəvvür yaradır. “Bu gün Türkiyə və Azərbaycan bizim bölgəmizdə birgə səylərlə çox böyük layihələr gerçəkləşdirir. Əziz qardaşımın dediyi kimi, Bakı-Tbilisi-Qars, TANAP tarixi layihələrdir. Bizim iradəmiz, bizim təşəbbüsümüz və birliyimiz bu layihələri həyata keçirdi. Bu gün biz Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edirik. Bu layihələr bizim gücümüzü artırır, regional işbirliyini möhkəmləndirir və bölgədə sabitliyi təmin edir”, - deyə Prezident İlham Əliyev bəhs olunan bəyanatında bildirib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 543 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30