/ / Xalq Cümhuriyyəti hökumətinin həyata keçirdiyi islahatlar mədəniyyətin ayrı-ayrı sahələrinin inkişafına təkan verdi
Xalq Cümhuriyyəti hökumətinin həyata keçirdiyi islahatlar mədəniyyətin ayrı-ayrı sahələrinin inkişafına təkan verdi
10.04.2018 [09:41]
Həmin dövrdə yaradılan yeni mədəniyyət nümunələri Azərbaycanın zəngin mədəni irsinin dəyərli parçasına çevrilib
Məlum olduğu kimi, bu il müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 100 il ötür. Yüz il öncə - 1918-ci ilin 28 mayında yaradılan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olmasına baxmayaraq, istər dövlət quruculuğu, istərsə də digər sahələrlə bağlı atılan addımlar, qəbul edilən mühüm qərarlarla yadda qaldı.
Vurğulandığı kimi, yüz il öncə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından sonra bir sıra sahələrdə əhəmiyyətli və tarixi addımlar atıldı. Və bu sırada mədəniyyətin, incəsənətin inkişafı da xüsusilə diqqət mərkəzində idi. Bu istiqamətdə atılan addımlara keçməzdən öncə qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, Cümhuriyyət rəhbərlərinin xatirəsi əziz tutulur. Elə 2018-ci ilin respblikamızda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi də Cümhuriyyətin Azərbaycanın dövlətçilik tarixindəki yerinə və roluna verilən böyük önəmin ifadəsidir.
Beləliklə, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə XIX əsrin sonu - XX əsrin əvvəllərində ölkədə maarifçilik və intibah dövrünün mədəniyyət sferasında yaratdığı canlanmanın yeni zirvəyə yüksəlməsi üçün əlverişli şərait meydana gəldi. Milli dövlətin yaranması ilə mədəniyyətin, incəsənətin daha azad və milli maraqlara uyğun inkişafı mümkün oldu.
Xatırladaq ki, Xalq Cümhuriyyəti dövründə Azərbaycanda milli cəmiyyətlər, o cümlədən məqsədi əhali arasında türkçülük və azərbaycançılıq ideyasını təbliğ etmək olan “Türk Ocağı” Cəmiyyəti yaradılmışdı. Cəmiyyətin işində A.Şaiq, A.Kazımzadə və başqa ziyalılar yaxından iştirak edirdilər.
Eyni zamanda, 1919-cu il dekabrın 29-da təsis edilən “Müsəlman Şərqini Öyrənmə Cəmiyyəti” Azərbaycanın orta əsr maddi mədəniyyət abidələrinin öyrənilməsinə də böyük diqqət yetirirdi. Sözügedən qurum öyrənilmiş materiallar əsasında sərgilər təşkil edirdi ki, bu da xalqımızın öz tarixi keçmişinə marağını artırır, onlarda vətənpərvərlik hissini gücləndirirdi. Bu cəmiyyətlərlə bərabər, Bakıda Azərbaycanın ən qabaqcıl milli mədəniyyət xadimlərinin toplaşdığı “Qurtuluş”, “Yaşıl qələm” cəmiyyətləri də təşkil edilmişdi.
Tarixi materiallardan da məlum olduğu kimi, Xalq Cümhuriyyəti hökuməti ölkəmizdə muzeylərin yaradılması istiqamətində də mühüm işlər görmüşdü. Məsələn, mədəniyyətimizin tarixində böyük hadisələrdən biri olan “İstiqlal” muzeyi məhz o dövrün yadigarıdır. Bu mədəniyyət müəssisəsi Azərbaycanın tarix və mədəniyyətini, milli-bədii irsini nümayiş və təbliğ edən ilk dövlət muzeyidir. Muzey 1919-cu il dekabrın 7-də Azərbaycan Parlamentinin işə başlamasının ildönümü münasibətilə onun binasında açılıb və parlamentin nəzdində fəaliyyət göstərib.
1920-ci ilin əvvəllərində Maarif Nazirliyi nəzdində Arxeologiya şöbəsinin yaradılması isə maddi mədəniyyət nümunələrimizin və abidələrimizin öyrənilməsi istiqamətində önəmli addım idi.
Qısa ömür sürməsinə baxmayaraq, Xalq Cümhuriyyəti dövründə memarlıq və heykəltəraşlıq sənəti sahəsində də müəyyən tədbirlər həyata keçirilmişdi. Belə ki, AXC hökuməti 1919-cu ildə hərbi ordenlər, milli himn, dövlət gerbi və möhürü üçün layihələrin hazırlanmasına dair müsabiqə elan etmişdi. Müsabiqədə iştirak edən peşəkar heykəltəraş Zeynal Əlizadənin layihəsinə əsasən hökumət tərəfindən müxtəlif medallar buraxılmışdı.
1918-ci ildə Bakının erməni-daşnak quldurları tərəfindən yandırılmış möhtəşəm binaları - Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbi, İsmailiyyə Sarayı Azərbaycan Xalq Cümhuriyyəti dövründə şəhərin baş memarı vəzifəsində çalışan görkəmli memar Zivər bəy Əhmədbəyovun layihələri əsasında bərpa olunmuşdu. Erməni millətçilərinin basqını nəticəsində xarabalığa çevrilmiş Şamaxı şəhərini bərpa etmək üçün isə Zivər bəyin təşəbbüsü ilə “Yeni Şirvan” cəmiyyəti təsis olunmuşdu. O, mühəndis Ömər bəy Avuyevlə birlikdə “İslam incəsənətini sevənlər və qoruyanlar cəmiyyəti”ni də yaratmışdı. Z.Əhmədbəyov, memar Nəbioğlu Qacar, mühəndis Məmmədhəsən Hacınski və Hacı bəy Axundov Şirvanşahlar Sarayı kompleksinin tədqiqi sahəsində fəaliyyət göstəriblər. Sənətşünaslardan Məhəmməd Ağaoğlu, Hüseyn bəy Mirzəcamalov, memar Nəbioğlu Qacar İslam mədəniyyəti, muzeyşünaslıq qədim maddi mədəniyyət nümunələrini qorumaq sahəsində fəal çalışıblar.
AXC dövründə milli rəssamlıq sənətinin inkişafına da xüsusi əhəmiyyət verilirdi. Belə ki, 1919-cu ildə nəşr olunan “Zənbur” jurnalında Azərbaycan satirik qrafikasının banisi Əzim Əzimzadənin zamanın ictimai-siyasi problemləri ilə səsləşən karikaturaları dərc olunurdu. Onun rəsmlərində cəhalət, nadanlıq, qaniçən erməni-daşnak quldurlarının vəhşi və iyrənc əməlləri ifşa edilirdi. Bu mövzu rəssam Bəhruz Kəngərlinin də yaradıcılığında əhəmiyyətli yer tuturdu. Onun erməni-müsəlman münaqişəsini əks etdirən məşhur “Qaçqınlar” silsiləsi realist Azərbaycan rəssamlıq sənətinin nailiyyəti idi. Əzim Əzimzadə “Otello”, “Aşıq Qərib”, “Dəmirçi Gavə” tamaşalarının bədii tərtibatı üçün dekor və geyim eskizləri hazırlamışdı. Bəhruz Kəngərli Naxçıvan teatrında “Hacı Qara”, “Ölülər”, “Dağılan tifaq”, “Pəricadu” və s. tamaşalara tərtibat vermişdi. Milli mədəniyyətin tərəqqisi və inkişafı yolunda ilk ciddi addımlar atılmışdı. Əli bəy Hüseynzadənin özünün çəkdiyi “Şeyxülislamın portreti” və “Bibiheybət məscidi” tabloları da dövrün dəyərli rəsm əsərləridir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli teatrın fəaliyyətində də canlanmaya səbəb oldu. Dövlətin fəal dəstəyi nəticəsində Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri baş verdi. Teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər gəldi. İctimai həyatda teatrın rolu artdı. Cümhuriyyət dövründə Bakıda fəaliyyətini bərpa etmiş ilk truppa “Hacıbəyli qardaşları” olub. Truppa tanınmış sənətkarları bir yerə toplayaraq, həftə ərzində növbə ilə dram, komediya, opera və operetta tamaşaları göstərirdi.
Azərbaycan Dövlət Teatrının açılışı və fəaliyyəti Xalq Cümhuriyyəti dövründə mədəni həyatın ən parlaq səhifələrindən biri idi. Dövlət Teatrının pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də Nəriman Nərimanovun “Nadir şah” faciəsinin tamaşası ilə açıldı. Teatr binasında xeyriyyə tamaşaları da təşkil olunur, toplanan vəsait milli orduya göndərilirdi. Teatrda həmçinin müstəqillik uğrunda mübarizəyə həsr olunan vətənpərlik ruhunda əsərlər oynanılır, yaradılan ədəbi komissiyanın vasitəsilə tamaşaya qoyulan əsərlərin keyfiyyətinə, cəmiyyətin bədii zövqünün düzgün formalaşmasına diqqət yetirilirdi. Cümhuriyyət dövründə Dövlət Teatrının binasında opera, musiqili teatr tamaşaları, xalq musiqisindən ibarət konsertlərlə yanaşı, mühüm dövlət tədbirləri də keçirilirdi. Teatr sənəti ölkənin Naxçıvan və digər şəhərlərində də inkişaf edir, yeni-yeni əsərlər tamaşaya qoyulurdu.
Teatr sənətinin yüksəlişi yeni musiqi janrı olan operanın da inkişafına təkan verirdi. Müslüm Maqomayevin 1916-cı ildə yazdığı “Şah İsmayıl” operası 1919-cu ildə səhnəyə qoyulmuş və böyük uğur qazanmışdı.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında xalq xanəndələri və el aşıqları müstəsna rol oynayıblar. Xalq içərisindən çıxmış, öz gözəl səsi və sənəti ilə nəinki Azərbaycanda, həmçinin bütün Qafqazda və Yaxın Şərqdə də məşhur olan Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Seyid Şuşinski, Məcid Behbudov və başqaları ölkənin mədəni həyatında, bayramlarda, xeyriyyə konsertlərində və başqa el şənliklərində yaxından iştirak edirdilər. Bu illərdə, eyni zamanda, ustad aşıqların iştirakı ilə “Şərq konsertləri” verilirdi.
1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” bu gün Azərbaycan Respublikasının Dövlət Himni olmaqla yanaşı, milli musiqimizin möhtəşəm nümunəsidir.
Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının tarixi, siyasi və mənəvi-psixoloji həyatında, o cümlədən dövrünün ədəbi-bədii fikir nümunələrində silinməz izlər buraxmışdır. Azərbaycan xalqının öz istiqlalını əldə etməsi ədəbi mühitdə də böyük canlanmaya səbəb olmuşdu. Şair və yazıçılarımızın yaradıcılığında vətənpərvərlik ruhu güclənirdi və istiqlal uğrunda mübarizəni özündə əks etdirən əsərlər yaranırdı. Hüseyn Cavid, Məhəmməd Hadi, Cəlil Məmmədquluzadə, Əhməd Cavad, Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq, Əliabbas Müznib və s. ədiblərimiz öz əsərlərilə milli ruhun oyanmasına kömək edirdilər.
Bu dövrdə H.Cavidin “Şeyx Sənan”, M.Hadinin “Eşq ilahəsi” əsərləri çap olunmuşdu. C.Cabbarlı Bakının türk qoşunları tərəfindən azad edilməsinə həsr etdiyi “Bakı müharibəsi” pyesini yazmışdı. O, Azərbaycan istiqlaliyyətini “Azərbaycan bayrağı” şeiri ilə alqışlamışdı. C.Məmmədquluzadənin “Anamın kitabı”, “Kamança” pyesləri də o dövrün məhsullarıdır.
Beləliklə, yuxarıda sadalananları da nəzərə alsaq deyə bilərik ki, Azərbaycan Xalq Cümhuriyyəti dövrü Azərbaycan mədəniyyətinin, incəsənətinin müxtəlif sahələrinin yüksəlişi ilə tarixə həkk olub. Bu dövrdə yaradılan yeni maddi və mənəvi mədəniyyət nümunələri Azərbaycanın zəngin mədəni irsinin dəyərli parçasına çevrilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53

