Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələr dünyada tolerantlıq ənənələrinin və multikultural dəyərlərin təbliği baxımından müstəsna əhəmiyyət kəsb edir

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələr dünyada tolerantlıq ənənələrinin və multikultural dəyərlərin təbliği baxımından müstəsna əhəmiyyət kəsb edir

29.12.2017 [09:53]

Mehriban Əliyeva: Son illər Azərbaycan dünyada tanınmış millətlərarası, dinlərarası və sivilizasiyalararası dialoq mərkəzlərindən birinə çevrilib. Ölkəmizin paytaxtında müntəzəm surətdə qarşılıqlı anlaşmaya və qarşılıqlı hörmətə nail olmağa yönəlmiş nüfuzlu beynəlxalq forumlar keçirilir
Zəngin dövlətçilik ənənələrinə, möhkəm ictimai-siyasi sabitliyə və pozitiv beynəlxalq imicə malik olan Azərbaycanın inkişafını təmin edən başlıca amil uğurlu strateji kursun həyata keçirilməsidir. Bütün sahələrdə müasir dövrün çağırışlarına və reallıqlarına, eləcə də milli maraqlara uyğun strateji kursun həyata keçirilməsi, beynəlxalq miqyasda ölkəmizin layiqincə təmsil edilməsi Azərbaycanın gücünü və nüfuzunu artıran əhəmiyyətli faktorlar kimi çıxış edir.
Şübhəsiz ki, sadalananların təməlində milli mənafeyə - ölkəmizin strateji maraqlarına müvafiq fəaliyyət dayanır. Bu mənada əminliklə qeyd edə bilərik ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli, çoxşaxəli və ali məramlara söykənən fəaliyyəti də respublikamızın tərəqqisinin sürətləndirilməsi və davamlı xarakter alması, ayrı-ayrı sahələrdə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsi, milli maraqlardan irəli gələn strateji əhəmiyyətli vəzifələrin reallaşdırılması baxımından böyük əhəmiyyətə malikdir.
Nüfuzlu beynəlxalq mükafatlar Mehriban xanım Əliyevanın ümumbəşəri xarakter daşıyan fəaliyyətinə verilən qiymətdir
İnkaredilməz reallıqdır ki, Mehriban xanım Əliyeva ölkəmizi layiqincə təmsil edən, müxtəlif sahələrdə respublikada və beynəlxalq miqyasda böyük işlər görən, öz fəaliyyəti ilə Azərbaycanın davamlı inkişafına müstəsna töhfələr verən ictimai-siyasi xadim kimi tanınır. Təsadüfi deyil ki, Mehriban xanım Əliyevanın fəaliyyəti həm ölkə miqyasında, həm də beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Bunun göstəricisidir ki, Mehriban xanım Əliyeva mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə, həmçinin ictimai, sosial və mədəni həyatda fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə müxtəlif nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb.
Yeri gəlmişkən, bu kontekstdə son olaraq Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edib. Dekabrın 26-da isə Moskvadakı Xilaskar İsa Məbədində Azərbaycanın Birinci vitse-prezidentinə ordenin təqdim edilməsi mərasimi keçirilib. Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın genişmiqyaslı və səmərəli fəaliyyətinə diqqət çəkərək bildirib: “Siz ölkənizin və xalqınızın həyatında çox mühüm rol oynayırsınız. Böyük istedada və gözəl mənəvi keyfiyyətlərə malik bir insan kimi Siz Vətəninizdən uzaqlarda da bir çox işlər görürsünüz”.
Şübhəsiz ki, nüfuzlu beynəlxalq mükafatlar Mehriban xanım Əliyevanın ümumbəşəri dəyərlərə söykənən fəaliyyətinə verilən qiymətdir. Həm Azərbaycan xalqı, həm də beynəlxalq ictimaiyyət Mehriban xanım Əliyevanın ölkəmiz qarşısında xidmətlərini yüksək dəyərləndirir. İndiyədək Mehriban xanım Əliyeva bir sıra yüksək təltiflərə layiq görülüb. Prezident İlham Əliyev Heydər Əliyev Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunan mərasimdə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Heydər Əliyev Mükafatı”nı təqdim edib. Dövlət başçısının 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə isə Mehriban xanım Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə ölkəmizin ən ali dövlət təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülüb. Mehriban xanım Əliyevanın xeyriyyəçilik fəaliyyəti, həmçinin xalqlar və mədəniyyətlərarası əlaqələrin inkişafına verdiyi əvəzsiz töhfələr xarici ölkələr və təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Mehriban Əliyeva UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda xoşməramlı səfiri olsun. Bundan başqa, Mehriban xanım Əliyeva Rusiyanın, Fransanın, Polşanın, Pakistanın, Serbiyanın, çoxsaylı beynəlxalq təşkilatların yüksək səviyyəli mükafatları ilə təltif olunub.
Heydər Əliyev Fondunun reallaşdırdığı beynəlxalq layihələr böyük əhəmiyyətə malikdir
Əlbəttə, Mehriban xanım Əliyevanın ümumbəşəri dəyərlərə söykənən, həmçinin Azərbaycan xalqı və dövlətinin maraqlarını əks etdirən fəaliyyətindən bəhs edərkən, ilk növbədə, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ali məramlı çoxşaxəli fəaliyyətindən söhbət açmaq lazımdır. Hər şeydən əvvəl, Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanın inkişafına, milli məzmunlu məqsədlərin həyata keçirilməsinə verdiyi töhfələrə görə böyük əhəmiyyətə malikdir. Ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi öndə tutan Fondun fəaliyyəti genişmiqyaslı və çoxşaxəlidir.
Digər tərəfdən, Heydər Əliyev Fondunun bir sıra xarici ölkələrdə reallaşdırdığı layihələr dünyada tolerantlıq prinsipləri və multikultural dəyərlərin təbliği baxımından müstəsna əhəmiyyətə malikdir. Fond “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Pakistanda, Gürcüstanda, Misirdə, Rusiyada bir neçə məktəbin yenidən qurulmasına, Vatikanda Müqəddəs Roma katakombalarının və Strasburq Kafedral kilsəsinin bərpasına dəstək nümayiş etdirib. Bu həm də sivilizasiyalararası dialoqun təşviq olunması baxımından böyük önəm kəsb edir. Yeri gəlmişkən, Mehriban xanım Əliyeva yuxarıda bəhs olunan mərasimdəki çıxışı zamanı diqqətə çatdırıb ki, son illər Azərbaycan dünyada tanınmış millətlərarası, dinlərarası və sivilizasiyalararası dialoq mərkəzlərindən birinə çevrilib: “Ölkəmizin paytaxtında müntəzəm surətdə qarşılıqlı anlaşmaya və qarşılıqlı hörmətə nail olmağa yönəlmiş nüfuzlu beynəlxalq forumlar keçirilir. 2010-cu ildə bizim Vətənimizin paytaxtında Sizin də fəal iştirakınızla Dünya Dini Liderlərinin Ümumdünya Sammiti keçirildi. 2016-cı ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu baş tutdu. Bu il dekabrın 21-də “İslam Həmrəyliyi İli”nin yekunlarına həsr edilmiş konfrans keçirildi və bu konfransın mövzusu yenə də xalqlar arasında, müxtəlif dinlərin nümayəndələri arasında dialoqun qurulması idi”.
Həqiqətən də, bu gün Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Başqa sözlə, Azərbaycan qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınmağa başlayıb. Təsadüfi deyil ki, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər tədbirlər məhz Azərbaycanda keçirilir. Azərbaycan xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Ölkəmizin timsalında, sözün əsl mənasında, multikulturalizmin təntənəsi və nümunəsi müşahidə edilməkdədir. Azərbaycan təcrübəsi onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur və bu, mədəniyyətlər, sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus töhfələr bəxş edir.
Bəhs olunan çıxışı zamanı Mehriban xanım Əliyeva onu da diqqətə çatdırıb ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir: “Multikulturalizm, qarşılıqlı hörmət xalqımızın dünyagörüşünün və Azərbaycan hökumətinin dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycan torpağında müxtəlif konfessiyaların, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələri əsrlər boyu sülh və həmrəylik şəraitində yaşayıblar. Ölkəmizin ərazisində yaşayan bütün xalqların bu mədəni müxtəlifliyi, heç şübhəsiz, bizim sərvətimizdir. Bu sözlər rus pravoslav icmasına da bütünlüklə aiddir. Bu gün Azərbaycanda Rus Pravoslav Kilsəsinə mənsub olan dindarların sayı 100 mindən çoxdur”.
Azərbaycan ilə Rusiya arasında münasibətlərin inkişafı mədəni və humanitar sahələrdə inteqrasiyanın genişlənməsinə təkan verib
Şübhəsiz ki, Azərbaycan xalqı öz tarixi dəyərlərinə, milli ənənələrinə bağlı olsa da, buna paralel olaraq, fərqli mədəniyyətlərə malik olan, müxtəlif dəyərlərin daşıyıcısı kimi çıxış edən xalqlarla qarşılıqlı faydalı əməkdaşlığa və inteqrasiyaya xidmət edən münasibətlər uğurla davam və inkişaf etdirilir. Mehriban xanım Əliyeva sözügedən çıxışı zamanı diqqətə çatdırıb ki, biz öz köklərinə, öz ənənələrinə, öz tarixinə çox hörmət edən ölkəyik: “Lakin bununla bərabər, Azərbaycan dünyaya açıq ölkədir. Biz başqa dövlətlərlə, başqa ölkələrlə dostluq münasibətləri qurmaq istəyirik və bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq əsasında qurulur”.
Əlbəttə, zəngin tarixi keçmişə söykənən Azərbaycan-Rusiya münasibətləri müasir dövrdə regional və beynəlxalq əməkdaşlıq kontekstində mühüm əhəmiyyət daşıyır. Ümumiyyətlə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı çoxşaxəli münasibətlər və sıx təmaslar müasir beynəlxalq münasibətlər sisteminin mühüm komponentlərindən birini təşkil edir. Dərin təməllərə və tarixi köklərə söykənən, ikitərəfli və çoxşaxəli qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri dinamik xarakter daşıyır. Bununla yanaşı, mədəni, humanitar sahələrdə inteqrasiya və əməkdaşlıq meyilləri olduqca güclüdür. Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra da respublikamızda rus mədəniyyətinin təbliğinə böyük diqqət göstərilir. Azərbaycanın məktəblərində rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb. Ölkəmizdə təhsil prosesinin tamamilə rus dilində olduğu 300-dən çox məktəb, paytaxt Bakıda Azərbaycan Dövlət Rus Dram Teatrı, Slavyan Universiteti fəaliyyət göstərir. Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filiallarının açılması əlamətdar hadisədir. Hazırda respublikamızda Lomonosov adına Moskva Dövlət Universitetinin, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı çox uğurla fəaliyyət göstərir. Mehriban xanım Əliyeva bu məqamlara toxunaraq deyib ki, bizim çox böyük ortaq mədəni irsimiz var və humanitar sahədə əməkdaşlığımız hələ Azərbaycan və Rusiya eyni dövlətin hissələri olduğu illərdə formalaşıb: “Çox sevindirici haldır ki, Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra bu potensialı nəinki itirməyib, hətta, əksinə, çoxaldıb”.
Mehriban xanım Əliyevanın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyəti səmərəli nəticələr verir
Bütövlükdə reallıqlar onu deməyə əsas verir ki, Mehriban xanım Əliyevanın ümumbəşəri dəyərlərə əsaslanan, beynəlxalq əhəmiyyətə malik olan çoxşaxəli fəaliyyəti Azərbaycanın hüdudları ilə məhdudlaşmır. Bu isə həm də ölkəmizin beynəlxalq imicinin daha da möhkəmlənməsinə müstəsna töhfələr verir. Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyəti Azərbaycan xalqı və dövlətinin maraqları üzərində qurulub, eləcə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xüsusi önəmə malikdir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaratdığı internet portalı, müxtəlif dillərdə hazırladığı “Qarabağ həqiqətləri” adlı bukletlər dünya ictimaiyyətinə problemin kökləri, səbəbləri haqqında kifayət qədər məlumat çatdırıb. Fondun dəstəyi ilə 2007-ci ildən başlayaraq hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Xüsusilə Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub.
Bununla yanaşı, Mehriban xanım Əliyeva mədəniyyətimizin, incəsənətimizin, tarixi irsimizin böyük təbliğatçısı və hamisidir. Bu mənada, Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin çox vacib istiqamətlərindən biri məhz Azərbaycanın zəngin tarixi və mədəni irsinin qorunub saxlanması, təbliğ edilməsi və dünya ictimaiyyətinə tanıdılmasıdır. Fondun dəstəyi ilə Azərbaycanın müxtəlif regionlarında onlarla tarixi-memarlıq, dini abidələr bərpa olunub. Bakıda məscidlər, kilsələr, sinaqoqlar təmir və bərpa olunub. Məhz Fondun təşəbbüsü ilə paytaxtımızda Beynəlxalq Muğam Mərkəzi inşa olunub və hər il muğam müsabiqəsi keçirilir. Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq ənənəvi şəkildə keçirilir və öz auditoriyasını qazanıb. Hər il Fondun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı Şərq və Qərb musiqisini, eləcə də məşhur ifaçıları, bəstəkarları bir araya gətirir. Həmçinin Heydər Əliyev Fondunun bir sıra dövlət qurumları ilə birgə təşkil etdiyi və 2009-cu ildən keçirilən Respublika muğam müsabiqəsi və Beynəlxalq Muğam Festivalı həm Azərbaycanda muğam sənətinə üz tutan gənclərin sayını xeyli artırıb, həm də milli muğam musiqimizi dünyaya tanıdıb.
Göründüyü kimi, Mehriban xanım Əliyevanın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyəti səmərəli nəticələr verir. Bütövlükdə isə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli və çoxşaxəli fəaliyyəti həm cəmiyyətimizdə, həm də beynəlxalq miqyasda rəğbətlə qarşılanır.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 591 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30