Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb

Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb

22.11.2017 [09:54]

Gələn ilin dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat həcmində proqnozlaşdırılır
Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. İclasda Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə və hökumət üzvləri də iştirak ediblər.
Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş iqtisadi inkişaf strategiyası son illər dünya maliyyə-iqtisadi böhranı ilə əlaqədar ölkəmizdə makroiqtisadi sabitlik üçün yaranan təhlükələrin qarşısını almağa imkan verib: “2017-ci il ölkəmizin tarixində əlamətdar hadisələrlə yadda qalacaqdır. Bu hadisələrdən biri iki ay öncə “Azəri”-“Çıraq”-“Günəşli” neft və qaz yataqları blokunun işlənilməsinə dair sazişin müddətinin 2050-ci ilədək uzadılması, digəri isə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olub. Həmin layihələr Azərbaycanın gələcək siyasi və iqtisadi dayanıqlığı üçün möhkəm zəmin yaradıb”.
O.Əsədov bildirib ki, bu gün Milli Məclisdə müzakirəsinə başladığımız büdcə zərfi sənədləri ölkə həyatında müşahidə olunan müsbət dinamik dəyişiklikləri əks etdirir. Onun sözlərinə görə, son illər ölkə iqtisadiyyatında baş verən önəmli hadisələrdən biri büdcə gəlirlərində qeyri-neft sektorunun payının təqribən 50 faizə çatması olmuşdur. Əgər qeyri-neft sektorunun mühüm hissəsi olan kənd təsərrüfatı istehsalının 2021-ci ilədək bütün vergilərdən azad edildiyi nəzərə alınarsa, bu göstəricinin arxasında nə qədər böyük bir potensialın dayandığını təsəvvür etmək olar.
“Qeyd olunmalıdır ki, 2018-ci il üçün dövlət büdcəsinin layihəsi ölkəmizin sosial-iqtisadi durumu və müasir dövrün çağırışları nəzərə alınmaqla tərtib olunub. Nazirlər Kabinetinin təqdim etdiyi büdcə zərfinin sənədləri göstərir ki, növbəti ildə də real iqtisadi artım proqnozlaşdırılır.
Gələn il üçün dövlət büdcəsinin gəlirləri 2017-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 3,3 milyard manat, xərcləri isə 3 milyard manat çox olacaqdır. Bütün bunlar iqtisadiyyata investisiya qoyuluşunun daha da artırılmasına, kənd təsərrüfatının stimullaşdırılmasına, milli təhlükəsizliyin və müdafiə qabiliyyətinin gücləndirilməsinə imkan yaradacaqdır. Əvvəlki illərdə olduğu kimi, büdcənin sosial yönümlülüyü saxlanılır. Gələn ilin dövlət büdcəsinin xərclərində sosial yönümlü xərclərin xüsusi çəkisi 33,5 faiz və ya 7 milyard manat proqnozlaşdırılır. Bu, 2017-ci ilə nisbətən 2,2 faiz çoxdur”, - deyə spiker vurğulayıb.
Sonra çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə gələn ilin dövlət büdcəsinin layihəsi haqqında fikirlərini bildirib. Komitə sədri ölkəmizdə iqtisadiyyatın inkişafı istiqamətində atılan addımlardan, 2017-ci ildə Azərbaycan iqtisadiyyatında baş vermiş mühüm hadisələrdən də bəhs edib.
Komitə sədri həmçinin son 10 ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 76 milyard dollar köçürüldüyünü bildirib. Onun sözlərinə görə, 2018-ci ilin dövlət büdcəsində bir barel neftin qiyməti 45 dollardan götürülüb. Bu rəqəm daha çox və ya daha az ola bilərdi. Birinci halda hökumət risklərə məruz qala, ikinci halda isə iqtisadi-sosial inkişafımızdan geri qala, bir sıra mühüm layihələrin reallaşmasında çətinliklərlə üzləşə bilərdik. Ziyad Səmədzadə deyib ki, 2018-ci il üçün neftin bir barelinin 45 dollardan götürülməsi qarşıya qoyulan hədəflərə nail olmağa imkan verəcək.
Daha sonra maliyyə naziri Samir Şərifov çıxış edərək deyib ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat həcmində proqnozlaşdırılır. Bu, ümumi daxili məhsulun 29 faizi həcmində olmaqla 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,361 milyard manat və ya 20 faiz, ötən ilin faktiki icra göstəricisi ilə müqayisədə 2,621 milyard manat və ya 15 faiz çoxdur. S.Şərifov bildirib ki, dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7,907 milyard manatı və ya 39,3 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 9,216 milyard manatı və ya 45,8 faizi Dövlət Neft Fondundan transfertin, 2,43 milyard manatı və ya 12,1 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 574 milyon manatı və ya 2,8 faizi isə digər gəlirlərin payına düşür. Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsində dövlət borcuna xidmətlə bağlı 2,263 milyard manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2017-ci ilin analoji proqnozu ilə müqayisədə 37,8 faiz çoxdur. Bu artımın da 72 faizi (442 milyon manat) Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması prosesi çərçivəsində dövlətin üzərinə keçmiş xarici kreditorlar qarşısındakı öhdəliklərin icrasına yönəldilmiş xərclərdir.
S.Şərifov qeyd edib ki, gələn il xarici maliyyə institutlarından cəlb ediləcək 1 milyard 362 milyon manat kredit hesabına bir sıra infrastruktur və sosial dayanıqlı layihələrin maliyyələşdirilməsi davam etdiriləcək. Bundan başqa, Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) vəsaiti hesabına bir sıra investisiya layihələrinin maliyyələşdirilməsi üçün 2 milyard 771 milyon manat vəsait nəzərdə tutulub. “Publik hüquqi şəxslərin fəaliyyətinin tənzimlənməsi üçün dövlət dəstəyi olaraq 111 milyon manat maliyyə yardımı ayrılacaq. Dövlət tərəfindən maliyyə yardımı, ianə və dotasiyalar şəklində bələdiyyələrə, qeyri-dövlət təşkilatlarına, dini qurum və icmalara, siyasi partiyalara və kütləvi informasiya vasitələrinin inkişafına, Gənclər Fonduna, Bilik Fonduna, Elmin İnkişafı Fonduna müvafiq məbləğlərdə vəsait ayrılması nəzərdə tutulub”, - deyə nazir vurğulayıb.
S.Şərifovun sözlərinə görə, gələn il icmal büdcənin xərcləri 26674,1 milyon manat məbləğində gözlənilir. Bu isə 2017-ci ilin proqnozuna nisbətən 3895,4 milyon manat və yaxud 12,7 faiz azdır.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar 2017-ci ildə də davam edib. Ötən dövrdə makroiqtisadi sabitliyin təmin olunması, valyuta rejiminin təkmilləşdirilməsi, ixracın stimullaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər görülüb”. Bu fikirləri isə iqtisadiyyat naziri Şahin Mustafayev çıxışı zamanı deyib. Ş.Mustafayev bildirib ki, ölkəmizdə həyata keçirilən islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Onun sözlərinə görə, bunun nəticəsidir ki, Azərbaycan Davos İqtisadi Forumunun reytinqində 35-ci yerə yüksəlib. Digər hesabatlarda da Azərbaycan bir neçə pillə irəliləyib. Sistemli islahatların davam etdirilməsi, bank sektorunun sağlamlaşdırılması və digər məsələlər əsas götürülərək növbəti ildə də inflyasiyanın 1 rəqəmli olması proqnozlaşdırılıb.
Nazirin sözlərinə görə, 2018-ci ildə ÜDM-in 1,5, növbəti illərdə 3,5 faiz artacağı proqnozlaşdırılıb: “2018-ci ildə tədiyyə balansı üzrə müsbət saldonun 1,4 milyard dollar olacağı gözlənilir. Gələn il qeyri-neft sektorunda 2,9 faiz, növbəti illərdə isə orta hesabla 3 faizdən yuxarı artım proqnozlaşdırılır. Gələn il hasilatın azalması nəticəsində neft sektorunun 1 faiz azalacağı, “Şahdəniz-2” layihəsinin işə düşməsi ilə isə qaz hasilatının artması gözlənilir. Növbəti illərdə orta hesabla neft-qaz sektorunun 5 faizə yaxın artacağı proqnozlaşdırılır. “Azəri”-“Çıraq”-“Günəşli” yataqları üzrə yeni müqavilənin imzalanması ölkə iqtisadiyyatının inkişafına təkan verəcək. Bundan başqa, Azərbaycanda sosial mənzillərin tikintisi ilə bağlı 250 milyon manat nəzərdə tutulub. Prezident İlham Əliyevin müəyyən etdiyi prioritet istiqamətlərə uyğun olaraq növbəti ilin xərclərinin sosial və investisiyayönümlülüyü təmin edilib, əhalinin rifah halının və sosial müdafiəsinin daha da gücləndirilməsi əsas məqsəd kimi qarşıya qoyulub. 2018-ci ildə ÜDM-in 1,5 faizlik, qeyri-neft ÜDM-in isə 2,9 faizlik artım sürəti əsas kimi qəbul edilib. Dövlət və icmal büdcələrinin gəlirlərinin hesablanması üçün bir barel xam neftin satış qiyməti 45, növbəti illər üçün isə 40 dollar müəyyən edilib”, - deyə nazir qeyd edib.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov çıxışında deyib ki, Mərkəzi Bank 2018-ci ildə də konservativ monetar siyasət yürüdəcək. E.Rüstəmov bildirib ki, manatın məzənnəsinin sabitliyi gələn il də diqqət mərkəzində olacaq, valyuta bazarında sabitlik qorunacaq. Onun sözlərinə görə, cari ildə tədiyyə balansında profisit bərpa olunub - 1,1 milyard dollarlıq profisit əldə olunub. İdxalın azalması, qeyri-neft ixracının 35 faiz artması da tədiyyə balansına təsir edən amillərdəndir. Cari ildə strateji ehtiyatlar 12 faiz, Mərkəzi Bankın ehtiyatları 31 faiz artıb. Ölkənin valyuta ehtiyatlarına qənaət edilib: “Hazırda bank aktivlərinin 20 faizdən çoxunu likvid aktivlər təşkil edir. Kredit portfelində aktivlik müşahidə olunmur. Mərkəzi Bankın sterilizasiya alətlərinə ehtiyac çoxdur”.
Onun sözlərinə görə, 2017-ci ilin ötən dövrü ərzində manatla pul bazası 11 faizdən çox artıb, qeyri-neft sektorunda isə iqtisadi artım son 10 ayda 2,1 faiz təşkil edib.
E.Rüstəmov bildirib ki, 2017-ci ildə monetar şərait əsasən fiskal və bank sektorun likvidliyə olan ehtiyacların təsiri altında formalaşıb. Bank sədri həmçinin ekspertlərin ölkədə pul kütləsinin azaldılması ilə bağlı fikirlərinə də münasibət bildirib. O deyib: “Belə bir vəziyyətdə bəzən ekspert icmasında iqtisadiyyatda pulun çatışmaması və bunun makroiqtisadi inkişafa mənfi təsir göstərməsi barədə fikirlər səsləndirilir. Bununla əlaqədar qeyd etmək istəyirəm ki, Mərkəzi Bank iqtisadiyyatın, ödəniş sisteminin, ilk növbədə büdcə sisteminin fasiləsiz çalışması üçün iqtisadiyyata kifayət qədər pul verir”.
Dövlət büdcəsi layihəsinin müəyyən edilmiş zaman çərçivəsində və qanunvericiliklə təsbit olunmuş tələblərə uyğun hazırlandığını vurğulayan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə layihə ilə bağlı palatanın hazırladığı ümumiləşdirilmiş nəticələri və tövsiyələri diqqətə çatdırıb. O bildirib ki, növbəti ilin dövlət büdcəsinin xərcləri Prezident İlham Əliyev tərəfindən sosial sahədə müəyyən edilmiş tapşırıqların icrasını təmin etmək üçün etibarlı maliyyə təminatı yaratmış olacaq.
Daha sonra qanun layihəsinin müzakirələri başlayıb. YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, dövlət büdcəsində olan artımı Azərbaycanın inkişafının göstəricisidir: “Bununla da ölkəmizdə böyük qlobal layihələr həyata keçirilir. Bildiyiniz kimi, bu ilk iki mühüm layihənin həyata keçirilməsinin şahidi olduq. Belə ki, ilk növbədə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı, Bakı-Tbilisi-Qars layihəsi reallaşdı”.
Onun sözlərinə görə, həmin layihələrin həyata keçirilməsi ölkəmizdə gəlirlərin artması, turizmin inkişafına və digər sahələrə müsbət təsir göstərəcək.
S.Novruzov çıxışı zamanı Rəşt-Astara dəmir yolunun istifadəyə verilməsinin əhəmiyyətinə də toxunub. O deyib ki, bu dəmir yolunun açılması ilə Naxçıvan qismən də olsa blokada şəraitindən çıxacaq: “Rəşt-Astara dəmir yolu Bakı-Tbilisi-Qarsa qoşularaq ondan səmərəli istifadə etmək olar. Bakı-Tbilisi-Qarsa verdiyimiz dəstəyi buna da verməliyik. Bu dəmir yolu gəlirlərimizin daha da artmasına səbəb olacaq”.
Millət vəkili rayonların büdcəsinin formalaşması məsələsinə də toxunub. O bildirib ki, büdcəsi olan rayonlar öz hesablarına investisiya qoyub, iş yerlərinin artırılmasına kömək etməlidirlər. “Məni narahat edən digər məsələ ölkəmizdə tikilən böyük (səhiyyə, idman və s.) obyektlərin işlədilməsidir. Onların fəaliyyəti üçün büdcədən pul ayrılır. Lakin biz elə işlənmə mexanizmi həyata keçirməliyik ki, həmin yerə mərkəzi büdcədən maliyyə ayrılmasın. Rayonlarda özəl məktəb və baxçaların açılması məsələsi də vacibdir. Elə imkanlı şəxslər var ki, onlar uşaqların təhsilinin yaxşı olması üçün özəl məktəbdə oxutmaq istəyirlər. Lakin onların təhsil alması üçün rayonlarda məktəb olmadığı üçün Bakıya gəlməli olurlar. Bu baxımdan hər bir rayonda ingilisdilli özəl məktəblər açılmalıdır”, - deyə S.Novruzov qeyd edib.
S.Novruzov müzakirələr zamanı gələn ilin dövlət büdcəsində siyasi partiyalara ayrılan vəsaitin artırılmasını da təklif edib: “Bildiyiniz kimi, gələn il seçki ilidir. Bu baxımdan siyasi partiyalara ayrılan vəsait daha çox olmalıdır. Dünya təcrübəsində də belədir. Biz də bu təcrübədən istifadə edib siyasi partiyalara ayrılan vəsaiti bir neçə dəfə artırmalıyıq”.
“Hazırda olduqca mürəkkəb tarixi bir mərhələdən keçməkdəyik. Bu tarixi dövr təkcə regionumuzda baş verən hərbi-siyasi hadisələrlə deyil, həm də mürəkkəb qlobal iqtisadi proseslərlə əlamətdardır. Təsadüfi deyil ki, son illərdə qlobal iqtisadi mərkəzlərin milli iqtisadiyyata və onu formalaşdıran resurslara süni müdaxiləsi Elman müəllimin də “xarici şok kimi” ifadə etdiyi neqativ təsirləri yaratdı. 2015-ci ildə milli valyutamızın devalvasiyaya məruz qalması da imperialist siyasi mərkəzlərin iqtisadiyyata süni müdaxiləsinin nəticəsi idi. Əgər bütün bunları nəzərə alsaq, biz deyə bilərik ki, hazırda 2018-ci ilin dövlət büdcəsini iqtisadiyyatımızın və maliyyə institutlarımızın postdevalvasiya mərhələsində müzakirə edirik. Ona görə də qiymətləndirməni də bu şərtləri nəzərə alaraq aparmalıyıq”. Bu fikirləri isə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Hikmət Babaoğlu bildirib ki, 2015-ci ildə ölkə Prezidenti tərəfindən həyata keçirilən hüquqi və institusional islahatlar milli valyutamızı möhkəmləndirməklə yaranmış vəziyyətdən ən optimal vaxtda və ən effektiv vasitələrlə çıxmağımıza səbəb oldu. Onun sözlərinə görə, ölkənin baş bankiri çıxışında qeyd etdi ki, ötən dövr ərzində manat 15 faiz möhkəmlənib. Bu, özlüyündə olduqca yaxşı göstərici olmaqla, əslində, həm də digər iqtisadi proseslərin də keyfiyyətini qiymətləndirmək üçün bir meyardır. Əgər 2015-ci ildə ən optimist proqnozlar belə 2 ildən sonrakı vəziyyəti qiymətləndirərkən hazırda əldə etdiyimiz nəticələri söyləməkdə tərəddüd edirdilərsə, bu gün bu, reallıqdır. Yəni 2018-ci il büdcəmiz devalvasiyadan əvvəlki mərhələdə olan büdcəmizdən heç də geri qalmır.
“Əgər 2018-ci il dövlət büdcəsini xarakterizə etməyə çalışsaq, ilk növbədə, onun sosialyönümlü və milli təhlükəsizliyimizi etibarlı şəkildə təmin edəcək büdcə kimi qiymətləndirə bilərik. Çünki büdcə layihəsində həm iqtisadi, həm hərbi, həm təhsil, səhiyyə və s. kimi strateji sahələri əhatə edən istiqamətlərin inkişafı və maliyyələşməsi nəzərdə tutulub. Biz bilirik ki, büdcə və sosial-iqtisadi inkişaf bir-biri ilə üzvü şəkildə bağlıdır. Elə büdcənin effektivliyi də onun inkişafı təmin etməsi ilə ölçülür. Bu mənada büdcə layihəsində ölkəmizdə yeni magistral və yerli əhəmiyyətli yolların tikintisinin, su-kanalizasiya kommunikasiyasının yaradılmasının maliyyələşməsinin nəzərdə tutulması olduqca mühüm məsələlərdən biri hesab edilməlidir. Çünki hər kommunikasiya öz ətrafında mikroiqtisadi mühit yaratmaqla bərabər, inkişafı stimullaşdıran vasitə kimi çıxış edir. Bir qədər əvvəl hörmətli həmkarlarım regionların inkişafı məsələsinə toxundular.
Bu günə qədər regionlarımızın inkişafı ilə bağlı bir neçə Dövlət Proqramı həyata keçirilib. Ayrıca Bakıətrafı kənd və qəsəbələrin inkişafı ilə bağlı da xüsusi proqram həyata keçirilməkdədir. Bütün bunlar regionlarımızda mövcud olan xüsusi iqtisadi rayonlarda yerli xüsusiyyətə uyğun olaraq yeni iqtisadi inkişaf formalaşdırıb. Elə 2018-ci ilin büdcə layihəsi də həm də regionların inkişafını təmin edəcək layihə kimi xarakterizə oluna bilər. Burada qeyd edildiyi kimi, yeni aqroparkların salınması, yeni sənaye məhəllələrinin yaradılması, sənaye parklarının tikilməsi kimi mühüm iqtisadi layihələr elə regionlarımızda həyata keçirilir. Mingəçevir, Gəncə, Neftçala, Sumqayıt, Hacıqabul, Şəki və s. kimi şəhər və rayonlarımız iqtisadi mərkəzlərə çevrilməkdədir. Kənd təsərrüfatının inkişafı, istehsal olunan malların ixracına dövlət dəstəyinin təmin edilməsi üçün “Azeksport” dediyimiz xüsusi qurumun yaradılması, ölkəmizdə xalçaçılığın, pambıqçılığın, baramaçılığın inkişaf etdirilməsi və bunun üçün kifayət qədər büdcə vəsaitinin ayrılması ölkəmizdə yeni inkişafa səbəb olacaq. Bütün bu vacib işlərin həyata keçirilməsi 2018-ci il büdcə layihəsində nəzərdə tutulur. Digər sahələr üzrə də hesablama palatasının rəyini və qiymətləndirməsini nəzərə alaraq mən 2018-ci il büdcə layihəsinə səs verəcəyəm”, - deyə millət vəkili vurğulayıb.
Bununla yanaşı, Hikmət Babaoğlu bir sıra təkliflər də irəli sürüb. Hazırda dünya ölkələrində, o cümlədən Azərbaycanda autizm sindromlu uşaqların sayının artdığını deyən millət vəkili bildirib ki, bu xəstəliyin müalicəsi kifayət qədər maliyyə tələb edir: “Son zamanlar autizm xəstəliyi geniş yayılıb. Əgər sağlam gələcəyimizi düşünürüksə, bu problemin həlli üçün mərkəzlər yaradılmalı, dövlət autizm xəstəliyinə düçar olmuş uşaqların müalicəsinə, reabilitasiyasına ciddi dəstək verməlidir”.
Millət vəkili həmçinin inklüziv təhsilin əhəmiyyətini qeyd edərək valideynlərinin hər ikisi I və II qrup əlil olan tələbələrin təhsil haqqından azad edilməsi məsələsinə də toxunub: “Valideynlərinin hər ikisi I və ya II qrup əlil olan tələbələrin təhsil haqqından azad edilməsi dövlət büdcəsi hesabına edilməyə də bilər. Bunu ali məktəblər özləri də edə bilərlər”.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova çıxışında bildirib ki, gələn ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi inkişafını real ifadə edir: “Dövlət büdcəsi hazırlanarkən dünyada və regionda baş verən hadisələr, eyni zamanda, ölkəmizin inkişaf gözləntilərinin nəzərə alınması təqdirəlayiqdir. Bu, Azərbaycan hökumətinin uğurlu büdcə siyasəti həyata keçirdiyini göstərir”.
Onun sözlərinə görə, Azərbaycanın qarşıdakı illərdə daha sürətli inkişaf meyilləri əldə edəcəyinə dair proqnozlar özünü doğrultmaqdadır. Bu, gələn ilin dövlət büdcəsinin gəlirlərinin və xərclərinin artmasında da ifadə olunur: “Büdcə layihəsinin sosialyönümlü olması, sosial xərclərin gələn ilin büdcə layihəsində üstünlük təşkil etməsi möhtərəm Prezidentimizin sosial sahənin prioritetliyinin təmin olunması ilə bağlı verdiyi tapşırıqlara əməl olunmasının təsdiqidir. Bu həm də onu deməyə əsas verir ki, gələn ilin dövlət büdcəsi layihəsi tərtib olunarkən əhalinin rifah halının və sosial müdafiəsinin daha da gücləndirilməsi əsas məqsəd kimi qarşıya qoyulub”.
Müzakirələrdə çıxış edən digər millət vəkilləri də 2018-ci ilin dövlət büdcəsi ilə bağlı fikirlərini bildiriblər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 557 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30