Azərbaycanda yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilib
26.10.2017 [10:09]
Prezident İlham Əliyev: Bizim əhalimiz artır və belə olan halda biz daim yeni iş yerlərinin yaradılması haqqında düşünməliyik
Sosial dövlət olan Azərbaycanda son 13 ildə əmək bazarının davamlı şəkildə inkişaf etdirilməsi və yeni iş yerlərinin yaradılması ölkədə həyata keçirilən məqsədyönlü siyasətin mühüm istiqamətini təşkil edib. Dövlət tərəfindən nümayiş etdirilən güclü siyasi iradəyə uyğun olaraq ölkədə iqtisadi aktivliyin artırılması və bu əsasda insanların layiqli iş yerləri ilə təmin edilməsi daim diqqət mərkəzində saxlanılıb.
Bu siyasətin davamı olaraq Azərbaycan yeni iqtisadi şəraitdə də ölkə boyunca yeni iş yerlərinin yaradılmasına daha həssaslıqla yanaşır. Məlumdur ki, son illərdə dünyada müşahidə edilən mənfi proseslərin, o cümlədən də mal və xidmətlərə istehlakın azalması, müxtəlif regionlarda səngimək bilməyən müharibələrin fonunda məşğulluqla bağlı çağırışlar xüsusi aktuallıq daşımağa başlayıb. Azərbaycan genişməzmunlu islahatlar həyata keçirməklə yeni şəraitin meydana çıxartdığı çağırışları effektiv şəkildə qarşılamağa çalışır. O cümlədən də ciddi iqtisadi və sosial mahiyyət kəsb edən məşğulluğun yüksək səviyyədə təmin edilməsi məqsədilə həm hüquqi, həm də praktiki müstəvidə konkret hədəflərə hesablanan tədbirlər həyata keçirir. Azərbaycan Prezidentinin 2017-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nda əmək bazarının inkişafına xidmət edən tədbirlər də yer alır. Bu tədbirlər sırasına əmək bazarında çevikliyin təmin edilməsi, peşələr üzrə monitorinq aparılması, formal (akademik) təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılması, peşə təlimi, ixtisasartırma və yenidən hazırlıq vasitəsilə əmək bazarında baş verən sürətli dəyişikliklərin qarşılanması üçün peşə standartlarının hazırlanması prosesinin davam etdirilməsi və digər məsələlər daxildir. Bütövlükdə, sənəddə nəzərdə tutulan tədbirlər ölkəmizdə əmək bazarının bundan sonra da təkmilləşməsinə və genişlənməsinə, insanların layiqli iş yerləri ilə təmin olunmalarına daha optimal şərait yaradılmasına xidmət edir.
İqtisadiyyatın sosialyönümlülüyünün təmin edilməsi sayəsində Azərbaycanda işsizliyi və yoxsulluğu 5 faizədək aşağı salmaq mümkün olub
Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən kompleks tədbirlər əmək bazarının tənzimlənməsində, əmək resurslarının məşğulluq imkanlarının artırılmasında, işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəlməsində və əmək resurslarından ümumi iqtisadi inkişafa əsaslanan məqsədəuyğun istifadənin təmin olunmasında mühüm rol oynayıb. Azərbaycan dövlətinin sosialyönümlü iqtisadiyyat quruculuğuna və insanların layiqli iş yerləri ilə təmin edilməsinə xüsusi diqqət və qayğı göstərməsi öz müsbət nəticəsini verib. Son 13 ildə respublika üzrə 1,6 milyon yeni iş yeri açılıb. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində ölkədə işsizliyin səviyyəsini 5 faizədək aşağı salmaq mümkün olub ki, bu da dünyada ən yaxşı göstəricilərdən hesab olunur.
Ölkəmizdə insanların layiqli iş yerləri ilə təmin edilməsi kimi vacib sosial məsələnin həllində 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılmasının rolunu da xüsusi qeyd etmək lazımdır. Bəhs olunan Dövlət proqramlarına uyğun olaraq regionların tarazlı şəkildə inkişaf etdirilməsi, bölgələrin də iqtisadi güc amilinə çevrilməsi öz növbəsində çoxlu sayda yeni iş yerlərinin açılması ilə nəticələnib. Regionlarda yeni iş yerlərinin yaradılmasının başqa bir önəmini də xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, bir vaxtlar regionlarda yaşayış yeri üzrə iş tapa bilməyən insanlar, ələlxüsus da gənclər paytaxt Bakıya, digər iri şəhərlərə üz tutmaq məcburiyyətində qalırdılar. İndi ölkə üzrə bu mənfi tendensiya, demək olar ki, tam dayanıb. Bir tərəfdən, regionlarda kommunal xidmətlərin səviyyəsinin yüksəlməsi, mədəni mühitin təmin olunması, digər tərəfdən isə, bölgələrdə yaradılan yeni iş yerləri insanları, ələlxüsus da gəncləri öz doğma yurd-yuvalarına möhkəm tellərlə bağlayır.
Ölkəmizdə iş yerlərinin yaradılması ilə bağlı yeni hədəflər müəyyənləşdirilib. Prezident İlham Əliyev diqqəti ona yönəldib ki, uğurlu sosial-iqtisadi siyasət sayəsində Azərbaycanın əhalisi getdikcə artır. Ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir. Son illərin statistikası dövlət başçısının tapşırıqlarının uğurla yerinə yetirildiyini təsdiqləyir. Belə ki, respublikamızda yeni iş yerlərinin yaradılması prosesi əhalinin artım dinamikasını üstələyir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində ölkəmizdə cari ilin əvvəlindən yeni iş yerlərinin yaradılması prosesinin uğurla getdiyini nəzərə çatdıraraq vurğulayıb: “Doqquz ayda həm Bakıda, həm bölgələrdə yeni iş yerlərinin yaradılması prosesi uğurla gedib. Həmin dövrdə 226 min yeni iş yeri yaradılıbdır ki, onlardan 171 mini daimi iş yeridir. Bu da işsizliyin aşağı səviyyədə saxlanmasına imkan verir. Bu, daimi proses olmalıdır. Çünki bizim əhalimiz artır və belə olan halda biz daim yeni iş yerlərinin yaradılması haqqında düşünməliyik”.
Yeri gəlmişkən, ölkəmizdə əmək və məşğulluq sahəsində həyata keçirilən tədbirlər mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilir. Bunun təsdiqi olaraq qeyd edək ki, Azərbaycan cari ilin iyun ayında Beynəlxalq Əmək Təşkilatının (BƏT) Rəhbər Orqanına üzv seçilərək bu mötəbər beynəlxalq qurumun siyasi qərarlarının qəbulunda iştirak hüququ qazanıb. 2016-cı ilin sentyabr ayında isə Azərbaycan Hökuməti ilə BƏT arasında 2016-2020-ci illər üçün əməkdaşlıq prioritetlərini müəyyən edən ikinci Layiqli Əmək üzrə Ölkə Proqramı imzalanıb və hazırda uğurla icra olunur.
Azərbaycanın əmək bazarının təkmilləşdirilməsi və əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində qazandığı uğurlar nüfuzlu Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda da yüksək qiymətləndirilib. Dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində əmək bazarının inkişafına yönələn islahatlar ölkəmizin bu sahədə də reytinqinin artması ilə nəticələnib. Belə ki, bəhs olunan hesabatda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycanın, eyni zamanda, əmək bazarının səmərəliliyi indikatoru üzrə mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ölkəmiz bu kateqoriya üzrə 9 pillə irəliləyərək 17-ci yerə yüksəlib. Bununla da Azərbaycan əmək bazarının səmərəliliyi indikatoru üzrə sıralamada digər bütün MDB ölkələrindən, eyni zamanda, İsrail, Fransa, İsveç, Belçika, Avstriya, Qətər, Yaponiya, İspaniya, İtaliya, Finlandiya, Latviya, Çin, Malayziya və digər ölkələrdən öndə qərarlaşıb.
Əmək bazarının səmərəliliyi üzrə ölkəmizin mövqeyinin dünyanın ən mötəbər reytinqində yaxşılaşması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin respublikamızın dayanıqlı inkişafını təmin etməklə yanaşı, əmək bazarında da davamlı inkişaf meyillərinə şərait yaratdığını təsdiqləyir. Müqayisə üçün bildirək ki, ötən il açıqlanan “2016-2017 Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmiz əmək bazarının səmərəliliyi göstəricisi üzrə əvvəlki ilə dair hesabatla müqayisədə cəmi 3 pillə irəliləmişdi. Yeni hesabatda Azərbaycan 7 mümkün xaldan 5-ni toplamaqla bundan üç dəfə çox, yəni 9 pillə irəliləyişə nail olub. Bu isə ölkədə müvafiq sahədə həyata keçirilən kompleks tədbirlərin daha yüksək effektivliyə malik olduğundan xəbər verir.
Reallaşdırılan yeni layihələr sayəsində perspektivdə insanların məşğulluğu daha yüksək səviyyədə təmin olunacaq
Azərbaycan əmək bazarının davamlı şəkildə təkmilləşdirilməsi məqsədilə dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən geniş istifadə edir. Bu baxımdan respublikamızda əmək münasibətlərinin elektron qeydiyyatı sisteminin tətbiqi xüsusilə diqqətəlayiqdir. Bu sistem əmək bazarı iştirakçılarının hüquq və mənafelərinin dolğun şəkildə təminatında, əmək bazarının tənzimlənməsi prosesində innovativ yanaşmaları özündə ehtiva edən çox səmərəli vasitədir. Ölkəmizdə sosial dialoqun gücləndirilməsi, bu istiqamətdə mühüm addım kimi Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması, işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi üçün də mühüm önəm daşıyan “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu, peşə standartlarının hazırlanaraq istifadəyə verilməsi perspektivdə əmək bazarının inkişafına güclü stimul yaradan tədbirlərdəndir. Bu tədbirlər, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan müvafiq strateji hədəflərin icrası, insan kapitalının inkişaf etdirilməsi, işçi qüvvəsinin bilik və bacarıq səviyyəsinin artırılması və digər istiqamətlərdə aparılan məqsədəuyğun işlər qarşıdakı dövrdə də ölkəmizin əmək bazarında inkişaf meyillərinin davam etdirilməsinə, onun səmərəliliyinin artırılmasına geniş imkanlar açır.
Ümumiyyətlə, Azərbaycan perspektivdə işsizliyi və yoxsulluğu sosial fenomen kimi tamam aradan qaldırmağı hədəfləyib. Ölkə üzrə sənaye sektorunda, kənd təsərrüfatında həyata keçirilən layihələr, o cümlədən də yeni müəssisələrin yaradılması əhalinin məşğulluğunun artmasına müsbət təsir göstərir. Sumqayıt Kimya Sənaye Parkındakı “Azərtexnoline” zavodunda 750 nəfər işlə təmin edilib. Sənaye Parkında daha dörd müəssisə bu il, üç müəssisə isə gələn il fəaliyyətə başlayacaq. Həmin istehsalatlarda 800-ə yaxın yeni iş yeri açılacaq. Mingəçevir Sənaye Parkında yüngül sənaye, o cümlədən tekstil, ayaqqabı, tibbi kosmetika, iplik və digər növ məhsul istehsalı üzrə yerli xammal bazası əsasında 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dək yeni iş yerinin açılması nəzərdə tutulur. Bu yaxınlarda Prezident İlham Əliyevin iştirakı ilə Neftçalada açılış mərasimi keçirilən sənaye məhəlləsində 600 yeni iş yeri yaradılacaq. Eyni zamanda, Ağstafada sənaye zonası yaradılıb, Masallıda müvafiq torpaq sahəsi ayrılıb və hazırda layihələndirmə işləri aparılır, bir sıra rayonlar üzrə isə sənaye zonalarının yaradılmasına hazırlıq görülür. Bəhs olunan sənaye zonalarında yüzlərlə yerli sakin yeni iş yerləri ilə təmin olunacaq.
Son vaxtlarda aqrar sektorda istehsal və ixrac imkanlarının genişlənməsi də regionlarda iqtisadi aktivliyin artmasının göstəricisidir. Bunun da nəticəsində respublika üzrə fəal məşğul əhalinin iş yerləri ilə təmin olunmalarına geniş imkanlar açılıb. Prezident İlham Əliyev Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqində sənayedə və aqrar sektorda reallaşdırılan yeni layihələr hesabına ölkədə işsizliyin və yoxsulluğun aşağı düşəcəyinə əminliyini ifadə edərək bildirib: “Son iki il ərzində xüsusilə kənd təsərrüfatı, sənaye sahələrində çox böyük işlərin görüldüyünü nəzərə alsaq, Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək. Biz xalqımızı, dövlətimizi bu böyük bəlalardan qurtara bildik”.
Regionlarda yaradılan xalçaçılıq müəssisələrində çoxlu sayda yeni iş yerləri açılacaq
Azərbaycanda xalçaçılığın şərti olaraq 7 məktəbi fərqləndirilir. Bunlar Quba, Abşeron, Şirvan, Gəncə, Qazax-Borçalı, Qarabağ, Təbriz xalçaçılıq məktəbləridir. Hər xalçaçılıq məktəbində toxunan xalçaları ümumi cəhətlər birləşdirsə də, onlar naxış, kompozisiya, rəng həlli və bir sıra texniki xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər.
Xalçaçılıq xalqımızın qədim sənət növü olmaqla yanaşı, eyni zamanda, sənaye iqtisadiyyatının bir istiqaməti kimi geniş inkişaf perspektivlərinə malikdir. Yeni iqtisadi şəraitdə perspektivli istehsal sahəsi kimi xalçaçılığın önəmi daha da artıb. Məlumdur ki, nəfis tərtibatlı xalçalara xarici istehlak bazarlarında böyük tələbat var. Dünyanın dörd bir tərəfində insanlar öz mənzillərini bəzəmək, yaxınlarını dəyərli hədiyyələrlə sevindirmək üçün xalçalara böyük maraq göstərirlər. Zəngin ənənələri nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan xalça istehsalını sənaye əsasında təşkil etməklə dünya üzrə xalçaya getdikcə artan tələbatı qarşılaya və ölkəyə böyük həcmlərdə valyuta axını təmin edə bilər.
Ölkəmizdə xalçaçılıq sahəsində ənənələrin dirçəldilməsi və bu gəlirli sahənin sənaye əsasında inkişaf etdirilməsinin iqtisadi əhəmiyyəti ilə yanaşı, sosial önəmi də kifayət qədər böyükdür. Prezident İlham Əliyevin xüsusi tapşırığı əsasında cari ildən başlayaraq respublikanın bölgələrində xalçaçılıq müəssisələrinin yaradılmasına başlanılıb. Həmin müəssisələrdə yerli sakinlər işlə təmin olunacaqlar. Cari ildə respublikanın bölgələrində 10 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulub. Artıq onlardan bir neçəsi fəaliyyətə başlayıb. 2018-ci ildə ölkə miqyasında daha 10 xalçaçılıq müəssisəsi yaradılacaq. Prezident İlham Əliyev respublikamızda xalçaçılığın böyük potensialı olduğunu, həmçinin yerlərdə qadınların işlə təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdıraraq deyib: “Xalçaçılıq bizim milli sənətimizdir, eyni zamanda, xarici bazarlara çıxışı olan məhsuldur, ölkəmizə valyuta gətirən sahədir, işsizliyi, xüsusilə qadınlar arasında işsizliyi aradan qaldıran sahədir. Xalçaçılığın çox böyük potensialı var”.
Ölkəmizdə, eyni zamanda, xalça istehsalı üçün etibarlı xammal bazasının yaradılması, habelə ixrac potensialının artırılması məqsədilə yunun tədarükü sistemi təşkil edilir. Hazırda kimya-sənaye parkında əyirici-boyaq fabrikinin yaradılmasına hazırlıq işləri aparılır ki, bu da əlavə iş yerlərinin açılması deməkdir.
Respublikamızda səmərəli özünüməşğulluq proqramı həyata keçirilir
Respublikamızda Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən səmərəli özünüməşğulluq proqramı uğurla həyata keçirilir. Proqramın əsas məqsədi insanları layiqli iş yerləri ilə təmin etməkdən ibarətdir. Proqram çərçivəsində cari ilin fevral ayından başlayaraq artıq 1132 ailənin öz fərdi təsərrüfatlarını quraraq özünüməşğulluq fəaliyyətinə və ailə biznesinə çıxış imkanlarına malik olmaları üçün aktivlərlə təminatı həyata keçirilib. Hazırda digər proqram iştirakçılarının da aktivlərlə təmin olunması yönündə işlər davam etdirilir. Özünüməşğulluq proqramına cəlb olunan ailələrin böyük əksəriyyəti ölkənin regionlarının payına düşür. O cümlədən Bakı şəhəri üzrə də 230 ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün aktivlər (mal və materiallar) verilib. Onlar əsasən xidmət və istehsal yönümlü fərdi təsərrüfatlarını formalaşdırıblar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda bildirilir ki, təqdim olunmuş aktivlər hesabına yaradılan fərdi təsərrüfatlar yalnız həmin insanların özlərinin deyil, onların əmək qabiliyyətli ailə üzvlərinin də özünüməşğulluğuna, beləliklə də öz zəhmətləri ilə ailə gəlirlərini artırmalarına şərait yaradıb. Həmin vətəndaşların özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatların idarə olunması, gələcəkdə daha da inkişaf etdirilərək genişləndirilməsi üçün müvafiq məsləhət xidmətlərinin göstərilməsi də nəzərdə tutulub. 2018-ci ilin əvvəlindən “İşsizlikdən sığorta haqqında” Qanunun tətbiqinə başlanılması nəticəsində formalaşan maliyyə vəsaitləri işşiz şəxslərin sosial müdafiəsi ilə yanaşı, özünüməşğulluq proqramının əhatə dairəsinin genişlənməsinə, proqrama cəlb olunanların sayının dəfələrlə artırılmasına imkan yaradacaq. Prezident İlham Əliyev özünüməşğulluq proqramının önəminə diqqət çəkərək bildirib: “Mən Masallıda, Balakəndə olarkən artıq orada kəndli-fermerlərin məhsulları ilə də tanış oldum. Bunun çox böyük faydası var. Eyni zamanda, “ABAD mərkəz”lərin yaradılması özünüməşğulluq proqramının icrasına da böyük dəstək olacaq. Özünüməşğulluq proqramına gəldikdə, mən əvvəlki müşavirələrdə bu barədə göstərişlər vermişəm. İndi qanunvericilikdə də lazımi düzəlişlər edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kifayət qədər böyük vəsaiti yaranacaq və bu vəsait də özünüməşğulluq proqramının icrasına yönəldilir. İlkin məlumat müsbətdir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMüsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
Siyasət
01 İyun 10:28
Dünya
01 İyun 10:21
Dünya
01 İyun 09:49
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

