Azərbaycanda sənayeləşmə siyasəti uğurla həyata keçirilir
25.10.2017 [09:57]
Prezident İlham Əliyev: Qeyri-neft sektorunun sənaye hissəsi də uğurla inkişaf edir. Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artmışdır. Bu da sənayeləşmə siyasətimizin gözəl nəticəsidir
Hər bir ölkənin gücü, ümumi iqtisadi potensialı, qlobal miqyasdakı yeri bir sıra digər parametrlərlə yanaşı, eyni zamanda, sənaye inkişafı ilə ölçülür. Güclü, innovativ sənaye quruculuğuna malik olan ölkələr həm daxili tələbatlarını yerli istehsal hesabına ödəyərək maliyyə vəsaitlərini qoruyurlar, həm də xarici bazarlarda böyük həcmlərdə məhsullarla təmsil olunaraq özlərinə valyuta axınını təmin edirlər. Sənaye sektorunun inkişafının iqtisadi-siyasi önəmi ilə yanaşı, sosial əhəmiyyəti də kifayət qədər böyükdür. Belə ki, yüksək əmək tutumuna malik sənaye istehsalatları əhalinin məşğulluğunun təmin olunmasında və beləliklə də, yoxsulluğun bir fenomen kimi aradan qaldırılmasında mühüm rol oynayırlar.
Qeyri-neft sənayesinin inkişafı Azərbaycanın müasir mənzərəsini səciyyələndirir
Yeni iqtisadi şəraitdə respublikamızda perspektiv inkişafla bağlı müəyyənləşdirilən prioritet hədəflər sırasında qeyri-neft sənayesinin istehsal imkanlarının genişləndirilməsi xüsusi yer tutur. Belə ki, ölkəmizdə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq qeyri-neft sənayesində istehsal imkanlarının artırılması həm siyasi cəhətdən, həm də investisiya təminatı baxımından dəstəklənir. Ölkəmizdə innovativ əsaslı sənaye quruculuğunun strateji kurs kimi müəyyənləşdirilməsi isə heç də təsadüfi deyil. Azərbaycanın iqtisadi potensialı elədir ki, burada həm ənənəvi neftçıxarma və neft emalı sənayesini yeni texnologiyalar əsasında daha da inkişaf etdirmək, eyni zamanda, yeni qlobal çağırışlara uyğun olaraq müasir sənaye sahələri yaratmaq mümkündür. Müstəqil Azərbaycanın sənaye quruculuğu siyasəti də məhz ənənələri saxlamaqla yanaşı, dünyanın müasir trendlərini özündə ehtiva edən yeni sənaye sahələrinin və istehsalatların yaradılmasına istiqamətlənib.
Ölkəmizdə neftdənkənar iqtisadiyyat üzrə uğurla həyata keçirilən sənayeləşmə siyasəti artıq öz bəhrəsini verir. Son illərdə respublikanın potensialından səmərəli istifadə olunması və davamlı dövlət dəstəyi sayəsində sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olunub. Ümumiyyətlə, son 13 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Bəhs olunan dövrdə respublikanın müxtəlif regionlarında 70 mindən çox müəssisə fəaliyyətə başlayıb. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 100-dən artıq sənaye layihəsi maliyyələşdirilib.
Əlamətdar haldır ki, ölkəmizdə sənayeləşmə siyasəti ildən-ilə daha geniş vüsət alır. Ötən il bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilib, neftdənkənar iqtisadiyyat üzrə 410 sənaye müəssisəsi açılıb, bir sıra yeni sənaye obyektlərinin inşasına start verilib. Cari ilin 9 ayında da respublikamızda ən yaxşı iqtisadi inkişaf göstəricisi məhz qeyri-neft sənayesində qeydə alınıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində cari ilin əvvəlindən qeyri-neft sənayesində 3,1 faiz artıma nail olunmasını uğurlu sənayeləşmə siyasətinin nəticəsi kimi dəyərləndirərək deyib: “Qeyri-neft sektorunun sənaye hissəsi də uğurla inkişaf edir. Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artmışdır. Bu da sənayeləşmə siyasətimizin gözəl nəticəsidir”.
Hazırda respublikamızda sənayenin qeyri-neft sektorunda bir sıra yeni irimiqyaslı layihələr həyata keçirilir. Belə layihələr sırasında Sumqayıt Kimya Sənaye Parkında yaradılan müəssisələri xüsusi qeyd etmək mümkündür. Burada SOCAR Polimer kompleksinin tikintisinə böyük məbləğdə investisiya - təqribən 700 milyon dollardan çox sərmayə yönəldilir. Müəssisənin iki ildən sonra məhsul istehsalına başlayacağı proqnozlaşdırılır. Eyni zamanda, 2018-ci ildə azot gübrələri zavodunun istismara verilməsi planlaşdırılır. Yaxın perspektivdə ölkəmizdə həmçinin böyük metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur. Bütün bu və ya digər layihələr respublikamızda qeyri-neft sənayesinin inkişafında yeni mərhələ açacaq və istehsal imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
Azərbaycanın sənaye xəritəsi regionlara doğru genişlənir
Son illərdə Azərbaycanda həyata keçirilən uğurlu sənayeləşmə siyasətindən söhbət açarkən ölkənin sənaye xəritəsinin regionlara doğru genişlənməsinin aktuallığını xüsusi qeyd etmək lazımdır. Ölkəmizdə Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarında bölgələr üçün xarakterik olan aqrar sektorla yanaşı, əsasən yerli resurslara əsaslanan sənaye sahələrinin inkişafı üçün də genişmiqyaslı tədbirlər həyata keçirilir. Ümumiyyətlə, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında respublikamızda perspektivdə 4 iri sənaye mərkəzinin, eləcə də bütün bölgələrdə sənaye məhəllələrinin yaradılması nəzərdə tutulub.
Hazırda Prezident İlham Əliyevin iştirakı ilə 21 sentyabr 2016-cı il tarixində təməli qoyulan Mingəçevir Sənaye Parkının yaradılması istiqamətində intensiv iş aparılır. Bəhs olunan sənaye parkı dövlət başçısının 2015-ci il 26 fevral tarixli müvafiq sərəncamlarına əsasən yaradılır. Mingəçevir Sənaye Parkının tikinti sahəsi 120 min kvadratmetr təşkil edir. İnşaat işlərinə 60 milyon manatdan artıq, avadanlıq və dəzgahların alınmasına 150 milyon dollardan çox investisiya qoyuluşu proqnozlaşdırılıb. Mütəxəssislərin qənaətinə görə, Mingəçevirdə yaradılan sənaye parkı əlaqəli sahələrin, o cümlədən də aqrar sektorun inkişafına müsbət təsir göstərməklə regionda iqtisadi aktivliyin artmasına güclü təkan verəcək.
Ağstafa rayonunda yeni istehsal və emal müəssisələrinin yaradılması istiqamətində aparılan zəruri işlərin nəticəsi olaraq “Karvan-L” Eko sənaye parkı fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin 19 oktyabr 2016-cı il tarixində açılışında iştirak etdiyi “Karvan-L” Eko sənaye parkında hazırda dörd istehsal sahəsində buraxılan məhsullar daxili tələbatın ödənilməsinə yönəldilir, eyni zamanda, xarici bazarlara ixrac edilir.
Qərb bölgəsində “Qazax Sement Zavodu” MMC-nin fəaliyyəti Azərbaycanda regional sənaye quruculuğu siyasətinin uğurla həyata keçirildiyinə yaxşı nümunədir. İstehsal gücü ildə 1 milyon ton sement təşkil edən müəssisə regionda inşaat sektorunun tələbatının ödənilməsində müstəsna rol oynayır.
Son illərdə bölgələrdə sənaye məhəllələrinin yaradılması da ölkəmizdə həyata keçirilən yeni sənaye quruculuğunun mühüm əlamətidir. Həm qeyri-neft sənayesinin, həm də regionların inkişafı baxımından mühüm əhəmiyyət daşıyan bu prosesə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında start verilib. Ölkəmizdə regional sənaye quruculuğunda müəyyənləşdirilən əsas hədəflərdən biri bu prosesin bütün regionları əhatə etməsindən və hər bölgədə yerli potensiala əsaslanan sənaye məhəllələrinin yaradılmasından ibarətdir. Dövlət başçısı ölkəmizdə uğurla reallaşdırılan regional sənaye quruculuğundan məmnunluq ifadə edərək bildirib: “Sənaye zonalarının yaradılması artıq reallaşır. Mən bu barədə bir neçə il bundan əvvəlki müşavirələrdə də demişdim ki, hər rayonda müasir sənaye zonaları yaradılmalıdır. Biz artıq buna da nail oluruq. Bu yaxınlarda Neftçala Sənaye Məhəlləsinin açılışı oldu. Balaxanıda, Masallıda sənaye zonaları yaradılır. Mingəçevirdə böyük tekstilyönümlü yüngül sənaye zonası yaradılır. Hacıqabul rayonunda sənaye məhəlləsi yaradılır”.
Əlamətdar haldır ki, regionlarda yeni sənaye müəssisələri yaradılarkən bölgələrin əmək ehtiyatları, xammal bazası və əlbəttə ki, yerlərdə bu və ya digər mal və xidmətlərə tələbat əsas götürülür. Beləliklə, regionlardakı sənaye müəssisələrində buraxılan məhsullara satış bazarları axtarmağa, həmçinin hazır məhsulun istehlakçılara çatdırılması üçün izafi daşıma xərclərinə lüzum qalmır, ayrı-ayrı istehsalatlarda buraxılan müxtəlif növ sənaye malları əsasən yaxın məsafədə yerləşən ishehlakçılar vasitəsilə reallaşdırılır. Bu isə həm yerli tələbatı qarşılamaq, həm də hazır məhsulu satmaq baxımından olduqca sərfəlidir.
Milli sahibkarlar regionlarda yeni sənaye müəssisələrinin yaradılmasında fəal iştirak edirlər
Məlumdur ki, ölkəmizdə dövlət sahibkarlara həm siyasi, həm də maddi cəhətdən böyük dəstək göstərir. Yeni iqtisadi şəraitdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ölkədə biznes mühitinin optimallaşdırılması məqsədilə genişmiqyaslı islahatlar həyata keçirilir, o cümlədən sahibkarların vergi yükü azaldılıb, sahibkarlıq subyektlərində yoxlamalar dayandırılıb, daxili istehsalın qorunması məqsədilə zəruri tədbirlər həyata keçirilib. Son 13 ildə özəl bölmə təmsilçilərinə təxminən 2 milyard manat həcmində güzəştli kreditlər ayrılıb. Belə davamlı dövlət dəstəyi sayəsində ölkəmizdə güclü milli sahibkarlar ordusu formalaşıb.
Öz növbəsində dövlətin siyasi və maddi dəstəyindən bəhrələnən milli sahibkarlar regionlarda yeni sənaye müəssisələrinin yaradılmasında fəal iştirak edirlər. Müvafiq təşviq mexanizmi işə salındıqdan sonra ölkəmizdə özəl bölmə təmsilçilərinə 80-dən çox investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşdırılması sayəsində 6700-ə yaxın yeni iş yeri açılacaq. Layihələrin 60 faizdən çoxu sənaye sektorunu əhatə edir. Onların 40 faizi Bakıətrafı qəsəbələrin və Abşeron rayonunun, 60 faizi isə digər şəhər və rayonların payına düşür.
Prezident İlham Əliyevin regionlara səfəri çərçivəsində açılışına qatıldığı Neftçala Sənaye Məhəlləsi ölkəmizdə dövlət-özəl sektor əməkdaşlığına yaxşı nümunədir. Dövlətimizin başçısının 2014-cü ildə Neftçalaya səfəri zamanı verdiyi tapşırığa və 2015-ci ilin fevralında imzaladığı müvafiq Sərəncama əsasən sənaye məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib. Hazırda Neftçala Sənaye Məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Bəhs olunan sənaye məhəlləsinin yaradılmasına dövlət tərəfindən 20 milyon manatdan çox vəsait ayrılıb. Bütün infrastruktur məsələləri həll olunub, modullar inşa edilib və özəl sektora burada fəaliyyətə başlamaq üçün kreditlər verilib. Özəl sektor da güzəştli şərtlərlə aldığı kreditlər hesabına və öz vəsaiti hesabına sənaye məhəlləsinə 45 milyon manat sərmayə yönəldib.
Sənaye məhəlləsində qeydiyyatdan keçən “Sun Rise Production” Məhdud Məsuliyyətli Cəmiyyəti kağız stəkanların istehsalı ilə məşğul olacaq. “Petroqeoqaz” Məhdud Məsuliyyətli Cəmiyyəti kənd təsərrüfatı avadanlığı və metal konstruksiyalar istehsal edəcək. “Providence Doytch Limited” Məhdud Məsuliyyətli Cəmiyyəti modul tipli məktəb binalarının quraşdırılmasını həyata keçirəcək. “Toğrul-2008” Məhdud Məsuliyyətli Cəmiyyəti polietilen boru, “Azproduct” Məhdud Məsuliyyətli Cəmiyyəti balıq konservi məhsulları, “İlk Aqrokom” Məhdud Məsuliyyətli Cəmiyyəti müxtəlif kənd təsərrüfatı avadanlıqlarının, o cümlədən pivot suvarma sistemlərinin, “Metak” Məhdud Məsuliyyətli Cəmiyyəti plastik məmulatların istehsalı ilə məşğul olacaq.
Neftçala Sənaye Məhəlləsində yaradılan zavodda ildə 25 min ton balıq yemi istehsal olunacaq. Müəssisədə Almaniya, Avstriya və Hollandiyanın aparıcı şirkətlərindən alınmış avadanlıqlar quraşdırılıb. Dəyəri 12 milyon manat olan layihə dövlətin güzəştli şərtlərlə ayırdığı kredit və özəl sahibkarlıq subyektinin investisiyası hesabına reallaşdırılıb.
Azərbaycanın regionlarında həm daxili, həm də xarici bazarlarda satılacaq avtomobil istehsalını bir vaxtlar ancaq xəyallarda canlandırmaq olardı. Neftçala Sənaye Məhəlləsində yaxın vaxtlarda avtomobil istehsalına başlanılması ilə bu arzu da reallığa çevriləcək. Söhbət “Azevrocar” şirkəti ilə “İran Khodro” şirkətinin Neftçala Sənaye Məhəlləsində birgə istehsal edəcəkləri avtomobillərdən gedir. İstehsal gücü ildə 10 000 ədəd avtomobil olacaq zavodda 300 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Zavodda “İran Khodro” markasına aid 4 modelin - “Runna”, “Dena”, “Samand” və “Soren” avtomobilləri yığılacaq.
Deyilənlərdən də göründüyü kimi, Neftçala sənaye zonasında sahibkarların iştirakı ilə reallaşdırılan layihələr müxtəlif istiqamətləri əhatə edir. Ümumiyyətlə, Neftçala Sənaye Məhəlləsində 600-dən çox yeni iş yerinin yaradılmasını təmin edəcək 15 layihənin icrası planlaşdırılır. Prezident İlham Əliyev sahibkarları gələcəkdə regionlarda yeni sənaye layihələrinin həyata keçirilməsində daha fəal iştirak etməyə çağırıb: “İqtisadiyyat Nazirliyinə göstəriş verilmişdir ki, gələn il də bir neçə rayonda sənaye zonalarının yaradılması ilə bağlı praktiki işlər başlasın. Neftçala rayonunda və digər rayonlarda olduğu kimi, burada da dövlət yenə də əsas yükü öz üzərinə götürəcək. Bütün infrastruktur, bütün tikililər - anbarların, istehsalat sahələrinin binaları dövlət tərəfindən inşa ediləcək. Qoy, sahibkarlar təkliflər versinlər, bazarın düzgün monitorinqini aparsınlar. Xüsusilə o sahələrə üstünlük verilməlidir ki, biz o sahələrdə hələ idxaldan asılıyıq”.
İxrac potensialı olan istehsalatların yaradılması diqqət mərkəzində saxlanılır
Yeni şəraitdə Azərbaycan ixracın genişlənməsinə nail olmağı hədəfləyib. Ölkədə aparılan genişməzmunlu islahatlar çərçivəsində ötən il ixracın səmərəli təşviq mexanizmi işə salınıb, xarici ölkələrdə “Made in Azerbaijan” berendinin təbliğinə başlanılıb. Həyata keçirilən bu və ya digər tədbirlər sayəsində 2017-ci ilin səkkiz ayında Azərbaycanın qeyri-neft məhsullarının ixracı üçdəbir həcmdə artaraq 965 milyon ABŞ dollarına çatıb.
Ötən 9 ayda ölkədən qeyri-neft məhsullarının ixrac həcmlərinin artmasına qeyri-neft sənayesinin inkişaf dinamikası da müsbət təsir göstərib. Respublikamızda qeyri-neft sənayesinin istehsal imkanlarının genişləndirilməsinin güclü şəkildə dəstəklənməsi həm də o məqsədə xidmət edir ki, bu sektordan xarici bazarlara daha böyük həcmlərdə məhsullar çıxarılsın və ölkəyə valyuta daxilolmaları artsın. Ölkəmiz artıq bu istiqamətdə də müəyyən uğurlara nail olub. Ötən 9 ayda ölkəmizdən qeyri-neft sənayesi məhsullarının ixracında artım müşahidə edilib. O cümlədən qızıl ixracı 56 faiz, elektrik enerjisi ixracı 4,1 dəfə, alüminium ixracı 28 faiz, kimya sənayesi məhsullarının ixracı 25 faiz, plastiklərin ixracı 14 faiz, mis-filiz konsentratlarının ixracı 94 faiz, avadanlıqların, mexaniki qurğuların ixracı 48 faiz, mis və ondan hazırlanan məmulatların ixracı 54 faiz, toxuculuq məmulatlarının ixracı 92 faiz, elektrik avadanlıqları və hissələrinin ixracı 75 faiz, daş, gips, sement ixracı 34 dəfə artıb.
Məlumdur ki, Azərbaycan innovativ, yüksək texnologiyalı sənaye quruculuğuna göstərilən diqqət sayəsində kosmik dövlətə çevrilib. İndiyədək iki peykimiz orbitə çıxarılıb. Respublikamız kosmik sənayeni inkişaf etdirməklə bir neçə məqsəd güdür. Vacib məqamlardan biri də ondan ibarətdir ki, respublikamız malik olduğu peyklərin xidmətlərini xaricə satır və bundan valyuta qazanır.
Son illərdə respublikamızın yeni ixrac imkanları həmçinin məqsədyönlü şəkildə inkişaf etdirilən müdafiə sənayesində yaranıb. Ölkəmiz müxtəlif döyüş texnikalarının nümayiş olunduğu beynəlxalq sərgilərdə uğurla iştirak edir. Həmin sərgilərdə Azərbaycanın buraxdığı müdafiə sənayesi məhsullarına böyük maraq göstərilir. Ayrı-ayrı ölkələr həmin məhsulları almaqla bağlı niyyətlərini ifadə ediblər və qarşılıqlı razılıq əsasında müqavilələr imzalanıb. Bəhs olunan müqavilələr əsasında respublikamız yerli müəssisələrdə buraxılan yüksəkkeyfiyyətli hərbi texnikanı xarici ölkələrə satır.
Yuxarıda bəhs olunan layihələrin reallaşdırılması sayəsində perspektivdə ölkəmizin ixrac imkanlarının daha da artacağı proqnozlaşdırılır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində ölkəmizdən qeyri-neft məhsullarının ixracının genişləndirilməsi ilə bağlı başqa bir vacib məqama da toxunub. Dövlət başçısı diqqəti rəqabətqabiliyyətli məhsullar istehsalının genişləndirilməsi ilə yanaşı, ixrac bazarlarının araşdırılmasının da ciddi önəm daşıdığına yönəldərək deyib: “Birinci növbədə idxal təhlil edilməli və idxalı əvəzləyən məhsulların istehsalı ilə bağlı təkliflər verilməlidir. Bununla bərabər, əlbəttə ki, ixrac potensialı olan istehsalın yaradılması da diqqət mərkəzində olmalıdır. Yəni, daxili tələbat və ixrac sənaye zonalarının əsas meyarları olmalıdır. Ona görə, ixrac bazarları da düzgün təhlil edilməlidir ki, biz hansı məhsulla hansı bazara çıxa bilərik”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

