Milli Məclisin payız sessiyası öz işinə başlayıb
03.10.2017 [10:05]
Millət vəkilləri sessiyanın qanunvericilik işləri planını təsdiqləyiblər
Dünən Milli Məclisin 2017-ci il payız sessiyası öz işinə başlayıb. Sessiyanın açılışında çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, parlament 2017-ci ilin yaz və növbədənkənar sessiyalarını uğurla başa vurub. Onun sözlərinə görə, Milli Məclisin Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam həcmdə yerinə yetirilib: “Dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən siyasətinin parlament səviyyəsində dəstəklənməsi üçün lazımi tədbirlər həyata keçirilib. Parlamentin 14 iclasında 268 qanun və qərar qəbul edilib”.
O.Əsədov bildirib ki, ötən sessiya müddətində Milli Məclisin beynəlxalq əlaqələri də inkişaf edib: “Bildiyiniz kimi, Azərbaycan parlamenti 10 beynəlxalq Parlament Assambleyasının üzvüdür və nümayəndə heyətlərimiz bu beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak ediblər. Parlamentin yaz və növbədənkənar sessiyalarında və sonrakı dövrdə 33 ölkəyə 90-dan çox səfər həyata keçirilib, 34 xarici dövlətin və 12 beynəlxalq təşkilatın 70 nümayəndə heyəti Milli Məclisdə olub. Millət vəkillərimiz Türkmənistanda keçirilən prezident seçkilərini, Qazaxıstanda və Bolqarıstanda keçirilən parlament seçkilərini, Türkiyədə keçirilən referendumu müşahidə ediblər. Milli Məclisin xətti ilə Bakıda 4 beynəlxalq təşkilatın tədbirləri keçirilib. Bu gün biz Milli Məclisin yeni sessiyasına başlayırıq. Payız sessiyasının qanunvericilik işləri planı hazırlanıb. Bu sessiyada bir sıra zəruri aktların qəbul olunması nəzərdə tutulur. Xüsusən biz Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanun layihəsini və büdcə zərfinə daxil olan digər sənədləri müzakirə edəcəyik. Əminəm ki, Milli Məclisin payız sessiyası da yüksək səviyyədə keçəcək”.
Daha sonra millət vəkilləri payız sessiyasının qanunvericilik işləri planını müzakirə ediblər. YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxış edərək iş planında mühüm məsələlərin əksini tapdığını deyib. O həmçinin bir sıra təkliflər də verib: “Siyası partiyalar haqqında” qanuna dəyişiklik edilsə də, ona əlavələrin edilməsinə ehtiyac var. Ölkəmizdə fəaliyyət göstərən yalnız bir qrup partiya Mərkəzi Seçki Komissiyasına hesabat verir. Bir qrup, ümumiyyətlə, hesabatında heç nə göstərmir. Bir qrup isə hesabat verməkdən boyun qaçırır. Bu mexanizm qanunla tənzimlənməlidir”.
S.Novruzov bildirib ki, Milli Məclisdə QHT-lərlə bağlı qanunlara edilən əlavə və düzəlişlər beynəlxalq təşkilatlara düzgün formada çatdırılmalıdır: “Beynəlxalq təşkilatlar qəbul edilən qərarları müxalifət mənbəyindən, ölkəmizi istəməyənlər tərəfindən deyil, beynəlxalq təşkilatlarda ölkəmizi təmsil edənlərin dilindən düzgün şəkildə öyrənməlidirlər. Onlar düşünməməlidir ki, Azərbaycanda hansısa təşkilatın fəaliyyəti məhdudlaşdırılır”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu siyasət, ölkəmizdə olan sabitlik, xalq-iqtidar birliyi, Azərbaycan vətəndaşlarının ölkə başçısını dəstəkləməsi bir sıra qüvvələri narahat edir: “Bunun nəticəsidir ki, son vaxtlar ölkəmiz haqqında müxtəlif bəyanatlar verilir, xarici mətbuatda müxtəlif yazılar dərc edilir. Bununla bağlı həm deputatlar, həm də ictimaiyyət nümayəndələri öz mövqelərini ortaya qoyublar. Bu qərəzçilik aradan qaldırılmalıdır. Artıq qərəzçilik beynəlxalq təşkilatlara da sirayət edib və bunun nəticəsində ölkəmizə qarşı ikili standarlar nümayiş etdirilir”.
“Elə ölkələr var ki, Avropa Şurasının, digər təşkilatların üzvüdür, lakin heç bir öhdəlik yerinə yetirmirlər. Belə olan halda, onlar haqqında heç bir iş görülmür. Son vaxtlar Avropa Şurasında istiqamət Azərbaycan və Türkiyəyə qarşı yönəlib. Bu da ölkəmizin müstəqil siyasət həyata keçirməsi ilə bağlıdır. Azərbaycanın dövlət siyasəti əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda da ölkə başçısı tərəfindən uğurla həyata keçirilən balanslı siyasətdir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər erməni lobbisini və ölkəmizdə onlara dəstək verənləri narahat edir. Bizim hər bir qurumda təmsil olunan millət vəkillərimiz həmin təşkilatlara çatdırmalıdırlar ki, Azərbaycan hər bir quruma öz dəyərləri ilə daxil olub. Hesab edirəm ki, Milli Məclis bununla bağlı müəyyən addımlar atmalıdır”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
“Bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da enerji içkilərinin satışı məhdudlaşdırılsın”. Bu təkliflə isə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev çıxış edib. Azərbaycan kardioloqlarının da bununla bağlı həyəcan təbili çaldığını deyən M.Quliyev qeyd edib ki, uşaqların bu içkilərdən istifadə etməsi nəticəsində son zamanlar qəfil ölümlərin sayı artıb.
M.Quliyev bildirib ki, enerji içkiləri yuxu, əsəb pozğunluğu ilə yanaşı, qan-damar sistemlərində də problemlərə gətirib çıxarır: “Bu səbəbdən Norveç, Fransa kimi ölkələrdə bu cür içkilərin satışı qadağan edilib. Digər ölkələrdə isə enerji içkiləri yalnız 18 yaşdan yuxarı olan şəxslərə satılır. Bu baxımdan ölkəmizdə müvafiq qanunvericilikdə dəyişiklik edilməklə uşaqlara bu içkilərin satışı qadağan olunmalıdır”.
Milli Məclisin deputatı Qənirə Paşayeva isə çıxışında Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edən və buna görə də XİN-in qara siyahısına salınan şəxslərin hansı ölkələri təmsil etmələrinə toxunub. Millət vəkili ATƏT-in Minsk qrupuna, həmsədr dövlətlərin səfirlərinə müraciətlə bildirib ki, bu, narahatlıq doğuran ciddi məqamlardır: “Siz ATƏT-in Minsk qrupuna üzv dövlətlər kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməlisiniz. Lakin Azərbaycanın dövlət sərhədlərini qanunsuz keçənlərin çoxu həmin dövlətlərin vətəndaşlarıdır. Bu ola bilməz ki, onlar işğal olunmuş ərazilərimizə təsadüfən səfər ediblər”.
Millət vəkili deyib ki, bu məsələ ilə bağlı daha sərt tədbirləri özündə əks etdirən qanun qəbul edilməlidir.
Məsələyə münasibət bildirən Milli Məclisin sədri Oqtay Əsədov ATƏT-in Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin bu yaxınlarda Bakıya səfər etdiyini xatırladıb: “Səfəri zamanı o, parlamentdə görüş keçirəcəyini, bir də ictimai təşkilatlarla görüşəcəyini bildirdi. Biz etiraz etmədik. Ancaq Azərbaycandan sonra Ermənistana getdi. Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin dediyi sözlərin hamısı saxta oldu. O, bütün Ermənistan rəhbərliyi ilə görüşdü, Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələri ilə bir masa arxasında oturdu, separatçıların bayrağı olan stolda əyləşdi. Yəni bu ikili standartlar, həqiqətən, bizi yorub”.
O.Əsədov bildirib ki, hazırda Azərbaycan parlamentinin ATƏT PA-dakı nümayəndə heyəti tam tərkibdə Andorrada qurumun iclasında iştirak edir: “Azərbaycan nümayəndə heyəti Milli Məclis adından təkliflər verəcək”.
Spiker qeyd edib ki, tərəfli mövqe tutan şəxslərin beynəlxalq təşkilatlarda yüksək vəzifələr tutması qəbuledilməzdir: “Belə hallara biz çox rast gəlirik. Təkliflər olundu ki, Minsk qrupunun tərkibi böyüdülsün, biz də buna razıyıq. Burada bir cür, Ermənistanda başqa cür danışırlar, öz ölkələrində isə başqa mövqedən çıxış edirlər”.
“Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı çox əhəmiyyətlidir. Komitəmiz də bu sessiya dövründə müəyyən qanun layihələrini müzakirəyə təqdim edəcək. Eyni zamanda, parlamentdə zərurət yarandıqca müvafiq qanunvericilik aktlarına əlavə və dəyişikliklər də nəzərdə tutulur. Bu baxımdan, Cinayət Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklər də önəmlidir”. Bu fikirləri isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. Ə.Hüseynli bildirib ki, bu günlərdə Milli Məclisdə Cinayət Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinin geniş ictimai müzakirələri keçirilib. O xatırladıb ki, hələ 2017-ci ilin fevral ayında cənab Prezident tərəfindən cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Sərəncam imzalanmışdı və həmin Sərəncamdan irəli gələrək adı çəkilən qanun layihəsi işlənib hazırlanaraq parlamentə təqdim olunub. Komitə sədrinin sözlərinə görə, bu, çox ciddi bir layihədir və Azərbaycanda əfv, amnistiya qərarları qədər də əhəmiyyətlidir.
“Çünki bu layihədə bütövlükdə iqtisadi fəaliyyət sahəsində cinayətlər, o cümlədən ehtiyatsızlıqdan törədilən bir çox cinayətlər dekriminallaşdırılır. Həmçinin ölkə Prezidentinin Sərəncamında və sonrakı dövrdə həbs qətimkan tədbirləri ilə bağlı da bir sıra tövsiyələr verilib. Artıq həbs qətimkan tədbirlərinin seçilməsi 30 faizə qədər azalıb. Cinayət Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan layihə çox ciddi bir sənəddir. Bu, ölkəmizdə hüquqi sahədə islahatların tərkib hissəsidir, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı atılan addımdır. Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu sənəd cənab Prezidentin həyata keçirdiyi davamlı siyasətin nümunəsidir və heç bir beynəlxalq təşkilatla əməkdaşlıqdan irəli gəlmir, ölkəmizin özünün daxili hüquqi siyasətinin ayrılmaz tərkib hissəsidir”, - deyə komitə sədri vurğulayıb.
Ə.Hüseynli yaxın zamanlarda bu layihənin parlamentin müzakirəsinə çıxarılmasını təklif edib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə isə çıxışında bildirib ki, son dövrlərdə xaricdə “Azərbaycanfobiya” formalaşıb. Onun sözlərinə görə, Azərbaycan Avropa Şurasına şüurlu şəkildə qəbul edilib. Lakin Azərbaycan ilə AŞ arasında soyuqluq yaratmağa, körpünü yandırmağa çalışırlar.
Deputat qeyd edib ki, Avropa Şurasının baş katibi Yaqlandın Azərbaycana qarşı mövqeyinə AŞPA, Nazirlər Şurası səviyyəsində qiymət verilməlidir. A.Mirzəzadə əlavə edib ki, Azərbaycan müstəqil dövlətdir, kimsə ona qarşı kurator vəzifəsini yerinə yetirə bilməz: “Yaqland və digər yaqlandlar diplomatik etikanı pozmasınlar. Onlar Azərbaycanı hədələməklə heç nəyə nail olmayacaqlar”.
İclasda həmçinin millət vəkillərindən Tahir Rzayev, Əli Məsimli, Xanhüseyn Kazımlı, Jalə Əliyeva və digərləri çıxış edərək qanunvericilik işləri planına münasibət bildiriblər. Müzakirələrdən sonra payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.
Daha sonra millət vəkilləri gündəlikdə duran digər məsələləri müzakirə ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

