Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan müasir, sabit və demokratik ölkə kimi uğurla inkişaf edir

Azərbaycan müasir, sabit və demokratik ölkə kimi uğurla inkişaf edir

22.09.2017 [10:15]

Prezident İlham Əliyev: Azərbaycanın uğurlu inkişafı bir daha göstərir ki, yalnız azad və müstəqil olduqda, ölkənin taleyi öz xalqının əlində olduğu halda uğur əldə etmək olar
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari il sentyabrın 20-də BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edib. Prezident İlham Əliyev böyük maraqla qarşılanan çıxışında müstəqillik illərində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə yaranan müsbət reallıqlar barədə ətraflı söhbət açıb. Dövlət başçısı Azərbaycanı dünyaya müasir, sabit, demokratik ölkə kimi təqdim edib. Bildirib ki, demokratik inkişaf, insan hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Azərbaycanda bütün fundamental azadlıqların, o cümlədən ifadə, mətbuat, yığıncaq və dini azadlıqların tam şəkildə təmin edildiyini nəzərə çatdıran Prezident İlham Əliyev həmçinin ölkəmizin uğurlarını şərtləndirən amilləri xatırladıb. Bu xüsusda fikirlərini ifadə edən dövlət başçısı deyib: “Azərbaycanın uğurlu inkişafı bir daha göstərir ki, yalnız azad və müstəqil olduqda, ölkənin taleyi öz xalqının əlində olduğu halda uğur əldə etmək olar. Azərbaycan xalqının ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz xalqımızın milli maraqlarına əsaslanan müstəqil siyasət aparan müstəqil ölkədə yaşayırıq”.
Bütün sahələrdə böyük uğurlara imza atan Azərbaycanın ən ağrılı problemi isə Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışının lap əvvəlində işğalçı Ermənistanın 25 ildən çoxdur ki, Azərbaycanın 20 faiz ərazisini - Dağlıq Qarabağı və digər 7 rayonunu işğal altında saxladığını dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Ermənistana qarşı beynəlxalq sanksiyaların qəbul edilməməsi ikili standartların təzahürüdür
Hazırda beynəlxalq münasibətlərdə gərginliyin hədsiz dərəcədə artmasının bir səbəbi də həll olunmamış münaqişələrdir. Yaranmış vəziyyətdə iyirmi ildən çoxdur ki, davam edən və siyasi-iqtisadi müstəvidə regiona çoxsaylı narahatlıqlar gətirən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bir zərurət kimi meydana çıxıb.
Qeyd edək ki, Ermənistanın işğalı nəticəsində respublikamızın ərazisinin 20 faizi zəbt olunub, 1 milyondan artıq soydaşımız doğma yurd-yuvalarından didərgin düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib. Xocalı soyqırımının timsalında Ermənistanın azərbaycanlılara qarşı apardığı diskriminasiya və soyqırımı siyasətinin miqyasını və xüsusi qəddarlıqla həyata keçirildiyini aydın şəkildə görmək mümkündür. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayət törədib. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir.
Ermənistan milli azlıqların olmadığı, monoetnik və ksenofobiyanın dövlət siyasətinə çevrildiyi dövlətdir. Xocalı soyqırımını törətmiş Ermənistan bu gün də dinc azərbaycanlı əhaliyə qarşı hərbi cinayətlərini davam etdirir. Ötən ilin aprelində Ermənistan şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində biri uşaq olmaqla 6 dinc azərbaycanlı qətlə yetirildi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı. 2017-ci il iyulun 4-də isə Ermənistan tərəfi 82 və 120 millimetrlik mina və qumbaraatanlardan istifadə edərək, Füzuli rayonunun Alxanlı kəndinə məqsədli hücum edib, 2 dinc sakini - 2 yaşlı Zəhra Quliyevanı və onun nənəsini qətlə yetirib. Daha bir oxşar hadisə cari il avqustun 7-də Tovuzda baş verib - 13 yaşlı oğlan erməni əsgərləri tərəfindən açılan atəş nəticəsində yaralanıb.
Məlumdur ki, aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin Ermənistan kimi despotik, korrupsiyaya uğramış, uğursuz dövlət uzun illərdir beynəlxalq hüququ pozmağa müvəffəq olur. Ermənistan qoşunların təmas xəttində status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. Sanksiyaların tətbiq olunmaması Ermənistan diktatorluğunda belə illüziya yaradır ki, sanki öz terror siyasətini davam etdirə bilər. Prezident İlham Əliyev beynəlxalq təşkilatların tələblərinə məhəl qoymayan Ermənistanın cəzalandırılmamasını ikili standartların təzahürü kimi səciyyələndirərək bildirib: “Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır. Prezident İlham Əliyev dünya ictimaiyyətinə çağırış edərək vurğulayıb: “Beynəlxalq ictimaiyyət erməni faşizminə və terroruna son qoymalıdır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq”.
Ermənistan işğalının yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan sürətlə və uğurla inkişaf edir
Əlbəttə, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi ölkəmiz üçün ciddi çətinliklər yaradır. Bu çətinliklərə baxmayaraq respublikamız sosial və iqtisadi sahələrdə böyük uğurlara imza atıb. Bu gün Azərbaycan milli maraqların maksimum dərəcədə təmin olunmasını hədəfləyən inamlı daxili və xarici siyasətində məhz güclü iqtisadiyyatına əsaslanır. Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan son 13 ildə özünün iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Son 13 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstəricilərdən biri məhz Azərbaycanda qeydə alınıb. 2004-cü ildən bəri respublikamıza 200 milyard dollardan çox sərmayələr yönəldilməsi Azərbaycanın investisiya cəlbediciliyi kifayət qədər yüksək olan bir ölkəyə çevrildiyini, eyni zamanda, respublikamıza inamın artdığını təsdiqləyir. 2004-cü ildən bəri 71 min yeni müəssisənin yaradılması respublikamızda iqtisadi aktivliyin kifayət qədər yüksək olmasına dəlalət edir. Azərbaycanın uğurlu sosial-iqtisadi inkişaf göstəricilərinə diqqət çəkən Prezident İlham Əliyev bildirib: “2004-cü ildən başlayaraq Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox artmış, ölkəmizdə 1 milyon 600 mindən artıq iş yeri açılmışdır. İşsizlik səviyyəsi dünyada ən aşağı göstəricilərdən biridir - 5 faiz. Prioritetlərimizdən biri yoxsulluğun azaldılması idi. 2004-cü ildə yoxsulluğun səviyyəsi 40 faizdən artıq idi. İndi bu, cəmi 5-6 faizdir. Nağd valyuta ehtiyatlarımız ölkənin ÜDM-nə bərabərdir. Xarici dövlət borcu ÜDM-in 20 faizindən azdır”.
Yeri gəlmişkən, Azərbaycanın iqtisadi uğurları nüfuzlu beynəlxalq qurumlar tərəfindən də etiraf edilir. 2009-cu ildə Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında “Dünyanın aparıcı islahatçı ölkəsi” kimi qiymətləndirilib. Davos Dünya İqtisadi Forumunun “2016-2017-ci illər üzrə qlobal rəqabətə davamlılıq hesabatında” isə Azərbaycan 138 ölkə sırasında 37-ci yerdə qərarlaşıb. Bununla da, respublikamız MDB ölkələri arasında öz birinciliyini yenə də qoruyub saxlayır.
Ölkənin iqtisadi-maliyyə imkanlarının genişlənməsi, eyni zamanda, daha geniş sosial proqramların həyata keçirilməsinə zəmin yaradıb. İqtisadi inkişaf sahəsində böyük uğurlar əldə etmiş Azərbaycanda başlıca məqsəd vətəndaşların rifah halının daha da yaxşılaşdırılmasıdır. Ölkədə sosial infrastruktur quruculuğu geniş vüsət alıb. Son 13 ildə respublikamızda 3000-dən artıq məktəb, 600-dən çox səhiyyə müəssisəsi tikilib və yaxud təmir edilib. Bu gün respublikamızda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Hər il 5 milyondan artıq insan, yəni ölkə əhalisinin yarısı tamamilə dövlət büdcəsindən maliyyələşən tibbi yoxlamadan keçir. Azərbaycanın genişməzmunlu sosial siyasəti barədə söbət açan Prezident İlham Əliyev vurğulayıb: “Siyasətimizin əsas məqsədi vətəndaşlarımızın rifah halının daha da yaxşılaşdırılmasıdır. 2004-cü ildən etibarən ölkəmizdə əmək haqları 5,6 dəfə, pensiyalar isə 8,2 dəfə artmışdır”.
Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan böyük enerji və nəqliyyat layihələri ölkəmizin önəmini daha da artırıb
Azərbaycan beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı kimi tanınır və bir çox ölkənin enerji təhlükəsizliyini təmin edir. Müstəqillik illərində Azərbaycan Xəzər hövzəsində bir sıra irimiqyaslı enerji layihələrinin həyata keçirilməsində və uğurlu əməkdaşlıq platforması formalaşmasında mühüm rol oynayıb ki, bu da respublikamıza dünyada böyük nüfuz qazandırıb. Təsadüfi deyil ki, ayrı-ayrı ölkələr və transmilli şirkətlər respublikamızla əməkdaşlığa böyük maraq göstərirlər. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan indiyədək Azərbaycanın, eləcə də digər tərəfdaş ölkələrin inkişafında və enerji təhlükəsizliyində önəmli rol oynayan bir neçə mərhələnin keçildiyini xüsusi vurğulamaq lazımdır. “Əsrin müqaviləsi”ndən sonra 1996-cı ildə “Şahdəniz” qaz kontraktı üzrə Sazişin bağlanması çox önəmli hadisə idi. Çünki “Cənub Qaz Dəhlizi”nin resurs mənbəyi rolunda məhz “Şahdəniz” qaz yatağı çıxış edir. Ehtiyatları 1 trilyon kubmetrdən çox qiymətləndirilən “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir. 1999-cu ildə Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilib. 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilib. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün nəinki Azərbaycan üçün, eyni zamanda, Xəzər sahilinin şərq hissəsində yerləşən ölkələr üçün də mühüm ixrac boru kəməri funksiyasını yerinə yetirir. Bundan başqa, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə idi. Bundan sonra Azərbaycan dünyada özünü həm də qaz ölkəsi kimi tanıtmağa başlayıb.
“Əsrin müqaviləsi”nin və digər layihələrin uğurla həyata keçirilməsi Azərbaycanın gücünü o səviyyədə artırıb ki, hazırda ölkəmiz öz resurslarından səmərəli istifadə etməklə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir ölkəyə çevrilib. Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan yeni layihələr Avropanın enerji xəritəsini dəyişir ki, bu da olduqca qürurverici haldır. Resurs mənbəyi Azərbaycanın “Şahdəniz” yatağı olan “Cənub Qaz Dəhlizi”nin Avropa üçün əhəmiyyəti ölçüyəgəlməzdir. Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi”ni dünyanın ən iri infrastruktur layihələrindən biri kimi dəyərləndirərək deyib: “Azərbaycan qlobal enerji bazarında mühüm rol oynayır. Beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı olan Azərbaycan dünyanın bir çox ölkələri üçün enerji təhlükəsizliyini təmin edir. Bu gün Azərbaycan öz beynəlxalq tərəfdaşları ilə birlikdə “Cənub Qaz Dəhlizi” layihəsinin başa çatdırılmasına çox yaxındır. Sərmayələrinin həcmi 40 milyard dollara çatan bu layihə dünyanın ən iri infrastruktur layihələrindən biridir”.
Azərbaycan dünyaya özünü həm də geniş imkanlara malik tranzit ölkə kimi təqdim edir. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan üçün digər bir prioritet nəqliyyat sektoru ilə bağlıdır: “Digər mühüm prioritet nəqliyyatdır. Avropa ilə Asiya arasında yerləşən Azərbaycan Avrasiyada aparıcı nəqliyyat qovşaqlarından birinə çevrilmək istiqamətində öz coğrafi mövqeyindən müdrikcəsinə istifadə edir”.
Müstəqillik illərində Azərbaycanın əldə etdiyi böyük uğurlar sırasında müasir infrastruktur quruculuğunu, o cümlədən də ölkənin yol-nəqliyyat imkanlarının davamlı olaraq genişləndirilməsini xüsusi qeyd etmək mümkündür. Respublikamızda qısa müddətdə kifayət qədər yüksək səviyyəli yol-nəqliyyat infrastrukturu yaradılıb - bu sahədə irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib. Həyata keçirilən bu və ya digər tədbirlər sayəsində ölkəmizdə sərnişin və yük daşımalarının həcmi əhəmiyyətli dərəcədə artıb. Azərbaycan ölkəmizin ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin funksionallığını artırmaq məqsədilə genişmiqyaslı layihələr reallaşdırır. Ölkəmizin moderatorluğu ilə inşa olunan Bakı-Tbilisi Qars dəmir yolu Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin edəcək. Şərq-Qərb nəqliyyat dəhlizinin çox mühüm seqmentindən birini Ələtdə tikilən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı təşkil edir. Bu, Xəzər sahilində tikilən ən iri limandır.
Yaradılan yüksək səviyyəli zəruri infrastruktur sayəsində Azərbaycan özünü dünyaya tranzit ölkə kimi təqdim edir. Ölkəmizin ərazisindən keçən quru, su və hava marşrutları ilə beynəlxalq daşımalar uğurla həyata keçirilir. Artıq nəinki Orta Asiyadan, hətta Çindən, Cənubi Koreyadan Avropaya Azərbaycan ərazisindən yüklər getməyə başlayıb. Ukraynadan yola salınan sınaq qatarları ölkəmizdən Qazaxıstanın Aktau limanına, oradan isə Çinə göndərilib. Əvvəlki illərdə Türkiyədən Orta Asiyaya Gürcüstan və Rusiya ərazilərindən gedən yüklər indi Asiyaya Azərbaycan ərazisindən, Xəzər dənizi üzərindən yola salınır.
Azərbaycanın dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanınması ölkəmizin böyük üstünlüyüdür
Azərbaycanı müsbət mənada fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, ölkəmiz bu gün aralarında kəskin ixtilaflar yaşanan Avropa və İslam dünyası dövlətləri ilə eyni dərəcədə səmimi münasibətlər qurmağa nail olub. Asiya ilə Avropanın, müxtəlif sivilizasiyaların qovşağında yerləşən Azərbaycan Avropa coğrafiyasına daxil olan ölkələrlə əməkdaşlığın dərinləşməsinə böyük önəm verir. Hazırda ölkəmizin xarici ticarət dövriyyəsinin, demək olar ki, yarısı Avropa İttifaqının üzvü olan ölkələr ilə aparılır. Azərbaycanın istehsal etdiyi məhsulların böyük əksəriyyəti Avropaya ixrac edilir. Eyni zamanda, Avropa İttifaqı ölkələri Azərbaycanın əsas investorlarıdır.
Azərbaycan, eyni zamanda, İslam coğrafiyasına daxil olan dövlətlər arasında həmrəyliyin güclənməsinə böyük səy göstərir. Ölkəmiz bəşəriyyət üçün böyük mədəniyyət yaradan İslam coğrafiyasında əmin-amanlığın bərqərar olmasına yönələn səylərini İKT çərçivəsində davam etdirir. Qeyd edək ki, indiyədək respublikamız İslam coğrafiyasına aid müxtəlif məsələlərə həsr olunan bir neçə beynəlxalq tədbirə məmnuniyyətlə ev sahibliyi edib.
Respublikamızda ənənəvi olaraq mədəniyyətlərarası dialoq və humanitar forumlar keçirilir. Azərbaycanın 2008-ci ildə irəli sürdüyü təşəbbüs - “Bakı prosesi” mədəniyyətlərarası dialoqun davam etdirilməsi üçün əla platformaya çevrilib. 2012-ci ildə respublikamızın Avropanın mötəbər musiqi yarışmasına ev sahibliyi etməsi mədəni həyatımızda mühüm hadisə oldu.
Cari ilin birinci yarısında Bakıda V Qlobal Forumun, həmçinin V Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi əlamətdar hadisədir. Azərbaycanın ölkələr və xalqlar arasında əlaqələrin dərinləşməsində mühüm rol oynayan mötəbər idman yarışlarına ev sahibliyi etməsi də artıq ənənə halını alıb. Azərbaycan 2015-ci ilin yayında dünyanın 50 ölkəsindən təxminən 6 min idmançının iştirakı ilə Bakıda keçirilən birinci Avropa Oyunlarının təşkilində yeni standartlar müəyyənləşdirdi. 2016-cı ildə respublikamız “Formula-1” yarışlarına və beynəlxalq şahmat olimpiadasına ev sahibliyi etdi. Böyük tamaşaçı auditoriyası 2017-ci ilin birinci yarısında Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının, “Formula-1” qran-prisinin həyəcanını unutmayıb. Bir qədər bundan əvvəl respublikamız 41-ci dünya Skaut konfransına və 13-cü dünya Skaut gənclər forumuna ev sahibliyi edib. Azərbaycanın multikultural mühitinin üstünlüklərinə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bütün etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Azərbaycanda 2016-cı il “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan olunmuşdur”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 570 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30