/ / Bir-birinin strateji davamı olan iki müqavilə Azərbaycanda insan kapitalının inkişafını təmin edir
Bir-birinin strateji davamı olan iki müqavilə Azərbaycanda insan kapitalının inkişafını təmin edir
20.09.2017 [10:44]
Prezident İlham Əliyev: Bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün
Ulu öndər Heydər Əliyevin müdrikliklə işləyib hazırladığı və təməlini qoyduğu yeni neft strategiyasının uğurla reallaşdırılması sayəsində hər cəhətdən güclü dövlətə çevrilən Azərbaycanın həyatında bu günlərdə daha bir əlamətdar hadisə yaşanıb. Xəbər verildiyi kimi, sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. Bəhs olunan Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb. Qeyd edək ki, ölkəmizin Xəzərin Azərbaycan sektorunda yataqların işlənməsi, neft-qaz hasilatı və nəqli sahələrində transmilli şirkətlərlə əməkdaşlığı milli inkişafımız, respublikanın müstəqilliyinin möhkəmlənməsi, maliyyə və iqtisadi imkanlarının artması baxımından kifayət qədər uğurlu olub.
“Əsrin müqaviləsi”nin 23 il ərzində uğurla həyata keçirilməsi respublikamızda bütün sahələrdə müsbət reallıqlar yaradıb
Məlum olduğu kimi, müstəqil Azərbaycanın güclü dayaqlara malik ölkəyə çevrilməsində uğurlu enerji siyasəti, neft-qaz sənayesinin mükəmməl inkişafı mühüm rol oynayıb. Müstəqilliyin ilk illərində ölkəmiz bütün sahələrdə çox ciddi problemlərlə üzləşmişdi. İqtisadi tənəzzül, getdikcə artan inflyasiya, kəskin maliyyə çatışmazlığı, insanlarda sabaha inamsızlıq, xaos, Ermənistanın havadarlarının köməyi ilə apardığı işğalçılıq siyasəti - o dövrdə respublikanın mənzərəsini səciyyələndirən bu kimi mənfi amillər hələ kövrək olan müstəqilliyimiz üçün ciddi təhdidlər yaradırdı. Ən acınacaqlı cəhət o idi ki, ölkədə inkişaf üçün heç bir perspektiv görünmürdü.
Belə çətin dönəmdə - 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikanın siyasi rəhbərliyinə gələn Ümummilli lider Heydər Əliyev çox böyük uzaqgörənliklə Azərbaycanın yeni neft strategiyasını işləyib hazırladı. Yeni neft strategiyasında ölkənin milli maraqları hər şeydən üstün tutulmuşdu. 1994-cü il sentyabrın 20-də müstəqil Azərbaycanın həyatında tarixi hadisə baş verdi - Ulu öndər Heydər Əliyevin səyləri sayəsində Bakıda dünyada tanınan transmilli şirkətlərin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi”nin imzalanması Ulu öndər Heydər Əliyevin müstəsna xidməti idi. Çünki yuxarıda bəhs olunan çətinliklər fonunda xarici şirkətlər Azərbaycana sərmayə yönəltməkdən çəkinirdilər. Uzaqgörən siyasətçi Heydər Əliyev məhz belə bir ağır şəraitdə xarici investorların Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının işlənməsinə irihəcmli sərmayələr yönəltmələrinə nail oldu. Yeri gəlmişkən sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimindəki nitqində “Əsrin müqaviləsi”ni ölkəmiz üçün tarixi nailiyyət kimi səciyyələndirən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycan o vaxt çox riskli bir yer sayılırdı və belə bir vəziyyətdə 1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması, ölkəmizə böyük sərmayə qoyuluşunun cəlb edilməsi doğrudan da tarixi nailiyyətdir”.
“Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycanın hərtərəfli inkişafı üçün etibarlı zəmin yaranıb. Ölkəmizdə neft-qaz sənayesinin “Əsrin müqaviləsi” ilə başlayan sürətli inkişafı milli iqtisadiyyatımızın və bütövlükdə, ölkənin inkişafının əsas mənbəyi rolunda çıxış edib. Ötən 23 il ərzində “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarından 436 milyon ton neft hasil edilib. Neft gəlirlərindən səmərəli istifadə edilməsi sayəsində respublikamızda bütün sahələrdə müsbət reallıqlar yaranıb. “Əsrin müqaviləsi” ilə təməli qoyulan yeni neft strategiyasının uğurla reallaşdırılması sayəsində Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin edib. Eyni zamanda, ölkəmiz xarici partnyorlarla uğurlu və kifayət qədər səmərəli əməkdaşlıq modelinə malikdir. Əlamətdar haldır ki, bu gün SOCAR beynəlxalq səviyyəli şirkətə çevrilib. “Əsrin müqaviləsi” və digər kontraktlar çərçivəsində ölkəmizə gələn neft gəlirləri gələcək inkişaf baxımından prioritet sayılan sahələrə, o cümlədən də iqtisadiyyatın diversifikasiya edilməsinə, ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna istiqamətləndirilməsinə yönəldilir ki, bütün bunlar da son nəticədə respublikanın dinamik sosial-iqtisadi inkişafında öz əksini tapır. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizi üstələyib.
Ümumiyyətlə, “Əsrin müqaviləsi”nin uğurla icra edildiyi 23 il ərzində Azərbaycan neft gəlirləri sayəsində özünün iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırmağa nail olub. Bu gün Azərbaycan dünya miqyasında öz hesabına yaşayan, taleyi öz əlində olan azsaylı ölkələrdən biridir. Ölkəmiz üçün belə geniş imkanların yaranmasında “Əsrin müqaviləsi”nin müstəsna rolu var. Prezident İlham Əliyev bəhs olunan müqavilənin son 23 ildə ölkəmizin inkişafına göstərdiyi təsiri bir daha nəzərə çatdıraraq bildirib: “Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı”.
Xəzər hövzəsində uğurlu əməkdaşlıq platformasının yaranması Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyası, eyni zamanda, regional və qlobal miqyasda uğurlu əməkdaşlıq platforması formalaşmasında mühüm rol oynayıb və respublikamıza dünyada böyük nüfuz qazandırıb. Təsadüfi deyil ki, ayrı-ayrı ölkələr və transmilli şirkətlər respublikamızla əməkdaşlığa böyük maraq göstərirlər. “Əsrin müqaviləsi” imzalandıqdan indiyədək Azərbaycanın, eləcə də digər tərəfdaş ölkələrin inkişafında və enerji təhlükəsizliyində önəmli rol oynayan bir neçə mərhələnin keçildiyini xüsusi vurğulamaq lazımdır. “Əsrin müqaviləsi”ndən sonra 1996-cı ildə “Şahdəniz” qaz kontraktı üzrə Sazişin bağlanması çox önəmli hadisə idi. Çünki “Cənub” qaz dəhlizinin resurs mənbəyi rolunda məhz “Şahdəniz” qaz yatağı çıxış edir. Ehtiyatları 1 trilyon kubmetrdən çox qiymətləndirilən “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir.
1999-cu ildə Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilib. 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilib. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün nəinki Azərbaycan üçün, eyni zamanda, Xəzər sahilinin şərq hissəsində yerləşən ölkələr üçün də mühüm ixrac boru kəməri funksiyasını yerinə yetirir. Bundan başqa, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə idi. Bundan sonra Azərbaycan dünyada özünü həm də qaz ölkəsi kimi tanıtmağa başlayıb. Hazırda respublikamızın fəal iştirakı ilə Azərbaycan qazını Avropaya nəql edəcək “Cənub Qaz Dəhlizi”nin bütün seqmentləri üzrə işlər uğurla davam etdirilir.
Beləliklə, Azərbaycanın “Əsrin müqaviləsi” ilə başlayan şaxələndirilmiş uğurlu enerji siyasəti hazırkı qlobal risklər şəraitində respublikamıza böyük iqtisadi və siyasi dividendlər gətirməklə yanaşı, tərəfdaş ölkələrin də enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Məhz ölkəmizin şaxələndirilmiş enerji siyasəti, təşəbbüsləri, böyük fəallığı və daim xoş niyyət nümayiş etdirməsi sayəsində hazırda Xəzər hövzəsi bir sıra ölkələr, Asiya ilə Avropa arasında qarşılıqlı faydalı əməkdaşlıq məkanına çevrilib.
“Əsrin müqaviləsi”nin və digər layihələrin uğurla həyata keçirilməsi Azərbaycanın gücünü o səviyyədə artırıb ki, hazırda ölkəmiz öz resurslarından səmərəli istifadə etməklə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir ölkəyə çevrilib. Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan yeni layihələr Avropanın enerji xəritəsini dəyişir ki, bu da olduqca qürurverici haldır.
Resurs mənbəyi Azərbaycanın “Şahdəniz” yatağı olan “Cənub Qaz Dəhlizi”nin Avropa üçün əhəmiyyəti ölçüyəgəlməzdir. Mübaliğəsiz demək mümkündür ki, “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyinə, regional və qlobal əməkdaşlığın dərinləşməsinə sanballı töhfə olacaq. Hazırda Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan “Cənub Qaz Dəhlizi”nin TANAP, TAP və digər seqmentləri üzrə işlər böyük uğurla davam etdirilir. “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması çox haqlı olaraq gələcəyə baxış kimi dəyərləndirilir. Avropanın enerji təhlükəsizliyi üçün nəzərdə tutulan bu dəhliz 3600 kilometr məsafədə uzanmaqla Bakı-Tbilisi-Ceyhanın uzunluğunu iki dəfə üstələyəcək. On illər boyu davam edəcək layihənin yerinə yetirilməsinə 45 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulub.
Əsas məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan “Əsrin müqaviləsi”ndə və Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi məqsədilə yaradılan digər əməkdaşlıq platformalarında bir qayda olaraq moderator rolunda çıxış edir. Ölkəmiz o prinsipi əsas götürür ki, müxtəlif platformalarda əməkdaşlıq edən tərəflərin hamısı bu əməkdaşlıqdan faydalanmalıdırlar. Prezident İlham Əliyev yuxarıda bəhs olunan mərasimdəki çıxışında diqqəti Xəzərin Azərbaycan sektorunda xarici şirkətlərlə mövcud olan əməkdaşlıq formatının həm ölkəmiz, həm də digər iştirakçılar üçün önəminə çəkərək bildirib: “Azərbaycan aparıcı xarici neft, enerji şirkətləri ilə çox uğurlu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq formatı yaratmışdır. Bu, bizə böyük faydalar gətirib. Əlbəttə ki, xarici tərəfdaşlar da bu layihənin icrası nəticəsində böyük mənfəət əldə ediblər. Bu, o hadisələrdəndir ki, burada hər iki tərəf qalib gəlir”.
Yeni əsrin kontraktı respublikamızın qarşısında daha geniş imkanlar açır
Biz yuxarıda “Əsrin müqaviləsi”nin müstəqillik illərində ölkəmizin inkişafında oynadığı mühüm rol barədə qısa söhbət açdıq. Artıq bu müqavilənin icra müddəti başa çatmaq üzrədir. Eyni zamanda, Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişdə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb. Sazişin imzalanması mərasimində vurğulandığı kimi, yeni sənəd Azərbaycan üçün daha yaxşı şərtlərlə hazırlanıb. Bəhs olunan Sazişin bir neçə parametrini sadalamaq kifayətdir ki, bu barədə konkret təsəvvür yaransın.
Əvvəla, yeni Sazişin imzalanması tərəfdaşları arasında ölkəmizə qarşı böyük inam formalaşdığını təsdiqləyir. “Əsrin kontraktı”nın icra müddəti tamamlandıqdan sonra tərəfdaşların bir-birləri qarşısında hər hansı öhdəlikləri qalmayacaqdı və onlar yeni partnyorlar, yeni əməkdaşlıq məkanları tapmaqda sərbəst olacaqdılar. Lakin Azərbaycana olan inam BP və digər şirkətləri respublikamızla qarşılıqlı faydalı əməkdaşlığı bundan sonra daha da irəli aparmağa sövq edib. BP-nin respublikamızla əməkdaşlığının 23 illik tarixi var. Bu şirkət ölkəmizdə reallaşdırılan “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz”, “Cənub Qaz Dəhlizi” kimi enerji layihələrində əsas investor kimi iştirak edib. Uzun illər ərzində yaranan qarşılıqlı inam yeni Sazişin imzalanması üçün də fundamental amil rolunda çıxış edib.
Yeni Saziş çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Sənədə əsasən, xarici investorlar tərəfindən ölkəmizə 3,6 milyard dollar həcmində bonus ödəniləcək. Bundan başqa, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək. Yeni Sazişə əsasən, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılıb və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.
Sadalanan parametrlər yeni Sazişin əsas şərtləridir. Deyilənlərdən də göründüyü kimi, Azərbaycanın gələcək inkişafı baxımından bəhs olunan Sazişin böyük önəmi var. Prezident İlham Əliyev bildirib ki, enerji layihələrinin reallaşdırılması sayəsində gələcəkdə respublikamızın maliyyə imkanları daha da genişlənəcək: “Bizim çox böyük maliyyə resurslarımız var. Artıq 1999-cu ildən fəaliyyətə başlamış Azərbaycan Dövlət Neft Fondu bizim üçün çox önəmli bir amildir. Biz valyuta ehtiyatlarımızı artırırıq, hətta neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yaranmış bəzi çətinliklər də bizi bu yoldan döndərə bilmədi. Biz hətta bu illərdə də öz valyuta ehtiyatlarımızı artırmışıq, artıracağıq. Əlbəttə ki, “Əsrin kontraktı”nın uzadılması və “Şahdəniz” layihəsinin, “Cənub Qaz Dəhlizi”nin icrası nəticəsində bizim maddi imkanlarımız daha da genişlənəcək”.
Neft gəlirlərini davamlı olaraq insan kapitalının inkişafına yönəltməsi Azərbaycanın böyük üstünlüyüdür
Bir sıra ölkələrin acı təcrübəsi göstərir ki, zəngin karbohidrogen ehtiyatlarının olması heç də həmin ölkələrin firavan, xoşbəxt yaşamasını təmin etməyib, əksinə, ayrı-ayrı hallarda təbii sərvətlər inkişafın qarşısında əngələ çevrilib, insanlar yerin təkindən “qara qızıl” hasil etdikləri halda, səfalət içində yaşayıblar. Bunun əsas səbəbi isə bəzi hallarda milli dövlətlərin neft gəlirlərini səmərəli şəkildə idarə etməmələri ilə bağlıdır. Azərbaycanın nümunəsində isə tamam fərqli mənzərənin şahidi oluruq. Ölkəmizdə neft gəlirlərinin səmərəli idarə edilməsi məqsədilə Neft Fondu yaradılıb. Bura toplanan vəsaitlər həm gələcək nəsillər üçün qorunub saxlanılır, həm də ölkə üçün strateji əhəmiyyət daşıyan layihələrin icrasına yönəldilir.
Ötən dövrdə neft gəlirlərinin səmərəli istifadə edilməsi sayəsində ölkəmizdə sosial sferanın prioritetliyini təmin etmək mümkün olub. Bu barədə söhbət açarkən Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında insan kapitalının inkişafına böyük qayğı göstərildiyini xüsusi qeyd etmək lazımdır. Bu sahədə respublikamız dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad edib. Müasir dövr elm, təhsil, yeni texnologiyalar, innovasiyalar dövrüdür. Ayrı-ayrı ölkələr ilk növbədə insan kapitalının formalaşdırılması sayəsində yüksək inkişaf səviyyəsinə çatıb. Azərbaycan da məhz bu yolu tutub. Azərbaycanda yeni neft bumu başlayanda qarşıya qoyulan məqsədlər barədə söhbət açan Prezident İlham Əliyev deyib: “Bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün”.
Bu gün paytaxt Bakının və regionların müsbət reallıqlarından da göründüyü kimi, insan kapitalının formalaşmasına müsbət təsir göstərən infrastrukturun yaradılması Azərbaycanın prioritetləri sırasında mühüm yer tutur. Müstəqillik illərində bütün ölkə boyunca məktəblərin maddi-texniki bazası möhkəmləndirilib, təhsilin keyfiyyətini yüksəltmək məqsədilə zəruri tədbirlər həyata keçirilib. Eyni zamanda, paytaxt Bakıda və bölgələrdə yeni səhiyyə müəssisələri açılıb, insanlara göstərilən tibbi xidmətin səviyyəsi yüksəldilib. Bütün bunların arxasında isə, təbii ki, dövlətin güclü siyasi iradəsi ilə yanaşı, eyni zamanda, neft gəlirlərinin məqsədyönlü şəkildə insan kapitalının inkişafına yönəldilməsi amili dayanır. Bu cəhətə diqqət çəkən Prezident İlham Əliyev deyib: “Bu gün bizim abadlaşan bölgələrimiz, inkişaf edən ölkə, Bakı şəhəri, - dünyanın ən gözəl şəhərlərindən biridir, - tikdiyimiz 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə tikdiyimiz 50-dən çox olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi - bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız dayanır”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00

