Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: Əlimizdən gələni edirik və edəcəyik ki, məcburi köçkünlərin vəziyyətini daha da yaxşılaşdıraq

Prezident İlham Əliyev: Əlimizdən gələni edirik və edəcəyik ki, məcburi köçkünlərin vəziyyətini daha da yaxşılaşdıraq

20.06.2017 [09:18]

İndiyədək respublikanın müxtəlif bölgələrində məcburi köçkünlər üçün 95 müasir yaşayış kompleksi salınıb, 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb
Azərbaycanda iki mühüm istiqamət - iqtisadi və sosial sferalar paralel şəkildə inkişaf etdirilir. Başqa sözlə desək, ölkədə davamlı iqtisadi inkişafın təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülür, genişməzmunlu islahatlar həyata keçirilir. Eyni zamanda, iqtisadi potensial və maliyyə imkanları artdıqca insanların həyat səviyyəsinin yüksəldilməsi, sosial infrastruktur quruculuğu da adekvat şəkildə diqqət mərkəzində saxlanılır. Respublikamızda milli iqtisadiyyatın sosialyönümlülüyünün təmin olunması nəticəsində əhalinin real gəlirlərinin orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz bəndi üstələyib, ölkəmizdə yoxsulluq səviyyəsi 5 faizə enib. Qeyd edək ki, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb.
Ölkəmiz xarici mənfi təsirlər nəticəsində yaranan və müəyyən çətinliklərlə müşayiət olunan yeni şəraitdə də özünün dərinməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Prezident İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində vurğulayıb ki, ölkənin daxili siyasətində sosial sahəyə bundan sonra da xüsusi diqqət ayrılacaq: “Daxili siyasət məsələlərinə gəldikdə, əlbəttə ki, biz sosial sahəyə bundan sonra da xüsusi diqqət ayıracağıq. Bu sahə bizim üçün prioritetdir. Mən dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz bütün işləri ona görə görürük ki, xalqımız daha da yaxşı yaşasın”.
Qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
Müstəqillik illərində bütün sahələrdə inamlı inkişafa nail olan Azərbaycanın ən ağrılı problemi Ermənistanın havadarlarının köməyi ilə həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində 20 faizədək torpaqlarımızın zəbt olunması ilə bağlıdır. Həmin ərazilərdə bütün infrastruktur, yaşayış evləri, ictimai binalar, qəbiristanlıqlar, həmçinin çoxəsrlik tarixə malik mədəniyyət abidələrimiz düşmən ordusu tərəfindən vəhşicəsinə dağıdılıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən ağır nəticələrindən biri də soydaşlarımızın öz doğma yurd-yuvalarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşmələridir. Prezident İlham Əliyevin “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova “Sputnik Azərbaycan” üçün müsahibəsində qeyd etdiyi kimi, Dağlıq Qarabağ hüdudlarındakı ərazilərdən 750 min, Dağlıq Qarabağdan 40 mindən çox, Ermənistandan 200 mindən artıq azərbaycanlı qovulub. 1993-cü ildə yoxsul ölkədə 1 milyon qaçqın vardı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində ev-eşiklərini itirən insanlar ilk vaxtlarda çadırlarda, yük vaqonlarında, yarımçıq tikililərdə, başqalarına məxsus mənzillərdə müvəqqəti məskunlaşmaq məcburiyyətində qalmışdılar.
Azərbaycan dövləti həyatın sərt sınağı ilə üzləşərək qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, onların sosial müdafiələrinin gücləndirilməsinə, məşğulluqlarının təmin edilməsinə davamlı qayğı göstərir. Qeyd edək ki, ölkəmizdə qaçqınlara və məcburi köçkünlərə qayğı siyasətinin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəldiyi elə ilk vaxtlardan qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərini diqqət mərkəzində saxlamağa başladı və ölkəmizin üzləşdiyi humanitar fəlakətin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində əməli tədbirlər gördü. Ümummilli liderin səyləri ilə həyata keçirilən tədbirlər sayəsində 1993-2003-cü illərdə ayrı-ayrı dövlətlər, beynəlxalq maliyyə qurumları, humanitar təşkilatlar tərəfindən qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə müxtəlif layihələr üzrə təxminən 640 milyon ABŞ dolları həcmində humanitar yardım göstərildi. 1999-cu ildə Ümummilli lider Heydər Əliyevin BMT-nin Ümumdünya Ərzaq Proqramının baş qərargahına müraciətinə əsasən həmin təşkilatın Azərbaycanda fəaliyyət müddəti müstəsna hal kimi 2005-ci ilin sonuna qədər uzadıldı. 1998-ci ildə Ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edildi. Növbəti ildə ölkə Prezidentinin Fərmanı ilə dünya təcrübəsində ilk dəfə olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil olundu. Görülən tədbirlər bu kateqoriyadan olan insanların həm məşğulluq problemlərinin həllində, həm də həyat şəraitlərinin yüksəlməsində əhəmiyyətli rol oynadı.
Qaçqın və məcburi köçkün soydaşlarımızın sosial vəziyyətlərinin, o cümlədən də mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində illər boyu qurub-yaratdıqları ev-eşiklərindən məhrum qalan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən sosial siyasətin əsasını təşkil edir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkəmizdə məcburi köçkün soydaşlarımızın problemlərinin həllinin daim diqqət mərkəzində saxlanıldığını bildirərək deyib: “Keçən il məcburi köçkünlərin problemlərinin həlli üçün yeni addımlar atılmışdır, yeni qəsəbələr salınmışdır. Bu il də bu proses davam edəcək, yəni, bu məsələ daim diqqət mərkəzindədir. Əlimizdən gələni edirik və edəcəyik ki, məcburi köçkünlərin vəziyyətini daha da yaxşılaşdıraq”.
Son 13 ildə dövlət başçısının siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi, o cümlədən də onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, Prezident İlham Əliyev tərəfindən 2003-2017-ci illərdə məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı 55 Fərman və Sərəncam imzalanıb. 2004-cü il iyunun 8-də Mingəçevir şəhərində 412 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbənin açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin həmin ilin 1 iyulunda imzaladığı müvafiq Sərəncamla “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiqlənib. Prezident İlham Əliyevin 31 oktyabr 2007-ci il tarixli müvafiq Sərəncamı ilə təsdiqlənən Əlavələrə əsasən, Dövlət Proqramının icra müddəti uzadılıb və əhatə dairəsi genişləndirilib.
Haqqında bəhs olunan Dövlət Proqramı və ona edilən əlavələr qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına güclü təkan verib. Ümumilikdə, Dövlət Proqramında 22921 ailənin - 110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 30 min iş yerinin açılması nəzərdə tutulurdu. Ötən müddətdə dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrası istiqamətində böyük iş həcmi yerinə yetirilib.
Eyni zamanda qeyd edək ki, qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına və digər sosial ehtiyaclarının ödənilməsinə son 23 ildə 6 milyard manatdan çox vəsait sərf olunub. Ümumilikdə indiyədək ölkənin müxtəlif regionlarında 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Qeyd edək ki, qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımız üçün salınan yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 Olimpiya İdman Kompleksi tikilib.
Qəzalı binalarda yaşayan bütün məcburi köçkünlər rahat mənzillərlə təmin ediləcəklər
Ümumiyyətlə, indiyədək Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində qaçqın və məcburi köçkün soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra layihələr uğurla tamamlanıb. Dövlət başçısı İlham Əliyev hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində Biləsuvar rayonunun ərazisində məcburi köçkünlər üçün salınan yeni qəsəbənin gələcək sakinləri ilə görüşündə belə bir vədlə çıxış etmişdi: “Ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq”. Prezident İlham Əliyev bu vədini vaxtından əvvəl yüksək səviyyədə yerinə yetirməyə nail olub. Belə ki, dövlət başçısının gündəlik diqqət və qayğısı sayəsində 2007-ci ilin dekabrında Biləsuvar, Bərdə, Ağcabədi, Saatlı, Sabirabad, İmişli rayonlarındakı 12 çadır şəhərciyinin ləğv edilməsi və çadırlarda müvəqqəti sığınacaq tapan soydaşlarımızın hər cür kommunal rahatlıqlara malik mənzillərlə təmin edilməsi tam başa çatdırılıb. Sonuncu çadır şəhərciyinin ləğv edilməsi ilə 4179 məcburi köçkün ailəsinin mənzil-məişət problemi həllini tapıb.
2016-cı il üçün nəzərdə tutulan tədbirlərə uyğun olaraq, Füzuli rayonunda 400 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb. Ölkəmizdə bütün çadır şəhərciklərinin ləğv edilməsindən sonra növbə fin evlərində və digər uyğunlaşdırılmış tikililərdə müvəqqəti sığınacaq tapan qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına çatıb və hazırda bu istiqamətdə intensiv iş aparılır.
Eyni zamanda, cari ildə Bakı, Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni layihəyə start verilib. Prezident İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində bəyan edib ki, bir neçə min məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək: “Biz Bakı, Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlər üçün də yeni binaların tikintisinə başlayırıq. Bu da çox geniş bir proqram olacaqdır. Bir neçə min ailə, məcburi köçkün yaxın gələcəkdə yeni, gözəl evlərə, mənzillərə köçürüləcək”.
Yeri gəlmişkən, cari il martın 9-da ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın keçirdiyi ilk müşavirə də cəmiyyətin həssas təbəqəsinin problemlərinə - Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilib. Müşavirədə bildirilib ki, indiyədək görülən işlərə baxmayaraq, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox sayda məcburi köçkün ailəsi yaşayır. Bundan narahatlıq ifadə edən Birinci vitse-prezident müşavirədəki çıxışında hələ də çətin şəraitdə yaşayan məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün əlavə və təxirəsalınmaz addımların atılmasının zəruriliyini diqqətə çatdırıb. O deyib: “Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. Bu məqsədlə əlavə vəsait ayrılmalıdır, binaların inşası üçün ərazi müəyyənləşdirilməlidir və tezliklə binaların inşası başlamalıdır”.
İlk müşavirəsində Birinci vitse-prezident qarşıya konkret vəzifə qoyub. O bildirib ki, qarşımızda duran məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir.
Birinci vitse-prezidentin iştirakı ilə Qaradağda məcburi köçkünlər üçün tikilən yeni yaşayış kompleksinin təməli qoyuldu
Birinci vitse-prezidentin keçirdiyi müşavirədən cəmi bir neçə ay ötməsinə baxmayaraq, Bakı və Sumqayıt şəhərlərində qəzalı vəziyyətdə olan binalarda yaşayan məcburi köçkün soydaşlarımızın rahat mənzillərə köçürülməsi istiqamətində genişmiqyaslı işə start verilib. Belə ki, mayın 30-da Mehriban xanım Əliyevanın şəxsən iştirakı ilə Qaradağ rayonunda məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməli qoyulub. Yeni yaşayış kompleksi 6 hektardan çox ərazidə salınır. Burada ümumilikdə 1026 ailə üçün onbirmərtəbəli 9 bina inşa olunacaq. Qəsəbənin bütün lazımi infrastrukturu olacaq, 220 nəfərlik uşaq bağçası, 624 şagird yerlik orta məktəb binası tikiləcək. Mehriban Əliyeva təməlqoyma mərasimindəki çıxışında əminliyini ifadə edərək deyib ki, çox yaxın gələcəkdə - 1 il ərzində insanların rahat yaşaması üçün burada yeni bir qəsəbə salınacaq.
Ümumiyyətlə, Birinci vitse-prezidentin yanında keçirilən ilk müşavirədən sonra birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlanıb. Hazırda bu plana uyğun olaraq Abşeron rayonunun Masazır qəsəbəsində 3 bina, Sabunçu rayonunun Ramana qəsəbəsində 1 bina inşa olunur. Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün artıq 5 binanın tikintisi başlayıb və digər 5 binanın inşası üçün yer ayrılıb, yaxın zamanda tikinti işləri başlayacaq. Bununla yanaşı, həm Bakı şəhərində, həm də Sumqayıtda tikilmiş hazır binalarda həmin məqsəd üçün dövlət tərəfindən mənzillər alınır.
Məcburi köçkünlər üçün ən rahat mənzillər işğaldan azad edilən ərazilərdə tikiləcək
Qaçqın və məcburi köçkün soydaşlarımız üçün ölkənin müxtəlif şəhər və rayonlarında yeni qəsəbələrin salınması müvəqqəti xarakter daşıyır. Ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində o mövqedən çıxış edir ki, münaqişə beynəlxalq hüquq normalarına uyğun şəkildə həllini tapmalı və zəbt olunan bütün torpaqlar geri qaytarılmalıdır. Hələlik ölkəmiz xoş məram nümayiş etdirərək münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda fəal iştirak edir. Ancaq danışıqlar sonsuzluğadək davam edə bilməz. Danışıqlar prosesi nəticə verməyəcəyi təqdirdə ölkəmiz öz ərazi bütövlüyünü başqa vasitələrlə təmin etmək məcburiyyətində qalacaq. Məcburi köçkünlər üçün ən rahat mənzillər də işğaldan azad edilən ərazilərdə tikiləcək. Prezident İlham Əliyev Ağdam rayonunun ictimaiyyəti ilə görüşündə torpaqlarımızın işğaldan azad ediləcəyi və qaçqın soydaşlarımızın öz yurd yerlərinə qayıdacaqları ilə bağlı nikbinliyini bir daha ifadə edərək vurğulayıb: “Hər bir məcburi köçkün bir arzu ilə yaşayır ki, öz doğma kəndlərinə, şəhərlərinə qayıtsın. Əminəm ki, o gün də gələcək və o günü yaxınlaşdırmaq üçün biz əlimizdən gələni edirik”.
Aprel döyüşləri Azərbaycanın öz mövqeyində qətiyyətli olduğunu bütün dünyaya göstərdi. Yeri gəlmişkən bəhs olunan döyüşlərdə ordumuzun rəşadəti sayəsində Lələtəpə yüksəkliyinin azad edilməsi sayəsində qoşunların təmas xəttinin yaxınlığında yerləşən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına imkan yaranıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən qısa müddətdə 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlı olmaqla 50 ev tikilib. Küçələrdə gecə işıqlandırma sistemi qurulub. Su, qaz, telefon xətləri çəkilib, 100 kubmetrlik su anbarı inşa edilib. Qəsəbədaxili yollara və səkilərə asfalt örtüyü salınıb, yaşıllaşdırma işləri aparılıb. Həmçinin 35/10 kilovoltluq yeni yarımstansiya inşa edilib, komplekt transformator məntəqəsi, subartezian quyusuna xidmət edəcək transformator quraşdırılıb, 0,4 kilovoltluq şəbəkə yaradılıb.
Artıq kəndin bərpası başa çatıb. Elə bu günlərdə Prezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndinə səfəri çərçivəsində burada görülən işlərlə tanış olub, sakinlərlə görüşüb.
Növbəti mərhələdə isə Cocuq Mərcanlıda 150 evin və digər infrastrukturun tikintisi və bərpası nəzərdə tutulur. Kənddə insanların məşğulluğunun təmin olunması da vacib məsələlərdəndir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bununla bağlı fikirlərini ifadə edərək bildirib: “Əlbəttə ki, orada yaşayacaq insanlar üçün iş yerləri də açılmalıdır. Həm əkin sahələri, digər iş yerlərinin yaradılması üçün tədbirlər görüləcək və beləliklə, biz vətəndaşlarımızı uzun fasilədən sonra öz doğma ata-baba torpağına qaytaracağıq”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 545 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31