Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP Nərimanov rayon təşkilatının X hesabat-seçki konfransı keçirilib

YAP Nərimanov rayon təşkilatının X hesabat-seçki konfransı keçirilib

09.06.2017 [11:37]

Əli Həsənov: Ümummilli liderimiz Heydər Əliyevin həmişəyaşar ideyaları bu gün uğurla həyata keçirilir. Prezident İlham Əliyevin siyasəti xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir
İyunun 8-də Nərimanov rayon İcra Hakimiyyətinin akt zalında Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının X hesabat-seçki konfransı keçirilib.
Konfransda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov, YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Milli Məclisin deputatları Cavanşir Paşazadə və Adil Əliyev iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə İcra Hakimiyyətinin foyesində Ümummilli liderimiz Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüblər.
Daha sonra konfransda hesabat məruzəsi ilə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı olduğu kimi, eyni zamanda, Yeni Azərbaycan Partiyasının yaradıcısıdır. Natiq deyib ki, Ümummilli liderin qurucusu olduğu və Prezident İlham Əliyevin müdrik və qətiyyətli fəaliyyəti ilə güclənən Yeni Azərbaycan Partiyası ölkəmizin qurtuluş simvoluna, tərəqqi rəmzinə çevrilib.
T.Tağıyev qeyd edib ki, YAP Nərimanov rayon təşkilatının IX konfransında üzvlərinin sayı 19658 nəfər olduğu halda, X konfransa qədərki dövrdə üzvlərin sayı 21340 nəfərə çatıb. Hal-hazırda ilk partiya təşkilatlarının sayı isə 131-dir. O, hesabat dövründə təşkilatın həyata keçirdiyi tədbirlər, layihələr haqqında məlumat verib: “Biz də YAP Nərimanov rayon təşkilatı olaraq istedadlı, cəmiyyətə və dövlətə xidmət etmək istəyən gəncləri öz ətrafımızda birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görürük”.
Daha sonra YAP Nərimanov rayon təşkilatı Nəzarət-təftiş qrupunun sədri Mikayıl Əhmədovun hesabat məruzəsi dinlənilib.
Məruzələrlə əlaqədar “91-lər hərəkatı”nın üzvü, professor Əlişir Musayev bildirib ki, partiyamızın qurucusu Heydər Əliyev tarix yaradan şəxsiyyətdir. Ötən əsrin doxsanıncı illərinin əvvəlində qarşıda duran əsas vəzifənin müstəqil dövlət quruculuğu olduğunu xatırladan Ə.Musayev YAP-ın da bu məqsədlə yaradıldığını qeyd edib: “YAP yaradılanda onun şüarı “Müstəqil Azərbaycan uğrunda” idi. Yəni partiyamız müstəqil dövlət quruculuğu uğrunda mübarizə aparırdı və buna da nail olub. Bu gün məhz Heydər Əliyev şəxsiyyətinin sayəsində Azərbaycan müstəqilliyinin dönməzliyini təmin edib”.
YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova çıxışında rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, təşkilatın sıralarında birləşən qadınlar ictimai-siyasi proseslərdə yaxından iştirak edirlər. O, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin bütün qadınlar üçün örnək olduğunu bildirib.
Təşkilatın Gənclər Birliyinin sədri Yusif Babanlı isə hesabat dövründə həyata keçirilən tədbirlər haqqında məlumat verib. Onun sözlərinə görə, Azərbaycan gəncliyinin tərkib hissəsi olaraq Nərimanov gəncləri də Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər.
Çıxış edən Nərimanov rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev Yeni Azərbaycan Partiyasının yaranması zərurətindən danışıb, o dövrdə baş verən hadisələrlə bağlı fikirlərini bildirib. A.Fərzəliyev qeyd edib ki, xalqımız 1992-ci ilin noyabrında Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasını böyük sevinclə qarşılayıb. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı.
A.Fərzəliyev bildirib ki, 2003-cü ildən alternativi olmayan bu siyasəti inamla davam etdirən Prezident İlham Əliyevin ötən dövrdəki əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, YAP-ın cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirib.
Konfransda çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov konfransın işinə uğurlar arzulayıb. Əli Həsənov bildirib ki, konfransda verilən məlumatlar, təqdim olunan hesabatlar və hesabatlarla bağlı səsləndirilən fikirlər deməyə əsas verir ki, YAP Nərimanov rayon təşkilatının fəaliyyəti dinamik olub və onun fəaliyyəti qənaətbəxş qiymətləndirilə bilər.
Əli Həsənovun sözlərinə görə, YAP yarandığı vaxtdan Nərimanov rayon təşkilatı partiyanın avanqard təşkilatlarından biri olub: “Xatirimdədir ki, o zamanlar Ümummilli lider Heydər Əliyevin silahdaşları Nərimanov rayonunda partiyanın yaradılması və təşkilatlanması işi ilə məşğul olurdular. Bu fəaliyyət sonra digər rayonlarda da yayıldı”.
Əli Həsənov qeyd edib ki, Yeni Azərbaycan Partiyası 1992-ci ildə Azərbaycan Respublikasının mövcud vəziyyətindən, zərurətdən yarandı: “O zaman partiyanın yaradılması təşəbbüsü ilə çıxış edən “91-lər” və onların ətrafında toplaşan digər ziyalılar düşünmürdülər ki, partiya kimisə hakimiyyətə gətirmək istəyir. Ümummilli lider Heydər Əliyev partiyaya sədrlik etməyə razılıq verəndə düşünmürdü ki, O, Yeni Azərbaycan Partiyasının Sədri kimi hakimiyyətə gələcək. O zaman Ümummilli lider belə bir fikir irəli sürmüşdü ki, “mən bütün Azərbaycan xalqını, bütün Azərbaycan ziyalılarını mövcud hakimiyyətin ətrafında birləşməyə çağırıram və hər bir Azərbaycan vətəndaşı, hər bir ziyalı kimin hansı mövqe tutmasından asılı olmayaraq, bu dövlətin qorunması, yaşadılması, möhkəmləndirilməsinə öz dəstəyini verməlidir, dövlətin yükünün bir hissəsini öz çiyinlərinə almalıdır”. Amma sonrakı proseslər göstərdi ki, hətta Azərbaycan xalqına, ziyalılarına öz çiyinlərini o zaman sürətlə iflasa gedən dövlətin problemlərinin altına verməyə belə imkan vermədilər. Ulu öndər Heydər Əliyev yaranmış tarixi şansdan istifadə edərək müstəqil dövlət qurmağa, milli həmrəylik yaratmağa, qanunçuluğu bərpa etməyə, düzgün daxili və xarici siyasət qurmağa çağırırdı. Yadınızdadırsa, Heydər Əliyevin Azərbaycanın gələcəyi ilə bağlı çağırışlarına ozamankı iqtidar hədələrlə cavab verirdi, Naxçıvana cəza batalyonu göndərmək fikrinə düşərək Ümummilli lideri Azərbaycanın inkişafı yolundan sapdırmağa çalışırdı. Bu gün demokratiyadan ağızdolusu dəm vuranlar, Azərbaycanda demokratiyanın, insan hüquqlarının qorunması ilə bağlı özlərinin əsassız itthamlarını irəli sürən insanlar o zaman, 1992-ci ilin noyabr ayında Bakı şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsinə imkan vermədilər və Yeni Azərbaycan Partiyası o soyuq, şaxtalı gündə, elektrik enerjisinin olmadığı bir şəraitdə Naxçıvanda özünün konfransını keçirdi. Bax, belə bir şəraitdə Yeni Azərbaycan Partiyası yaradıldı”.
YAP İdarə Heyətinin üzvü bildirib ki, qısa müddətdə mövcud şərait, AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi nəticəsində Azərbaycanın vəziyyəti getdikcə pisləşdi. Onun sözlərinə görə, 1993-cü ildə “olum, ya ölüm” təhlükəsi ilə üz-üzə qalarkən xalqımız təkidlə Heydər Əliyevi hakimiyyətə dəvət etdi və o zaman hakimiyyətin özü Heydər Əliyev üçün Naxçıvana təyyarə göndərdi: “Bütün bu proseslərin fonunda Yeni Azərbaycan Partiyası yarandı, təşkilatlandı və Azərbaycanın bu gününün və gələcəyinin partiyası statusunu qazandı. Hazırda YAP-ın 700 min nəfər üzvü var və partiyamızın sıralarında Azərbaycanın milli elitası birləşib. Yeni Azərbaycan Partiyasının əsas ideyası dövlət və dövlətçilikdir. Yeni Azərbaycan Partiyası milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının partiyası olmaq ideyasını irəli sürdü və belə də oldu. Dövlətçilik, azərbaycançılıq, müasirlik, demokratiya, qanunçuluq və digər bəşəri dəyərlər partiyamızın təməl prinsiplərini təşkil edir”.
“Azərbaycan bu gün nəinki bölgənin, dünyanın ən dinamik inkişaf edən dövlətlərindən biridir. Azərbaycanın iqtisadiyyatı, siyasəti, sosial həyatı, mədəni-mənəvi həyatındakı yeniliklər, sözün həqiqi mənasında, bütövlükdə dünyada yaşayan 50 milyondan artıq azərbaycanlının qürur mənbəyinə çevrilib”, - deyən Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan siyasi, mədəni dialoq və multikultural dəyərlərin müzakirə olunduğu və yeni-yeni nümunələrin ortaya qoyulduğu bir mərkəzdir. “Ümummilli liderimiz Heydər Əliyevin həmişəyaşar ideyaları bu gün uğurla həyata keçirilir. Prezident İlham Əliyevin siyasəti xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir. Xalqımız bu siyasəti özünün gələcək inkişafının əsası kimi qəbul edir və dəstəkləyir”, - deyə Əli Həsənov vurğulayıb.
Əli Həsənov Birinci vitse-prezidentlik institutu haqqında da fikirlərini bildirərək qeyd edib ki, Mehriban xanım Əliyeva çoxsaylı ilklərə imza atıb, Azərbaycanda Birinci xanım nümunəsi yaradıb. Onun sözlərinə görə, Mehriban Əliyeva birinci xanım institutunu formalaşdırdı, Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycan mədəniyyətinin, dilinin, tarixinin xarici ölkələrdə təbliğinin və təmsilçiliyinin yeni nümunəsini yaratdı və bu, çox uğurlu nəticələr verdi: “Bu gün vitse-prezidentlik institutunu məhz Mehriban xanım Əliyeva inkişaf etdirir. Mən əminəm ki, birinci vitse-prezidentlik institutu Azərbaycan dövlətinin inkişafında önəmli rol oynayacaq, onun əsas hədəflərini, sosial, mədəni və digər sahələrdə əhəmiyyətli layihələri uğurla həyata keçirəcək bir qurum olacaq. Mehriban xanım Əliyevanın dinamik xarakteri, onun xarakterindən irəli gələn konkretlik, işgüzarlıq, humanistlik, Azərbaycan dövlətinə, xalqına bağlılıq hissi əsas verir ki, o, cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin reallaşdırılmasına, hakimiyyət komandasının səfərbər olunaraq inamla ölkəni gələcəyə doğru aparmasına dəyərli töhfə versin”.
Çıxışının sonunda Əli Həsənov bir daha YAP Nərimanov rayon təşkilatının fəaliyyətinə və yeni seçiləcək heyətə uğurlar arzulayıb.
Daha sonra YAP Nərimanov rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Sonra təşkilati məsələlərə baxılıb. Təmraz Tağıyev yenidən YAP Nərimanov rayon təşkilatının sədri seçilib. Həmçinin təşkilatın 73 nəfərdən ibarət Şurası, 31 nəfərdən ibarət İdarə Heyəti və 9 nəfərdən ibarət Nəzarət-təftiş qrupu seçilib. Eyni zamanda təşkilat sədrinin 6 müavini seçilib.
Sonda ictimai-siyasi fəallığına görə bir qrup partiya veteranına Fəxri fərmanlar təqdim olunub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 344 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ruhun qidası...

27 Aprel 11:35

Sosial

Ədəbiyyat

Siyasət

8-ci qətnamə

27 Aprel 11:10

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30