Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın neft-qaz layihələri regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təminatçısıdır

Azərbaycanın neft-qaz layihələri regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təminatçısıdır

08.06.2017 [10:07]

Prezident İlham Əliyev: Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edərək dost, tərəfdaş ölkələrin enerji təhlükəsizliyi məsələlərinin həllində də öz rolunu oynayır
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik və rasional siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Təsadüfi deyil ki, Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir.
Azərbaycan Avrasiyanın enerji xəritəsinin zənginləşməsində mühüm rol oynayır
Əsas strateji məqamlardan biri də budur ki, Azərbaycanın praqmatik enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir.
Şübhəsiz ki, regionda bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib. Digər tərəfdən, Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Eyni zamanda, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir.
Ölkəmizlə enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir
Bütövlükdə, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Çünki, birincisi, qeyd etdiyimiz kimi, Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən aparıcı dövlətlər üçün mühüm önəm daşıyır. İkincisi, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası regionun siyasi və iqtisadi, həmçinin enerji təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Beləliklə, dünya dövlətləri Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda enerji təhlükəsizliyi sahəsində əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edir. Məhz XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı, həmçinin VII Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisində ifadə olunan fikirlər də bunu deməyə əsas verir.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələri mühüm geostrateji əhəmiyyətə malikdir
O da qeyd edilməlidir ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrinin geostrateji - siyasi və iqtisadi əhəmiyyəti beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilir. Çünki Azərbaycanın bu sahədə həyata keçirdiyi strateji kurs həm də ölkəmizlə əməkdaşlıq edən dövlətlərin enerji təhlükəsizliyinin, milli maraqlarının təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev konfransda çıxışı zamanı diqqətə çatdırıb ki, Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edərək dost, tərəfdaş ölkələrin enerji təhlükəsizliyi məsələlərinin həllində də öz rolunu oynayır. “Azərbaycanın neft-qaz layihələri, eyni zamanda, regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təminatçısıdır”, - deyən dövlətimizin başçısı hazırda ölkəmizin təşəbbüsü, iştirakçılığı və liderliyi ilə gerçəkləşdirilən layihələrin strateji əhəmiyyətinə diqqət çəkərək bildirib: “Şahdəniz” layihəsinin ikinci fazasının işlənilməsi də uğurla davam etdirilir. Bildiyiniz kimi, bu gün biz Cənub Qaz Dəhlizinin icrası ilə məşğuluq və bu, dünya miqyasında nadir bir layihədir, Avropa məkanında infrastruktur layihələri arasında birincidir. Bu layihəyə 40 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Onun böyük hissəsi artıq qoyulubdur. Cənub Qaz Dəhlizinin dörd seqmentində işlər uğurla gedir... “Şahdəniz-2” layihəsinin icrası 93 faiz səviyyəsindədir. Biz bu yaxınlarda “Şahdəniz” platformasının üst hissəsini də dənizə yola salacağıq. Cənubi Qafqaz kəmərinin icrası 85 faiz səviyyəsindədir. Bu kəmər Azərbaycanı Gürcüstan ilə birləşdirir. TANAP layihəsi, - hansı ki artıq 2012-ci ildə müqavilə bağlanmışdır, - uğurla icra edilir. TANAP layihəsinin icrası 72 faiz səviyyəsindədir. Biz gözləyirik ki, gələn il TANAP layihəsinin istifadəyə verilməsini qeyd edək. Dördüncü layihə TAP layihəsidir. Orada da icra səviyyəsi 42 faizdir. Yəni bu rəqəmlər özlüyündə bir göstəricidir. Bu rəqəmlər göstərir ki, bütün işlər plan üzrə gedir və biz “Cənub Qaz Dəhlizi” layihəsinin icrasının tamamlanmasına yaxınlaşırıq”.
Yeri gəlmişkən, Azərbaycanın uğurlu enerji siyasətindən bəhs edərkən dörd seqmentində işlərin uğurla aparıldığı Cənub Qaz Dəhlizinin əhəmiyyətinə xüsusi olaraq toxunmaq gərəkdir. Şübhəsiz ki, Cənub Qaz Dəhlizinin təməlinin qoyulması çoxşaxəli enerji siyasətinin növbəti uğuru kimi tarixə düşüb...
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu daha da artacaq
Başlıca strateji məqamlardan biri də budur ki, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu daha da artacaq. Ümumiyyətlə, son illərdə dünyada baş verən kataklizmlər Avropa ölkələrini etibarlı enerji təhlükəsizliyi barədə daha ciddi düşünməyə sövq edir. Bu kontekstdə qeyd etmək olar ki, “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyinə sanballı töhfə olacaq. Yeni dəhliz vasitəsilə Xəzərin qaz ehtiyatları Avropa İttifaqının mərkəzi ölkələrinə çatdırılacaq.
Yeri gəlmişkən, Prezident İlham Əliyev sözügedən çıxışında “enerji təhlükəsizliyi məsələləri, qeyd etdiyim kimi, ölkələrin milli təhlükəsizlik məsələləridir və Azərbaycan bu sahədə həm bölgədə, həm Avropada önəmli rol oynayır”, - deyib. Dövlət başçısı bildirib ki, enerji şaxələndirilməsi istiqamətində atılan addımlarımız öz bəhrəsini verir: “Çünki bu da çox önəmlidir. Azərbaycanın icra etdiyi layihələr, onların üstünlüyü ondan ibarətdir ki, bizdə həm marşrutlar, həm mənbələr çoxşaxəlidir. Çünki bu gün bizim üçün əsas bazar Avropa bazarıdır və Avropa üçün də yeni mənbələr böyük əhəmiyyət daşıyır. Əlbəttə, marşrutlar da önəmlidir. Ancaq əsas enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi deyəndə, ilk növbədə, yeni mənbələr nəzərdə tutulur. Avropa ölkələri üçün yeganə yeni mənbə Azərbaycandır. Çünki qalan bütün mənbələr artıq uzun illərdir ki, Avropanı təbii qazla qidalandırır. Yeganə yeni mənbə Azərbaycandır. Böyük mənbədir, yaxında yerləşən mənbədir”.
Azərbaycanın çoxşaxəli və praqmatik enerji siyasəti Birləşmiş Ştatlar tərəfindən yüksək qiymətləndirilir
Qeyd etdiyimiz kimi, Azərbaycanın müstəqil strateji kursu, eləcə də uğurlu enerji siyasəti dünya siyasətinin başlıca tendensiyalarını müəyyənləşdirən güc mərkəzləri tərəfindən yüksək qiymətləndirilir. Məhz ABŞ Prezidenti Donald Trampın XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubunu bu kontekstdə xüsusi qeyd etmək lazımdır. Məktubda Azərbaycanın enerji siyasətinin əhəmiyyəti, ölkəmiz ilə ABŞ arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin inkişafının strateji önəminə dair mühüm məqamlar öz əksini tapıb.
Ümumiyyətlə Donald Trampın istər 28 May - Respublika Günü, istərsə də sözügedən sərgi və konfransla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktublarda əks olunmuş fikirlər ölkələr arasında ikitərəfli münasibətlərin yeni dönəminin başlandığına işarə edir. D.Tramp həm Azərbaycan və ABŞ, həm də dünya üçün daha gözəl gələcək naminə Prezident İlham Əliyevlə fəal tərəfdaş kimi işləməyi səbirsizliklə gözlədiyini bildirib. ABŞ Prezidenti Azərbaycanı Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşı hesab edir və son 25 ildə qurulmuş ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin daha da gücləndirilməsini arzu edir. D.Tramp Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və islahatların həyata keçirilməsi istiqamətində gördüyü işləri dəstəkləyir və alqışlayır, habelə iki ölkə arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyir. Bunlarla yanaşı, ABŞ Prezidenti Azərbaycan və Amerika xalqlarının rifahına xidmət edən digər əməkdaşlıq sahələrinin də araşdırılmasını səmimiyyətlə arzulayır. Siyasi əməkdaşlıqdan bəhs edərkən isə qeyd etmək lazımdır ki, ABŞ Azərbaycan xalqının yanındadır, təhlükəsizlik, iqtisadi işbirliyi və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərin daha da möhkəmləndirilməsinə sadiqdir.
Bir sözlə, Donald Tramp Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi tərəfdarıdır. Bu isə onu deməyə əsas verir ki, ikitərəfli münasibətlər yaxşı perspektivə malikdir, tərəflər arasında əməkdaşlığın uğurla davam və inkişaf etdirilməsi həm iki ölkə, həm də region üçün strateji əhəmiyyət kəsb edir.
O da qeyd edilməlidir ki, Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr bəxş etməsi Birləşmiş Ştatlar tərəfindən yüksək qiymətləndirilir. Vaşinqton ölkəmizi regional təhlükəsizliyin qarantı hesab edir və bu istiqamətdə əməkdaşlığın önəmini xüsusi vurğulayır. Eyni zamanda, təhlükəsizlik kontekstində ABŞ-la Azərbaycanın strateji tərəfdaşlığını uğurlu edən faktorlardan biri də rəsmi Bakının beynəlxalq terrorizmlə mübarizədə, həmçinin qlobal sülhyaratma prosesində Vaşinqtona yüksək səviyyəli dəstək verməsidir. Buna paralel olaraq ABŞ və Azərbaycan birgə səylərlə terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışırlar.
Bunlarla yanaşı, ölkəmizin regional təhlükəsizliyə mühüm töhfələr verən uğurlu enerji siyasəti də Birləşmiş Ştatlar tərəfindən olduqca yüksək qiymətləndirilir. Əlbəttə ki, bu təsadüfi deyil, çünki regional əməkdaşlıq və təhlükəsizlik kontekstində Azərbaycanın strateji imkanlarını artıran, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafını şərtləndirən, yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradan amillərdən biri də uğurlu, çoxşaxəli və praqmatik enerji siyasətidir. ABŞ Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o cümlədən Cənub Qaz Dəhlizini qəti surətdə dəstəkləməkdə davam edir, Azərbaycanın və beynəlxalq tərəfdaşların onun tamamlanmasına yönəlmiş səylərini alqışlayır. Eyni zamanda, Vaşinqton Azərbaycanı Avropa üçün yeni enerji mənbəyi hesab edir. ABŞ qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında da Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirir. Beləliklə, ABŞ regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr verən Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verir. Ekspertlər münasibətlərin perspektiv inkişafına dair optimist proqnozlar səsləndirməkdədirlər.
Regional güc mərkəzi olan Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir
Əlbəttə, sadalananlar onu göstərir ki, çoxşaxəli, tarazlaşdırılmış xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan xarici siyasət sahəsində böyük uğurlar əldə edib. Bunu artıq Azərbaycan ictimaiyyəti bilir. Biz beynəlxalq arenada öz milli maraqlarımızı bundan sonra da müdafiə edəcəyik. Biz bu gün dünyada çox böyük hörmətə malik olan ölkə kimi tanınırıq. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Ermənistandan başqa heç bir ölkə ilə ikitərəfli formatda bizim problemimiz yoxdur. Biz bir çox üçtərəfli əməkdaşlıq formatları irəli sürdük”.
Nəticə etibarilə, regional güc mərkəzi olan Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, ölkəmiz beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir. Bunun əsasında isə güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 596 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31