Avropanın yeni seçimi - ifrat sağçılar
19.09.2026 [09:14]
Avropada yeni siyasi konfiqurasiya formalaşmaqdadır. Məlumdur ki, qoca qitədə ənənəvi olaraq mərkəzçi qüvvələr siyasi mübarizənin drayver qüvvəsini təşkil ediblər və ayrı-ayrı ölkələrdə milli hökumətlər onların iradəsi ilə formalaşıb. Son illərin reallıqları fonunda isə Avropanın siyasi səhnəsində qüvvələr nisbətinin dəyişdiyi müşahidə edilməkdədir. Belə ki, həm Avropa Parlamentinə (AP), həm də milli qanunvericilik orqanlarına keçirilən seçkilərdə sağ təmayüllü partiyalar mərkəzçi qüvvələri üstələyərək daha çox səs qazanırlar. 2022-ci ildən etibarən bu proses daha da sürətlənib və 2024-cü ildə AP-də keçirilən seçkilərdə ən yüksək həddə çatıb.
Uzaq olmayan tarixdə başlayan və günümüzdə daha da güclənən bu proses ayrı-ayrı ölkələrdə xüsusilə qabarıq şəkildə nəzərə çarpır. Ortada real nəticələr var. İtaliyada 2022-ci ildə hazırkı Baş nazir Ciorcia Meloninin rəhbərlik etdiyi “İtaliya Qardaşları” partiyası, Niderlandda 2023-cü ildə Geert Vildersin “Azadlıq Partiyası” qalib gəlib, Slovakiyada isə Robert Fitsonun “Kurs - Sosial Demokratiya” partiyası sağçı hökumət formalaşdırıb. Sağçıların son uğur hekayələrindən bir Avstriyada yazılıb. Bu ölkədə 2024-cü ildə ifrat sağçı “Avstriya Azadlıq Partiyası” (FPO) parlament seçkilərində 29,2 faiz səs toplamaqla ilk dəfə birinci yeri tutub. Nəticədə, 2025-ci il yanvarın 6-da Avstriya Prezidenti Aleksandr Van der Bellen FPO lideri Herbert Kiklyuya yeni hökumətin formalaşdırılmasını tapşırıb. 2022-ci ildə “İsveç Demokratları” sağçı populist partiyasının da daxil olduğu sağçı blok parlament seçkilərində ikinci yeri tutub.
Eyni zamanda, 2024-cü ildə Avropa Parlamentinə seçkilər də sağçıların triumfu ilə yadda qalıb. Həmin seçkilərdə Fransada Marin Le Penin liderliyi ilə ifrat sağçı “Milli Birlik” partiyası yüksək nəticə göstərərək ikinci yeri tutub və əhəmiyyətli sayda yer qazanıb. 2024-cü ilin yayında Fransada Milli Assambleyaya keçirilən növbədənkənar parlament seçkilərinin birinci mərhələsində də “Milli Birlik” digər siyasi rəqiblərini böyük fərqlə arxada qoymağı bacarıb. İkinci turda hakimiyyət seçki manipulyasiyalarına əl atmaq məcburiyyətində qaldı və beləliklə də sağçılar solçu koalisiyadan, eləcə də mərkəzçilərindən sonra üçüncü yeri tutmaqla kifayətləndi.
Fransada 2027-ci ildə keçiriləcək seçkilərə hazırlıq dövründə ifrat sağçılar yenidən revanş götürüblər. Konstitusiyaya görə, səsvermə hazırkı prezidentin səlahiyyət müddətinin bitməsindən 20-35 gün əvvəl keçirilməlidir. Seçkilər Emmanuel Makronun ikinci prezidentlik müddətinin 14 mayda bitməsinə 12 gün qalmış başa çatacaq. Hökumətin iyulun əvvəlində elan etdiyi kimi, prezident seçkilərinin birinci turu 2027-ci il 18 aprel bazar günü keçiriləcək, ikinci tur isə 2 may bazar gününə təyin olunub. Vaxt ötdükcə yeni-yeni namizədlərin adı bəlli olur -son günlərədək namizədliyini rəsmi qaydada irəli sürənlərin sayı 25-ə çatıb. Seçkilərdə qolbaqsız iştirak hüququ qazanan Marin Le Pen ən favorit namizəd sayılır.
Almaniyada da oxşar proseslər izlənilir. Bu ölkədə son vaxtlarda aparılan ardıcıl rəy sorğuları ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının rəqiblərini getdikcə daha böyük fərqlə arxada qoyduğunu göstərirdi. Bu yüksəliş sentyabrın 6-da Almaniyanın Saksoniya-Anhalt əyalətində baş tutan parlament (Landtaq) seçkilərində AfD-nin böyük fərqlə qələbə qazanması ilə nəticələnib. Bu dəfə AfD beş il əvvəlki seçkilərdən sonra öz nəticələrini iki dəfədən də çox yaxşılaşdıraraq 44 faiz səslə birinci olub. Hazırkı Kansler Fridrix Mertsin partiyası - Xristian Demokratlar Birliyi (CDU) bu müqayisədə səslərinin təxminən yarısını itirərək 17,4 faizlə ikinci olub.
Qeyd edək ki, AfD-nin yüksəlişi yalnız bir əyalətlə məhdudlaşmır. Son INSA sorğusuna görə, partiyanın ümumölkə üzrə dəstəyi 28 faizə çatıb. Bu göstərici ilə AfD hazırda Almaniyada sorğularda ən populyar siyasi qüvvədir və CDU-nu da qabaqlayır. Son seçkilərin nəticələri göstərir ki, ifrat sağçılar Saksoniya-Anhaltda daha yüksək nüfuza malikdirlər.
Avropanın siyasi səhnəsində ifrat sağçıların yüksək populyarlıq qazanmaları bir sıra amillərlə izah olunur. Səbəblər sırasında ifrat sağçıların miqrantlara qarşı daha sərt çağırışlar etmələri xüsusi yer tutur. Sağçılar qeyri-qanuni miqrasiya və sərhəd təhlükəsizliyi ilə bağlı narahatlıqları ciddi şəkildə siyasi rəqabət predmetinə çevirməyi bacarıblar ki, bu da onların seçicilər arasında populyarlığını artırır. Sağçıların xüsusi vurğu etdiyi digər bir vacib məqam milli kimliyin qorunması məsələsidir. Qloballaşma şəraitində bu çağırış da bütün ölkələr kimi, Avropa məkanı üçün də son dərəcə aktualdır. Sağçılar bu məsələni ən ciddi şəkildə gündəmə gətirməklə xüsusilə də gənclər arasında elektoratlarının sayını artırmağa müvəffəq olurlar. İfrat sağçıların populist çıxışları həmçinin Avropa ölkələrində yaşanan iqtisadi-sosial çətinliklər fonunda onların işinə yarayır. Avropanın aparıcı dövlətlərində iqtisadi göstəricilərin aşağı düşməsi, dövlət borcu xərclərinin kəskin artması, büdcə kəsiri hökumətləri qənaət rejiminə sövq edir. Qənaət rejimlərinin tətbiqi isə xüsusilə də aşağı gəlirli seçiciləri ciddi şəkildə narazı salır. Bu məqamda ifrat sağçıların hökumətləri yarıtmaz fəaliyyətlərinə görə sərt şəkildə qınamaları ümid işığı kimi görünür.
Lakin ifrat sağçıların populist vədlərinə rəğmən, onların getdikcə daha çox ölkədə hakimiyyətə yiyələnmələri ümumi Avropa məkanı üçün cənnət erasının başlayacağı anlamına gəlmir. Əksinə, ifrat sağçıların mövqeyinin güclənməsinin qoca qitədə bir sıra təhlükəli meyllərə yol açacağı proqnoz edilir. Belə meyllər sırasında irqçiliyin, dözümsüzlüyün, İslamofobiyanın güclənəcəyi xüsusi vurğulanır. Məsələn, Fransada Marin Le Penin erkən başladığı seçkiqabağı kampaniyasının əsas şüarı irqçiliklə bağlıdır. Onun sözlərinə görə, lideri olduğu Milli Birlik partiyası hakimiyyətə gələcəyi təqdirdə ictimai yerlərdə hicabla bağlı cərimə sanksiyasının tətbiqini planlaşdırır. Xatırladaq ki, hicaba qarşı mübarizə Milli Birlik partiyasının fəaliyyətinin ənənəvi istiqamətlərindən biridir. Hələ 2022-ci il seçkiləri ərəfəsində Marin Le Pen Makronla debatda açıq şəkildə bəyan edib: “İctimai yerlərdə hicabın qadağan edilməsinin tərəfdarıyam”.
Sağçıların irqçilik çağırışları elektoratın müəyyən kəsimi üçün cəlbedici görünə bilər. Lakin belə meyllərin güclənməsi və dominant ideologiyaya çevrilməsi Avropada yaxşı heç nə vəd etmir. Qoca qitə yenidən çaxnaşmalar və qarşıdurmalar meydanına çevrilə bilər.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxAnalitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43

