Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır
07.06.2017 [15:04]
İslam Həmrəyliyi Oyunları və “Formula-1” kimi mötəbər idman yarışlarının keçirilməsinin Azərbaycana həvalə edilməsi ölkəmizin qüdrətini təsdiqləyir
Son illərdə Azərbaycanın ictimai həyatında baş verən mühüm hadisələr sırasında ölkəmizin beynəlxalq səviyyəli idman yarışlarına böyük uğurla ev sahibliyi etməsini xüsusi vurğulamaq lazımdır. Bir qədər bundan əvvəl Bakının idman arenalarında IV İslam Həmrəyliyi Oyunlarının həyəcanı yaşandı. Statistikaya diqqət yetirdikdə Oyunların miqyası barədə konkret təsəvvür yaranır. Bakıda keçirilən Oyunlara rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı qatılıb. Müqayisə üçün bildirək ki, indiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmayıb. Yarışlarda idmançılar 269 dəst medal uğrunda mübarizə aparıblar. Eyni zamanda, “Bakı-2017”ni 50-dən artıq ölkədə 1 milyarddan çox tamaşaçı izləyib. Yarışları 1000-dən çox media nümayəndəsi işıqlandırıb.
Qarşıdan isə “Formula-1” yarışı gəlir. Hazırda Bakı treki boyunca iyunun 23-25-də keçiriləcək yarışa son hazırlıq işləri həyata keçirilir. Qeyd edək ki, “Formula-1” Azərbaycanda ilk dəfə 2016-cı ildə təşkil olunub. Beynəlxalq səviyyəli mütəxəssislər ötən il Azərbaycanın ev sahibliyi etdiyi “Formula-1” haqqında yüksək fikirlər ifadə edərək yarışın bir sıra üstün cəhətləri ilə fərqləndiyini vurğulayıblar. Prezident İlham Əliyev 2016-cı ilin idman yekunlarına həsr olunan mərasimdəki nitqində “Formula-1” yarışının böyük uğurla keçməsini ölkəmizin qüdrətinin təsdiqi kimi dəyərləndirib: “... “Formula-1” yarışının keçirilməsi bir daha ölkəmizin qüdrətini göstərdi. Çünki “Formula-1” yarışının keçirilməsi hər bir ölkəyə nəsib olmur, hər bir ölkə bu məsuliyyəti öz üzərinə götürə bilmir və çətinlik çəkir. Ancaq biz bu yarışı da uğurla keçirmişik”.
İdmanın inkişafı Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir
Son illərdə beynəlxalq miqyaslı mötəbər yarışların keçirilməsinin Azərbaycana həvalə edilməsi bir sıra mühüm amillərlə şərtlənir. Burada, heç şübhəsiz ki, iqtisadi gücünü getdikcə artıran və qlobal əməkdaşlığa sanballı töhfələr verən ölkəmizin dünya miqyasında nüfuzunun artması, respublikadakı davamlı sabitlik kimi amillər mühüm rol oynayır.
Beynəlxalq miqyasda Azərbaycana inamın artmasını şərtləndirən digər mühüm amil isə ölkəmizdə idmanın inkişafına göstərilən davamlı dövlət qayğısı ilə bağlıdır. Son illərdə respublikamızda idmanın kütləviliyini təmin etmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilib. Prezident İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdəki nitqində ölkəmizdə idmanın inkişafının dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha nəzərə çatdıraraq deyib: “...Azərbaycanda aparılan düşünülmüş siyasət, o cümlədən idman sahəsində öz bəhrəsini verməkdədir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir”.
Son illərdə respublikamızda idmanın inkişafından və kütləviləşməsindən söhbət açarkən yeni yaradılan müasir infrastrukturun rolunu xüsusi qeyd etmək lazımdır. Yeni tikilən və yaxud yenidən qurulan arenalar sayəsində Azərbaycan son dərəcə müasir idman infrastrukturuna malik ölkəyə çevrilib. Hazırda ölkəmiz idman infrastrukturu təminatı baxımından dünyanın inkişaf etmiş ölkələrindən geri qalmır.
Qeyd edək ki, ölkəmizdə müasir idman infrastrukturu yaradılması istiqamətində məqsədyönlü işə 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbərliyinin dəyişməsindən sonra başlanıb. Azərbaycanda idman və çoxminli idmançılar ordusu MOK-un yeni prezidenti İlham Əliyevin simasında öz böyük hamisini tapdı. MOK-un yeni rəhbərliyinin təşəbbüsü ilə respublikamızda idman təsərrüfatının yenilənməsinə, o cümlədən də bu sahədə müasir infrastruktur qurulmasına start verildi.
Ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində həyata keçirilən layihələr respublikamızın idman infrastrukturunu əhəmiyyətli dərəcədə zənginləşdirib. Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə 5 müasir idman qurğusu - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və möhtəşəm Olimpiya Stadionu inşa edilib. Bundan başqa, yüksək dünya standartları səviyyəsində yaradılan atletlər kəndi barədə də ən xoş sözləri söyləmək mümkündür.
İdmançılarımızın olimpiadalarda, beynəlxalq səviyyəli mötəbər yarışlarda yüksək nəticələr qazanmaları da Azərbaycanın nüfuzlu idman ölkəsinə çevrildiyini bir daha təsdiqləyir. İdmançılarımızın son illərdə ayrı-ayrı mötəbər turnirlərdə qazandıqları nəticələr olduqca sevindiricidir. 2015-ci ilin yayında Bakıda keçirilən birinci Avropa Oyunları bütövlükdə Azərbaycan idmanının təntənəsinə çevrildi desək, əsl həqiqəti ifadə etmiş olarıq. Dünyanın 50 ölkəsindən təxminən 6 min idmançının qatıldığı birinci Avropa Oyunlarında Azərbaycan idmançıları 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanmağa müvəffəq oldular. Yarışlarda respublikamız Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Ukrayna, Türkiyə kimi yüksək idman nailiyyətləri olan ölkələri geridə qoyaraq Rusiyadan sonra qitə ikincisi oldu.
Müstəqillik illərində Azərbaycan idmançılarının olimpiadalarda çıxışları da uğurlu olub. Əgər Azərbaycan müstəqil ölkə kimi Atlanta Olimpiadasında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi, Londonda 10 medal qazanmışdısa, Rio-2016 Olimpiadasında idmançılarımız medalların sayını daha da artırıblar. Belə ki, Braziliyanın paytaxtında keçirilən son Olimpiadada 56 atletlə təmsil olunan Azərbaycan komandası 18 (1 qızıl, 7 gümüş və 10 bürünc) medal qazanıb və bu göstərici ilə Olimpiadanı 39-cu sırada başa vurub.
Bütün bu sadalanan faktlar göz önündə Azərbaycanın müasir mənzərəsini canlandırır. Deyilənlərdən də göründüyü kimi, respublikamız qısa müstəqillik tarixində yüksək səviyyəli idman ölkəsinə çevrilib. Prezident İlham Əliyev 2016-cı ilin idman yekunlarına həsr olunan mərasimdəki nitqində idmançılarımızın beynəlxalq səviyyəli yarışlarda parlaq qələbələr qazanmalarından məmnunluq ifadə edərək bildirib: “Artıq bu gün Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır. Bizim idman uğurlarımız çox parlaqdır. Biz ildən-ilə idman nəticələrimizi, uğurlarımızı artırırıq”.
İdmançılarımız İslamiadada növbəti tarixi uğura imza atdılar
Paytaxt Bakının arenalarında keçirilən IV İslam Həmrəyliyi Oyunlarının nəticələrini müxtəlif aspektlərdən dəyərləndirmək mümkündür. Azərbaycanın Oyunların təşkilinə məsuliyyətlə yanaşmasını və İslamiadanı yüksək səviyyədə keçirməsini ilk növbədə ölkəmizin bütün müsəlman dünyasında həmrəyliyin güclənməsinə verdiyi növbəti töhfə kimi dəyərləndirmək mümkündür. Məlumdur ki, hazırda böyük İslam coğrafiyasında ciddi kataklizmlər yaşanır, ayrı-ayrı ölkələrdə dağıdıcı müharibələr aparılır, terror təhlükəsi yaşanır, insanlar qida çatışmazlığı və bu kimi digər səbəblər üzündən doğma ev-eşiklərini tərk etmək məcburiyyətində qalırlar. Müşahidə edilən arzuolunmaz proseslərin başlıca səbəblərindən biri də İslam ölkələri arasında həmrəyliyin olmamasıdır. Azərbaycan öz nümunəsi və həyata keçirdiyi siyasəti ilə İslam ölkələrini yaxınlaşdırmağa çalışır. Əlamətdar haldır ki, müstəqil Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlayıb, dövlətimiz qısa zamanda İslam Əməkdaşlıq Təşkilatı (İƏT), ISESCO kimi müsəlman dünyasını birləşdirən qurumların fəal üzvünə çevrilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması Azərbaycanın İslam dünyasında əməkdaşlığın güclənməsinə göstərdiyi xoş niyyəti bir daha ifadə edir. Prezident İlham Əliyev yuxarıda bəhs olunan görüşdəki nitqində Bakıda keçirilən Oyunların ölkəmizin İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində apardığı siyasətə töhfə verdiyini vurğulayaraq deyib: “Azərbaycan apardığı siyasətə idman vasitəsilə əlavə töhfə verdi. Çünki bizim müsəlman aləmində siyasətimiz ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin, müsəlman ölkələri arasındakı bəzi ixtilaflara, müharibələrə son qoyulsun. Müsəlman aləmi birlik nümayiş etdirməlidir”.
İslamiada, eyni zamanda, Azərbaycanın İslam və Qərb dünyası arasında birləşdirici rol oynadığını təsdiqlədi. Qərb dünyasında islamofobiya meyillərinin artdığı bir vaxtda Azərbaycan iki böyük mədəniyyəti ayıran deyil, onları ortaq məxrəcə gətirən, birləşdirən cəhətləri ön plana çəkmək üçün ciddi səylər göstərir. Respublikamızın I Avropa Oyunlarından sonra İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi bunun təsdiqidir. Prezident İlham Əliyev ölkəmizi fərqləndirən bu cəhətə diqqət çəkərək bildirib: “Eyni zamanda, Azərbaycan müsəlman aləmini Qərb aləmi ilə birləşdirən ölkədir. Təsəvvür edin, iki il ərzində bir ölkədə, bir şəhərdə Avropa və İslam Oyunları keçirilir. Bu Oyunlarda 100-dən çox ölkə iştirak edir. Heç bir başqa ölkə bax, bu nailiyyətlə öyünə bilməz. Haqlı olaraq fəxr edirik ki, biz bunu edə bilmişik”.
İslamiadanın idman nəticələri isə ölkəmiz üçün xüsusilə qürurvericidir. İdmançılarımız arenalarda yüksək peşəkarlıq nümayiş etdirərək növbəti tarixi uğura imza atdılar. Oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanan Azərbaycan komanda hesabında İslamiadanın birincisi oldu. Bu, böyük tarixi qələbədir.
Azərbaycan təmsilçiləri idmanın ayrı-ayrı növləri üzrə keçirilən yarışlarda İslamiadanın ən güclüləri olublar. Cüdo yarışlarında Azərbaycan idmançıları ümumilikdə 26 medal - 11 qızıl, 12 gümüş və 3 bürünc medal qazanıblar. Respublikamızı təmsil edən kişi və qadın güləşçiləri İslamiadada ümumilikdə 12 qızıl, 6 gümüş və 5 bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə pəhləvanlarımız yarışlarda 4 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olublar. Sərbəst güləşçilərimiz milli komandamızın aktivinə 4 qızıl, 2 gümüş və 1 bürünc medal yazdırıblar. Qadın pəhləvanlarımız isə İslamiadanı 4 qızıl, 3 gümüş və 1 bürünc medalla başa çatdırıblar. Bədii gimnastika üzrə Azərbaycan milli komandası IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub. Azərbaycan boksçuları IV İslam Həmrəyliyi Oyunlarında 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq İslamiadada komanda hesabında birinci yeri tutublar. Prezident İlham Əliyev əldə olunan qələbədən məmnunluğunu ifadə edərək vurğulayıb: “İdman yarışları, Olimpiya Oyunları, İslam Oyunları, Avropa Oyunları elə bir tədbirdir ki, bu tədbirlərdə həm idmançılar, həm ölkələr rəqabət aparırlar. İqtisadi, siyasi sahələrdə, beynəlxalq münasibətlər sahəsində bəzən birinciliyi müəyyən etmək üçün bəzi qurumlar, təşkilatlar çətinlik çəkirlər. Çünki müəyyən meyarlar olmalıdır. İdmanda isə hər şey açıq-aydındır. Azərbaycan birinci yerdədir, Azərbaycan qalibdir”.
“Formula-1” yarışının keçirildiyi günlərdə dünyanın gözü Azərbaycanda olacaq
Qeyd etdiyimiz kimi, Azərbaycan ikinci dəfə Bakı trekində “Formula-1” yarışını qəbul etməyə hazırlaşır. Bakı treki indiyədək “Formula-1” yarışının keçirildiyi məkanlardan bir sıra özünəməxsus cəhətləri ilə fərqlənir. Yarış treki şəhərin ən görməli yerlərindən keçir. Trek Bakının müasirliyini və qədimliyini, həmçinin Xəzərin əsrarəngiz gözəlliyini təqdim etmək üçün əla imkanlar açır. Bakı şəhər halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil olan İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcəklər. Trekin Qoşa qala divarlarının yanından keçən hissəsi ensizliyinə görə bütün “Formula-1” treklərindən fərqlənir. Bakı Şəhər Halqasının Neftçilər prospektində olan ikitərəfli hərəkət hissəsi isə digər treklərin ikitərəfli zolaqlarından daha uzundur. Dənizkənarı bulvar boyunca finiş xəttinə tərəf uzanan həmin hissədə bolidlərin sürətinin maksimal həddə - 340 km/saata çatacağı gözlənilir. Ümumiyyətlə, bəri başdan yarışların bütün trek boyunca çox maraqlı keçəcəyini söyləmək mümkündür.
Trek boyunca aparılan hazırlıq işlərində həyata keçirilən bir sıra yeniliklər diqqəti cəlb edir. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin məlumatına əsasən, trek yaxınlığından keçən ictimai nəqliyyat yarış günlərində intensiv fəaliyyət göstərəcək və sakinlərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq. Trek boyunca “Sahil” və “Sabir” parklarında “Formula-1” Azərbaycan Qran Prisini izləmək üçün ayaqüstü zonalar yaradılır. Tamaşaçılar bir biletlə həm “Sahil”, həm də “Sabir” parklarında yerləşən yeni ayaqüstü zonaların hər ikisinə daxil ola biləcəklər. “Formula-1” həvəskarları yarışı canlı izləməklə yanaşı, onlar üçün bu zonalarda təklif olunan qida və əyləncə imkanlarından da yararlana biləcəklər.
Qeyd etmək yerinə düşər ki, “Formula-1” yarışının dünyada populyarlığı kifayət qədər yüksəkdir. Çox haqlı olaraq “Formula-1” yarışı Olimpiya Oyunları, futbol üzrə dünya çempionatı ilə müqayisə edilir. Yarışı bütün qitələrdə təxminən 500 milyon tamaşaçı auditoriyası izləyir. Beləliklə, deyə bilərik ki, yarışın keçirildiyi günlərdə dünyanın gözü yenidən Azərbaycana dikiləcək. Prezident İlham Əliyev 2016-cı ilin idman yekunlarına həsr olunan mərasimdəki nitqində vurğulayıb ki, “Formula-1” yarışının Azərbaycanda keçirilməsinin ölkəmizin dünyada tanıdılması üçün müstəsna əhəmiyyəti vardır.
Ölkəmiz bütün yarışlarda özünün yüksək standartlarını tətbiq edir
Azərbaycanı müasir və güclü dövlət kimi fərqləndirən cəhətlərdən biri də ondan ibarətdir ki, ölkəmiz ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlərə, o cümlədən də idman yarışlarına böyük məsuliyyətlə yanaşır və özünün yüksək standartlarını tətbiq edir. Respublikamızda 2015-ci ilin yayında keçirilən birinci Avropa Oyunları ilə bağlı xoş xatirələr hələ də yaddaşlardan silinməyib. Avropa Olimpiya Komitəsinə üzv olan bütün ölkələrdən idmançıların qatıldığı birinci Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirildi. Yarışların təşkilində Azərbaycan yeni dünya standartları müəyyənləşdirdi.
Azərbaycanda ötən il keçirilən yarış “Formula-1” tarixində ən yaxşılardan biri idi. Ölkəmiz yüksək təşkilatçılıq bacarığını İslamiadada bir daha nümayiş etdirdi. Bakıda 10 gün ərzində əsl idman bayramına çevrilən Oyunların yüksək səviyyədə keçirilməsindən söhbət açarkən tərkibində böyük heyəti, o cümlədən də könüllüləri birləşdirən komandanın yarışlara məsuliyyətlə hazırlaşdığını xüsusi qeyd etmək lazımdır. İslamiadaya hazırlıq dövründə və Oyunlar ərəfəsində Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar, məşqçilər korpusu, idman mütəxəssisləri, könüllülər və əlbəttə ki, idmançıların özləri bir komanda, bir ailə kimi çalışaraq Oyunların uğurlarını, növbəti parlaq qələbəni təmin ediblər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün təşkilati məsələləri ən xırda detallarına kimi nümunəvi şəkildə həll etmişdi. Prezident İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdəki nitqində ölkəmizin Oyunlara yüksək səviyyədə hazırlaşmasını qonaqlara olan böyük hörmətin və məsuliyyətin təzahürü kimi səciyyələndirib: “Biz İslam Həmrəyliyi Oyunlarında da yeni yanaşmanı ortaya qoyduq, yeni standartlar tətbiq etdik. Əlbəttə ki, bu, bizim qonaqlara olan hörmətimizin əlamətidir, məsuliyyətin təzahürüdür. Eyni zamanda, bu, ümumiyyətlə, bizim siyasətimizi göstərir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

