Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Alayarımçıq laborant, siyasi dəllal İsa Qəmbərin növbəti avantürası

Alayarımçıq laborant, siyasi dəllal İsa Qəmbərin növbəti avantürası

02.02.2017 [10:21]

Bütün siyasi fəaliyyətlərini ermənipərəst dairələrin direktivləri əsasında xalqımız və dövlətimizin maraqlarına xəyanət etmək üzərində quran İsa Qəmbər kimiləri bu gün hansı üzlə cəmiyyət qarşısına çıxırlar?
Azərbaycan siyasi palitrasında heç bir funksionallığa malik olmayan autsayderlər özlərinin korporativ səciyyəli maraqlarını, siyasi ambisiyalarını təmin etmək üçün milli maraqlara və cəmiyyətdə təşəkkül tapmış dəyərlərə zidd olan ən müxtəlif yollara istinad edirlər. Bu sırada radikal müxalifət, xüsusilə də AXCP və Müsavat Partiyası fərqlənir. Dağıdıcı düşərgə nümayəndələri bu gün Azərbaycan cəmiyyəti tərəfindən tanınmır, öz fəaliyyətlərini anti-Azərbaycan dairələrin direktivləri əsasında davam etdirirlər. Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı kimi arxaik təfəkkürlü siyasi avantüristlər müasir dövrün reallıqları və tələbləri, uğursuzluqları, cəmiyyət tərəfindən birmənalı şəkildə inkar olunmaları ilə barışmaq istəmir, hər vəchlə ölkənin siyasi həyatına qayıtmağa çalışırlar. Xüsusilə də nə elmdə, nə də siyasətdə heç bir uğur qazanmamış alayarımçıq laborant İsa Qəmbər və onun düşərgə yoldaşlarının hər dəfə küçə leksikonu, primitiv mülahizələr və istehza doğuran çıxışları ilə gündəmə gəlmək, mətbuata çıxmaq cəhdləri artıq hətta onların yaxınlarının və azsaylı tərəfdaşlarının məyusluğuna səbəb olur. Bütövlükdə, Azərbaycan cəmiyyəti bəhs olunan radikal ünsürlərin dağıdıcı davranışlarını kəskin etirazla qarşılayır.
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib ki, Azərbaycan siyasi palitrasında heç bir yeri və rolu olmayan radikal müxalifət nümayəndələrinin fəaliyyətinin əsasını müəyyən qərəzli xarici dairələrdən sifariş alaraq ölkəmizdə sabitliyi pozmaq, cəmiyyətdə çaşqınlıq yaratmaq təşkil edir. Onun sözlərinə görə, AXC, “Müsavat” kimi dağıdıcı mövqeyə malik olan və cəmiyyət tərəfindən qəbul edilməyən marginal qruplar öz mövqe və davranışları ilə Azərbaycan dövlətinə qarşı çıxış edirlər: “Məsələ burasındadır ki, “AXC-”Müsavat” cütlüyü hakimiyyətdə olanda da həmin qüvvələr Azərbaycanın milli mənafeyinə zidd siyasət həyata keçirir, dövlətçilik maraqlarını heçə sayırdılar. Bu gün də həmin radikal qruplar eyni mövqedədirlər, yəni erməni lobbisi ilə sinxron fəaliyyət göstərir, müxtəlif xarici fondlarla ölkəmiz əleyhinə əməkdaşlıq edirlər. Ona görə də İsa Qəmbər, Əli Kərimli kimi radikalların milli maraqlara qarşı yönəlmiş hərəkətləri cəmiyyətdə ciddi narazılıq və etirazla qarşılanır”.
Musa Quliyevin sözlərinə görə, İsa Qəmbərin müxalifət partiyasının rəhbəri kimi də uzun illər hansı işlərlə məşğul olması hamımıza bəllidir: “Müxalifətdə olduqları dövrdə İsa Qəmbər, Əli Kərimli və s. bu kimi ünsürlərin bütün fəaliyyəti erməni lobbisindən, xarici fondlardan gələn sifarişləri icra etməyə, ictimaiyyəti çaşdırmağa, ölkə daxilində sabitliyi pozmağa, cəmiyyəti daim gərgin vəziyyətdə saxlamağa yönəlib. Bu illər ərzində Müsavat Partiyası ciddi ideologiya formalaşdıra bilməyib, gah Türkiyədə MHP-yə yaxın çevrələrə xoş gəlmək üçün türkçülük, gah Əbülfəz Elçibəyin irsinə iddia etmək üçün “milli demokratiya”, gah islamçı elektoratın səsini almaq üçün hacılıq, gah da Avropadan qrant almaq üçün “liberalizm” pərdəsinə bürünmüşdür. Bu isə heç bir siyasətçiyə başucalığı gətirmir”.
Musa Quliyev əlavə edib ki, indiyə qədər ölkəmizin inkişafına, milli maraqlara xidmət edən heç bir ideya irəli sürməyən Əli Kərimli, İsa Qəmbər kimi dağıdıcı təfəkkürlü şəxslərin gerçək kimliyi Azərbaycan cəmiyyətinə çoxdan bəllidir: “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi böyük uğurlar xalqımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanda xalq-iqtidar həmrəyliyi, birliyi mövcuddur. Bu həmrəylik bütün istiqamətlərdə mühüm nailiyyətlərin əldə edilməsində əhəmiyyətli rol oynayır. Eyni zamanda, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli - işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində qətiyyətli mövqe nümayiş etdirir. Son zamanlar böyük qayıdış planı çərçivəsində Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yaşayışın bərpa olunması istiqamətində tədbirlərin həyata keçirilməsi də xüsusi vurğulanmalıdır. Şübhəsiz ki, bütün bunlar anti-Azərbaycan dairələr və erməni lobbisi ilə yanaşı, onlarla sinxron fəaliyyət göstərən radikal müxalifət qrupları tərəfindən də ciddi narahatlıqla qarşılanır. Ona görə də İsa Qəmbər kimi Azərbaycan siyasi həyatından silinmiş, anti-azərbaycançı mərkəzlərin direktivləri əsasında fəaliyyət göstərən dağıdıcı müxalifət nümayəndələri Azərbaycanın əleyhinə fikirlər səsləndirirlər, dövlətimizi və xalqımızı növbəti dəfə hədəfə çevirməyə çalışırlar. Şübhəsiz ki, bütün bu cəhdlər uğursuzluğa məhkumdur”.
Vətəndaş Birliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Hacıyev isə deyib ki, 1992-ci ildə AXC-”Müsavat” cütlüyü hakimiyyətə gələndə Müsavat Partiyasının rəhbər şəxslərindən biri qeyd etmişdi ki, “biz 7 dövlətin dəstəyi ilə hakimiyyətə gəlmişik”. Məhz bu gün də həmin qüvvələr eyni təfəkkürlə çıxış edirlər, öz fəaliyyətlərini yenə də hansısa xarici dairələrdən dəstək və sifariş almaq üzərində qururlar: “Hansısa siyasi partiyanın xarici dairələrdən dəstək və sifariş almaq prinsipi əsasında fəaliyyət göstərməsi milli maraqları heçə saymaq, hətta milli mənafeyə zidd hərəkət etmək deməkdir. Bu, qanun pozuntusu olmaqla yanaşı, həm də cəmiyyət tərəfindən qəbul edilməyən bir haldır. Bu gün radikal müxalifət nümayəndələri, eləcə də İsa Qəmbər köhnə təfəkkürlərini saxlayırlar, hansısa xarici dairələrdən dəstək və sifariş almaq “adət”lərini davam etdirirlər. Bu isə, qeyd etdiyim kimi, yolverilməz haldır”.
Sabir Hacıyev əlavə edib ki, AXC-”Müsavat” hakimiyyəti dövründə Avropa dəyərlərindən, demokratiyadan bəhs edən insanlar, o cümlədən İsa Qəmbər əlində olan səlahiyyətlər və imkanlardan yararlanaraq səbəbini araşdırmadan insanların barəsində ölüm qərarını təsdiq etməklə öz “dəyərlər”i və mövqelərini ortaya qoymuşdular: “Məhz bu gün də İsa Qəmbərin timsalında radikal müxalifət nümayəndələri qeyri-humanist, antidemoktarik mövqelərini davam etdirir, cəmiyyət tərəfindən qəbul edilməyən, hətta ciddi etirazla qarşılanan fikirlərlə çıxış edirlər. Hesab edirəm ki, bu cür hallar riyakarlıq nümunəsi olmaqla yanaşı, radikal müxalifətin gerçək simasını aşkar edir”.
Vətəndaş Birliyi Partiyasının sədri diqqətə çatdırıb ki, radikal müxalifət başçıları bir reallığı dərk etməlidirlər ki, onlar bu gün yaşadıqlarına və fəaliyyət göstərdiklərinə görə məhz Ümummilli lider Heydər Əliyevə borcludurlar: “Məhz Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra sabitlik və əmin-amanlıq yaratmaqla yanaşı, həmin şəxsləri də ölümdən xilas etdi. Amma görünən odur ki, dağıdıcı müxalifət başçıları bu reallığı dərk etməməklə yanaşı, öz ənənəvi amplualarında qalırlar”.
Onun sözlərinə görə, istər İsa Qəmbər, istər Əli Kərimli, istərsə də digər radikal müxalifət nümayəndələri cəmiyyət tərəfindən qəbul edilmir, bu şəxslər Azərbaycan siyasi palitrasından tamamilə siliniblər. Ona görə də onların müxtəlif manipulyasiyalarla və cəmiyyəti, dövləti hədəfə alan ayrı-ayrı dağıdıcı fikirlərlə gündəmə gəlmək cəhdləri uğursuzdur.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 515 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31