Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Strateji Yol Xəritəsi Azərbaycanda maliyyə inklüzivliyinin gücləndirilməsinə etibarlı zəmin yaradır

Strateji Yol Xəritəsi Azərbaycanda maliyyə inklüzivliyinin gücləndirilməsinə etibarlı zəmin yaradır

20.12.2016 [10:14]

Prezident İlham Əliyev: Azərbaycanda bütün iqtisadi-maliyyə sektoru aparıcı dövlətlərin təcrübəsinə əsaslanaraq ən mütərəqqi prinsiplər əsasında inkişaf etməlidir
Son illərdə dünya iqtisadiyyatında müşahidə edilən transformasiya prosesləri, informasiya-kommunikasiya texnologiyaları və innovativ əsaslı digər sektorların sürətli inkişafı, obyektiv və subyektiv təsirlər nəticəsində dolların kəskin bahalaşması fonunda milli valyutalara təzyiqlərin artması və bir sıra digər amillər öz növbəsində qlobal maliyyə sistemində yeni meyillərin yaranmasını şərtləndirib. İndiki şəraitdə qlobal maliyyə sistemi üçün yaranan yeni çağırışlar ilk növbədə maliyyə-bank sektorunun effektiv tənzimlənməsi, nəzarət tədbirlərinin gücləndirilməsi, maliyyə xidmətlərinin rəqəmsallaşması, alternativ bankçılığın genişlənməsi, bankların xidmətlərindən bəhrələnən insanların münasibətlərinin, eyni zamanda, maliyyə institutlarının özlərinin əməliyyat modellərinin dəyişməsi zərurəti ilə bağlıdır. Deyilənlər baxımından qlobal iqtisadiyyata sıx inteqrasiya edən Azərbaycanın bank-maliyyə sistemində də 2016-cı ilin əvvəlində genişməzmunlu islahatlara başlanılması təqdirəlayiq haldır. İlin əvvəlində postneft dövründə ölkə iqtisadiyyatında geniş islahatların anonsunu verən Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində Azərbaycanda bütün iqtisadi-maliyyə sektorunun aparıcı dövlətlərin təcrübəsinə əsaslanaraq inkişaf etdirilməsinin zəruriliyinə diqqət çəkərək bu sahədə qarşıya mühüm vəzifələr qoymuşdu: “Azərbaycanda bütün iqtisadi-maliyyə sektoru aparıcı dövlətlərin təcrübəsinə əsaslanaraq ən mütərəqqi prinsiplər əsasında inkişaf etməlidir. İlk növbədə, idarəetmə mexanizmləri təkmilləşdirilməlidir, şəffaflıq tam şəkildə təmin edilməlidir”.
Təbii ki, ölkədə aparılan islahatlar kontekstində bank-maliyyə sektorunun inkişaf strategiyası müxtəlif istiqamətləri əhatə edən çoxsaylı tədbirlərin geniş spektrini əhatə edir. Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi hazırlanıb və dövlət başçısının 2016-cı il 6 dekabr tarixli müvafiq Fərmanı ilə təsdiqlənib. Sənəddə vurğulandığı kimi, Strateji Yol Xəritəsində qlobal iqtisadiyyat və maliyyə bazarlarında müşahidə edilən proseslərə çevik adaptasiya olunmaq və postneft iqtisadi inkişaf modelinin dəstəklənməsi üçün maliyyə sektoru qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınıb. Sənəd maliyyə xidmətləri sektorunun çevikliyi, rəqabətqabiliyyətliliyi, innovativliyi və iqtisadi inkişafı dəstəkləməsi prinsipləri əsasında hazırlanıb. Sənədə əsasən, respublikada maliyyə xidmətlərinin inkişafına nail olmaq məqsədilə maliyyə sisteminin daxili və xarici şoklara qarşı dayanıqlılığını artırmaq, risk idarəetməsi proseslərinin keyfiyyətini yüksəltmək və tənzimləmə çərçivəsini təkmilləşdirmək, infrastrukturu və inkişaf potensialını gücləndirmək kimi strateji məqsədlər müəyyənləşdirilib.
Nəzərdə tutulan tədbirlər yaxın, orta və uzunmüddətli dövrdə islahatların səmərəliliyini təmin edəcək
Yeni iqtisadi şəraitdə bəyan olunan islahatların səmərəli nəticələr verməsi bir sıra amillərlə şərtlənir ki, bunların da içərisində iqtisadi-maliyyə sektorunun adekvat fəaliyyət göstərmək iqtidarında olması çox vacib rol oynayır. Qlobal mənfi risklərin artdığı indiki şəraitdə Azərbaycanı fərqləndirən və ölkəmizə əlavə üstünlüklər qazandıran cəhətlərdən biri ondan ibarətdir ki, son 13 ildə həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamız güclü maliyyə təminatına malik bir ölkəyə çevrilib. Bəhs olunan dövrdə ölkəmizdə davamlı surətdə böyükhəcmli maliyyə tutumuna malik infrastruktur layihələri reallaşdırılmasına baxmayaraq, respublikamız strateji valyuta ehtiyatlarını artırmağa və maliyyə dayanıqlığını gücləndirməyə nail olub. Təsadüfi deyil ki, hazırda Azərbaycan dünyada xarici borclanması ən aşağı səviyyədə olan ölkələr sırasında yer alır. Yeni şəraitdə ölkənin geniş maliyyə imkanlarından səmərəli istifadə olunması, vəsaitlərin daha məqbul istiqamətlərə yönəldilməsi, real sektorun maliyyə təminatının gücləndirilməsi zərurəti iqtisadi-maliyyə sektorunun çevikliyinin artırılması, idarəetmənin təkmilləşdirilməsi, nəzarətin gücləndirilməsi ilə paralel surətdə şəffaflığın təmin olunması kimi məsələlərin önəmini artırıb.
Bəhs olunan Strateji Yol Xəritəsi ölkədə maliyyə xidmətlərinin inkişafı ilə bağlı üç mərhələdə reallaşdırılması nəzərdə tutulan tədbirləri əhatə edir. 2020-ci ilədək Azərbaycanın maliyyə sektorunun inkişafı üzrə strateji baxış daxili və xarici şoklara qarşı dayanıqlı, risk idarəetməsi proseslərinə dərindən fokuslanmış, effektiv tənzimləmə və güclü infrastruktur elementləri ilə əhatə olunmuş, inkişaf potensiallı maliyyə sistemi formalaşdırmaqdır. Maliyyə xidmətləri üzrə 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış səmərəli tənzimləmə və qanunvericilik çərçivəsi ilə dəstəklənən, bütün müştəri qruplarını genişçeşidli maliyyə xidmətləri ilə təmin edən dayanıqlı, sağlam və tarazlaşmış maliyyə sistemi formalaşdırmaqdır. 2025-ci ildən sonrakı dövrlə bağlı müəyyən edilmiş hədəf baxış xarici investorlar üçün cəlbedici və regional səviyyədə rəqabətqabiliyyətli maliyyə sektoru formalaşdırmaqla bağlı geniş tədbirləri əhatə edir.
Strateji Yol Xəritəsində ölkədə maliyyə xidmətlərinin inkişaf etdirilməsi məqsədilə 5 strateji hədəf müəyyənləşdirilib. Dinamik və sağlam institutlardan ibarət maliyyə sisteminin formalaşdırılması hədəfi çərçivəsində qeyri-işlək aktivlərin restrukturizasiya planının hazırlanması, sığorta bazarının inkişafı, maliyyə inklüzivliyinin gücləndirilməsi kimi tədbirlərin prioritetliyi təmin olunacaq. Maliyyə bazarlarının inkişafı strateji hədəfinin əsas prioritetləri kimi isə emitentlər və maliyyə vasitəçiləri üçün əlverişli mühitin yaradılması, investorların maliyyə bazarlarına çıxış imkanlarının genişləndirilməsi, banklararası pul bazarında aktivliyin artırılması müəyyənləşdirilib. Strateji Yol Xəritəsinə əsasən müəyyənləşdirilən hədəflərdən biri infrastrukturun gücləndirilməsi ilə bağlıdır. Bəhs olunan hədəfə uyğun olaraq kredit məlumatlarının mübadiləsi sisteminin təkmilləşdirilməsi, hüquqi çərçivəyə yenidən baxılması, məhkəmə qərarlarının qəbulu və icrası proseslərinin sürətləndirilməsi nəzərdə tutulub. Tənzimləmə və nəzarət mexanizminin təkmilləşdirilməsi də Strateji Yol Xəritəsində müəyyənləşdirilən hədəflər sırasında yer alır. Bu hədəfə uyğun olaraq həyata keçiriləcək prioritet tədbirlər banklarda daha sağlam risk idarəetməsinin təmin edilməsini, maliyyə xidmətləri sektorunda konsolidasiya edilmiş riskəsaslı nəzarət modelinin tətbiqini, bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsini, maliyyə xidmətləri sektorunun hesabatlılığında şəffaflığın artırılmasını, sığorta fəaliyyətini tənzimləmə və ona nəzarət mexanizminin gücləndirilməsini əhatə edir. Sənədə əsasən maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması ilə bağlı ayrıca strateji hədəfin müəyyənləşdirilməsi də böyük aktuallıq daşıyır. Əlamətdar haldır ki, bu hədəf çərçivəsində maliyyə sektorunda çalışan mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə yanaşı, istehlakçıların maliyyə savadlılığının artırılması və hüquqlarının müdafiəsinin gücləndirilməsi əsas prioritetlər qismində müəyyənləşdirilib.
Yeni şəraitdə ölkədə maliyyə xidmətlərinin inkişafının təmin edilməsi və bu sahədə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi baxımından Prezident İlham Əliyevin 3 fevral 2016-cı il tarixli müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmasının mühüm əhəmiyyəti var. Belə bir qurumun yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etməkdən ibarətdir.
Bank sisteminin kapitallaşması və likvidliyinin təmin edilməsi strateji prioritetlər sırasında yer alır
Mənfi qlobal amillərin təsiri nəticəsində ölkədə yaranan vəziyyət bankların daha çevik fəaliyyət göstərməsi, adaptasiya prosesinin daha effektiv həyata keçirilməsi zərurətini gündəmə gətirib. Yaranmış vəziyyətdə meydana çıxan çağırışlardan biri bank sektorunun sağlamlaşdırılması ilə bağlıdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində bank sektorunda islahatların, konsolidasiya tədbirlərinin önəminə diqqət çəkərək vurğulayıb: “Bank sektorunda islahatlar, konsolidasiya siyasəti davam etdirilməlidir. Bank sektorunda çox ciddi islahatlar aparılmalıdır. Bank sektoru şəffaf olmalıdır və ən yüksək dünya standartlarına cavab verməlidir”.
Təsadüfi deyil ki, respublikamızda maliyyə xidmətlərinin inkişafı ilə bağlı Strateji Yol Xəritəsində müəyyənləşdirilən hədəflər çərçivəsində bank sisteminin kapitallaşması və likvidliyinin təmin edilməsi strateji prioritetlərdən biri kimi qarşıya qoyulub. İndiki şəraitdə tələblərə, meyarlara cavab verməyən, öz fəaliyyətini qura bilməyən banklar, sadəcə, fəaliyyət göstərə bilməzlər. Yeni şəraitdə həyata keçirilən islahatlar, eyni zamanda, bankların sağlamlaşdırılması məqsədini daşıyır.
Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına əsasən, 2015-ci ilin sonuna qədər ölkədə 43 bank, 27 sığorta təşkilatı, 48 bank olmayan kredit təşkilatı, 109 kredit ittifaqı və 5 investisiya şirkəti fəaliyyət göstərib. Ekspertlərin qənaəti budur ki, Azərbaycan miqyaslı ölkə üçün bu qədər bankın olması məqbul deyil. Digər tərəfdən, bir sıra banklar ciddi likvidlik problemi yaşayırlar və müştərilər qarşısında öz öhdəliklərini yerinə yetirə bilmirlər, həmçinin ölkə iqtisadiyyatına hər hansı bir xeyir vermirlər. Son vaxtlar istehlak kreditlərinin azalması və digər amillər ayrı-ayrı bankları daha çətin durumla üz-üzə qoyub. Belə olan halda zəif bankların fəaliyyət göstərməsinə heç bir lüzum yoxdur.
Bu kimi reallıqları nəzərə alan Mərkəzi Bank Prezident İlham Əliyevin tapşırıqlarını əsas tutaraq bankların konsolidasiyasını həyata keçirir. Cari ilin əvvəlindən bəri Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin müvafiq qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Qafqaz İnkişaf Bankı”, “Atrabank”, “Yunayted Kredit Bank”, “NBCBank”, “Gəncəbank”, “Bank of Azerbaijan” ASC-lərin bank lisenziyaları ləğv edilib. Bəhs olunan bu banklar Əmanətlərin Sığortalanması Fonduna üzv banklardır və Fond tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçirilir.
İslahatlar nəticəsində ölkədə real sektorun maliyyə təminatı güclənəcək
Son 13 ildə ölkəmizdə dövlət tərəfindən davamlı şəkildə bankların dəstəklənməsi tədbirləri həyata keçirilib. Dövlətin bank sektorunun inkişafına göstərdiyi hərtərəfli dəstək, eyni zamanda, bankların üzərinə böyük məsuliyyət qoyur. Dövlət dəstəyindən bəhrələnən bankların öz fəaliyyətlərini istehlak kreditləri verməklə məhdudlaşdırmaları heç bir vəchlə məqbul sayıla bilməz. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bank sektorunun sağlamlaşdırılması tədbirləri çərçivəsində qarşıya konkret tələblər qoyub və bankları real sektorun maliyyə təminatının gücləndirilməsində iştirak etməyə çağırıb: “Elə etməliyik ki, bank sektoru Azərbaycan iqtisadiyyatına daha da çox fayda versin, iqtisadiyyatın real sektoruna daha da çox kredit resursları təşkil etsin ki, biz işləri təkcə dövlət büdcəsi hesabına, yaxud da ki, sahibkarların öz vəsaiti hesabına görməyək. Bank sektoru da burada çox ciddi alət, daha fəal olmalıdır. Ona görə bank sektorunun sağlamlaşdırılmasına Azərbaycan dövləti kömək göstərir və bu istiqamətdə islahatlar daha da sürətlə getməlidir”.
Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına əsasən, bankların və bank olmayan kredit təşkilatlarının maliyyə sisteminin cəmi aktivlərində payı 2015-ci ildə müvafiq olaraq 88 faiz və 9,7 faiz təşkil edib. Bəhs olunan Strateji Yol Xəritəsinə əsasən perspektivdə ölkəmizdə real sektorun maliyyələşmə imkanlarının artırılması, ümumiyyətlə, postneft iqtisadiyyatına keçid dövründə qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi məqsədilə effektiv maliyyə inklüzivliyi sisteminin formalaşdırılması nəzərdə tutulur. Strateji Yol Xəritəsində qeyd olunur ki, ölkədə maliyyə inklüzivliyinin artımına nail olunması iqtisadi fəaliyyətin dəstəklənməsinə, sahibkarlığın inkişafına, məşğulluğun yaxşılaşdırılmasına, ev təsərrüfatlarının istehlak imkanlarının artırılmasına və gəlir bərabərsizliyinin aradan qaldırılmasına əlavə dəstək verə bilər.
Əmanətlərin sığortalanması həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyır
Yeni şəraitdə ölkəmizdə həyata keçirilən bütün islahatlar kimi, maliyyə xidmətlərinin inkişafı ilə bağlı tədbirlər də iqtisadi mahiyyəti ilə yanaşı, həm də dərin sosial önəm daşıyır. Yeni şəraitdə ölkənin bank-maliyyə sisteminin fəaliyyətinin daha səmərəli qurulmasını, eyni zamanda, vətəndaşların sosial müdafiəsini hədəfləyən qərarlardan söhbət açarkən Prezident İlham Əliyevin “Əmanətlərin tam sığortalanması haqqında” qanunun tətbiqi barədə imzaladığı müvafiq Sərəncamın önəmini xüsusi qeyd etmək lazımdır. Bəhs olunan qanunun məqsədi qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirməkdən və əlbəttə ki, onların özlərinin hüquqlarını qorumaqdan ibarətdir. Sənədə əsasən, ölkə ərazisində fəaliyyət göstərən banklarda vəsait yerləşdirən təxminən 6 milyon əmanətçinin depozitlərinin qarşıdakı 3 il müddətində tam sığortalanması nəzərdə tutulub.
Qlobal təsirlər nəticəsində ölkəmizdə yaranan yeni iqtisadi şəraitdə vətəndaşların banklara qoyduqları depozitlərin tam həcmdə sığortalanması həyata keçirilən islahatların tərkib hissəsidir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində əmanətlərin tam şəkildə sığortalanmasının həm sosial, həm də iqtisadi əhəmiyyətinə diqqət çəkərək bildirib: “Əmanətlərin tam sığortalanması haqqında qərar qəbul edilmişdir. Bu, həm sosial xarakter daşıyır, həm də əlbəttə ki, bank sektoruna əhali tərəfindən inamı artırır. İndi bütün əmanətlər sığortalanıb”.
Qeyd edək ki, bundan əvvəlki qanuna əsasən, yalnız 30 min manatadək olan əmanətlər sığortalanırdı. Yeni qanunla bu kimi məhdudiyyətlər aradan qaldırılıb. “Əmanətlərin tam sığortalanması haqqında” qanuna əsasən, müvafiq banklara qoyulan bütün depozitlər məbləğindən asılı olmayaraq sığortalanır. Yeni qanun indiki şəraitdə həm bankların likvidliyinin təmin olunması, həm də real sektorun maliyyə təminatının gücləndirilməsi baxımından böyük aktuallıq kəsb edir.
Yeni iqtisadi şəraitdə ölkə ərazisində fəaliyyət göstərən banklarda yerləşdirilən depozitlərin həcminin artmasına təsir göstərən başqa tədbirlər də həyata keçirilir.
Dövlət başçısının müvafiq Sərəncamı ilə yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividendlər 3 il müddətinə gəlir vergisindən azad olunub. Bundan başqa, vergi güzəştləri bank əmanətlərinin həcminin artmasına zəmin yaradır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 764 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31