Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Strateji Yol Xəritəsinin reallaşdırılması sayəsində aztəminatlı ailələr uyğun qiymətə mənzillə təmin olunacaqlar

Strateji Yol Xəritəsinin reallaşdırılması sayəsində aztəminatlı ailələr uyğun qiymətə mənzillə təmin olunacaqlar

15.12.2016 [10:07]

Prezident İlham Əliyev: Sosial Mənzil Fondunun yaradılmasında əsas məqsəd belə mənzilləri aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətə kreditlə təqdim etməklə, onların mənzil problemlərinin həllindən və sosial rifah hallarının yaxşılaşdırılmasından ibarətdir
İqtisadi islahatların səmərəliliyi bir sıra digər faktorlarla yanaşı, həm də onların sosial nəticələri ilə şərtlənir. Başqa sözlə desək, yeni şəraitdə Azərbaycan iqtisadi sektorda sosial təşəbbüslərlə dəstəklənən islahatların prioritetliyini təmin edir. Bu isə o deməkdir ki, respublikamız qlobal mənfi təsirlər nəticəsində yaranan və müəyyən çətinliklərlə müşayiət olunan indiki şəraitdə də özünün genişməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Azərbaycanda ardıcıl surətdə ölkənin iqtisadi və maliyyə imkanlarından bəhrələnməklə insanların rifah halının yüksəlməsinə, həyat şəraitinin yaxşılaşmasına, maddi təminatının möhkəmlənməsinə yönələn layihələr həyata keçirilir. Qlobal mənfi təsirlər nəticəsində yaranan yeni şəraitdə Azərbaycanda nəinki hər hansı bir sosial proqram ixtisara salınmayıb, əksinə, respublikamızda bu sahədə yeni təşəbbüslər irəli sürülüb. Bu strateji xətt növbəti ildə də diqqət mərkəzində saxlanılacaq. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində vurğulayıb ki, 2017-ci ilin büdcəsi də sosialyönümlü olmalıdır: “Gələn ilin dövlət büdcəsi müzakirə olunur. Dövlət büdcəmizdə bütün sosial proqramlar öz əksini tapmalıdır. Ümumiyyətlə, gəlirlərimizin azalmasına baxmayaraq, biz sosial sahədə tam vəsaiti təmin edirik. Heç bir sosial təşəbbüs və layihə ixtisar olunmadı. 2017-ci ildə də büdcəmiz sosialyönümlü olmalıdır və əlbəttə ki, investisiyalar üçün də kifayət qədər vəsait nəzərdə tutulmalıdır”.
Yeri gəlmişkən, perspektiv inkişaf strategiyasında sosial sferanın prioritetliyinin təmin edilməsi baxımından Prezident İlham Əliyevin bu günlərdə imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” müvafiq Fərmanın önəmini ayrıca qeyd etmək lazımdır. Fərmanla milli iqtisadiyyat perspektivi və onun 11 əsas sektoru üzrə müəyyənləşdirilən yeni hədəflər Azərbaycanın yaxın, orta və uzunmüddətli perspektivdə inamlı inkişafını təmin edəcək.
Bəhs olunan sənədin diqqəti çəkən vacib məqamlarından biri də burada islahatların sosial nəticələrinin nəzərə alınmasıdır. Belə ki, sənəd bütün fəaliyyətlərin həyata keçirilməsində sosial təminat məsələlərini, əhalinin sosial müdafiəsini önə çəkir. Bu isə ondan xəbər verir ki, Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı strateji yanaşmada iqtisadi diversifikasiya ilə yanaşı, sosial təminat məsələlərinin prioritetliyi yenə də qorunub saxlanılıb. Fərmana əsasən, Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsinin təsdiqlənməsi bunu bir daha isbatlayır.
Aztəminatlı ailələrin uyğun qiymətə mənzil təminatı dərin sosial məzmun daşıyır
Ölkəmizdə aztəminatlı ailələrin uyğun qiymətə mənzil təminatına dair yeni təşəbbüsün irəli sürülməsi və bununla bağlı hədəfləri özündə cəmləşdirən Strateji Yol Xəritəsinin təsdiqlənməsi olduqca dərin sosial məzmun kəsb edir. Qeyd edək ki, sosial əhəmiyyətli bu təşəbbüs bilavasitə xalqımızın həyat şəraitinin daha da yaxşılaşmasına yönəlmiş siyasət həyata keçirməyi fəaliyyətinin əsas prinsipi hesab edən Prezident İlham Əliyevdən gəlib. Azərbaycanın dövlət başçısı yaranan şəraitdə aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədilə onların mənzil şəraitinin əsaslı şəkildə yaxşılaşdırılmasını nəzərdə tutan sosial mənzillərin tikintisi proqramının həyata keçirilməsinə böyük önəm verir. Prezident İlham Əliyev aztəminatlı ailələr üçün ucuz mənzillərin inşasını çox ciddi sosial təşəbbüs kimi səciyyələndirərək deyib: “Bu yaxınlarda yaradılan Mənzil İnşaatı Dövlət Agentliyi öz işinə başlayıb. Yasamal rayonunda böyük tikinti layihəsi icra olunur və sosial mənzillərin tikilməsi prosesi artıq başlayır. Biz Nazirlər Kabinetinin toplantısında bu barədə danışmışıq. Artıq bu işlərə start veririk. Bunun çox böyük sosial mənası var və inşaat sektoruna, xüsusilə tikinti materialları sektoruna da böyük təsiri olacaq. Bizim sahibkarlar da buna hazır olsunlar. Elə etməliyik ki, o layihələrdə istifadə olunacaq bütün inşaat materialları Azərbaycan mənşəli olsun”.
Müstəqil Azərbaycanda indiyədək sosial mənzillərin tikintisi praktikası olmayıb. Bu, aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına hesablanan tamamilə yeni bir ideyadır. Ölkəmizdə Prezident İlham Əliyevin bəyan etdiyi yeni sosial proqram dünya təcrübəsinə istinad edilərək həyata keçiriləcək. Xatırladaq ki, bir sıra inkişaf etmiş ölkələrdə, o cümlədən Almaniyada, qardaş Türkiyədə sosial mənzillərin tikintisi ilə aztəminatlı əhalinin mənzil probleminin həllinə dəstək verilməsi praktikasından geniş istifadə olunur. Sosial mənzil fondları həmçinin bizə coğrafi baxımdan da yaxın olan bəzi MDB ölkələrində də yaradılıb. Təbii ki, sosial mənzillər inşa olunarkən müxtəlif ölkələrin təcrübəsi Azərbaycanda olduğu kimi tətbiq edilməyəcək. Sosial mənzillər tikilərkən respublikamızın iqtisadi inkişafı ilə bağlı fərqli cəhətlər mütləq nəzərə alınacaq.
Paytaxtda ilk sosial mənzillərin tikintisinə hazırlıq işləri başa çatmaq üzrədir
Bəhs olunan Strateji Yol Xəritəsində aztəminatlı ailələrin yaxın, orta və uzunmüddətli perspektivdə uyğun qiymətə mənzil təminatını reallaşdırmaq üçün müvafiq tədbirlərin geniş spektri öz əksini tapıb. Diqqəti çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, Strateji Yol Xəritəsində konkret zaman çərçivəsində hansı hədəflərə çatılacağı göstərilib. Aztəminatlı ailələrin uyğun qiymətə mənzil təminatına dövlət hər cür dəstək verəcək. Ən əsası isə, müvafiq dövlət qurumları sosial mənzillərin tikintisi ilə bağlı layihələrin reallaşdırılacağı ərazilərdə kommunal infrastruktur yaradılmasını öz öhdəsinə götürür. Bu, sosial mənzillərin tikintisinə cəlb olunan özəl sektor təmsilçilərinə böyük dəstəkdir.
Ölkəmizdə ilk sosial mənzillərin tikiləcəyi ünvan da artıq dəqiqləşib. İlk belə mənzillər paytaxtın Yasamal rayonunda Xarici Dairəvi Avtomobil Yolunun kənarında təxminən 219 hektar ərazidə inşa olunacaq. Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Köçürmə üzrə işçi komissiyasının sədri Səməd İslamov KİV-ə verdiyi açıqlamada Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi ilə əlaqədar qeyd olunan ərazinin bir hissəsində müasir standartlara cavab verən yeni istirahət-sağlamlıq mərkəzinin salınacağını bildirib.
Bəhs olunan ərazidə 11,6 hektar sahə Nazirlər Kabinetinin müvafiq qərarı ilə çoxmənzilli sosial evlərin tikintisinin sifarişçisi qismində çıxış edən MİDA MMC-nin sərəncamına verilib. Sosial evlər üçün ərazi seçilərkən gələcək sakinlərin maksimum rahatlıqlarının təmin olunması üçün bütün amillər nəzərə alınıb. İlk güzəştli mənzillərin inşa olunacağı ərazi şəhərin hər cəhətdən əlverişli hissəsində yerləşir. Bu əraziyə bitişik şam ağaclarından ibarət 5 hektara yaxın yaşıllıq zonası mövcuddur. Eyni zamanda, seçilmiş ərazinin paytaxtın əsas iş yeri mərkəzlərinə yaxınlığı burada yaşayacaq insanların çox vaxt itirmədən öz iş yerlərinə çatmalarına imkan verəcək. Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) KİV-ə verilən məlumatda bildirilib ki, şəhərcikdə çoxmənzilli binalarla yanaşı, vətəndaşların zəruri ehtiyaclarının ödənilməsini təmin etmək məqsədilə müvafiq sosial infrastrukturun (məktəb, uşaq bağçası və s.) yaradılması, habelə məişət və xidmət obyektlərinin istifadəyə verilməsi də nəzərdə tutulub.
Hazırda seçilmiş ərazidə çoxmənzilli binaların tikintisinə başlanılması üçün aparılan hazırlıq işləri başa çatmaq üzrədir. İşçi layihə üzərində iş tamamlandıqdan sonra inşaat işlərinə start veriləcək. İnşa olunacaq binalar yaşayış üçün zəruri olan rabitə və kommunal xidmətlərlə tam təmin olunacaq. İlkin hesablamalara görə, salınacaq şəhərcikdə 2 minə yaxın sosial mənzil tikiləcək.
sosial mənzillər bütün ölkə boyu tikiləcək
Qeyd edək ki, aztəminatlı ailələrin uyğun qiymətə mənzil təminatı üçün nəzərdə tutulan sosial mənzillərin inşası pilot layihə kimi əvvəlcə Bakının ayrı-ayrı rayonlarında həyata keçiriləcək. Məlumdur ki, hazırda Bakı şəhərində qəzalı vəziyyətdə olan binalar kifayət qədər çoxdur. Azərbaycan Respublikası Nazirlər Kabineti Bakının Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 25 fevral 2016-cı il tarixli müvafiq qərar qəbul edib. Sözügedən qərara əsasən, Bakıda irimiqyaslı yenidənqurma işlərinə, o cümlədən də sosial evlərin inşası ilə bağlı pilot layihənin həyata keçirilməsi istiqamətində genişmiqyaslı işlərə start verilib. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, pilot layihə ölkəmizdə həyata keçirilən sosial xarakterli tədbirlər içərisində özünəməxsus yer tutur. Beş il müddəti üçün nəzərdə tutulmuş pilot layihə çərçivəsində yararsız vəziyyətə düşmüş 1000-ə yaxın yaşayış binasının sökülməsi, 30 mindən artıq sakinin köçürülməsi, milyonlarla kvadratmetr yaşayış sahəsinin tikilib istifadəyə verilməsi planlaşdırılır. Bu layihənin həyata keçirilməsi üçün vəsaitin dövlət büdcəsindən deyil, yaranmış əlverişli investisiya mühitində sahibkarlar tərəfindən yatırılması nəzərdə tutulub.
Bəhs olunan Strateji Yol Xəritəsində müəyyənləşdirilən hədəflərə uyğun olaraq sosial mənzillərin tikintisi, eyni zamanda, ölkənin bütün bölgələrinin tarazlı inkişaf konsepsiyası əsasında həyata keçiriləcək. Belə ki, sosial mənzillərin tikintisinin əhatə dairəsi yalnız paytaxt və yaxud iri şəhərlərlə məhdudlaşmayacaq. Belə mənzillər Bakı da daxil olmaqla, ölkənin bütün şəhərlərində, rayon mərkəzlərində inşa olunacaq. Mənzil İnşaatı Dövlət Agentliyindən KİV-ə verilən məlumatda bildirilib ki, paytaxtın bir sıra rayonları ilə yanaşı, regionlarda, o cümlədən də Gəncə, Sumqayıt, Lənkəran və Masallı şəhərlərində də torpaq sahələrinin ayrılması imkanları araşdırılıb, onlara yerində baxış keçirilib.
Sosial mənzillərin inşası ölkədə işsizliyin azaldılması baxımından da böyük əhəmiyyət daşıyır
Dövlət başçısının Fərmanı ilə təsdiqlənən Strateji Yol Xəritəsində müəyyənləşdirilən hədəflərə uyğun olaraq Bakı da daxil olmaqla ölkənin bütün şəhərlərində sosial mənzillərin inşasının önəmi yalnız aztəminatlı əhalinin mənzil probleminin aradan qaldırılması ilə məhdudlaşmır. Belə mənzillərin inşası bu kateqoriyadan olan ailələrin mənzil təminatının yaxşılaşdırılmasında yeni bir mərhələ olmaqla yanaşı, eyni zamanda, ölkədə işsizliyin azaldılması baxımından da böyük əhəmiyyət daşıyır.
Məlumdur ki, ölkəmizdə əhalinin məşğulluğunun təmin olunmasına böyük önəm verilir. Bu məqsədlə ayrıca Dövlət proqramları qəbul edilib. 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində ölkəmizdə 1,5 milyondan artıq yeni iş yeri yaradılıb ki, onların da böyük qismi məhz bölgələrin payına düşür. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamızda işsizliyin səviyyəsini 5 faizədək azaltmaq mümkün olub. Prezident İlham Əliyev isə ölkədəki müsbət demoqrafik vəziyyəti nəzərə alaraq yeni iş yerlərinin yaradılmasını daimi prosesə çevirməklə bağlı qarşıya mühüm vəzifə qoyub. Qlobal təsirlər nəticəsində yaranan yeni iqtisadi şəraitdə isə əhalinin məşğulluğunun təmin edilməsi xüsusi aktuallıq kəsb edir. Bütün bu deyilənləri nəzərə aldıqda yeni iqtisadi şəraitdə Bakı da daxil olmaqla ölkənin hər yerində sosial mənzillərin inşasına başlanılmasının və beləliklə də, çoxlu sayda yeni iş yerlərinin yaradılmasının əhəmiyyəti barədə konkret təsəvvür yaranır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində respublikanın bütün şəhərlərində, rayon mərkəzlərində sosial mənzillərin tikintisinin aparılmasını məhz bu konteksdən dəyərləndirərək belə mənzillərin inşasının həm maddi təminatı aşağı olan ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına dəstək verilməsi, həm də regionlarda işsizliyin azaldılması baxımından əhəmiyyətinə diqqət çəkib: “Regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacaqdır. Xüsusilə qeyd etmək istəyirəm ki, nəinki Bakıda və böyük şəhərlərdə, bütün şəhərlərdə, bütün rayon mərkəzlərində”.
Sosial mənzillərin tikintisinin çox geniş multiplikativ səmərəsi olacaq
Milli iqtisadiyyat və onun 11 aparıcı sektoru üzrə strateji yol xəritələrinə əsasən perspektiv inkişaf hədəfləri müəyyənləşdirilərkən iqtisadi və sosial məqsədlərin bir-biri ilə uyğunlaşdırılmasının və vəhdət halında nəzərə alınmasının önəmini isə xüsusi qeyd etmək lazımdır. Aztəminatlı ailələrin uyğun qiymətə mənzil təminatı dərin sosial əhəmiyyət daşımaqla bərabər, bu məqsədlə bütün ölkə boyu mənzil tikintisinə start verilməsi paytaxtda və regionlarda iqtisadi aktivliyin artırılması ilə nəticələnəcək.
İqtisadi sektorun müxtəlif sahələri bir-birləri ilə sıx əlaqəlidir. Qəzalı vəziyyətdəki evlərin yerində gözəl, çoxmərtəbəli binaların tikintisi inşaat sektoruna çox böyük təkan verəcək, paralel şəkildə iqtisadiyyatın 20-dək digər sahəsinin də inkişafına səbəb olacaq. Mənzillərin əhaliyə təqdim olunması nəticəsində yeni istehlak ehtiyacları yaranacaq.
Prezident İlham Əliyev sosial mənzillərin tikintisinin əlaqəli sahələrin, o cümlədən də inşaat sektorunun işinə böyük təkan verəcəyini xüsusi vurğulayıb. Məlumdur ki, xarici təsirlər nəticəsində ölkədə yaranmış yeni şəraitdə inşaat sektorunda da müəyyən çətinliklər yaşanır. Dövlət başçısının qeyd etdiyi kimi, sosial mənzillərin tikintisinə başlanılmasının inşaat sektorunda böyük multiplikativ səmərəsi olacaq: “Bu tipli mənzillərin tikintisi həm Bakı şəhərində, həm də bütün digər rayon və şəhərlərdə geniş şəkildə aparılacaqdır. Sosial mənzillərin tikintisi əlavə iş yerlərinin yaradılması, mənzilə ehtiyacı olan əhali qrupunun belə ehtiyaclarının ödənilməsi ilə yanaşı, bu mənzillərin əhaliyə təqdim edilməsi nəticəsində yeni zəruri istehlak ehtiyaclarının yaranacağı nəzərə alınmaqla, paralel şəkildə iqtisadiyyatın 20-dək digər sahələrinin də inkişafına səbəb olacaqdır. Təbii ki, bu, inşaat sektoruna çox böyük təkan verəcək. İnşaat sektorunda vaxtilə işləmiş, ancaq indi işlərini itirmiş insanlar yenə də işlə təmin ediləcək və bunun çox geniş multiplikativ səmərəsi olacaqdır”.
Sosial Mənzil Fondu mənzilləri aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətə verilən kreditlə təqdim edəcək
Prezidentin Fərmanı ilə təsdiqlənən müvafiq Strateji Yol Xəritəsinin ən önəmli cəhətlərindən biri də odur ki, bu sənədlə aztəminatlı ailələrin uyğun qiymətə mənzil şəraitlərinin yaxşılaşdırılması strateji hədəf kimi qarşıya qoyulub. Sirr deyil ki, aztəminatlı ailələrin aylıq gəlirləri bazar qiymətləri ilə mənzil almağa kifayət etmir. Belə vəziyyətdən gənclərin də əziyyət çəkmələri xüsusi narahatlıq doğurur. Dövlət məhz bu kimi məqamları nəzərə alaraq aztəminatlı ailələrin, o cümlədən də gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasına əməli dəstək verməyi qərara alıb. Ölkəmizdə Sosial Mənzil Fondunun formalaşdırılması tələbatı olan, amma imkanı çatmayan və aylıq əməkhaqqı mənzil almaq üçün yetərli olmayan bütün ailələrin mənzillə təmin edilməsinə imkan verəcək. Prezident İlham Əliyev vurğulayıb ki, Sosial Mənzil Fondunun yaradılmasında əsas məqsəd belə mənzilləri aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətə kreditlə təqdim etməklə onların mənzil problemlərinin həllindən və sosial rifah hallarının yaxşılaşdırılmasından ibarətdir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 574 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31