Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət yanaşması əsasında sülh yolu ilə həllini dəstəkləyir

Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət yanaşması əsasında sülh yolu ilə həllini dəstəkləyir

13.12.2016 [10:16]

Ölkəmiz rəsmi Tel-Əviv ilə siyasi dialoqu çərçivəsində İsrail-Fələstin münaqişəsinin həlli üzrə sülh prosesində müşahidə olunan durğunluqdan və münaqişə zonasında bəzi fəaliyyətlərdən narahatlığını ifadə edir
Müstəqil Azərbaycan beynəlxalq birliyin suveren aktoru kimi konstruktiv əsaslarla həyata keçirdiyi xarici siyasətində daim milli maraqlardan və müasir qlobal trendlərdən çıxış edərək ölkələr və xalqlar arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verməyə çalışır. Ölkəmiz təmsil olunduğu beynəlxalq təşkilatların tribunalarından davamlı olaraq regional və qlobal əməkdaşlığa çağırışlar edir. Azərbaycan Yaxın Şərq coğrafiyası ilə bağlı siyasətində də regionda münaqişələrin sülh yolu ilə aradan qaldırılmasına və təhlükəsizliyin təmin olunmasına praktiki müstəvidə dəstək verir. Təsadüfi deyil ki, Azərbaycanla Yaxın Şərq ölkələrinin rəsmi şəxslərinin qarşılıqlı səfərləri çərçivəsində regional məsələlərin həlli yolları ilə bağlı müzakirələr aparılır və konstruktiv təkliflər irəli sürülür. KİV-də verilən məlumatlara əsasən, İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana nəzərdə tutulan səfəri zamanı da müzakirə olunacaq əsas məsələlərdən biri İsrail-Fələstin münaqişəsi olacaq.
Qeyd edək ki, Yaxın Şərqin aparıcı dövlətlərindən olan İsrail Azərbaycanla sıx dostluq münasibətlərinə malik ölkədir. Respublikamız bu ölkə ilə dostluq əlaqələrini, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını getdikcə dərinləşdirir. Azərbaycan İsrailin enerji məhsulları ilə təchizatında etibarlı tərəfdaş qismində çıxış edir.
Eyni zamanda, İsrail də beynəlxalq müstəvidə ölkəmizin maraqlarını, o cümlədən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mövqeyini daim müdafiə edir. Bu ölkə rəsmiləri, eləcə də İsrailin dövlət başçısı Azərbaycana səfərləri zamanı iki ölkə arasında münasibətlərin indiki səviyyəsindən razılıq ifadə etməklə yanaşı, potensial imkanların daha geniş olduğunu dilə gətiriblər. Xoş mərama əsaslanan mövcud münasibətlərin yüksək səviyyəsi öz növbəsində İsraillə Azərbaycan arasında münasibətlərin dinamizminə müsbət təsir göstərir və iki ölkə arasında iqtisadi-mədəni əlaqələr getdikcə daha da artır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan-İsrail əlaqələri ikitərəfli xarakter daşıyır. Getdikcə inkişaf edən və möhkəmlənən, yeni aspektləri əhatə edən bu əlaqələr heç bir dövlətlə münasibətlərə xələl gətirmir. Ölkəmiz, eyni zamanda Azərbaycan-İsrail dialoquna Fələstin məsələsini qaldırmaq üçün bir platforma, imkan kimi baxır.
Azərbaycan tərəfi İsrail ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında qurduğu ikitərəfli əlaqələrinin verdiyi müsbət təsir imkanlarından istifadə edərək, bu dövlətlə siyasi dialoqu çərçivəsində İsrail-Fələstin münaqişəsinin həlli üzrə sülh prosesində müşahidə olunan durğunluqdan və münaqişə zonasında bəzi fəaliyyətlərdən narahatlığını, nəticə yönümlü sülh prosesinin bərpa edilməsinin və münaqişənin iki dövlət yanaşması əsasında tezliklə həll edilməsinin vacibliyini ifadə edir.
Azərbaycan, eyni zamanda, Fələstin dövləti ilə də yaxşı münasibətlərə malikdir. Azərbaycan və Fələstin arasında diplomatik münasibətlərin artıq 25 illik tarixi var. Belə ki, 1992-ci ilin 15 aprelində Azərbaycan Respublikası ilə Fələstin Milli hakimiyyəti arasında diplomatik əlaqələr qurulub. 1995-ci ilin 22 oktyabrında Ulu öndər Heydər Əliyev Nyu-Yorkda Fələstin Azadlıq Təşkilatının başçısı Yasir Ərəfat ilə görüşüb. Səmimilik və dostluq şəraitində keçən görüşdə Ümummilli lider Heydər Əliyev Yaxın Şərqdə əldə edilən sülh münasibətilə Yasir Ərəfatı təbrik edərək bildirib ki, münaqişənin həlli üçün sülhdən başqa yol yoxdur.
Fələstinli rəsmilər və nümayəndə heyətləri müntəzəm olaraq Bakıya, qarşılıqlı olaraq Azərbaycan rəsmiləri də Fələstinə səfərlər edirlər. Ötən 5 il ərzində Azərbaycan və Fələstin arasında 4 müqavilə və anlaşma memorandumu imzalanması iki ölkə arasında münasibətlərin yüksək səviyyəsini bir daha nümayiş etdirir. Son olaraq, bu ilin may ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti Fələstin Dövlətinə səfər edib və səfər zamanı iki ölkə arasında ilk müqavilə-hüquq sənədi olan “Azərbaycan Respublikası hökuməti və Fələstin Dövləti hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların viza tələbindən azad edilməsi haqqında Saziş” imzalanıb. Bu, Azərbaycanın Fələstinin beynəlxalq hüquq subyekti olduğuna və dövlətçiliyinə praktik dəstəyinin təzahürüdür.
Vurğulamaq yerinə düşər ki, Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas 2011-ci ilin 28 iyun tarixində Azərbaycana etdiyi dövlət səfəri zamanı Bakıda Prezident İlham Əliyev tərəfindən yüksək səmimiyyətlə qarşılanıb. Azərbaycan dövlətinin başçısı Fələstin Prezidenti Mahmud Abbasla keçirdiyi birgə mətbuat konfransında bildirib: “Əlaqələrimiz inkişaf edir. Xalqlarımız arasında əlaqələrin böyük tarixi vardır. Əsrlər boyu xalqlarımız bir-birinə böyük rəğbətlə yanaşıbdır. Münasibətlərimizin indiki mərhələsində ikitərəfli əlaqələrin inkişafı üçün çox yaxşı imkanlar vardır. Biz istəyirik ki, bütün sahələrdə əlaqələrimiz inkişaf etsin və bu inkişaf hər bir istiqamətdə özünü göstərsin”.
Azərbaycanın Fəlstinə davamlı dəstək nümayiş etdirməsinə aid çoxlu misallar gətirmək mümkündür. Məsələn, Bakı 2013-cü ildə Fələstin Dövlətinə və paytaxtı müqəddəs Qüdsi-Şərif (Şərqi Yerusəlim) şəhərinə dəstək vermək üçün İslam Əməkdaşlıq Təşkilatı nazirlərinin təcili toplantısına ev sahibliyi edib. Tədbir çərçivəsində Azərbaycan paytaxtı Şərqi Qüds olmaqla Fələstin Dövlətinin suverenliyi və müstəqilliyinə daimi və sarsılmaz dəstəyini ifadə edərək müqəddəs şəhərin infrastrukturunun inkişaf etdirilməsi və saxlanılması üçün 5 milyon dollar yardım ayırıb. Bundan başqa, Azərbaycan hökuməti Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə (AİDA) 2012-ci il ərzində Qəzza bölgəsində hərbi toqquşmalar nəticəsində yaranmış humanitar böhranın aradan qaldırılmasına kömək məqsədilə Fələstin xalqına 100 min ABŞ dolları məbləğində maliyyə yardımı göstərib. Fələstin hər zaman Azərbaycanın dəstəyini yüksək qiymətləndirərək, beynəlxalq hüquq və BMT-nin qətnamələrinin yerinə yetirilməsi yolu ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi və məcburi köçkünlərin geri qayıtması məsələlərində Azərbaycanın sərgilədiyi mövqeyə eyni ruhda daima dəstək verir.
Ümumiyyətlə, Azərbaycan hər zaman beynəlxalq təşkilatlarda, xüsusilə BMT TŞ, İslam Əməkdaşlıq Təşkilatında və Qoşulmama Hərəkatında, UNESCO və digər qurumlar çərçivəsində Fələstinə dəstək verib və bu dəstək Fələstin tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən Ərəb Dövlətləri Liqası yekdilliklə Azərbaycanın namizədliyinin dəstəklənməsi barədə qərar qəbul edib. Azərbaycan isə Fələstin məsələsini BMT TŞ-nin qeyri-daimi üzvü olarkən özünün prioritetləri sırasına daxil etmişdi.
Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərim də ölkəmizin bu dövlətə dəstəyini yüksək qiymətləndirərək vurğulayıb ki, Fələstin və Azərbaycan tarixən bir-biri ilə əlaqədə olmuş və bir-birinə dəstək vermişdir: “İslam Əməkdaşlıq Təşkilatının tərkibində əhatə olunan adı çəkilmiş ortaq mədəniyyət və dəyərlərə, insan mənəviyyatına, beynəlxalq hüquq və ədalətə sadiq qalan ortaq dəyər və prinsiplərdən törəyən qardaşlıq həmrəyliyinin ruhu bu əlaqələrin daimi xüsusiyyətidir. Beləliklə, hər iki ölkə bütün beynəlxalq təşkilat və forumlarda bir-birinin yanındadır”.
Sonda onu da vurğulayaq ki, Azərbaycan Respublikası İsrail-Fələstin münaqişəsinin iki dövlət yanaşması əsasında sülh yolu ilə həllini dəstəkləyir. Azərbaycan iki dövlət arasında münasibətlərin sülh yolu ilə nizamlanmasına dəstək verməyə hər zaman hazırdır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 749 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31