Milli Məclisin iclasında bir sıra qanunlara dəyişikliklər olunub
12.11.2016 [01:12]
Millət vəkilləri ümumilikdə 26 məsələni müzakirə ediblər
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov gündəlik haqqında məlumat verdikdən sonra millət vəkilləri qanun layihələrinin müzakirəsinə başlayıblar.
Əvvəlcə “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli Qanununun tətbiqi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Mülki, Cinayət, İnzibati Xətalar, Vergi məcəllələrində, həmçinin “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Kommersiya sirri haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda və Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılıb. Bildirilib ki, məqsəd qanunları bir-birinə uyğunlaşdırmaqdır.
Sonra isə bildirilib ki, Meşə, Cinayət, İnzibati Xətalar, Şəhərsalma və Tikinti məcəllələrində, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə dair informasiya almaq haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri “Yaşıllıqların mühafizəsi haqqında” qanunun tətbiqi ilə əlaqədardır. Meşə Məcəlləsinə, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə dair informasiya almaq haqqında” qanunlara təklif olunan dəyişikliklərə görə sözügedən sənədlərdə “ağac-kol bitkiləri” ifadəsi “yaşıllıqlar” sözü ilə əvəz edilir. Bundan başqa, bəzi maddələr yeni redaksiyada verilir, bəzi maddələrdə isə redaktə xarakterli dəyişikliklər aparılır ki, bu da ölkəmizdə ətraf mühitin mühafizəsinin gücləndirilməsinə xidmət edir. Qanun layihələri ayrılıqda səsə qoyularaq qəbul edilib.
“Elektron imza və elektron sənəd haqqında” qanuna dəyişikliklər edilib
Daha sonra “Elektron imza və elektron sənəd haqqında” qanuna dəyişikliklər edilməsi məsələsi müzakirəyə çıxarılıb. Bu barədə məlumat verən Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, layihəyə əsasən təklif olunan dəyişikliklər şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı elektron imza ilə əlaqədar sertifikatların alınması prosedurunu müəyyən edir. Belə ki, dəyişikliyə əsasən, elektron imza ilə əlaqədar sertifikat şəxsiyyət vəsiqəsini verən orqanın sorğusu əsasında da verilə bilər. Sertifikatın verilməsi isə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunun tətbiqi barədə Əsasnamə” ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun həyata keçiriləcək.
Qeyd olunub ki, 2017-ci il yanvarın 1-dən yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi nəzərdə tutulur. Həmin şəxsiyyət vəsiqələri hazırkı şəxsiyyət vəsiqələrindən ciddi şəkildə fərlənməklə elektron daşıyıcıya (çipə) malik olur. Elektron daşıyıcıya (çipə) vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları da daxil edilə bilər. Nəticədə yeni vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, həmçinin elektron sənədlərin imzalanmasında da istifadə edilə biləcək.
İclasda “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda dəyişikliklər edilməsi barədə 2016-cı il 4 mart tarixli qanunun tətbiqi ilə əlaqədar olaraq “Sahibkarlıq fəaliyyəti haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də qəbul edilib. “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə əsasən isə sənədin 1.0.2-ci maddəsindəki “müvafiq icra hakimiyyəti” sözləri “dövlət” sözü ilə əvəz ediləcək. Qanunun 1 nömrəli əlavəsinin 7-ci maddəsi ləğv edilir, 2 nömrəli əlavəsinə isə 5-ci maddə əlavə olunur.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Miqrasiya Məcəlləsinə təklif olunan dəyişiklik edilməsi haqqında qanun layihəsində sənədin 38.5-ci maddəsi ləğv edilir. Sənədə “Elektron vizanın verilməsi ilə bağlı müraciət qəbul edildikdən sonra ən geci 3 iş günü müddətində “Giriş-çıxış və qediyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama aparılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir” məzmununda 38.6-cı maddə əlavə edilir.
Millət vəkili Aydın Hüseynov çıxış edərək Miqrasiya Məcəlləsində bəzi müddəaların digər qanunlara uyğunlaşdırılmasını təklif edib. İclasda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə təklif olunan bəzi texniki düzəlişlər də qəbul olunub.
Sürücülük vəsiqələrinin verilməsində yeniliklər tətbiq olunacaq
İclasda daha sonra “Yol hərəkəti haqqında” qanuna təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb. Bu barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliklər sənədin təkmilləşdirilməsi, eyni zamanda, imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi zamanı şəffaflığın təmin edilməsi, yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşının, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək və həmin sürücülük vəsiqələrinin dəyişdirilməsi qaydalarının müəyyənləşdirilməsi məqsədi daşıyır. Belə ki, “B” kateqoriyasına aid nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsini almaq istəyən şəxsin seçiminə əsasən nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan mexaniki və ya avtomatik transmissiyalı nəqliyyat vasitəsində verilə bilər. Mexaniki transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı uğurla vermiş şəxsə mexaniki və avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir. Avtomatik transmissiyalı nəqliyyat vasitəsində imtahanı uğurla vermiş şəxsə isə yalnız avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir. Layihədə həmçinin xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə alması və ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə nəqliyyat vasitələrini idarə etmək niyyətində olması kimi məsələlərə də aydınlıq gətirilib. Millət vəkilləri qanun layihəsini qəbul ediblər.
İdman yarışlarında manipulyasiyaya görə cərimə və cinayət məsuliyyəti nəzərdə tutulur
İclasda həmçinin “Bədən tərbiyəsi və idman haqqında” qanunda, eləcə də Cinayət və Cinayət-Prosessual məcəllələrində dəyişikliklər edilməsi barədə paket layihələrə də baxılıb. Bu məsələlər haqqında parlamentin komitə sədrləri Fuad Muradov və Əli Hüseynli məlumat veriblər. Bildirilib ki, dəyişikliklər “İdman yarışlarının manipulyasiyasına dair Avropa Şurasının Konvensiyası”nın müddəalarına uyğunlaşdırılması məqsədi daşıyır. Belə ki, Azərbaycanda idman yarışlarında manipulyasiya və idman yarışlarının gedişatını və nəticəsini qəsdən dəyişdirmə ilə bağlı qadağalar və yeni cəzalar tətbiq olunur. “Bədən tərbiyəsi və idman haqqında” qanuna əlavə üçün təklif edilən “İdman yarışlarının manipulyasiyası ilə mübarizə” məzmunlu 40-2 maddəsinə görə, idman yarışlarının manipulyasiyası qadağandır. Bununla bağlı Cinayət Məcəlləsinə əlavə edilən “İdman yarışlarının manipulyasiyası” məzmunlu 192-2 maddəsinə əsasən isə idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və digər şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa, dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, cəhd edilməsi və ya verilməsi 3000 manatdan 5000 manata qədər cərimə və ya 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə isə texniki xarakterli dəyişikliklər təklif olunur. Qanun layihələri ayrılıqda təsdiqlənib.
Sonda bəzi millət vəkilləri cari məsələlərlə bağlı fikirlərini bildiriblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

