Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 25 illik müstəqillik dövrünə baxış və xarici siyasətimizin çağdaş prioritetləri

25 illik müstəqillik dövrünə baxış və xarici siyasətimizin çağdaş prioritetləri

20.10.2016 [10:09]

Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edən Azərbaycan Respublikası ötən illərdə bütün sahələrdə olduğu kimi, xarici siyasət sahəsində də böyük uğurlar əldə edib. Regionun lider dövlətinə çevrilmiş Azərbaycan bu gün dünyada söz sahiblərindən biridir. Bu uğurlar Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uzaqgörən xarici siyasət strategiyası sayəsində qazanılıb.
AZƏRTAC müstəqilliyimizin möhkəmləndirilməsində və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında xarici siyasət strategiyasının həlledici roluna dair Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun qeydlərini təqdim edib.
Elmar Məmmədyarov qeyd edib ki, 1990-cı illərin əvvəllərinə aid dünya siyasi ədəbiyyatını və mediasını vərəqləyən zaman Azərbaycan haqqında çox bədbin proqnozların şahidi oluruq: “Azərbaycan tənəzzülə uğrayan və ya dövlətçiliyini itirmək astanasında olan ölkə kimi xarakterizə olunurdu. Təəssüf ki, bu bədbinlik üçün real əsas da var idi. Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazimizin 20 faizinin işğalı, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köşkün vəziyyətinə düşməsi və ölkəmizin üzləşdiyi humanitar fəlakət, siyasi hakimiyyətin yarıtmazlığı ucbatından daxili və xarici siyasətin iflası və ölkəmizin vətəndaş müharibəsi astanasında olması müstəqilliyimizin ilk iki ilinin acı reallıqları idi. Hazırda bəzi Yaxın Şərq ölkələrini bürüyən fəlakət o dövrdə Azərbaycandan heç də uzaq deyildi: Dünya dövlətlərinin tarixi, o cümlədən diplomatiya və hərb tarixi göstərir ki, sınaq dövrü olan xüsusi keşməkeşli məqamlarda xalqların və dövlətlərin həyatında şəxsiyyətlərin rolu danılmazdır. Azərbaycan xalqı öz müdrikliyini bir daha ortaya qoydu və qəti siyasi iradə nümayiş etdirərək belə bir həyati əhəmiyyətli vaxtda israrla Heydər Əliyevin hakimiyyətə qayıdışını tələb etdi. Qısa zaman kəsiyində Heydər Əliyev şəxsiyyəti tarixin axarını dəyişdi və bədbin proqnozların əksini sübut etdi. Heydər Əliyev ölkənin daxili və xarici siyasət kursu ətrafında milli həmrəyliyi təmin etdi, daxili siyasi və təhlükəsizlik vəziyyətini sabitləşdirdi, nizami ordu yaratdı, cəbhədə vəziyyəti dəyişdirdi, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirdi və Ermənistan atəşkəsə vadar edildi, demokratik islahatlar proqramına təkan verildi”.
Ulu öndər Heydər Əliyevin dövrün çağırışlarına cavab verən, ölkəmizi əhatə edən geosiyasi reallığı nəzərə alan və xalqımızın zəngin dövlətçilik tarixindən nəticə çıxaran xarici siyasət strategiyasını müəyyən etdiyini deyən xarici işlər naziri bildirib ki, Ulu öndərin irsinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlu daxili və xarici siyasəti bu gün də davam etdirilir: “Dövlətimizin başçısının yürütdüyü mahir xarici siyasət nəticəsində beynəlxalq münasibətlərin tamhüquqlu subyekti kimi ölkəmizin beynəlxalq səviyyədə mövqeyi möhkəmlənir və nüfuzu artır, qlobal və regional proseslərə müsbət təsir imkanları güclənir, milli maraqlarımız qorunur və həyata keçirilir. Diplomatik kuluarlarda deyildiyi kimi, bütün dövlətlər Xarici İşlər Nazirliyi kimi formal struktura malik olsalar da, heç də hər bir dövlət xarici siyasət aparmağa qadir deyil. Bütün beynəlxalq ictimaiyyətin etiraf etdiyi kimi, Azərbaycan bu gün, sözün əsl mənasında, öz milli maraqları əsasında müstəqil xarici siyasət yürüdən ölkədir. Təbii ki, xarici siyasət sahəsində əminliyimiz və müstəqilliyimiz uğurlu daxili siyasətimizdən qaynaqlanır”.
Elmar Məmmədyarov vurğulayıb ki, ölkədaxili inkişaf və əminlik zəminində xarici siyasətimiz tarazlaşdırılmış və çoxqütblü fundamental əsaslarla həyata keçirilir: “Dövlətimizin başçısı tərəfindən dəfələrlə qeyd olunduğu kimi, Azərbaycanın müstəqil və şəffaf xarici siyasət kursu var. Eyni zamanda, Azərbaycan öz xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini əsas götürərək bərabərhüquqluluq, daxili işlərə qarışmamaq, qarşılıqlı faydalı əməkdaşlıq, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsiplərini rəhbər tutur”.
Nazir diqqətə çatdırıb ki, ölkəmizin inkişaf dinamikasına və müstəqilliyinin yeni mərhələsinə, dövrün və beynəlxalq münasibətlərin dəyişən tələblərinə uyğun olaraq Heydər Əliyev strategiyasının təməl prinsipləri əsasında xarici siyasətimizin gündəliyində duran prioritetlər də yeniləşir. Dövlətimizin başçısı tərəfindən yürüdülən uğurlu xarici siyasət gündəliyində Azərbaycanın müstəqilliyinin, suverenliyinin qorunması və möhkəmləndirilməsi, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin və regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması, beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, xaricdən Azərbaycanın təhlükəsizliyinə olan hədə və təhdidlərin müəyyən edilməsi və onların qarşısının alınması, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, çoxtərəfli diplomatiyanın inkişaf etdirilməsi, ikitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsi, Xəzər dənizinin sülh və əməkdaşlıq məkanı kimi inkişaf etdirilməsi, ölkəmizin enerji və nəqliyyat strategiyasının həyata keçirilməsi, sivilizasiyalararası dialoq və multikulturalizmin inkişafı, mədəni, humanitar və idman diplomatiyasının davam etdirilməsi, xarici ölkələrdə yaşayan vətəndaşlarımızın və soydaşlarımızın, habelə hüquqi şəxslərin hüquqlarının müdafiəsi və bərpası, Azərbaycan diasporu ilə iş kimi prioritetlər durduğunu deyən xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunaraq əlavə edib ki, Azərbaycan aprel döyüşlərindən sonra danışıqların substantiv əsaslarla davam etdirilməsinin tərəfdarı olduğunu açıq şəkildə bildirib. Substantiv danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində qəbuledilməz və qeyri-davamlı hesab etdikləri status-kvonun dəyişdirilməsi və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnməlidir. Lakin Ermənistan yenə də təxribatçı əməlləri ilə danışıqlar prosesini pozmağa çalışır. Aprel hadisələri bir daha göstərdi ki, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu gərginliyin yaranmasının əsas səbəbidir.
“Münaqişənin ədalətli və beynəlxalq hüquqa uyğun həlli məqsədilə Azərbaycan bütün imkanlardan və beynəlxalq platformalardan davamlı şəkildə istifadə edəcək”, - deyən nazir beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aktiv siyasətindən bəhs edib.
Elmar Məmmədyarov onu da qeyd edib ki, Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün çoxqütblü, beynəlxalq hüququn norma və prinsiplərinə və qanunun aliliyinə əsaslanan beynəlxalq münasibətlər sisteminin qurulması naminə səy göstərir. Onun sözlərinə görə, Azərbaycanın 2012-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi ölkəmizin dünya ölkələri ilə uğurlu ikitərəfli əlaqələrə malik olmasının göstəricisidir: “İkitərəfli əlaqələrin inkişaf etdirilməsində qonşu dövlətlərlə hərtərəfli əməkdaşlıq prioritet istiqamətlərdən biridir. Ermənistan istisna olmaqla, bu gün bütün qonşu dövlətlərlə Azərbaycanın ikitərəfli siyasi, iqtisadi, humanitar və digər əlaqələri ardıcıl surətdə inkişaf edir. Qonşu dövlətlərlə ikitərəfli əməkdaşlığımız regional əməkdaşlıq mexanizmi olaraq üçtərəfli formatlarda da davam etdirilir”.
Xarici işlər naziri bildirib ki, Azərbaycan tamhüquqlu üzv olduğu regional beynəlxalq təşkilatlar çərçivəsində də fəallıq nümayiş etdirir və yeni əməkdaşlıq formalarının müəyyən edilməsi üçün təkliflərlə çıxış edir. Bu xüsusda, ATƏT, Avropa Şurası, İƏT, MDB, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, QDİƏT və başqaları qeyd oluna bilər. Onun sözlərinə görə, Azərbaycanın xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, ölkənin iqtisadi potensialının xaricdə təşviq olunması, qeyri-neft sektorunun şaxələndirilməsi, ixracın təşviqi və genişləndirilməsi, xarici sərmayələrin ölkəmizə cəlb edilməsi, tərəfdaş ölkələrə Azərbaycan sərmayələrinin yatırılmasının təşviqi, Azərbaycanın və xarici ölkələrin dövlət və işgüzar dairələrinin nümayəndələrinin səfərlərinin təşkili, iqtisadi əməkdaşlıq üzrə Azərbaycanın xarici dövlətlərlə birgə hökumətlərarası komissiya və işçi qruplarının iclaslarının keçirilməsi, ölkəmizdə istehsal olunan məhsul və xidmətlərin yeni bazarlara çıxarılması, eyni zamanda, xarici ölkələrdə tətbiq olunan müasir texnologiyaların ölkəmizə cəlb edilməsi ikitərəfli əməkdaşlıqda əsas istiqamətlərdir.
“Beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, enerji resurslarının əldə olunması və beynəlxalq bazarlara nəqli ilə bağlı investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz əlaqələrin yaradılması, yüksək gəlirli və ekoloji cəhətdən təmiz texnologiyanın cəlb olunması ilə bağlı məsələlər Xəzəryanı dövlətlərin vacib prioritetləri olaraq qalır”, - deyən E.Məmmədyarovun sözlərinə görə, Azərbaycan tərəfi əmindir ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlər Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda, həmçinin tərəflər arasında, xüsusən regional sabitlik, təhlükəsizlik və Xəzər hövzəsində iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərdə inam və etibarın möhkəmləndirilməsi yolu ilə həll olunmalıdır.
Xarici işlər naziri onu da vurğulayıb ki, Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olub: “Ölkəmiz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüdür. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olub. “Multikulturalizm” sözü mövcud olmadığı bir zamanda belə həmin ideyalar daim yaşayıb.
Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim siyasətimiz və həyat tərzimizdir. Əsrlər boyu Azərbaycan ölkəmizdə mövcud olan siyasi və sosial vəziyyətə baxmayaraq bu sərvəti qoruyub saxlayıb.
Bizim üçün multikulturalizm dövlət siyasətidir. Ölkəmizdə hər iki ildən bir Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir. Mütəmadi olaraq Azərbaycan Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi edir. Burada da əsas məqsəd müxtəlif dinlərin nümayəndələrinin bir araya gətirilməsindən, aramızda daha mühüm qarşılıqlı anlaşmanın yaradılmasından ibarətdir.
Azərbaycan dinlərarası dialoq kimi vacib məsələyə həsr edilmiş Dünya Dini Liderlərinin Zirvə toplantısına ev sahibliyi edib. Bu mövzu bu gün dünyanın gündəliyində duran ən mühüm məsələlərdəndir və Sivilizasiyalar Alyansının rolu artmaqdadır”.
“Bakı şəhəri artıq dünya miqyasında siyasi, mədəni, idman və biznes təyinatlı mötəbər tədbirlərin keçirildiyi məkandır. Bir tərəfdən ölkəmizin və Bakı şəhərinin infrastrukturu, digər tərəfdən isə dövlətimizin xoşməramlı siyasəti bu kimi tədbirlərin keçirilməsi üçün mühüm zəmin yaradır. Birinci Avropa Oyunlarının ardınca “Formula-1” Avropa Qran-prisinin Bakıda keçirilməsi prosesini 2017-ci ildə ölkəmizin ev sahibliyi edəcəyi İslam Həmrəyliyi Oyunları tamamlayacaq”, - deyən nazir əlavə edib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və mədəni-humanitar əsaslarda Azərbaycanın tərəfdaşlığının genişləndirilməsi üçün mühüm işlər görülür.
O da qeyd edilib ki, ölkə daxilində inkişaf hüququnun reallaşdırılması məqsədilə müvafiq tədbirlər görməklə yanaşı, respublikamız xüsusilə Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) vasitəsilə beynəlxalq inkişaf səylərində fəal rol oynayır: “Yeni donor ölkə kimi Azərbaycan inkişaf etməkdə olan ölkələrin üzləşdiyi humanitar və sosial-iqtisadi çağırışlara AIDA və digər kanallar vasitəsilə cavab verir.
Azərbaycan artıq dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr, silahlı qarşıdurmalar və təbii fəlakətlər nəticəsində kütləvi şəkildə yaşayış yerlərini dəyişməyə məcbur qalmış insanlara da yardım göstərir. Buna misal olaraq, İordaniyada məskunlaşmış suriyalı qaçqınlara, eləcə də Pakistanda daşqınlar nəticəsində ziyan dəymiş 25 min insana və Afrika ölkələrində “Ebola” epidemiyasından əziyyət çəkmiş əhaliyə ayrılan yardımı göstərmək olar.
BMT-nin İqtisadi və Sosial Şurasının yeni seçilmiş üzvü kimi Azərbaycan Şuraya üzvlüyü ərzində İnkişaf Hüququ Bəyannaməsinin reallaşdırılmasına kömək edəcək”.
Nazir onu da diqqətə çatdırıb ki, dövlətimizin uğurlu xarici siyasət kursunun həyata keçirilməsinin vacib istiqamətlərindən biri xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının müdafiəsi və onlara göstərilən konsul xidmətinin səmərəliliyinin və intensivliyinin artırılması, ümumilikdə isə bu istiqamətdə xarici dövlətlərlə diplomatik və konsulluq əlaqələrinin inkişafına təkan verilməsinə yönələn fəaliyyətdir. Onun sözlərinə görə, xaricdə yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi, onların Azərbaycan Respublikasında olduqları müddət ərzində hüquqi vəziyyətlərini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi və soydaşlarımıza müvafiq imtiyazların tətbiq edilməsi imkanlarının araşdırılması istiqamətində fəaliyyət həyata keçirilir: “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli Fərmanından irəli gələn tapşırıqların icrası məqsədilə Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və digər müvafiq dövlət qurumlarının mütəxəssisləri tərəfindən birgə iş aparılır. Yaxın vaxtlarda “ASAN Viza”nın tətbiqinə başlanılacaq.
Fərmanda qeyd olunduğu kimi, “ASAN Viza” Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza rəsmilləşdirilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativliyi və şəffaflığı təmin edən elektron viza sisteminin yaradılmasını ehtiva edir. Ölkə rəhbərliyinin həyata keçirdiyi mütərəqqi idarəetmə islahatlarının tərkib hissəsi olan “ASAN Viza” ölkəmizə turist axınının təşviq edilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir”.
“Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının II Qurultayında çıxış edən Prezident İlham Əliyev Heydər Əliyev siyasətinin Azərbaycanda hər bir sahədə davam etdirildiyini, xarici siyasətimizin çox uğurlu, çox fəal olduğunu, Azərbaycanın beynəlxalq təşkilatlarda çox önəmli yer tutduğunu, mövqelərimizin möhkəmləndiyini və Azərbaycanın addımlarının bütün sahələrdə, o cümlədən xarici siyasətdə müsbət nəticələr verdiyini qeyd edərək, diaspor fəaliyyətinin gücləndirilməsi, diplomatik nümayəndəliklərlə əlaqələndirmənin artırılması və diasporumuzun təşkilatlanması ilə əlaqədar qarşıya konkret vəzifə və tapşırıqlar qoyub.
Ümummilli lider Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir və dönməzdir” uzaqgörən və müdrik kəlamının fəlsəfəsinə və mahiyyətinə sadiq olaraq, uğurlu daxili siyasətimizin məntiqi davamı olan xarici siyasətimiz 25 illik müstəqillik dövründə milli maraqlarımızın beynəlxalq səviyyədə qorunması və həyata keçirilməsinə, dövlətimizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət edib. Əminliklə deyə bilərik ki, qarşıdan gələn illərdə də dövlətimizin başçısının rəhbərliyi altında gündəlikdə olan prioritetlərimizin həyata keçirilməsi üçün fəal və davamlı xarici siyasətimiz davam edəcək”, - deyə nazir sonda qeyd edib.

Paylaş:
Baxılıb: 535 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31