Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın hərbi sənayesi keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub

Azərbaycanın hərbi sənayesi keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub

16.08.2016 [15:21]

Prezident İlham Əliyev: Azərbaycanda ordu quruculuğu prosesi məqsədyönlü və planlı şəkildə aparılır, görülən işlər də göz qabağındadır. Bununla paralel olaraq, Azərbaycanda hərbi-sənaye kompleksi yaradılıb və mindən çox adda hərbi təyinatlı məhsul istehsal edilir
Son 12 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan bütün sahələrdə sürətli inkişafa nail olub. Qlobal əməkdaşlığa daim sanballı töhfələr verən Azərbaycan həmçinin regionda ikitərəfli və çoxtərəfli əməkdaşlıq platformalarının yaranmasında mərkəzi fiqur rolunda çıxış edir. Eyni zamanda, bu günlərdə Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin birgə iştirakı ilə keçirilən üçtərəfli Zirvə görüşü bir daha təsdiqlədi ki, ölkəmizin fəal əməkdaşlıq səyləri və bu məqsədlə irəli sürdüyü təşəbbüslər qonşu dövlətlər tərəfindən də yüksək qiymətləndirilir.
Hazırda Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın ən böyük uğurlarından biri də qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirməyə, ölkənin ərazi bütövlüyünü təmin etməyə qadir olan güclü ordu quruculuğu ilə bağlıdır. Yəni, silahlı qüvvələrin döyüş hazırlığının və maddi-texniki təchizatının yüksəldilməsi respublikamızda həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir ki, bu da səbəbsiz deyil.
Belə ki, təcavüzkar Ermənistan 20 ildən artıqdır Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu işğal altında saxlayır. Bu işğal nəticəsində 1 milyondan artıq soydaşımız doğma yurd-yuvasından didərgin düşüb. Azərbaycan bu işğal faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Düzdür hələlik Azərbaycan dövləti xalqımızın xoş niyyətinə sadiq qalaraq ölkənin ərazi bütövlüyünün təmin olunmasına sülh yolu ilə nail olmağa çalışır və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlara öz konstruktiv mövqeyi ilə dəstək verir. Lakin bununla belə, xalqımızın səbri tükənməz deyil. Azərbaycan sülh danışıqları nəticə verməyəcəyi təqdirdə ölkənin ərazi bütövlüyünü məhz öz güclü ordusunun sayəsində təmin etmək əzmindədir. Buna görə də güclü ordu quruculuğu Azərbaycanın prioritet hədəfidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində diqqəti Azərbaycan Ordusunun güclənməsinə çəkərək vurğulayıb: “Bu gün hər kəs görür ki, Azərbaycan Ordusu həm texniki təchizat, həm döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasındadır. Bu gün Azərbaycan Ordusu istənilən hərbi vəzifəni icra edə bilər”.
Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi Azərbaycan üçün əsas məsələdir
Beləliklə, regionda sülhə ciddi təhdidlər yaradan Ermənistan 20 ildən artıqdır ki, işğalçı siyasət nəticəsində yaranmış status-kvonun saxlanılmasına çalışır və bu məqsədlə daim yeni-yeni təxribatlara əl atır. Azərbaycan isə mövcud status-kvonun uzanmasından ciddi narahatlıq keçirir. Ölkəmiz özünün ərazi bütövlüyünün təmin olunması məsələsində prinsipial mövqedən çıxış edir. Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir. Bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir. Bu münaqişənin həllinin başqa yolları yoxdur. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, status-kvo dəyişdirilməlidir, işğala son qoyulmalıdır”.
Azərbaycan münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini bu və ya digər formatlarda aparılan danışıqlarda həmişə ciddi şəkildə nəzərə çatdırıb. Bu baxımdan cari ilin birinci yarısında, o cümlədən Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə may ayında Vyanada, iyun ayında isə Sankt-Peterburqda keçirilən görüşlər də istisna olmayıb. Azərbaycan münaqişənin həllinə ölkəmizin ərazi bütövlüyü çərçivəsində nail olunmasında prinsipial mövqedən çıxış edərkən bir sıra fundamental amillərə əsaslanır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə istənilən nöqteyi-nəzərdən yanaşdıqda ölkəmizin haqlı mövqedə olduğu ortaya çıxır. Beynəlxalq hüquq da Ermənistanın zor gücünə işğal altına aldığı ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edir. Prezident İlham Əliyev bu cəhəti də ayrıca nəzərə çatdıraraq deyib: “Nəinki BMT, bütün digər təşkilatlar da bizim mövqeyimizi dəstəkləyir”.
Aprel döyüşlərində Silahlı Qüvvələrimizin düşmənə layiqli dərs verməsi ordumuzun böyük zəfərinin uzaqda olmadığından xəbər verir
Ermənistan-Azərbaycan, Qağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlarda prinsipial mövqedən çıxış edərkən ölkəmiz, ilk növbədə, özünün getdikcə güclənən ordusuna arxalanır. Davamlı dövlət qayğısı sayəsində əsaslı inkişaf yolu keçən Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə artıb. Hazırda Azərbaycan Cənubi Qafqazın ən güclü, dünyanın ən nizami ordularından birinə malikdir. Azərbaycanın dövlət büdcəsində ən böyük xərclər məhz ordu quruculuğu üçün nəzərdə tutulub. Son 12 ildə ölkəmizin dövlət büdcəsində ordu üçün nəzərdə tutulan xərclər 20 dəfədən çox artıb. Müqayisə üçün deyək ki, Azərbaycanda orduya ayrılan xərclər Ermənistanın dövlət büdcəsini düz iki dəfə üstələyir. Hazırda ordumuzun arsenalında olan ən müasir tanklar, artilleriya qurğuları, döyüş təyyarələri və digər texnikalar düşmənin istənilən hədəfini məhv etməyə qadirdir.
Cari il aprelin əvvəlində Silahlı Qüvvələrimizin qoşunların təmas xəttində düşmənə layiqli dərs verməsi ordumuzun böyük zəfərinin uzaqda olmadığından xəbər verir. Məlum olduğu kimi, Azərbaycan Ordusu bundan əvvəl də bir neçə dəfə qoşunların təmas xəttində düşmənə layiqli cavab verib. Aprelin əvvəlində isə işğalçı ölkəyə məxsus silahlı birləşmələr cəbhə xəttində növbəti təxribata əl atdılar. Bu dəfə də Silahlı Qüvvələrimiz yüksək sayıqlıq və döyüş hazırlığı nümayiş etdirdi. Geri oturdulan düşmən canlı qüvvə və texnika sarıdan böyük itkilərə məruz qaldı. Ordumuzun əks-hücum əməliyyatları nəticəsində işğal altındakı torpaqlarımızın bir hissəsi, daha dəqiq desək, 2 min hektar ərazi düşməndən azad edildi. Hazırda Ordumuz düşmənin geri oturdulduğu bir neçə strateji əhəmiyyətli yüksəklikdən böyük ərazini tam nəzarət altında saxlamaq imkanına malikdir. Prezident İlham Əliyev düşmənin aprel döyüşlərinin nəticələrindən dərs alaraq lazımi nəticə çıxaracağına əminliyini ifadə edib: “Əminəm ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq, onlar lazımi nəticələr çıxaracaqlar və danışıqlar prosesində konstruktiv mövqe ilə çıxış edəcəklər”.
Azərbaycanın hədəfi isə gələcəkdə özünün Silahlı Qüvvələrini daha da gücləndirməkdən ibarətdir. Prezident İlham Əliyev aprel döyüşlərindən sonra ordunun gücləndirilməsi istiqamətində çox ciddi tədbirlər görüldüyünü nəzərə çatdırıb: “Hərbi potensialımızın gücləndirilməsi prioritet olaraq qalacaq. Aprel hadisələrindən sonra çox ciddi əlavə tədbirlər görülüb. Bizim döyüş qabiliyyətimiz böyük dərəcədə artıb, daha da artacaq”.
Azərbaycanda yaradılan müasir müdafiə sənayesi Silahlı Qüvvələrimizin maddi-texniki təchizatının möhkəmlənməsində mühüm rol oynayır
Hər bir ölkənin müdafiə siyasətinin uğurla həyata keçirilməsi üçün bir sıra mühüm şərtlər mövcuddur. Belə şərtlərdən biri də müdafiə sənayesinin inkişaf etdirilməsi, ordunun hərbi-texniki təchizatında kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsi, dünyada mövcud olan ən qabaqcıl təcrübə və texnologiyalar əsasında yeni istehsal müəssisələrinin yaradılması, müdafiə təyinatlı məhsulların istehsalının artırılması və bu sahədə xaricdən asılılığın azaldılmasıdır. Müdafiə sənayesinin inkişafı həm iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, həm də ölkənin müdafiə qabiliyyətinin, ordunun maddi-texniki təchizatının gücləndirilməsi məqsədlərinə xidmət edir. Təbii ki, işğala məruz qalmış bir ölkə kimi ordu quruculuğuna böyük önəm verən Azərbaycan Respublikasında da müdafiə sənayesinin inkişafı diqqət mərkəzindədir. Yəni son illərdə Azərbaycanda ordu quruculuğu sahəsində əldə olunan uğurlardan söhbət açarkən ölkəmizdə modern müdafiə sənayesinin yaradılmasını xüsusi vurğulamaq gərəkdir. Belə ki, respublikamızda ordu quruculuğu güclü hərbi sənaye ilə dəstəklənir. Son illərin göstəricilərinə istinad edərək demək mümkündür ki, artıq Azərbaycanın müdafiə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub.
Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılması ölkəmizdə güclü hərbi-sənaye kompleksinin formalaşmasında mühüm rol oynayıb. Artıq respublikamızda onlarla hərbi təyinatlı zavod fəaliyyət göstərir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cari il iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş yaşayış binasında yaradılan şəraitlə tanış olarkən hərbçilərlə görüşdəki çıxışında Azərbaycanda ordu quruculuğunun planlı şəkildə aparıldığını bildirərək diqqəti ölkəmizin müdafiə sənayesinin uğurlu fəaliyyətinə yönəldib: “Azərbaycanda ordu quruculuğu prosesi məqsədyönlü və planlı şəkildə aparılır, görülən işlər də göz qabağındadır. Bununla paralel olaraq, Azərbaycanda hərbi-sənaye kompleksi yaradılıb və mindən çox adda hərbi təyinatlı məhsul istehsal edilir”.
Yerli müdafiə sənayesinin yaradılması ilə, ilk növbədə, Azərbaycanın xarici silah bazarlarından asılılığı əhəmiyyətli dərəcədə azalıb. Artıq ordumuzun müxtəlif döyüş texnikalarına olan tələbatının xeyli hissəsi daxili istehsal hesabına təmin edilir. Ölkəmizdə hərbi-sənaye kompleksinə aid “İqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğa” elm-istehsalat birlikləri, “Elektron Hesablayıcı Maşınlar”, “Gəncə maşınqayırma”, “Elektromexanika”, “Radioquraşdırma”, “Telemexanika”, “Cihazqayırma”, “Azon”, “Araz”, “Peyk”, “Üfüq”, “Dalğa” kimi müəssisələr uğurla fəaliyyət göstərir. Bu müəssisələrdə aviasiya, naviqasiya, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə genişləndirilir, eyni zamanda, ən yeni nəsil müasir texnologiyalar istehsalata tətbiq olunur. Qeyd olunan müəssisələrdə istehsal olunan yüzlərlə adda məhsul özünün yüksək keyfiyyəti ilə müasir tələblərə cavab verir. Məhz bunun nəticəsidir ki, Azərbaycanın xarici silah bazarlarından asılılığı əhəmiyyətli dərəcədə azalıb. Artıq ordumuzun müxtəlif döyüş texnikalarına olan tələbatının xeyli hissəsi daxili istehsal hesabına təmin edilir.
Beləliklə, ilk növbədə, Azərbaycan Silahlı Qüvvələrinin hərbi-texniki təchizatına xidmət edən müdafiə sənayesinin kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəlməsi ölkənin müdafiə qabiliyyətini yüksəldir, ordumuzun təchizatının ixracdan asılılığını aradan qaldırır. Hərbi məhsulların satışı üzrə genişləndirilən xarici əməkdaşlıq isə əlavə iqtisadi dividendlər gətirir, ölkənin xarici bazarlardakı mövqeyini gücləndirir.
Ölkəmizdə istehsal olunan müdafiə təyinatlı məhsulların xarici bazarlara çıxarılması qürurverici haldır
Ölkəmiz üçün qürurverici haldır ki, milli hərbi-sənaye kompleksində buraxılan müxtəlif növ döyüş texnikası qısa müddətdə xarici bazarlara yol tapıb. Son illərdə ölkəmizin hərbi-sənaye kompleksinə daxil olan müəssisələrdə buraxılan müxtəlif növ döyüş texnikası beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilir ki, bu da respublikamızda hazırlanan hərbi təyinatlı məhsulların geniş rəqabət imkanlarına malik olmasının təsdiqidir. Müqayisə üçün deyək ki, Azərbaycan ilk dəfə beynəlxalq sərgilərdə 27 adda məhsulla təmsil olunmuşdu. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən “İDEX-2015” beynəlxalq müdafiə sərgisində isə respublikamız 180-dək müxtəlif növ döyüş texnikası ilə çıxış edib. Burada nümayiş etdirilən məmulatlardan “Yırtıcı”, “Yalquzaq”, “İstiqlal”, “Mübariz” snayper tüfəngləri, “Şimşək-10” hücum pulemyotu, NATO standartlarına uyğun 5,56x45 çaplı avtomat silah, digər döyüş sursatları sərgidə təmsil olunan və qonaq qismində qatılan ölkələrin nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanıb. 2014-cü il sentyabrın 11-13-də isə Azərbaycan “ADEX-2014” sərgisinə ev sahibliyi edib. “ADEX-2014” sərgisinə dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti qatılmışdı. Azərbaycan isə ev sahibliyi etdiyi sərgidə 37 şirkətlə təmsil olunmuşdu. Uğurla keçən sərgi Azərbaycanın müdafiə sənayesinin bütün dünyada artan nüfuzunun, ölkəmizin hərbi potensialının daha bir təsdiqinə çevrildi. Bundan başqa, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlar Türkiyənin İstanbul şəhərində keçirilən “İDEF-2015” beynəlxalq müdafiə sənayesi sərgisində uğurla nümayiş olunub. İki ildən bir keçirilən “İDEF” sərgisində Müdafiə Sənayesi Nazirliyi artıq dördüncü dəfədir iştirak edib. Bu sərgidə Müdafiə Sənayesi Nazirliyi 184 adda müdafiə təyinatlı məmulatı nümayiş etdirib. Ümumilikdə, beynəlxalq sərgilərdə nümayiş olunan Azərbaycan istehsalı məmulatlar sərgiyə gələnlərin böyük marağı ilə qarşılanır. Bu cəhətdən istisna olmayan “İDEF-2015” sərgisi çərçivəsində bir sıra ölkələrin qabaqcıl şirkətlərini təmsil edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirilib, mövcud və yeni əməkdaşlıqlara dair danışıqlar aparılıb. Sərgi zamanı 2016-cı ildə Azərbaycanda keçiriləcək “ADEX-2016” ikinci beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı məlumatlar verilib və dəvətlər çatdırılıb. Qeyd olunan sərginin 2016-cı il 27-30 sentyabr tarixində Bakı Ekspo Mərkəzində təşkil olunması nəzərdə tutulub. Tədbirə böyük maraq göstərildiyi nəzərə alınaraq sərginin iş müddəti 4 günə qədər uzadılacaq. Artıq 150-dən çox şirkət “ADEX-2016” sərgisində iştirak edəcəyini təsdiqləyib. İsrail, Çin, Pakistan, Rusiya, Türkiyə və Fransa kimi ölkələr isə sərgidə milli stendlə iştirak üçün ekspozisiya meydançalarını rezervasiya ediblər. 2016-cı ildə sərgidə iştirak edəcəyini təsdiqləmiş şirkətlər arasında “Aselsan”, “CETC”, “Damen”, “MBDA”, “Norinco”, “IAI”, “Roketsan”, “Rosoboronexport”, “Thales” və digər şirkətlər yer alır.
Sərgi çərçivəsində Azərbaycanın milli pavilyonu ölkənin milli müdafiə kompleksini təqdim edəcək. Burada Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələri müdafiə və xüsusi təyinatlı məhsulları, eləcə də silah-sursat nümunələrini nümayiş etdirəcəkdir. Ümumilikdə, sərgidə aşağıdakı istiqamətlər üzrə əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi planlaşdırılır: quru qoşunları və hərbi-hava qüvvələri üçün texnika və silahlar, hərbi aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı avadanlıq və vasitələr, informasiya texnologiyaları, kosmik texnologiyalar, ordunun inzibati və texniki təchizatı. Bu sərgi layihəsinin özəl xüsusiyyətlərindən biri mühafizə və müdafiə vasitələri, xilasetmə, sənaye və nəqliyyat təhlükəsizliyi sistemləri, eləcə də informasiya və rabitənin mühafizəsi, müasir yanğın təhlükəsizliyi vasitələri üzrə geniş məhsul spektrinin vahid konsepsiya çərçivəsində tammiqyaslı nümayişidir.
Göründüyü kimi, Azərbaycan iqtisadiyyatının digər sahələri kimi müdafiə sənayesi də sürətlə inkişaf edir və bu sahənin inkişafı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin birbaşa nəzarəti altındadır. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Azərbaycan hərbi gücünü və hərbi təchizat sahəsindəki müstəqilliyini daha da artırmaqla bərabər, beynəlxalq bazarlarda da mühüm tərəfdaşlardan birinə çevriləcək. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində Azərbaycan Ordusunun maddi-texniki təchizatının güclənməsindən, o cümlədən də ölkəmizin güclü hərbi sənayeyə malik olmasından məmnunluğunu ifadə edərək bütün bunları həyata keçirilən siyasətin səmərəliliyinin göstəricisi kimi səciyyələndirib: “Artıq uzun illər ərzində apardığımız siyasət öz səmərəliliyini təsdiq etdi. Bundan sonra hərbi potensialımızın gücləndirilməsi, ordu quruculuğu prosesi daha da sürətlə getməlidir. Həm yerli istehsal daha da artmalıdır və artacaq, - bu gün artıq Azərbaycanın çox güclü hərbi sənayesi vardır, - həm də ən qabaqcıl texnologiyaya malik olan silahlar alınır və alınacaq”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 531 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31