/ / Azərbaycanın praqmatik xarici siyasət kursu regional əməkdaşlığın inkişafına müstəsna töhfələr verir
Azərbaycanın praqmatik xarici siyasət kursu regional əməkdaşlığın inkişafına müstəsna töhfələr verir
04.08.2016 [10:18]
Ölkəmiz təhlükəsizlik və inkişafa xidmət edən regional işbirliyi formatlarının yaranmasında strateji rol oynayır
Müasir dövrdə dünya siyasəti və beynəlxalq münasibətlərə təsir edən əhəmiyyətli amillərdən biri də regional əməkdaşlıqdır. Siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələri əhatə edən tərəfdaşlıq münasibətləri həm regional təhlükəsizlik, həm də beynəlxalq əməkdaşlıq baxımından müstəsna önəm kəsb edir. Əlbəttə, bu cür əməkdaşlıq əlaqələrinin səmərəli olması və perspektiv üçün önəmli nəticələr vəd etməsi qarşılıqlı etimad mühitinin formalaşdırılmasından asılıdır.
Azərbaycan çoxşaxəli və tarazlaşdırılmış xarici siyasət kursu ilə regional əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir
Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan da öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir. Bu sırada region dövlətləri ilə qarşılıqlı-faydalı və bərabərhüquqlu münasibətlər böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, Azərbaycan öz xarici siyasət kursunda işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Bu kontekstdə region ölkələri ilə münasibətlərin qeyd olunan amillər əsasında inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Öz növbəsində, region dövlətləri də Azərbaycanla çoxşaxəli əməkdaşlığı öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlığın genişləndirilməsi niyyətində olduqlarını bildirirlər.
Azərbaycan-İran-Rusiya formatı regional və beynəlxalq münasibətlərin inkişafı kontekstində strateji əhəmiyyət kəsb edir
Bütövlükdə, qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri Azərbaycanın iştirakı ilə yeni regional əməkdaşlıq formatlarının yaranmasını şərtləndirir. Məhz Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə formatları həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin inkişafında müstəsna rol oynayır, bölgədə təhlükəsizlik və işbirliyinə əhəmiyyətli töhfələr verir. Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında dövlətimizin başçısı qeyd edib ki, yeni regional əməkdaşlıq formatı yaranır, formalaşır: “Azərbaycan-İran-Rusiya regional formatı, xarici işlər nazirləri görüşmüşlər. Ondan bir-iki gün əvvəl İranda Azərbaycan-İran-Türkiyə xarici işlər nazirləri görüşmüşlər. Digər üçtərəfli formatlar var. Azərbaycan-Gürcüstan-Türkiyə formatı var. Yəni, bütün bu üçtərəfli təşəbbüslər regionda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın dərinləşməsi üçün çox vacibdir. Gördüyünüz kimi, Azərbaycan hər bir formatda iştirak edir”.
Yeri gəlmişkən, bir neçə gün sonra ölkəmizdə Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulub. Görüş çərçivəsində beynəlxalq və regional siyasətin aktual məsələlərinin, xüsusilə enerji və nəqliyyat sahələrində əməkdaşlığın perspektivlərinin müzakirə ediləcəyi gözlənilir.
Ümumiyyətlə, vurğulamaq yerinə düşər ki, regional təhlükəsizliyin təminatı bir neçə amildən asılıdır:
- ilk növbədə, regional aktor qismində çıxış edən milli dövlətlərarası strateji əməkdaşlıq münasibətləri uzlaşmaya əsaslanmalı (konstruktiv səciyyəli olmalı) və ya qarşılıqlı maraqlar əsasında formalaşdırılmalıdır;
- siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdəki əməkdaşlıq və tərəfdaşlıq münasibətləri simmetrik və inteqrativ meyillər üzərində qurulmalıdır;
- regional miqyasda qarşıdurma və gərginlik mənbəyi qismində çıxış edən destruktiv faktorlar (antaqonist ziddiyyətlər, siyasi münaqişələr və s.) aradan qaldırılmalıdır və s.
Sadalananlara istinad edərək qeyd edə bilərik ki, yuxarıda bəhs olunan formatlar çərçivəsində mövcud işbirliyinin inkişafı regionda strateji təhlükəsizlik balansını təmin etmək iqtidarında olmaqla yanaşı, əməkdaşlıq və tərəfdaşlıq münasibətləri üçün də əhəmiyyətli zəmin rolunu oynamaqdadır. Xüsusilə də Avrasiya regionunda baş verən hadisələrə münasibətdə bəhs olunan ölkələr təhlükəsizlik və əmin-amanlıq tərəfdarı kimi çıxış etməklə konkret mövqe ortaya qoyurlar.
Azərbaycanın regionun nəqliyyat, logistika mərkəzinə çevrilməsi yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradır
Regional əməkdaşlıq və təhlükəsizlik kontekstində Azərbaycanın strateji imkanlarını artıran, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafını şərtləndirən, yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradan amillərdən biri də ölkəmizin regionun nəqliyyat, logistika mərkəzinə çevrilməsidir. Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi yeni inkişaf paradiqmaları içərisində ölkənin nəqliyyat təhlükəsizliyinin təmin edilməsi mühüm yer tutur. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir.
Ölkəmizin praqmatik enerji siyasəti Xəzər regionunun təhlükəsizliyinin qarantı kimi çıxış edir
Sadalananlara paralel olaraq onu da qeyd etmək lazımdır ki, Azərbaycanın praqmatik enerji siyasəti yeni əməkdaşlıq platformalarını müəyyənləşdirir. Ümumiyyətlə, Cənubi Qafqaz geosiyasi məkanının lider dövləti olan Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Ölkəmiz praqmatik və rasional siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusuna çevrilib. Təsadüfi deyil ki, Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə uzunmüddətli qarşılıqlı-faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir.
Əsas strateji məqamlardan biri də budur ki, Azərbaycanın praqmatik enerji siyasəti Xəzər regionunun təhlükəsizliyinin qarantı kimi çıxış edir. Ümumiyyətlə, Azərbaycanın iştirakı və liderliyi ilə gerçəkləşdirilən transmilli layihələr Xəzər regionunu strateji əməkdaşlıq mərkəzinə çevirib. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması hazırkı əməkdaşlığın səmərəli nəticələridir.
Xəzər regionunda əməkdaşlıq əlaqələri və platformalarından bəhs edərkən xüsusi olaraq qeyd etmək lazımdır ki, bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib. Bu kontekstdə Azərbaycanın səmərəli və çoxşaxəli xarici siyasəti sayəsində Xəzər regionunun təhlükəsizliyinin təmin olunması təkcə regional əhəmiyyət kəsb etmir, beynəlxalq xarakter daşıyır. Çünki Xəzər regionunun təhlükəsizliyi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da mühüm faktor kimi çıxış edir. Belə ki, Avropa Xəzər regionunun özünün enerji təhlükəsizliyinin təmin olunmasında, qarşılıqlı-faydalı əməkdaşlıq platformalarının gerçəkləşdirilməsində Azərbaycanın enerji siyasətinin əhəmiyyətini xüsusi olaraq qeyd edir. Çünki Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın strateji təhlükəsizliyini daha da gücləndirir.
Azərbaycanla tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir
Xüsusi vurğulamaq gərəkdir ki, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Azərbaycan hazırda mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Prezident İlham Əliyev Azərbaycanın dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yeridir. Belə olan halda, Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri üçün də strateji əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Beləliklə, aparıcı dövlətlər Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edir.
Beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edən Azərbaycan dialoq və əməkdaşlıq məkanıdır
Ölkəmizin regional təhlükəsizliyə və əməkdaşlığın inkişafına verdiyi töhfələrlə yanaşı, sivilizasiyalararası dialoq prosesində oynadığı rola da xüsusi diqqət yetirmək lazımdır. Cənubi Qafqazın təhlükəsizlik qarantı olan Azərbaycanın xarici siyasət kursunu xarakterizə edərkən ölkəmizin beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış etməsi xüsusi vurğulanır. Ümumiyyətlə, ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır”.
Nəticə etibarilə, Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına uyğun olaraq uğurla davam və inkişaf etdirilən praqmatik xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran faktor qismində çıxış edir. Bunun nəticəsidir ki, milli dövlətlər regional və beynəlxalq təhlükəsizliyin təmin və mühafizə olunması, eləcə də səmərəli tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsində Azərbaycanla çoxşaxəli əməkdaşlığa müstəsna önəm verirlər.
Ölkəmiz həmçinin multikultural dəyərləri təbliğ və təşviq etməklə də sivilizasiyalararası dialoqa mühüm töhfələr verir. Azərbaycan təcrübəsi onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur və bu, mədəniyyətlər, sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus töhfələr bəxş edir. Eyni zamanda, bununla xalqlar öz mədəniyyətləri və mənəvi dəyərlərini inteqrasiya etdirir, mövcud mədəni sərvətlər sintez olunmuş formada dünya xalqlarına yeni dəyərlər kimi təqdim olunur. Müasir dövrdə multikulturalizmin əksinə olaraq özünütəcrid mövqeyi seçən xalqlar və dövlətlər nəinki inteqrasiya prosesindən kənarda qalırlar, eyni zamanda, bəşəri dəyər və normalardan təcrid olunurlar.
Beləliklə, öz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı-faydalı əməkdaşlıq kimi meyarları da əsas götürən Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan artıq uzun illərdir çalışır ki, bölgədə multikulturalizm dəyərləri üstünlük təşkil etsin. Bölgədə sülh, əmin-amanlıq, mehriban qonşuluq meyilləri güclənsin və bildiyiniz kimi, Azərbaycan tərəfindən bu istiqamətdə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə çox önəmli addımlar atılır”.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

