Azərbaycanda sosial məsələlər uğurla həll edilir
15.07.2016 [09:36]
Prezident İlham Əliyev: 2016-cı ilin ötən dövründə bəzi ölkələrdə maaşlar, pensiyalar ixtisar edilib. Ancaq Azərbaycanda maaşlar və pensiyalar 10 faiz qaldırılıbdır və bu da çox ciddi sosial təşəbbüsdür
Hər bir ölkədə uğurlu iqtisadi inkişafın səmərəliliyi ilk növbədə sosial sferanın adekvat şəkildə diqqət mərkəzində saxlanılması ilə ölçülür. Bu mənada məmnunluqla qeyd edə bilərik ki, Azərbaycanda rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Sosial dövlət olan Azərbaycanda ardıcıl surətdə insanların rifah halının yüksəlməsinə, həyat şəraitinin yaxşılaşmasına, maddi təminatının möhkəmlənməsinə yönələn layihələr həyata keçirilir. Məlumdur ki, digər ölkələrdə böhran zamanı ya maaşları dondurur, ya kəsirlər, ya da maaşların verilməsində problemlər yaşanır. Azərbaycanda isə ötən ilin son ongünlüyündə baş verən milli valyutanın devalvasiyasından sonra tamam fərqli mənzərə müşahidə edilir. Prezident İlham Əliyev əhalinin aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə 25-dən çox Fərman və Sərəncam imzalayıb. Dövlət başçısının müvafiq Fərman və sərəncamları əsasında sosial ödənişlərin, əmək haqlarının, pensiyaların artımı 3,6 milyon nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə edib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində müəyyən çətinliklərlə müşayiət olunan 2016-cı ilin əvvəlindən etibarən respublikamızda maaşların və pensiyaların artırılmasını ciddi sosial təşəbbüs kimi dəyərləndirərək vurğulayıb: “Sosial məsələlərin həlli istiqamətində çox ciddi addımlar atılmışdır. Ümumiyyətlə, 2016-cı ilin ötən dövründə bəzi ölkələrdə maaşlar, pensiyalar ixtisar edilib. Ancaq Azərbaycanda maaşlar və pensiyalar 10 faiz qaldırılıbdır və bu da çox ciddi sosial təşəbbüsdür”.
Aztəminatlı ailələr üçün ucuz mənzillərin inşası çox ciddi sosial təşəbbüsdür
Ölkəmizdə sosial siyasətin daha dolğun məzmun kəsb etməsi və əhatə dairəsinin genişlənməsinə nail olmaq üçün daim yeni təşəbbüslər irəli sürülür. Bilavasitə insanların mənafeyinə yönələn bu təşəbbüslər isə bir qayda olaraq Prezident İlham Əliyevdən gəlir. Xəlqi siyasət həyata keçirməyi fəaliyyətinin əsas prinsipi hesab edən Azərbaycanın dövlət başçısı cari ildə bilavasitə aztəminatlı ailələrin mənafeyinə yönələn yeni təşəbbüslə çıxış edib. Söhbət aztəminatlı ailələrin mənzil şəraitinin əsaslı şəkildə yaxşılaşdırılmasını nəzərdə tutan sosial mənzillərin tikintisi proqramının həyata keçirilməsindən gedir. Prezident İlham Əliyev aztəminatlı ailələr üçün ucuz mənzillərin inşasını çox ciddi sosial təşəbbüs kimi səciyyələndirərək deyib: “Aztəminatlı ailələr üçün ucuz mənzillərin inşası prosesi artıq başlayır. Mənzil İnşaatı Dövlət Agentliyi - MİDA yaradıldı. İndi təşkilati məsələlər öz həllini tapmaqdadır. Torpaq sahələri ayrılır və tezliklə MİDA öz işinə başlamalıdır, mənzillər tikilməlidir. Bu mənzillər uzunmüddətli güzəştli şərtlərlə aztəminatlı vətəndaşlara veriləcək. Bu, çox ciddi sosial təşəbbüsdür”.
Müstəqil Azərbaycanda indiyədək sosial mənzillərin tikintisi praktikası olmayıb. Bu, aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına hesablanan tamamilə yeni bir ideyadır. Ölkəmizdə Prezident İlham Əliyevin bəyan etdiyi yeni sosial proqram dünya təcrübəsinə istinad edilərək həyata keçiriləcək. Bir sıra inkişaf etmiş ölkələrdə, o cümlədən Almaniyada, qardaş Türkiyədə sosial mənzillərin tikintisi ilə aztəminatlı əhalinin mənzil probleminin həllinə dəstək verilməsi praktikasından geniş istifadə olunur. Sosial mənzil fondları həmçinin bizə coğrafi baxımdan da yaxın olan bəzi MDB ölkələrində də yaradılıb. Təbii ki, sosial mənzillər inşa olunarkən müxtəlif ölkələrin təcrübəsi Azərbaycanda olduğu kimi tətbiq edilməyəcək. Sosial mənzillər tikilərkən respublikamızın iqtisadi inkişafı ilə bağlı fərqli cəhətlər mütləq nəzərə alınacaq.
Qeyd etdiyimiz kimi, sosial mənzillərin inşasında əsas məqsəd aztəminatlı ailələrin mənzil şəraitini yaxşılaşdırmaqdan ibarətdir. Sirr deyil ki, ölkəmizdə xeyli sayda aztəminatlı ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Bəzi ailələrin aylıq gəlirləri isə bazar qiymətləri ilə mənzil almaq üçün yetərli deyil. Belə vəziyyətdən gənclərin də əziyyət çəkmələri xüsusi narahatlıq doğurur. Dövlət məhz bu kimi məqamları nəzərə alaraq aztəminatlı ailələrin, o cümlədən də gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasına əməli dəstək verməyi qərara alıb. Ölkəmizdə Sosial Mənzil Fondunun formalaşdırılması tələbatı olan, amma imkanı çatmayan və aylıq əməkhaqqı mənzil almaq üçün yetərli olmayan ailələrin mənzillə təmin edilməsinə imkan verəcək.
Azərbaycanın malik olduğu güclü iqtisadi potensial və maliyyə imkanları elan olunan yeni sosial proqramın uğurla həyata keçiriləcəyinə böyük əminlik yaradır. Mütəxəssislərin qənaəti də budur ki, Azərbaycanda dövlətin dəstəyi ilə Sosial Mənzil Fondunun yaradılması büdcə üçün heç bir problem doğurmayacaq. Əvəzində dövlət büdcəsindən ildə müəyyən qədər vəsaitin ayrılması aztəminatlı ailələrin mərhələli şəkildə mənzillə təmin edilməsinə imkan yaradacaq. Torpaq sahələri dövlət tərəfindən təmin edilən belə mənzillərin maya dəyərinin mövcud bazar qiymətlərindən xeyli aşağı olacağı proqnozlaşdırılır. Aztəminatlı ailələr ayda müəyyən qədər vəsait ödəməklə təxminən 20 il ərzində mənzillərə sahib olacaqlar.
Bütün ölkə boyu həyata keçiriləcək sosial layihə inşaat sektorunun canlanmasına da təkan verəcək
Yeni təşəbbüs olan sosial mənzillərin tikintisi ölkənin bütün bölgələrinin tarazlı inkişaf konsepsiyasına uyğun surətdə həyata keçiriləcək. Sosial mənzillərin inşası pilot layihə kimi əvvəlcə Bakının ayrı-ayrı rayonlarında həyata keçiriləcək. Məlumdur ki, hazırda Bakı şəhərində qəzalı vəziyyətdə olan binalar kifayət qədər çoxdur. Birinci pilot layihə əsasında Sabunçu rayonunda belə evlər sökülür. Onların yerində isə gözəl, müasir binalar ucaldılacaq.
Belə mənzillər həmçinin ölkənin bütün şəhərlərində, rayon mərkəzlərində inşa olunacaq. Bakı da daxil olmaqla ölkənin bütün şəhərlərində sosial mənzillərin inşası aztəminatlı əhalinin mənzil probleminin aradan qaldırılmasında yeni bir mərhələ olmaqla yanaşı, ölkədə işsizliyin azaldılması baxımından da böyük əhəmiyyət daşıyır. Məlumdur ki, ölkəmizdə əhalinin məşğulluğunun təmin olunmasına böyük önəm verilir. Bu məqsədlə ayrıca Dövlət proqramları qəbul edilib. 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində ölkəmizdə 1,5 milyon, o cümlədən də 2016-cı ilin birinci yarısında 78 mindən artıq yeni iş yerləri yaradılıb ki, onların da böyük qismi bölgələrin payına düşür. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamızda işsizliyin səviyyəsini 5 faizədək azaltmaq mümkün olub. Prezident İlham Əliyev isə ölkədəki müsbət demoqrafik vəziyyəti nəzərə alaraq yeni iş yerlərinin yaradılmasını daimi prosesə çevirməklə bağlı qarşıya mühüm vəzifə qoyub. Qlobal təsirlər nəticəsində yaranan yeni iqtisadi şəraitdə isə əhalinin məşğulluğunun təmin edilməsi xüsusi aktuallıq kəsb edir. Bütün bu deyilənləri nəzərə aldıqda yeni iqtisadi şəraitdə Bakı da daxil olmaqla ölkənin hər yerində sosial mənzillərin inşasına başlanılmasının və beləliklə də, çoxlu sayda yeni iş yerlərinin yaradılmasının əhəmiyyəti barədə konkret təsəvvür yaranır.
Yeni sosial proqramın reallaşdırılması, eyni zamanda, ölkədə iqtisadi aktivliyin artırılması nöqteyi-nəzərindən də böyük önəm daşıyır. İqtisadi sektorun müxtəlif sahələri bir-birləri ilə sıx əlaqəlidir. Qəzalı vəziyyətdəki evlərin yerində gözəl, çoxmərtəbəli binaların tikintisi inşaat sektoruna çox böyük təkan verəcək, paralel şəkildə iqtisadiyyatın 20-dək digər sahəsinin də inkişafına səbəb olacaq. Prezident İlham Əliyev bu cəhətə diqqət çəkərək bildirib: “Geniş tikinti layihələri gözlənilir. Bunun çox müsbət təsiri olacaq, məşğulluq artacaq və inşaat materialları sektoru da canlanacaq”.
Bu məqamda onu da vurğulayaq ki, ölkəmizdə sosial mənzillərin inşası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında 11 aprel 2016-cı il tarixli müvafiq Fərman imzalayıb. Fərmana əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti üçün təşkilati məsələlər öz həllini tapmaqdadır.
Respublikada sosial və digər sahələrə aid infrastruktur layihələrinin böyük əksəriyyəti başa çatıb
Bu, bir həqiqətdir ki, zəruri infrastruktur təminatı yaradılmadan hər hansı bir sahədə inkişafa nail olmaq da mümkün deyil. Bu mənada son illərdə Azərbaycanın uğurlu inkişaf modelindən söhbət açarkən bütün ölkə boyu həyata keçirilən infrastruktur layihələrini xüsusi qeyd etmək lazımdır. Hazırda Azərbaycanın infrastruktur təminatı 12 il bundan qabaqkı vəziyyətlə müqayisədə kəskin şəkildə fərqlənir.
Son illərdə Azərbaycanda ardıcıllıqla həyata keçirilən çoxşaxəli sosial siyasət həmçinin sosial təyinatlı infrastruktur layihələrinin reallaşdırılmasında öz əksini tapır. Ölkənin inkişafından, paytaxtda və bölgələrdə aparılan quruculuq-abadlıq işlərindən söhbət açarkən məktəblərin, səhiyyə ocaqlarının, gənclər mərkəzlərinin və bu qəbildən olan sosial təyinatlı obyektlərin inşasını və yaxud yenidən qurulmasını xüsusi vurğulamaq gərəkdir. Dövlət əhalinin həyat təminatı ilə bağlı sahələrdə bu və ya digər layihələrin həyata keçirilməsinə böyükhəcmli sərmayələr yönəldir. 2003-cü ildən bəri respublikanın müxtəlif bölgələrində 3 mindən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində ölkəmizdə təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb. Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə işlər davam etdirilir. Son 12 ildə respublikamızda 600-dək səhiyyə müəssisəsi tikilib və yaxud əsaslı şəkildə yenidən qurularaq müasir avadanlıqla təchiz edilib.
Qlobal çətinliklərin yaşandığı və respublikamızın neft gəlirlərinin azaldığı indiki dövrdə Azərbaycanda sosial infrastruktur yaradılması prosesinin davam etdirilməsi ölkəmizdə sosial sferaya dövlətin xüsusi qayğı göstərdiyini təsdiqləyir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda bəhs olunan iclasındakı nitqində də ölkəmizdə infrastruktur layihələrinin davam etdirildiyini xüsusi nəzərə çatdırıb: “... Əvvəlki dövrdə vəziyyət başqa idi. Neft hasilatı artırdı. Neftin qiyməti 100 dollardan çox idi. Beləliklə, bizim əsas vəzifəmiz infrastruktur layihələrinin - həm sosial infrastruktur, həm digər infrastruktur layihələrinin icrası idi. Çox böyük vəsait ayrılırdı. Biz elektrik enerjisi, qazlaşdırma, kənd yollarının tikintisi ilə bağlı əsas infrastruktur layihələrini qısa müddətdə icra etdik. Hələ ki, bu istiqamətdə işlər davam edir, amma infrastruktur layihələrinin böyük əksəriyyəti artıq reallaşıb”.
Ciddi sosial-iqtisadi əhəmiyyət daşıyan yol infrastrukturunun yenilənməsi intensiv şəkildə davam etdirilir
Yaxşı deyiblər ki, abad el yollarından bəlli olar. Bu mənada ölkəmizdə yol infrastrukturunun yenilənməsi ilə bağlı çoxsaylı layihələrin həyata keçirilməsi təqdirəlayiq haldır. Ölkəmizdə 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, ilk iki Dövlət Proqramının həyata keçirildiyi 2004-2013-cü illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 9 min kilometri ötüb, bu müddətdə 250 yeni körpü, tunel və yol ötürücüsü inşa edilib. Haqqında bəhs olunan dövrdə Azərbaycanın bölgələrində 6 aeroport tikilib ki, onlardan da 4-ü beynəlxalq səviyyəlidir. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi isə 2014-cü ildə istifadəyə verilib. Bütün bunların nəticəsidir ki, indi respublikanın bölgələrindən də beynəlxalq uçuşlar həyata keçirilir və bu amil Azərbaycanın regionlarının inkişafına əlavə impuls verir.
Yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələr regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də intensiv şəkildə davam etdirilir. Yeni Dövlət Proqramının icrasının birinci ili ərzində daha 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30-dan çox yeni körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Yol infrastrukturunun yenilənməsi 2015-ci ildə də həyata keçirilib. Belə ki, ötən il 400 kilometrdən artıq ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 12 yeni körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Eyni zamanda, respublika ərazisində kənd yollarının tikintisi davam etdirilib, əhalisi 351 min nəfər olan 245 yaşayış məntəqəsini birləşdirən 590 kilometrdən artıq kənd yolu çəkilib. Prezident İlham Əliyev vurğulayıb ki, həm magistral yollarda müvafiq tədbirlərin görülməsi, həm də kənd yollarının sürətlə tikintisi gələn il də davam edəcək: “Qeyd etməliyəm ki, magistral yollarda işlər gedir. Gəncə-Gürcüstan sərhədi yolu dörd zolağa çevrilir. Genişlənmə işləri gedir. Bu il Rusiya sərhədinə qədər magistral yolda böyük işlər görülməlidir. Bizim qurumlar çalışmalıdırlar ki, bu yolu da başa çatdırsınlar. Bakı-Şamaxı yolunun dörd zolağa çevrilməsi prosesi gedir və Bakı-İran sərhədi magistral yolunda da tikinti işləri davam edir.
Bununla bərabər, kənd yollarının tikintisi çox sürətlə aparılır. Bu məqsədlər üçün dövlət büdcəsindən 200 milyon manat vəsait ayrılıb. Təxminən 60-70 kənd yolu layihəsi o cümlədən Bakı qəsəbələrində icra edilir və ediləcək. Bunun da çox böyük təsiri olacaq. Həm infrastruktur yaradılır, həm də iş yerləri. Bu layihələrdə on minlərlə insan işlə təmin edilir. Bu proses gələn il də davam etdiriləcək”.
Respublikanın hər yerində içməli su layihələri həyata keçirilir
Qlobal miqyasda yaranan yeni çağırışlara uyğun olaraq etibarlı su təchizatına nail olunması müstəqil Azərbaycanın strateji hədəflərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyev su və kanalizasiya layihələrinin önəminə diqqət çəkərək vurğulayıb ki, belə layihələr hər bir rayon mərkəzində aparılmalı və tam icra edilməlidir: “İçməli su layihələrinin icrası bütün ölkəmizdə aparılır. Bir çox rayonlarda artıq, bu, həll olunub. Hər bir rayon mərkəzində içməli su və kanalizasiya layihəsi tam icra edilməlidir”.
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji kursa uyğun olaraq son 12 ildə paytaxt Bakı da daxil olmaqla ölkəmizin bütün bölgələrində irimiqyaslı su-kanalizasiya layihələri həyata keçirilib. Ölkə Prezidenti mütəmadi olaraq dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrı-ayrı şəhərlərin su-kanalizasiya sisteminin yaxşılaşdırılmasına lazımi qədər vəsait ayırır. Bundan başqa, Dövlət Neft Fondundan da su-kanalizasiya layihələrinin yerinə yetirilməsinə kifayət qədər irihəcmli maliyyə tranşları yönəldilir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında su-kanalizasiya layihələri ilə bağlı konkret müddəalar öz əksini tapıb. Son 12 ildə dövlət investisiyaları və beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına 40 şəhərdə içməli su və kanalizasiya layihələrinin icrasına başlanılıb və artıq bir sıra şəhərlərdə bu layihələrin icrası yekunlaşdırılıb.
Son illərdə ölkəmizdə reallaşdırılan yeni su layihələrindən biri də Oğuz-Qəbələ-Bakı su kəməridir. Oğuz-Qəbələ-Bakı su kəmərinin icrasına Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 25 avqust 2005-ci il tarixli müvafiq Sərəncamı ilə start verilib. Layihə çərçivəsində tikinti işlərinə 2007-ci ilin martında başlanılıb. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşən Oğuz-Qəbələ-Bakı su kəmərinin inşasına 779,6 milyon manat vəsait ayrılıb. Kəmərin rəsmi açılış mərasimi 2010-cu il dekabrın 28-də keçirilib.
Bu məqamda qeyd edək ki, ölkə ərazisində içməli su təchizatının yaxşılaşdırılmasında modul tipli qurğulardan, o cümlədən də subartezian quyularından geniş istifadə olunur. Ötən il 125 minə yaxın əhalisi olan 58 yaşayış məntəqəsində modul tipli təmizləyici qurğular quraşdırılıb, əhalisi 630 min nəfərə yaxın olan 34 şəhər və rayonun 241 yaşayış məntəqəsində subartezian quyusu qazılıb. Ümumiyyətlə, son illər ərzində ölkə ərazisində 1500-ə yaxın subartezian quyusu qazılıb. 2015-ci ilin sonunda isə bu məqsədlə daha 10 milyon manat vəsait ayrılıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49

