/ / Həyata keçirilən islahatlar Azərbaycanın bank-maliyyə sektorunun daha da möhkəmlənməsinə etibarlı zəmin yaradır
Həyata keçirilən islahatlar Azərbaycanın bank-maliyyə sektorunun daha da möhkəmlənməsinə etibarlı zəmin yaradır
05.07.2016 [10:06]
Prezident İlham Əliyev: Azərbaycanda bütün iqtisadi-maliyyə sektoru aparıcı dövlətlərin təcrübəsinə əsaslanaraq ən mütərəqqi prinsiplər əsasında inkişaf etməlidir
Məlum olduğu kimi, ötən ilin son ongünlüyündən etibarən mənfi xarici təsirlər nəticəsində yaranan yeni iqtisadi şəraitin meydana çıxartdığı çağırışlara uyğun olaraq respublikamızda silsilə tədbirlər, yeni nəsil iqtisadi islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və güclü siyasi iradəsi əsasında reallaşdırılan islahatların əsas məqsədi ölkəmizin yaranmış vəziyyətdən mümkün qədər az itkilərlə çıxmasını təmin etməkdən və bundan sonra da inkişafın ardıcıllığına nail olmaqdan ibarətdir. Çevik şəkildə həyata keçirilən səmərəli islahatlar kursu respublikada iqtisadi subyektlərin manevr imkanlarının genişləndirilməsinə, yeni təşəbbüslərə meydan verilməsinə, idarəetmənin təkmilləşdirilməsinə, bütün sahələrdə şəffaflığın artırılmasına və digər bu kimi mühüm məqamlara istiqamətləndirilib. Prezident İlham Əliyev qarşıya qoyulan hədəflərə çatmaq məqsədilə ölkənin güclü iqtisadi potensialına əsaslanaraq bir sıra mühüm qərarlar qəbul edib, iqtisadiyyatın daha geniş və səmərəli şaxələndirilməsinə, investisiya qoyuluşunun, ixrac yönümlü daxili istehsalın təşviq edilməsinə hesablanan Fərman və sərəncamlar imzalayıb. Dövlət başçısının verdiyi tapşırıqların, qəbul etdiyi qərarların yerinə yetirilməsi sayəsində, bir tərəfdən, ölkədə iqtisadi fəallıq getdikcə artır, eyni zamanda, insanların sosial müdafiəsi daha dolğun şəkildə təmin edilir. Azərbaycanda başlanılan islahatların kompleks və ardıcıl səciyyə daşıması xüsusilə diqqəti cəlb edir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bir daha vurğulayıb ki, biz inkişaf dinamikamızı daha da sürətləndirməliyik və Azərbaycanda dayanıqlı inkişaf davam etməlidir.
Yeni şəraitdə iqtisadi-maliyyə sektorunun inkişafı üçün zəruri islahatlar həyata keçirilir
Yeni iqtisadi şəraitdə bəyan olunan islahatların səmərəli nəticələr verməsi bir sıra amillərlə şərtlənir ki, bunların da içərisində iqtisadi-maliyyə sektorunun adekvat fəaliyyət göstərmək iqtidarında olması çox vacib rol oynayır. Qlobal mənfi risklərin artdığı indiki şəraitdə Azərbaycanı fərqləndirən və ölkəmizə əlavə üstünlüklər qazandıran cəhətlərdən biri ondan ibarətdir ki, son 12 ildə həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamız güclü maliyyə təminatına malik bir ölkəyə çevrilib. Bəhs olunan dövrdə ölkəmizdə davamlı surətdə böyük həcmli maliyyə tutumuna malik infrastruktur layihələri reallaşdırılmasına baxmayaraq, respublikamız strateji valyuta ehtiyatlarını artırmağa və maliyyə dayanıqlılığını gücləndirməyə nail olub. Təsadüfi deyil ki, hazırda Azərbaycan dünyada xarici borclanması ən aşağı səviyyədə olan ölkələr sırasında yer alır. Yeni şəraitdə ölkənin geniş maliyyə imkanlarından səmərəli istifadə olunması, vəsaitlərin daha məqbul istiqamətlərə yönəldilməsi, real sektorun maliyyə təminatının gücləndirilməsi zərurəti iqtisadi-maliyyə sektorunun çevikliyinin artırılması, idarəetmənin təkmilləşdirilməsi, nəzarətin gücləndirilməsi ilə paralel surətdə şəffaflığın təmin olunması kimi məsələlərin önəmini artırıb. Bu sahədə elə bir işlək mexanizmin qurulmasına nail olmaq lazımdır ki, maliyyə sektoru yaranmış vəziyyətdə, sözün yaxşı mənasında, iqtisadiyyatın inkişafında, fəallığın artmasında katalizator funksiyasını yerinə yetirə bilsin. Aydın məsələdir ki, real sektorun effektiv maliyyə təminatı sistemi qurulmadan yeni dövrün çağırışları ilə ayaqlaşan iqtisadiyyat qurmaqdan da söhbət gedə bilməz. Sahənin iqtisadi inkişaf baxımından böyük önəmini nəzərə alan Prezident İlham Əliyev bu istiqamətdə ölkəmizdə də ən qabaqcıl təcrübənin tətbiq edilməsi ilə bağlı ciddi mesajlarını dilə gətirərək vurğulayıb: “Azərbaycanda bütün iqtisadi-maliyyə sektoru aparıcı dövlətlərin təcrübəsinə əsaslanaraq ən mütərəqqi prinsiplər əsasında inkişaf etməlidir. İlk növbədə, idarəetmə mexanizmləri təkmilləşdirilməlidir, şəffaflıq tam şəkildə təmin edilməlidir”.
Beləliklə, dövlət başçısının siyasi iradəsi əsasında start verilən yeni nəsil islahatlar həmçinin istər ölkədə iqtisadi fəallığın təmin olunması, istərsə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan iqtisadi-maliyyə sektorunu da əhatə edir. Yeni şəraitdə ölkənin maliyyə sektorunun dayanıqlılığının təmin edilməsi və bu sahədə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi baxımından Prezident İlham Əliyevin 3 fevral 2016-cı il tarixli müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmasının mühüm əhəmiyyəti var. Belə bir qurumun yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etməkdən ibarətdir. Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası dövlət orqanı deyil. Bu, publik hüquqi şəxsdir və özü özünü maliyyələşdirmə yolu ilə fəaliyyət göstərir.
Həyata keçirilən tədbirlər bank sektorunun daha da möhkəmlənməsinə xidmət edir
Təbii ki, manatın məlum devalvasiyasından sonra insanların banklara münasibəti müəyyən qədər dəyişib. Burada psixoloji amillərin də təsiri az olmayıb. Ancaq artıq ajiotaj səngiyib ki, burada da həyata keçirilən məqsədyönlü tədbirlər mühüm rol oynayıb. Manatın məlum devalvasiyasından sonra Mərkəzi Bank ölkənin bank-maliyyə sektorunda daha çevik tənzimləmə rejiminin tətbiqi məqsədilə bir sıra normativ xarakterli aktlarına dəyişikliklər edib. “Bank kapitalının və onun adekvatlığının hesablanması” və “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması” Qaydalarına edilmiş dəyişikliklər bankların topladığı maliyyə ehtiyatlarını daha səmərəli və çevik istifadə etməsinə imkan verir. Bundan başqa, Mərkəzi Bank tərəfindən “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması” Qaydaları yeni redaksiyada qəbul edilib. Hazırda ölkə miqyasında valyuta mübadiləsi ancaq banklarda və onların filiallarında həyata keçirilir. Qaydaların tələblərinə görə, mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır. Bu tələblə aparılan valyuta əməliyyatlarının həcmi məhdudlaşdırılmır. Mərkəzi Bankdan verilən məlumatda bildirilir ki, banklar tərəfindən bütün kreditorlar, o cümlədən əhali qarşısında öhdəliklər müqavilə şərtlərinə uyğun olaraq və hər hansı məhdudiyyət olmadan yerinə yetirilir.
Mənfi qlobal amillərin təsiri nəticəsində ölkədə yaranan vəziyyət bankların daha çevik fəaliyyət göstərməsi, adaptasiya prosesinin daha effektiv həyata keçirilməsi zərurətini gündəmə gətirib. Yaranmış vəziyyətdə meydana çıxan çağırışlardan biri bank sektorunun sağlamlaşdırılması ilə bağlıdır. Tələblərə, meyarlara cavab verməyən, öz fəaliyyətini qura bilməyən banklar indiki şəraitdə, sadəcə, fəaliyyət göstərə bilməzlər. Yeni şəraitdə həyata keçirilən islahatlar, eyni zamanda, bankların sağlamlaşdırılması məqsədini daşıyır. Prezident İlham Əliyev əminliyini ifadə edərək bildirib ki, görülən tədbirlər bank sektorunun inkişafına xidmət göstərəcək: “Bank sektorunun möhkəmlənməsi və sağlamlaşdırılması prosesi gedir. Bu istiqamətdə də çox önəmli addımlar atılmışdır. Maliyyə nəzarəti haqqında, digər istiqamətlər üzrə önəmli addımlar atılmışdır. Hesab edirəm ki, bu, bank sektorunun inkişafına xidmət göstərəcək”.
Qeyd edək ki, manatın məlum devalvasiyasınadək ölkəmizdə 40-dan çox bank fəaliyyət göstərirdi. Ekspertlərin qənaəti budur ki, Azərbaycan miqyaslı ölkə üçün bu qədər bankın olması məqbul deyil. Digər tərəfdən, bir sıra banklar ciddi likvidlik problemi yaşayırlar və müştərilər qarşısında öz öhdəliklərini yerinə yetirə bilmirlər, həmçinin ölkə iqtisadiyyatına hər hansı bir xeyir vermirlər. Son vaxtlar istehlak kreditlərinin azalması və digər amillər ayrı-ayrı bankları daha çətin durumla üz-üzə qoyub. Belə olan halda zəif bankların fəaliyyət göstərməsinə heç bir lüzum yoxdur.
Bu kimi reallıqları nəzərə alan Mərkəzi Bank Prezident İlham Əliyevin tapşırıqlarını əsas tutaraq bankların konsolidasiyasını həyata keçirir. Cari ilin əvvəlindən bəri Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin müvafiq qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Qafqaz İnkişaf Bankı”, “Atrabank”, “Yunayted Kredit Bank”, “NBCBank”, “Gəncəbank”, “Bank of Azerbaijan” ASC-lərin bank lisenziyaları ləğv edilib. Bəhs olunan bu banklar Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və Fond tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçirilir.
Bank sektorunun sağlamlaşdırılması tədbirləri çərçivəsində həmçinin bir sıra zəif bankların birləşdirilərək daha iri və daha güclü maliyyə təminatına malik qurumlara çevrilməsi məsələsi də gündəmdədir. Artıq bəzi banklar bununla bağlı öz niyyətlərini ifadə ediblər.
Əmanətlərin sığortalanması həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyır
Yeni şəraitdə ölkənin bank-maliyyə sisteminin fəaliyyətinin daha səmərəli qurulmasını hədəfləyən qərarlardan söhbət açarkən Prezident İlham Əliyevin “Əmanətlərin tam sığortalanması haqqında” qanunun tətbiqi barədə imzaladığı müvafiq Sərəncamın önəmini xüsusi qeyd etmək lazımdır. Bəhs olunan qanunun məqsədi qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlılığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirməkdən ibarətdir. Sənədə əsasən, ölkə ərazisində fəaliyyət göstərən banklarda vəsait yerləşdirən təxminən 6 milyon əmanətçinin depozitləri qarşıdakı 3 il müddətində tam sığortalanacaq.
Qlobal təsirlər nəticəsində ölkəmizdə yaranan yeni iqtisadi şəraitdə vətəndaşların banklara qoyduqları depozitlərin tam həcmdə sığortalanması həyata keçirilən islahatların tərkib hissəsidir. Prezident İlham Əliyev əmanətlərin tam şəkildə sığortalanmasının həm sosial, həm də iqtisadi əhəmiyyətinə diqqət çəkərək bildirib: “Əmanətlərin tam sığortalanması haqqında qərar qəbul edilmişdir. Bu, həm sosial xarakter daşıyır, həm də, əlbəttə ki, bank sektoruna əhali tərəfindən inamı artırır. İndi bütün əmanətlər sığortalanıb”.
Qeyd edək ki, bundan əvvəlki qanuna əsasən, yalnız 30 min manatadək olan əmanətlər sığortalanırdı. Yeni qanunla bu kimi məhdudiyyətlər aradan qaldırılıb. Prezident İlham Əliyevin tətbiqi ilə əlaqədar Sərəncam imzaladığı “Əmanətlərin tam sığortalanması haqqında” qanuna əsasən, müvafiq banklara qoyulan bütün depozitlər məbləğindən asılı olmayaraq sığortalanacaq. Yeni qanun böyük aktuallıq kəsb edir. Məlumdur ki, hazırda ölkəmizdəki bir sıra banklar likvidlik problemi ilə üzləşiblər. Yeni qanunun qüvvəyə minməsi isə bankların depozit cəlbediciliyini yüksəldib ki, bu da yaxın perspektivdə onların maliyyə resurslarının artmasında öz əksini tapacaq. Digər tərəfdən, yeni qanun insanların narahatçılığına son qoyub. Sirr deyil ki, məlum devalvasiyadan sonra ilk vaxtlarda insanlar sərbəst yığımlarını banklara etibar etməkdən çəkinirdilər. Yeni qanun isə əmanətlərin tam şəkildə qorunacağına zəmanət verir. Əmanətçilərdə bir arxayınlıq yaranır ki, sabah hansısa bir problem ortaya çıxdıqda, fors-major hadisəsi baş verdikdə onların əmanətləri sığortalanacaq, depozitlərinə heç bir halda xələl gəlməyəcək. Hazırda banklarda manatla olan əmanətlərə kifayət qədər yüksək - 12 faizlə dividendlər ödənilir. Beləliklə, sərbəst yığımlarını banklarda yerləşdirməklə vətəndaşlar öz kapitallarını daha da artıra bilərlər.
Yeni şəraitdə “Əmanətlərin tam sığortalanması haqqında” qanun iqtisadiyyatın real sektorunun maliyyə təminatının artırılması baxımından da böyük əhəmiyyət daşıyır. Statistik məlumatlara əsasən, bankların kredit portfelinin strukturunda depozitlərin çəkisi təxminən 70 faiz həcmindədir, yerdə qalan 30 faizi isə digər mənbələrdən formalaşır. Əmanətlərin həcmi artdıqca bankların kredit imkanları da genişlənir. Proqnozlara görə, əmanətlərlə bağlı atılan addımlar bank sektorunda kapitallaşmanın yaxşılaşmasına şərait yaradacaq. Beləliklə, ölkədə islahatlar aparıldığı bir şəraitdə əmanətlərin 100 faiz qorunması birbaşa real sektora da müsbət təsir göstərəcək.
Yeni iqtisadi şəraitdə ölkə ərazisində fəaliyyət göstərən banklarda yerləşdirilən depozitlərin həcminin artmasına təsir göstərən başqa tədbirlər də həyata keçirilir. Dövlət başçısının müvafiq Sərəncamı ilə yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividendlər 3 il müddətinə gəlir vergisindən azad olunub. Vergi güzəştləri bank əmanətlərinin həcminin artmasına zəmin yaradır. Ekspertlərin qənaətinə görə, bu güzəştlər nəticəsində bank, sığorta və təkrarsığorta şirkətləri tərəfindən nizamnamə kapitalının artırılması gözlənilir. Hökumət vergi güzəştləri ilə bankların kapitallaşmasına şərait yaratmaqla yanaşı, əhalinin dividend əldə etmək imkanlarını da stimullaşdırır.
Banklar iqtisadiyyatın real sektoruna investisiya yönəltməlidirlər
Ümumiyyətlə götürdükdə isə Azərbaycanın bank sektoru yaranmış vəziyyətdə dayanıqlılığını qorumağa qadirdir. Bank sektorunun məcmu kapitalı son illərdə 2 dəfə artaraq 4,2 milyard manata çatıb. Bankların likvidliyi tələbi 2 dəfədən çox üstələyir. Bank sektorunda belə optimal mühitin yaranmasında ötən illərdə dövlətin bu sahəyə göstərdiyi siyasi və maddi dəstək mühüm rol oynayıb.
Dövlətin bank sektorunun inkişafına göstərdiyi hərtərəfli dəstək, eyni zamanda, bankların üzərinə böyük məsuliyyət qoyur. Dövlət dəstəyindən bəhrələnən bankların öz fəaliyyətlərini istehlak kreditləri verməklə məhdudlaşdırmaları heç bir vəchlə məqbul sayıla bilməz. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bank sektorunun sağlamlaşdırılması tədbirləri çərçivəsində qarşıya konkret tələblər qoyub və bankları real sektorun maliyyə təminatının gücləndirilməsində iştirak etməyə çağırıb: “Elə etməliyik ki, bank sektoru Azərbaycan iqtisadiyyatına daha da çox fayda versin, iqtisadiyyatın real sektoruna daha da çox kredit resursları təşkil etsin ki, biz işləri təkcə dövlət büdcəsi hesabına, yaxud da ki sahibkarların öz vəsaiti hesabına görməyək. Bank sektoru da burada çox ciddi alət, daha fəal olmalıdır. Ona görə bank sektorunun sağlamlaşdırılmasına Azərbaycan dövləti kömək göstərir və bu istiqamətdə islahatlar daha da sürətlə getməlidir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

