Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyədə növbəti terror aktı: reallıqlar nəyi ifadə edir?

Türkiyədə növbəti terror aktı: reallıqlar nəyi ifadə edir?

30.06.2016 [10:02]

Azərbaycan ictimaiyyəti qardaş ölkədə baş vermiş qanlı terror hadisəsini qətiyyətlə pisləyir
Hazırkı dövrdə beynəlxalq münasibətlərin inkişaf dinamikasından asılı olaraq bəşəriyyətin təhlükəsizliyi ilə bağlı mövcud təhdidlər öz aktuallığını qoruyub saxlamaqdadır. Bu kontekstdə terrorizm məsələsi də xüsusi narahatlıq doğuran problemlərdəndir. Bu məsələ bütün xalqlar və dövlətlər üçün aktual səciyyə daşıyır. Dünyanın müxtəlif guşələrində ayrı-ayrı ssenarilərlə törədilən terrorlarla bağlı statistikanın dinamikası kifayət qədər yüksəkdir. İnformasiya portallarında dünyanın iri şəhərlərində - mədəni-kütləvi tədbirlərdə, istirahət-əyləncə məkanlarında törədilən terrorlarla bağlı yayılan xəbərlər pessimist mənzərənin ortaya çıxmasına səbəb olub. Təkcə son bir ildə dünya Türkiyədə, Fransada, Misirdə, Bəhreyndə, Somalidə, Kot-d’İvuarda və digər bir sıra ölkələrdə törədilən terror aktlarından sarsılıb. Vəziyyət o həddədək gərginləşib ki, Berlin divarlarının dağıdılmasından sonra 40-dan çox ölkə öz sərhədlərində qonşuları ilə 60-dan çox divar tikməli olub ki, bu da ilk növbədə potensial təhdidlərlə əlaqədardır.
Son olaraq Türkiyədə - İstanbulun Atatürk hava limanında törədilmiş terror aktları bu təhlükənin nə qədər real və aktual olduğunu bir daha təsdiqləyib. Qardaş ölkədə insan tələfatı və dağıntılara səbəb olan belə bir hadisənin törədilməsi ciddi müzakirə predmetinə çevrilməklə yanaşı, kəskin şəkildə qınanılıb. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Bundan başqa, Azərbaycan Xarici İşlər Nazirliyi də İstanbulun Atatürk hava limanında törədilmiş terror aktları ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “İyunun 28-də İstanbulun Atatürk hava limanında törədilmiş qanlı və xain terror aktlarını kəskin şəkildə lənətləyirik. Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə qardaş Türkiyə ilə həmrəyliyini bir daha ifadə edir”.
Şübhəsiz, Azərbaycan dövləti və ictimaiyyəti bu hadisəni hiddətlə qınamaqla yanaşı, qardaş Türkiyənin yanında yer aldığını bildirir. Azərbaycan terrordan əziyyət çəkən ölkələr sırasında yer alır. Azərbaycanın dövlət müstəqilliyini sarsıtmağa, respublikanın ərazi bütövlüyünü təhdid etməyə, insanlarda qorxu, vahimə yaratmağa hesablanan terrorların mənbəyi rolunda ölkəmizə qarşı elan olunmamış müharibə aparan Ermənistan çıxış edir. Beləliklə terror aktlarına məruz qalmış bir ölkə kimi Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir, ölkə ictimaiyyəti bu hadisəni yolverilməz hal kimi dəyərləndirir.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı, politoloq Elman Nəsirovun sözlərinə görə, Türkiyədə baş verən sonuncu terror hadisəsi bir daha göstərdi ki, beynəlxalq terrorizm müasir dünya üçün ən ciddi və asimmetrik təhdid mənbəyidir: “Bir çox hallarda buna “XXI əsrin vəbası” da deyirlər. Beynəlxalq birlik, təəssüf ki, bu ciddi təhdid mənbəyinə qarşı güclü müqavimət göstərə bilmir, terrorizmə qarşı mübarizə prosesi müxtəlif istiqamətlərdə lazımi səviyyədə aparılmır. Beynəlxalq təşkilatlar və ekspertlər səviyyəsində dünyada terrorizmlə bağlı 120-dən artıq təriflər hazırlanıb, amma onların heç biri “beynəlxalq terrorizm nədir?” sualına dəqiq və doğru cavab vermir. Bəziləri üçün “terrorist” hesab edilənlər digərləri tərəfindən “milli azadlıq qəhrəmanı” statusuna qaldırılır. BMT-nin beynəlxalq terrorizmə qarşı 12 universal konvensiyasının heç birində “beynəlxalq terrorçu kimdir” sualına qarşı bütün nüansları özündə əks etdirən bitkin tərif yoxdur. Təşkilati və əməli baxımdan da beynəlxalq terrorizmə qarşı koordinasiya olunmuş mübarizə aparılmır. Bu isə beynəlxalq terrorçu qüvvələri ruhlandırır, onları yeni-yeni terror aktlarına vadar edir”.
“Sadalananların fonunda deyə bilərəm ki, Türkiyədə baş vermiş qanlı terror aktı göstərdi ki, bu asimmetrik təhdid mənbəyinə qarşı beynəlxalq birlik birgə - əlaqələndirilmiş mübarizə aparmalıdır. Xüsusilə də, terrorizmin bütün forma və təzahürlərinə qarşı eyni münasibət - konkret mövqe ortaya qoyulmalıdır. Bir ölkədə baş vermiş terror aktı pislənir, digərində qeydə alınmış eynitipli hadisəyə münasibətdə susqunluq nümayiş etdirilirsə, bu, beynəlxalq terrorçu qruplaşmaların mənafeyinə xidmət etmək mənasına gəlir. Necə olur ki, ASALA beynəlxalq erməni terror təşkilatı və “Daşnaksütyun” sərbəst fəaliyyət göstərir, onlara qarşı hər hansı bir mübarizə aparılmır, amma “Əl-Qaidə” və “İŞİD”ə qarşı mübarizənin şahidi oluruq. Halbuki bunların hamısı terror təşkilatlarıdır və bir-birləri ilə əlaqələndirilmiş fəaliyyət göstərirlər”, - deyən millət vəkili əlavə edib ki, Türkiyədə baş verən terror hadisəsinin başlıca səbəbi beynəlxalq birliyin terrorizmə qarşı yekdil mübarizə strategiyasının olmamasıdır.
E.Nəsirovun sözlərinə görə, beynəlxalq birlik terrorizm məsələsinə münasibətdə selektiv yanaşma nümayiş etdirir: “Bir çox hallarda “yaxşı” və “pis” terrorçu yanaşmasının şahidi oluruq. Belə olan halda, beynəlxalq terrorizm daha geniş vüsət alır. Digər tərəfdən, Türkiyənin son zamanlar mövqeyinin möhkəmlənməsi, müstəqil siyasi kurs həyata keçirməsi və digər amillər bu terror aktının baş verməsinə səbəb olan faktorlar sırasında yer alır. Bütün dünya Türkiyənin yanında olmalı, bu cür neqativ hal və hadisələrə qarşı qətiyyətli mübarizə aparılmalıdır”.
“SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev isə deyib ki, qardaş Türkiyədə baş verən məlum terror olayı olduqca sarsıdıcıdır: “Çünki terror amili yalnız pislənməyə, lənətlənməyə layiq olan bir hadisədir. Biz də, bu baxımdan, məhz terrora məruz qalan bir ölkənin vətəndaşları kimi baş verənlərin nə demək olduğunu yaxşı anlayırıq. Ona görə də qardaş ölkədəki hadisəni pisləyir, türkiyəli qardaşlarımızın dərdlərini bölüşür, onların kədərlərinə şərik olduğumuzu bildiririk”.
B.Quliyev əlavə edib ki, artıq Azərbaycan Prezidenti İlham Əliyev də bu hadisə ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı göndərərək xalqımızın bu olaydan hiddətləndiyini vurğulayıb: “Terror aktının yaranma səbəblərinə gəlincə isə, deyə bilərik ki, bu məsələnin arxasında dayanan əsas faktor qardaş Türkiyənin istər regionda, istərsə də dünyada güc mərkəzinə çevrilməsidir. Fikir verirsinizsə, Türkiyədə baş verən bənzər qanlı hadisələrin son dövrlərdə intensivləşməsi bu ölkənin İsrail və Rusiya ilə pozulmuş münasibətlərinin bərpa olunmasına, anlaşılmazlıqların aradan qaldırılması dövrünə təsadüf edir. Bəllidir ki, Türkiyə ilə Rusiya qlobal və regional proseslərdə həmrəylik nümayiş etdirərlərsə, məhz bu ölkələrin verdikləri qərarlar dünyada qəbul edilmək məcburiyyəti yaradacaq. Bu, tarixən belə olub. Təkcə Osmanlı Türkiyəsi ilə Rusiya imperiyası dövründə hər iki dövlətin dünyada söz sahibi olmaları da belə deməyə əsas verir ki, artıq bu reallıq tarixi əsaslara söykənir. O cümlədən İsraillə də münasibətlərin yeni müstəvidə tənzimlənməsi də özündə bu xüsusiyyəti ehtiva etməkdədir”.
“Nə qədər acı olsa da, bir həqiqəti deməliyik ki, Türkiyənin yenidən beynəlxalq siyasət sükanını ələ keçirməsi növbəti terror hadisələrinin yaranmasına səbəb ola bilər. Əbəs yerə deyil ki, Rəcəb Tayyib Ərdoğan Atatürk hava limanında baş verən məlum olaydan sonra çağırdığı təcili iclasda belə bir fikir səsləndirib ki, Qərb bu oyuna qərarlı reaksiya göstərməlidir. Göründüyü kimi, o, burada Qərbə bir mesaj ünvanlamış olub. Bir xatırlatma etmək istərdim. Məlum olduğu kimi, Suriyadakı müharibənin nəticəsində qaçqın vəziyyətinə düşən 100 minlərlə insanın Türkiyədəki düşərgələrdə sığınacaq tapması, onların təmin edilməsi ilk əvvəllər bu ölkənin vəsaiti hesabına idi. Sonradan miqrant axınının sürətlə artması Türkiyənin Qərbə, xüsusilə Avropa təşkilatlarına tələblər irəli sürməsi ilə nəticələndi. Miqrantların saxlanılması üçün milyardlarla vəsaitə ehtiyacın olduğunu bəyan edən Türkiyə, təəssüf ki, Qərbin müsbət cavabını ala bilmədi. O vaxtlarda da istər PKK, istərsə də “İŞİD” terror qruplaşmaları tərəfindən bir sıra terror aktları intensivləşdirildi. Daha dəqiq desək, Qərb Türkiyənin qarşısında miqrantlarla bağlı öhdəliklərini tam olaraq yerinə yetirməmiş qaldı”, - deyə “SƏS” Media Qrupun rəhbəri bildirib.
B.Quliyev diqqətə çatdırıb ki, Türkiyənin İsrail və Rusiya ilə diplomatik münasibətlərinin bərpa olunması istiqamətində qətiyyətli addımlar atıldığı bir zamanda terror yenidən intensiv həddə yüksəldi: “Yəni bu, bir daha onu göstərir ki, hadisələr kənardan idarə olunur. Təəssüfedici hal isə budur ki, Türkiyəyə qarşı oynanılan belə çirkin siyasi oyunlarda qeydə alınan itkilər yalnız dövlətin güclənməsinə qarşı vurulan zərbələrdən ibarət deyil, eyni zamanda, sadə insanların, mülki şəxslərin də həyatlarını itirməsidir ki, Azərbaycan xalqı bu cür olayları qəti şəkildə lənətləyir”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 688 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31