Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın zəngin turizm potensialından xaricdə yaşayan azərbaycanlılar da bəhrələnə bilərlər

Azərbaycanın zəngin turizm potensialından xaricdə yaşayan azərbaycanlılar da bəhrələnə bilərlər

11.06.2016 [09:23]

Prezident İlham Əliyev: Hazırda Azərbaycana gələn turistlərin sayı getdikcə artır. Əlbəttə ki, biz onların arasında dünya azərbaycanlılarını da görmək istəyirik
Xəbər verildiyi kimi, ötən həftə Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayı böyük uğurla başa çatıb. Qurultayda dünyanın 49 ölkəsindən 500-dən çox diaspor nümayəndəsi iştirak edib. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibətilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksəkvəzifəli şəxsləri, parlament üzvləri də var idi. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işinə Azərbaycanın müxtəlif dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də qatılıb. Qurultayın açılış mərasimindəki nitqində Prezident İlham Əliyev xaricdə yaşayan azərbaycanlılara bir sıra çağırışlar edib. Dövlət başçısı bəhs olunan nitqində taleyin gərdişi ucbatından dünyanın müxtəlif ölkələrinə səpələnən azərbaycanlıların ildə heç olmasa bir dəfə ailələri ilə birlikdə doğma Vətənə gəlmələrinin vacibliyini də diqqətə çatdırıb. Prezident İlham Əliyev deyib: “... Biz çox istəyirik ki, xaricdə yaşayan hər bir azərbaycanlı heç olmasa ildə bir dəfə Azərbaycana gəlsin”.
Müstəqil Azərbaycan xaricdə yaşayan hər bir azərbaycanlının qürur mənbəyidir
Prezident İlham Əliyevin xaricdə yaşayan azərbaycanlıları ana Vətənlə əlaqə saxlamağa çağırması bir sıra nöqteyi-nəzərdən önəmlidir. Əvvəla, dünyanın ayrı-ayrı ölkələrində yaşayan həmvətənlərimizin ildə heç olmasa bir dəfə ailələri ilə birlikdə Azərbaycana üz tutmaları onların ana Vətənə bağlılıqlarının güclənməsinə, gənc nəslin vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərə bilər. Məlumdur ki, hazırda müstəqil Azərbaycan bütün sahələrdə özünün yeni intibah dövrünü yaşayır. Son illərdə dünyada Azərbaycan kimi dinamik inkişaf edən ölkə olmamışdır. Hazırda qlobal miqyasda ayrı-ayrı dövlətlər ciddi kataklizmlərlə üzləşiblər. Arası kəsilməyən müharibələr, terror aktları, ksenofobiya, milli, dini, irqi dözümsüzlüyün artması və bu qəbildən olan digər hadisələr Yaxın Şərqdə, Avropada insanların rahat həyatını pozub. Qlobal məkanda müşahidə edilən arzuolunmaz proseslərin fonunda Azərbaycan sabitlik, inkişaf və rifah adası kimi fərqlənir. Ölkəmiz dünyada yaşanan çətinliklərə baxmayaraq, inkişafa istiqamətlənib. Daim qarşılıqlı faydalı əməkdaşlıq platformalarından çıxış edən, bu istiqamətdə yeni-yeni təşəbbüslər irəli sürən Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. Ölkəmiz qısa müstəqillik tarixində 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının daimi üzvü seçilib.
Bundan başqa, ölkəmizə təşrif gətirəcək xaricdə yaşayan azərbaycanlıları doğma Vətəndə yüksək inkişafın şahidi olmaq kimi xoş anlar gözləyir. Son illərdə tikilən müasir memarlıq inciləri, genişmiqyaslı quruculuq-abadlıq işləri ölkəmizin paytaxtı Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Xəzərin sahilində qərar tutan paytaxtımız qədim və müasir tikililəri ilə qonaqlara gəl-gəl deyir. Əlamətdar haldır ki, bu gün Azərbaycanın dinamik inkişafı yalnız paytaxtla məhdudlaşmır. Yüksək inkişaf, quruculuq bütün ölkəni əhatə edib. Bunun nəticəsidir ki, hazırda Bakı və digər iri şəhərlərlə bölgələr arasında fərq minimuma enib. Bütün bunlar istər doğma Vətəndə, istərsə də onun hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı üçün, sözün əsl mənasında, qürur mənbəyidir. Müstəqil Azərbaycana gəlib onun müasir simasını görən həmvətənlərimiz, əlbəttə ki, bundan böyük sevinc hissi yaşayacaqlar. Burada gördükləri ürəyi Vətən eşqi ilə döyünən həmvətənlərimizin qəlbini cuşa gətirəcək, onları Azərbaycan naminə faydalı işlər görməyə sövq edəcək. Prezident İlham Əliyevin vurğuladığı kimi, bütün azərbaycanlılar, onların böyük əksəriyyəti vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Onlar istəyirlər ki, Azərbaycan dövləti daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin.
Azərbaycan, eyni zamanda, geniş turizm potensialına malik olan ölkədir
Dünyanın ayrı-ayrı ölkələrinin iqtisadiyyatında mühüm yer tutan turizmin Azərbaycanda da geniş inkişaf perspektivləri var. Azərbaycanın dövlət başçısı İlham Əliyev ölkədə turizmin inkişafını qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edib və bu istiqamətdə atılan addımlar artıq öz bəhrəsini verir. Prezident İlham Əliyev Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışındakı çıxışında hər bir ölkə, o cümlədən də gözəl təbiətə malik Azərbaycan üçün turizm sektorunun inkişafının mühüm əhəmiyyət daşıdığına diqqət çəkərək deyib: “Hər bir ölkə, xüsusilə Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir. Çünki bu, daimi gəlir mənbəyidir. Təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur”.
Son illər ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, möhkəm daxili sabitlik respublikamıza turist axınını şərtləndirən əsas amillərdəndir. Azərbaycanın coğrafi baxımdan əlverişli məkanda yerləşməsi, flora və fauna növlərinin müxtəlifliyi, Xəzər dənizi, infrastruktur təminatının yaxşılaşdırılması ölkəmizin turizm imkanlarını daha da artırır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi bu sahənin daha da inkişaf etdirilməsinə güclü təkan verib. Əlamətdar haldır ki, ölkəmizin regionlarında turizmin müxtəlif növlərini, o cümlədən biznes, istirahət, sağlamlıq, idman turizmlərini inkişaf etdirmək üçün hər cür imkan vardır. Elə respublikamızda turizmin perspektiv inkişaf strategiyasında da ölkənin bütün regionlarının bu sahədəki potensialından səmərəli şəkildə istifadə etmək nəzərdə tutulub.
Eyni zamanda, Azərbaycanda turizmin inkişafına dövlət səviyyəsində güclü siyasi iradə nümayiş etdirilir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində respublikamızda turizmin inkişafına dövlət səviyyəsində güclü siyasi iradə nümayiş etdirildiyinə diqqət çəkərək bildirib: “Bütün süni əngəllər aradan götürülür. Vizalarla bağlı mövcud olan problemlər aradan götürülür ki, Bakıya, Azərbaycana səyahət etmək istəyən xarici qonaq vaxt itirmədən bilet alıb, müvafiq prosedurlardan keçib gələ bilsin, istirahət edə bilsin”.
Qısa müstəqillik tarixində Azərbaycan dövləti ölkəmizdə turizmin inkişafına nail olmaq üçün bir sıra təşkilati tədbirlər həyata keçirib, həmçinin respublikamızda turizmin inkişafını stimullaşdıran qanunvericilik bazası yaradılıb. Belə ki, Milli Məclis 1999-cu ildə “Turizm haqqında” ayrıca qanun qəbul edib. Ölkə Prezidentinin 2002-ci il 27 avqust tarixli müvafiq Sərəncamı ilə respublikamızda 2002-2005-ci illərdə turizmin inkişafına dair ayrıca Dövlət Proqramı təsdiq olunub. “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” respublikamızda istifadəsiz qalan turizm-kurort obyektlərinin bərpasına və yenilərinin yaradılmasına təkan verib. Azərbaycanda turizmin inkişafı ilə bağlı 2010-2014-cü illəri əhatə edən Dövlət Proqramının uğurla icra olunması nəticəsində respublikamızda turizm sənayesi yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” 2012-ci il 30 noyabr tarixli Sərəncamı respublikamıza turistlərin gəlib-getmələrini asanlaşdırmaqla ölkəmizin turist cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb. Belə ki, bu sənədə əsasən onlayn viza sisteminin tətbiqi ilə Azərbaycana gəlmək istəyən əcnəbilər vizaları elektron qaydada əldə edə bilirlər. Bu sistem sənədləşmənin daha asan aparılmasına və vaxta qənaət edilməsinə şərait yaradır.
Qısa müddətdə respublikanın bütün turist marşrutları üzrə mükəmməl infrastruktur şəbəkəsi yaradılıb
Son illərdə Azərbaycanda müxtəlif turist marşrutları üzərində beynəlxalq səviyyəli turizm mərkəzlərinin yaradılması ölkəmizin turizm reytinqinin yüksəlməsində mühüm rol oynayıb. “Şahdağ” qış-yay turizm kompleksi məhz belə yüksək səviyyəli turizm obyektlərindən biridir. “Şahdağ” qış-yay turizm kompleksi dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənir. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin tikintisinin hazırlıq işlərinə 2006-cı ildən başlanılıb. Həmin il keçirilən tenderdə dünyanın aparıcı şirkətləri qalib gəlib. Bu kompleksin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. O vaxtdan görülən işlər nəticəsində “Şahdağ” qış-yay turizm kompleksinə çəkilən avtomobil yolu genişləndirilib, körpülər tikilib, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilib. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksinin ərazisi 2058 hektardır. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” qış-yay turizm kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək iqtidarındadır. Prezident İlham Əliyev “Şahdağ” qış-yay turizm kompleksində “Park Chalet” otelinin açılış mərasimindəki çıxışında Azərbaycanın turizm sahəsində dövlət siyasətinin prioritetlərini bir daha nəzərə çatdırıb: “Azərbaycanda turizm yerlərinin yaradılması bu istiqamətdə inkişaf edir: dövlət infrastruktur yaradır, yollar çəkir, bütün kommunikasiyalar təmin edilir, özəl sektor isə, öz növbəsində, investisiyaları təşkil edir”.
Başqa bir beynəlxalq səviyyəli turizm mərkəzi - “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi Azərbaycanın dilbər guşələrindən olan Qəbələ rayonunda yaradılır. Bu iri kompleksin inşası göstərir ki, Azərbaycanda turizmin inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir. Layihə çərçivəsində indiyədək “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksində nəhəng infrastruktur yaradılmış, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülmüşdür. Ərazidə insanların rahat istirahəti üçün hər cür şəraitə malik infrastrukturun, o cümlədən mehmanxana, ofislər, uşaqlar üçün istirahət guşəsi və digər müvafiq obyektlərin yaradılması istiqamətində işlər davam etdirilir. Xizək kompleksinə yaxın ərazidə “Qolf resort” idman və istirahət mərkəzinin tikintisi də nəzərdə tutulub. Kompleksin birinci mərhələsinin açılışı 2014-cü ilin yanvarında dövlət başçısının iştirakı ilə reallaşdırılıb. Kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xətti tam inşa olunub, on xizək yolundan beşində inşaat işləri başa çatdırılıb. Digər işlər isə mərhələli şəkildə həyata keçirilir.
Ölkəmizdə müxtəlif turist marşrutları üzrə geniş infrastruktur qurulmasından söhbət açarkən dünya miqyasında məşhur brend otellərin tikintisini də ayrıca vurğulamaq gərəkdir. Ölkəmizdə mehmanxana və mehmanxana tipli obyektlərin sayı 2003-cü illə müqayisədə 5,4 dəfə artaraq 516-ya çatıb ki, onların da böyük əksəriyyəti regionlarda yerləşir. Prezident İlham Əliyev Şamaxı rayonunda istifadəyə verilən “Şamaxi Palace Platinum By Rixos” otelinin açılışındakı çıxışında bundan məmnunluğunu ifadə edərək deyib: “Bakıda son 2-3 il ərzində bir neçə beşulduzlu otel açılmışdır. Bu otellər dünyanın ən yüksək otel şəbəkələrinin otelləridir. “Four Seasons”, “Fairmont”, “Marriott”, “Hilton”, “Kempinski” “Jumeirah”, “Sheraton”, “Hyatt”, yəni dünyanın səkkiz aparıcı otel brendi bir şəhərdədir, özü də Bakı şəhərində. Yəni biz bunu ancaq dünyanın ən inkişaf etmiş şəhərlərində görə bilərik”.
Ölkəmizin turizm sahəsində beynəlxalq əlaqələri genişlənir
Hazırda Azərbaycan turizm sektorunun inkişafına görə 140 ölkə arasında 36-cı yerdə qərar tutur. Ölkəmizdə 250-dən çox turizm şirkəti və 570-dən çox yerləşdirmə obyektləri fəaliyyət göstərir.
Ölkəmizdə həyata keçirilən uğurlu turizm siyasətinin nəticəsidir ki, dünya miqyasında Azərbaycanın turizm reytinqi əhəmiyyətli dərəcədə yüksəlib və respublikamız BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) 2013-cü il 24-29 avqust tarixində keçirilən XX Baş Assambleyasında qurumun İcraiyyə Şurasına üzv qəbul olunub. Hazırda Azərbaycan turizm sahəsində geniş beynəlxalq əlaqələr qurub. Belə ki, respublikamızla turizm sahəsində inkişaf etmiş 21 ölkə arasında “Turizm sahəsində əməkdaşlıq haqqında” hökumətlərarası saziş imzalanıb, 29 ölkə ilə isə saziş layihəsi hazırlanıb. Artıq ölkəmizin çoxlu sayda turizm müəssisəsi Dünya Turizm Təşkilatının assosiativ üzvləri sırasına daxil olub.
Yüksək dövlət qayğısı sayəsində Azərbaycanda turizmin qeyri-neft sektorunun mühüm istiqamətlərindən biri kimi sürətlə inkişaf etməsini 2002-ci ildən bəri respublikamızda təşkil olunan Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” sərgisinə marağın ildən-ilə artması da təsdiqləyir. Cari ilin aprelində 15-ci yubiley Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (AITF-2016) sərgisi böyük uğurla keçib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilən “AITF” sərgisi həmçinin bu tədbirdə daim iştirak edən Azərbaycan Turizm Assosiasiyası (“AZTA”) tərəfindən dəstəklənir.
Xaricdə yaşayan hər bir azərbaycanlı ailəsi ildə bir dəfə ana Vətənə gəlsə, çox yaxşı olar
Yuxarıda deyilənlər Azərbaycanın hərtərəfli turizm potensialı barədə konkret təsəvvür yaradır. Geniş turizm potensialı, öz növbəsində, respublikamıza yaxın, uzaq ölkələrdən turist axınının ilbəil artmasına zəmin yaradır. Statistik göstəricilər ölkəmizə gələn turistlərin sayının getdikcə artdığını təsdiqləyir. Belə ki, son bir neçə ildə dünyada və Avropa ölkələrində turistlərin gəlməsində cəmi 5 faiz artım müşahidə edilmişdirsə, Azərbaycana turist axınının artım dinamikası 10 faiz səviyyəsində olub.
Xaricdə yaşayan azərbaycanlılar da ölkəmizin turizm potensialından geniş bəhrələnə bilərlər. Dünya Azərbaycanlılarının IV Qurultayında bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “...Hazırda Azərbaycana gələn turistlərin sayı getdikcə artır. Əlbəttə ki, biz onların arasında dünya azərbaycanlılarını da görmək istəyirik. Əgər xaricdə yaşayan hər bir azərbaycanlı ailəsi, hesab edirəm ki, ildə ən azı bir dəfə Azərbaycana gəlsə, bu, çox yaxşı olar”.
Hazırda dünya miqyasında iqtisadiyyatı turizmlə bu və ya digər dərəcədə bağlı olan ölkələr arasında ciddi rəqabət getdiyi heç kəsə sirr deyil. Azərbaycan da bu rəqabətdə öz yerini tutmalıdır. Ölkəmizin əlverişli coğrafi mövqeyi, təbii üstünlükləri heç bir halda arxayınçılıq üçün əsas verməməlidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində respublikamızda turizmin inkişafında diqqətəlayiq uğurların qazanılmasından məmnunluğunu ifadə etməklə yanaşı, ölkəyə çoxlu sayda turistin gəlməsinə nail olmaq üçün daha fəal işləmək lazım gəldiyini vurğulayıb. Prezident İlham Əliyev həmçinin turistləri maraqlandıran ənənəvi sənət növlərinin inkişaf etdirilməsinin zəruriliyinə diqqət çəkib: “Azərbaycanın turistləri maraqlandıran ənənəvi sənət növləri də inkişaf etməlidir, o cümlədən xalçaçılıq. Bu, bizim böyük milli sərvətimizdir”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 764 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31