Azərbaycan sərmayə qoyuluşu üçün dünya miqyasında ən cəlbedici ölkələrdən biridir
08.06.2016 [10:01]
Prezident İlham Əliyev: Sərmayələr Azərbaycan dövləti, o cümlədən qəbul edilmiş qanunlar tərəfindən layiqincə qorunur
Təməli xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin ardıcıllıqla davam etdirdiyi xarici ölkələrdə diaspor quruculuğu siyasəti uğurlu nəticələri ilə diqqəti cəlb edir. Azərbaycanlılar yaşadıqları ölkələrin cəmiyyətlərinə sıx inteqrasiya etməklə yanaşı, ana Vətən, doğma Azərbaycan ideyasına da möhkəm bağlılıq nümayiş etdirirlər. Hazırda xaricdə 462 diaspor təşkilatında birləşən azərbaycanlılar müstəqil respublikamızla bağlı həqiqətlərin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması, mədəniyyətimizin, musiqimizin layiqincə təbliği məqsədilə koordinasiya olunmuş şəkildə fəaliyyət göstərərək müxtəlif tədbirlər həyata keçirirlər. Prezident İlham Əliyevin bu günlərdə Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimindəki nitqində vurğuladığı kimi, bütün azərbaycanlılar, onların böyük əksəriyyəti vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Onlar istəyirlər ki, Azərbaycan dövləti daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin.
Xaricdə yaşayan azərbaycanlılar doğma Vətənə böyük həcmlərdə investisiyalar yönəltmək imkanına malikdirlər
Əlamətdar haldır ki, xaricdə yaşayan azərbaycanlılar, eyni zamanda, müxtəlif ölkələrdə güclü biznes şəbəkələrinə malikdirlər. Onlar öz qabiliyyətləri sayəsində ayrı-ayrı ölkələrdə iqtisadiyyatın müxtəlif sahələrində hərtərəfli maliyyə təminatına malik şirkətlər qurublar. Həmin şirkətlər tikinti, daşıma, loqistika, istehsal, konsaltinq xidmətləri və digər istiqamətlərdə uğurla fəaliyyət göstərirlər. Azərbaycanlılar maliyyə imkanlarından istifadə edərək həmçinin doğma Vətənə də investisiyalar yönəldə bilərlər. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin xaricdə yaşayan azərbaycanlılara ünvanladığı mesajlardan biri də onların Azərbaycana investisiyalar yönəltmələri ilə bağlıdır. Azərbaycanlıların xaricdə güclü biznes imkanlarına malik olmalarını özlüyündə müsbət hal kimi dəyərləndirən Prezident İlham Əliyev onları paralel şəkildə ölkəmizə də sərmayələr yönəltməyə səsləyib: “Azərbaycanlılar müxtəlif ölkələrdə böyük biznes imkanlarına malikdirlər. Mən bunu alqışlayıram, bu, çox müsbət haldır. Bu, xalqımızın iqtisadi imkanlarını genişləndirir. Eyni zamanda, xaricdə yaşayan iş adamları Azərbaycandakı qohumlarına da kömək göstərirlər. Bu da burada yaşayanlar üçün çox önəmlidir. Əlbəttə, mən çox istərdim ki, xaricdə yaşayan azərbaycanlı iş adamları Azərbaycana sərmayə qoysunlar”.
İqtisadiyyatın genişlənməsi Azərbaycanın investisiya cəlbediciliyini artırır
Prezident İlham Əliyevin xaricdə yaşayan azərbaycanlılara öz investisiyalarını ölkəmizə yönəltmələri ilə bağlı çağırış etməsi real zəminə söykənir. Hazırda Azərbaycanı beynəlxalq miqyasda nüfuzlu aktora çevirən, ölkəmizin qlobal məkanda gedən proseslərə təsir imkanlarını artıran amillər sırasında, heç şübhəsiz ki, respublika iqtisadiyyatının güclənməsi faktoru mühüm yer tutur. İqtisadi müstəqilliyin təmin olunması beynəlxalq miqyasda ölkəmizə böyük nüfuz və etimad qazandırıb. Bütövlükdə, beynəlxalq iqtisadi-maliyyə böhranının başlandığı 2008-ci ildən bəri milli iqtisadiyyatımız təxminən 27 faiz, o cümlədən qeyri-neft sektoru 55 faiz genişlənib. 2004-cü ildən bu günə qədər respublikamızda ümumi daxili məhsul istehsalı 3 dəfədən çox artıb. Dinamik iqtisadi inkişaf nəticəsində Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, indi bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Hazırda Cənubi Qafqaz iqtisadiyyatının təxminən 75 faizi Azərbaycanın payına düşür ki, bu da respublikamıza əlavə dividendlər gətirir. Artıq hamı tərəfindən etiraf olunur ki, regionda ölkəmizin iştirakı olmadan hər hansı layihənin reallaşdırılmasından söhbət belə gedə bilməz.
Azərbaycanın iqtisadi potensialının artması beynəlxalq səviyyəli reytinq agentliklərinin hesabatlarında da qeyd olunur. Nüfuzlu Davos İqtisadi Forumunun ötən ilin ikinci yarısında yaydığı hesabatda Azərbaycan rəqabətqabiliyyətli iqtisadiyyat indeksində 40-cı yerdə qərarlaşıb. Bu, o deməkdir ki, respublikamız dünya üzrə ən güclü iqtisadiyata malik 40 ölkə sırasında yer alır və MDB məkanında öz liderlik mövqeyini qoruyub saxlayır.
Öz növbəsində, Azərbaycan dövləti ölkədə iqtisadi fəallığın artmasına yüksək siyasi iradə nümayiş etdirir. Xarici mənfi təsirlər nəticəsində yaranmış şəraitdə ölkəmizin mənzərəsi yeni nəsil iqtisadi islahatların həyata keçirilməsi ilə səciyyələnir. Ölkəmizin reallıqları nəzərə alınmaqla aparılan islahatlar onu deməyə əsas verir ki, başlanan yeni iqtisadi kurs neft gəlirlərinin azaldığı şəraitdə də Azərbaycanın dinamik inkişafını təmin edəcək.
İqtisadi potensialın ilbəil artması və yeni şəraitdə də ölkəmizin inkişafa istiqamətlənməsi, öz növbəsində, respublikamızın investisiya cəlbediciliyinə müsbət təsir göstərir. Ötən 13 il ərzində ölkə iqtisadiyyatına müxtəlif mənbələrdən təxminən 200 milyard dollardan çox investisiya qoyulub. Qlobal miqyasda ciddi maliyyə və likvidlik problemi yaşandığı 2015-ci ildə respublikamıza yönəldilən investisiyaların həcmi 20 milyard dollara çatıb. Prezident İlham Əliyev Azərbaycanın investisiya qoyuluşu üçün dünyanın ən cəlbedici ölkələri sırasında yer aldığına diqqət çəkərək deyib: “Azərbaycanda sərmayə iqlimi yaxşıdır, biznes mühiti gündən-günə yaxşılaşır. Xüsusilə bu ilin əvvəlindən imzaladığım sərəncamlar, fərmanlar nəticəsində bu istiqamətdə çox ciddi dönüş yaranmışdır. Bütün bürokratik əngəllər aradan götürülür, şəffaflıq tam təmin edilir. Bütün bunların nəticələrini biz gündəlik həyatda görürük. Biz bunu mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında və bəyanatlarında görürük. Ona görə sərmayə qoyuluşu üçün Azərbaycan dünya miqyasında ən cəlbedici ölkələrdən biridir”.
Ölkədəki sabitlik biznes imkanları üçün gözəl şərait yaradır
Bu gün qlobal miqyasda sabitlik və təhlükəsizlik ən arzuolunan amilə çevrilib. Təəssüf doğuran haldır ki, Yaxın Şərqdə müharibələr səngimək bilmir, bir sıra Avropa ölkələrində törədilən terror aktları nəticəsində çoxlu sayda dinc insan həlak olub. Dünyada həmçinin yeni təhdidlər baş qaldırmaqdadır.
Dünyadakı mənzərə ilə müqayisədə Azərbaycan sabitlik və inkişaf adası kimi fərqlənir. Xalqımızın Ümummilli lideri Heydər Əliyev Azərbaycanda möhkəm daxili sabitliyin əsasını qoyub. Sonrakı mərhələdə isə Prezident İlham Əliyev dövlət siyasətində varisliyi yüksək səviyyədə təmin edərək ölkədə ictimai-siyasi sabitliyi daha da möhkəmlətməyə nail olub. O, dövlət siyasətinin konturlarını müəyyənləşdirərkən, bir qayda olaraq, cəmiyyətdən gələn sosial sifarişləri əsas götürür. Eyni zamanda, dövlət başçısının Azərbaycanın milli maraqlarının keşiyində qətiyyətlə dayanması, müstəqil, heç kəsdən asılı olmayan siyasət həyata keçirməsi xalq tərəfindən yüksək səviyyədə dəstəklənir.
Beləliklə, bu gün Azərbaycanda mövcud olan vətəndaş həmrəyliyi, iqtidar-xalq birliyi bütün dünya ölkələri üçün nümunə sayıla bilər. Ölkəmizdəki möhkəm daxili sabitlik, eyni zamanda, xarici investorlarda Azərbaycana böyük maraq oyadır. Onlar əmindirlər ki, möhkəm daxili sabitliyə malik Azərbaycana yönəltdikləri sərmayələrə heç bir təhlükə olmayacaq. Prezident İlham Əliyev Azərbaycanı fərqləndirən bu cəhətə diqqət çəkərək vurğulayıb: “Bu gün sərmayə qoyuluşu problemləri həmçinin bazarlarla bağlıdır. Çünki dünyada, yaşadığımız bölgədə, Yaxın Şərqdə, Avropada vəziyyət gərginləşir. Yeni qarşıdurma, münaqişə ocaqları yaranır, sabitlik pozulur. Sabitlik olmayan yerdə investisiya da olmayacaqdır. Azərbaycanda sabitlik var. Bu sabitliyin təminatçısı, qarantı Azərbaycan xalqıdır. Bu, gözəl biznes imkanları üçün də gözəl şərait yaradır”.
Azərbaycana yönəldilən sərmayələrın strukturunda xarici investisiyaların çəkisinin ilbəil artması ölkəmizə inamın təzahürüdür. Son 13 ildə ölkəmizə yönəldilən 200 milyard dollar həcmində investisiyaların təxminən yarısı xarici sərmayələrdir.
Xarici sərmayələrin cəlb edilməsi Azərbaycanın iqtisadi inkişafında mühüm amilə çevrilib. Ötən yüzilliyin sonlarında Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının işlənməsinə xarici sərmayələrin cəlb olunması ilə milli iqtisadiyyatımızın yeni inkişaf mərhələsinə start verilib. Ötən dövrdə Xəzərdə uğurlu beynəlxalq əməkdaşlıq Azərbaycana böyük dividendlər gətirib.
Əlamətdar haldır ki, bu gün iqtisadiyyatımızın müxtəlif sahələrinə investisiyalar yatıran xarici ölkələr arasında yüksək inkişaf səviyyəsinə çatmış Avropa İttifaqı ölkələri üstünlük təşkil edir. Son 13 ildə Azərbaycanda əsas kapitala yönəlmiş xarici investisiyaların 51 faizi, qeyri-neft sektoruna qoyulmuş xarici investisiyaların isə 36 faizi məhz Avropa İttifaqı ölkələrinin payına düşür.
Bu sırada Almaniya, Böyük Britaniya, Fransa, İtaliya kimi ölkələrin adını çəkmək mümkündür. Azərbaycanda müxtəlif Avropa ölkələrinə məxsus 1000-dən çox şirkət qeydiyyatdan keçib. Bu şirkətlər sənaye, ticarət, kənd təsərrüfatı, nəqliyyat, bank işi və digər sahələrdə uğurla fəaliyyət göstərirlər. Qeyd edək ki, Azərbaycanla Avropa İttifaqının 20 ölkəsi arasında ikiqat vergitutmanın aradan qaldırılması, 17 ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb, 10-dan çox ölkə ilə isə hökumətlərarası komissiya yaradılıb.
Azərbaycanın əsas prioriteti xarici sərmayələri qeyri-neft sektoruna cəlb etməkdən ibarətdir
Ölkəmizin dünyada yaşanan qlobal çətinliklərin fonunda öz təhlükəsizliyini təmin etmək üçün, ilk növbədə, daxili resurslara istinad edərək müəyyənləşdirdiyi iqtisadi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması ilə bağlıdır. Ölkəmiz elə bir inkişaf modeli seçib ki, burada neft amili əsas rol oynamasın. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq respublikamızda davamlı şəkildə həyata keçirilən islahatlar, qarşıya qoyulan hədəflər iqtisadiyyatın diversifikasiya edilməsinə və ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna keçməsinə yönəldilib. Məhz belə məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb.
Azərbaycanda neftdənkənar iqtisadiyyatın üstün inkişafı uğurlu sənayeləşmə siyasətində daha qabarıq şəkildə özünü büruzə verir. Son 13 ildə müstəqil Azərbaycanın dinamik sosial-iqtisadi inkişafını şərtləndirən ən mühüm cəhətlərdən biri məhz ölkənin müasirləşdirilməsi və bu strateji kursa uyğun olaraq modern, dünya trendlərinə cavab verən sənaye quruculuğu siyasətinin aparılması ilə bağlıdır. Davamlı dövlət dəstəyinin sayəsində respublikamız sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olub. Ümumiyyətlə, son 13 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Bu illərdə Azərbaycan təbii qaz və elektrik enerjisi idxalçısından ixracatçıya çevrilib, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş statusu qazanıb.
Azərbaycan iqtisadiyyatının genişlənməsində regional inkişafın yüksək səviyyədə təmin olunması mühüm rol oynayır. Son 13 ildə tarixi əhəmiyyət daşıyan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılması Azərbaycanın bölgələrinin simasını dəyişib, regionları da iqtisadi güc amilinə çevirib. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 70 mindən çox müəssisə fəaliyyətə başlayıb və çoxlu sayda iş yerləri yaradılıb. Ölkəmizdə əlverişli coğrafi-iqlim xüsusiyyətləri, regionlarda yaradılan müasir infrastruktur respublikamızda aqrar sektorun qarşısında böyük inkişaf perspektivləri açır. Aqrar sektorun intensiv metodlarla inkişaf etdirilməsi həm iqtisadi, həm də sosial baxımdan böyük önəm daşıyır. Belə ki, bu sahədə istehsalı genişləndirməklə, bir tərəfdən, ərzaq məhsullarına olan daxili istehlakı tam təmin etmək, digər tərəfdən isə, ölkənin ixrac imkanlarını genişləndirmək mümkündür.
Son illərdə Azərbaycan iqtisadiyyatının genişlənməsində özəl bölmənin rolunu da xüsusi vurğulamaq lazımdır. Respublikamızda sahibkarlara qayğı dövlət siyasətinin mühüm bir istiqamətini təşkil edir. Biznes mühitinin yaxşılaşdırılması, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sağlam rəqabətin təmin edilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, sahibkarların maarifləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi və digər tədbirlər nəticəsində son 13 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artıb. 2015-ci ildə ÜDM-in həcmində özəl sektorun payı 81,2 faiz təşkil edib. Sənayedə qeyri-dövlət sektorunun payı 76,4 faizə yüksəlib. Artıq Azərbaycanda sahibkarlıq subyektlərinin sayı 677 231 vahidə çatıb.
Deyilənlərdən də göründüyü kimi, ölkəmizin qeyri-neft sektorunda da böyük investisiya cəlbediciliyi var. Buna görə də perspektivdə xarici sərmayələrin neftdənkənar iqtisadiyyata istiqamətləndirilməsi hədəflənib. Prezident İlham Əliyev xaricdə yaşayan azərbaycanlıların diqqətini ölkəmizdə real sektorda prioritet hesab edilən istiqamətlərə çəkərək onları müxtəlif sahələrə sərmayələr yönəltməyə çağırıb: “... Xüsusilə böyük maliyyə imkanlarına malik olan azərbaycanlı iş adamlarına müraciət etmək istəyirəm: Azərbaycana sərmayə qoyun. Müxtəlif sahələrə, xüsusilə iqtisadiyyatın real sektoruna, kənd təsərrüfatı, sənaye, turizm, yüksək texnologiyalar sektorlarına. Bütün bu sektorlar sürətlə inkişaf edir və bu sektorlara qoyulan sərmayə batmır. Biz bunu iqtisadi göstəricilərdə görürük. Sərmayələr Azərbaycan dövləti, o cümlədən qəbul edilmiş qanunlar tərəfindən layiqincə qorunur”.
Xaricdə yaşayan azərbaycanlılar ölkəmizin turizm potensialından da bəhrələnə bilərlər
Dünyanın bir sıra ölkələrinin iqtisadiyyatında mühüm yer tutan turizmin Azərbaycanda da geniş inkişaf perspektivləri var. Son illər ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, möhkəm daxili sabitlik respublikamızda turizmin inkişafını şərtləndirən mühüm amillər sırasında yer alır. Azərbaycanın coğrafi baxımdan əlverişli məkanda yerləşməsi, flora və fauna növlərinin müxtəlifliyi, Xəzər dənizi, infrastruktur təminatının yaxşılaşdırılması, müasir turistyerləşdirmə obyektlərinin istifadəyə verilməsi ölkəmizin turizm imkanlarını daha da artırır. Statistik göstəricilər respublikamızın turist cəlbediciliyinin ilbəil artdığını təsdiqləyir. Belə ki, son bir neçə ildə dünyada və Avropa ölkələrində turistlərin gəlməsində cəmi 5 faiz artım müşahidə edilmişdirsə, Azərbaycana turist axınının artım dinamikası 10 faiz səviyyəsində olub. Deyilənlərdən də göründüyü kimi, beynəlxalq miqyasda Azərbaycanın turizm reytinqi getdikcə artır. Ölkəmizin turizm imkanları isə daha genişdir.
Xaricdə yaşayan azərbaycanlılar da ölkəmizin turizm potensialından geniş bəhrələnə bilərlər. Onlar ildə heç olmasa bir dəfə ailələri ilə bərabər Azərbaycana gəlməklə doğma Vətənlə əlaqələrini möhkəmlədə bilərlər. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “... Hazırda Azərbaycana gələn turistlərin sayı getdikcə artır. Əlbəttə ki, biz onların arasında dünya azərbaycanlılarını da görmək istəyirik. Əgər xaricdə yaşayan hər bir azərbaycanlı ailəsi, hesab edirəm ki, ildə ən azı bir dəfə Azərbaycana gəlsə, bu, çox yaxşı olar”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

