Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda sosial məsələlər uğurla həll olunur

Azərbaycanda sosial məsələlər uğurla həll olunur

08.01.2016 [09:58]

Prezident İlham Əliyev: Baxmayaraq ki, gəlirlərimiz kəskin şəkildə azalmışdır, bir dənə də olsun sosial proqram təxirə salınmadı. Bütün sosial layihələrimiz icra edilmişdir
Müstəqil Azərbaycanın mənzərəsini səciyyələndirən mühüm cəhətlərdən biri ondan ibarətdir ki, ölkədə məqsədyönlü şəkildə həyata keçirilən siyasətin əsas qayəsini sosial məsələlərin daim prioritet tutulması, insanların rifah halının, yaşayış şəraitinin yaxşılaşdırılması təşkil edir. Bu sahədə dövlət siyasəti ona istiqamətləndirilib ki, respublikamızda sosial sfera dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmamalıdır. Qarşıya qoyulan strateji hədəfə çatmaq üçün ölkəmizdə ardıcıl surətdə geniş məzmunlu sosial proqramlar reallaşdırılır, vətəndaş məmnunluğunun təmin olunmasına yönələn islahatlar həyata keçirilir, sosial sfera ilə bu və ya digər şəkildə bağlı olan sahələrin maliyyə təminatı gücləndirilir. Bu baxımdan artıq tarixə dönən 2015-ci il də istisna təşkil etməyib. Qlobal miqyasda yaşanan çətinliklərə baxmayaraq, Azərbaycan dövləti Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq sosial sahədə nəinki hər hansı bir layihəni ixtisara salmayıb, əksinə bu sahədə yeni təşəbbüslərlə çıxış edib. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində məlum çətinliklərə baxmayaraq, sosial məsələlərin uğurla həllini tapmasını ölkəmizdə həyata keçirilən siyasətin mahiyyəti kimi səciyyələndirib: “Azərbaycanda sosial məsələlər öz həllini tapır. Baxmayaraq ki, gəlirlərimiz kəskin şəkildə azalmışdır, bir dənə də olsun sosial proqram təxirə salınmadı. Bütün sosial layihələrimiz icra edilmişdir. Bu da siyasətimizin mahiyyətini, yəni mənasını göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
İqtisadi potensialın artması Azərbaycanda sosial siyasətin davamlılığını təmin edir
Əlbəttə, insanların mənafeyinə yönələn genişməzmunlu sosial siyasət həyata keçirmək üçün, ilk növbədə, iqtisadi əsaslar və maliyyə imkanları olmalıdır. Azərbaycanda da sosial siyasətin davamlılığının təmin olunması məhz ölkənin iqtisadi potensialının ilbəil artması ilə şərtlənir. Qlobal miqyasda müşahidə edilən arzuolunmaz tendensiyalara baxmayaraq, hazırda Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün dinamik iqtisadi inkişaf dövrünü yaşayır. Hər bir ölkənin ümumi inkişafını şərtləndirən amillər sırasında iqtisadiyyatın güclənməsi, o cümlədən də ümumi daxili məhsul istehsalının artması mühüm faktor qismində çıxış edir. Bu mənada kifayət qədər ciddi qlobal risklərlə müşayiət olunan illərdə ölkəmizdə iqtisadiyyatın davamlı olaraq genişlənməsi və ÜDM istehsalında artıma nail olunması böyük nikbinlik doğurur. Son 12 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstərici məhz Azərbaycanda qeydə alınıb. Belə ki, 2004-cü ildən bu günə qədər respublikamızda ümumi daxili məhsul istehsalı 3 dəfədən çox artıb. Bütövlükdə, beynəlxalq iqtisadi-maliyyə böhranının başlandığı 2008-ci ildən bəri milli iqtisadiyyatımız təxminən 27 faiz, o cümlədən qeyri-neft sektoru 55 faiz artıb.
Son illərdə Azərbaycanın dinamik inkişafa nail olması beynəlxalq reytinq agentliklərinin də diqqətindən kənarda qalmayıb. Dünya İqtisadi Forumu 2015-ci ildə yaydığı hesabatında respublikamızı iqtisadi rəqabətlilik qabiliyyətinə görə dünya ölkələri arasında 40-cı yerdə qərarlaşdırıb. Beynəlxalq Valyuta Fondu isə 2015-ci ildə ölkəmiz üçün 4 faizlik iqtisadi artım proqnozlaşdırıb.
Azərbaycanda ardıcıl olaraq həyata keçirilən sosial məzmunlu siyasət də məhz ölkənin iqtisadi potensialının genişlənməsinə əsaslanır.
İldən-ilə güclənən iqtisadiyyat respublikamızda sosial sahəyə daha böyük diqqət göstərilməsinə və bu istiqamətdə ardıcıl layihələr reallaşdırılmasına geniş imkanlar açır. Prezident İlham Əliyev ölkəmizdə güclü dövlət, güclü iqtisadiyyat quruculuğu strategiyası ilə sosial siyasətin vəhdətdə həyata keçirildiyinə diqqət çəkərək bildirib: “Biz güclü dövlət qururuq, güclü iqtisadiyyat qururuq, eyni zamanda, insanların rifahı bizim üçün həmişə prioritet məsələ olubdur və olacaqdır”.
Güclü sosial infrastrukturun yaradılması respublikada həyata keçirilən sosial siyasətin mühüm göstəricisidir
Son illərdə Azərbaycanda ardıcıllıqla həyata keçirilən çoxşaxəli sosial siyasət həmçinin sosial təyinatlı infrastruktur layihələrinin reallaşdırılmasında öz əksini tapır. Ölkənin inkişafından, paytaxtda və bölgələrdə aparılan quruculuq-abadlıq işlərindən söhbət açarkən məktəblərin, səhiyyə ocaqlarının, gənclər mərkəzlərinin və bu qəbildən olan sosial təyinatlı obyektlərin inşasını və yaxud yenidən qurulmasını xüsusi vurğulamaq gərəkdir. Dövlət əhalinin həyat təminatı ilə bağlı sahələrdə bu və ya digər layihələrin həyata keçirilməsinə böyükhəcmli sərmayələr yönəldir. 2003-cü ildən bəri respublikanın müxtəlif bölgələrində 3 mindən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində ölkəmizdə təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb. Dövlət başçısının ölkənin təhsil müəssisələrinin infrastrukturunun yeniləşdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr həmçinin qəzalı vəziyyətdə olan məktəbləri əhatə edir. Son 12 ildə respublikanın regionlarında çoxlu sayda qəzalı vəziyyətdə olan məktəb binaları ya əsaslı təmir edilərək normal vəziyyətə gətirilib, ya da onların yerində təzə məktəb binaları tikilib.
Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə işlər davam etdirilir. Son 12 ildə respublikamızda 600-dək səhiyyə müəssisəsi tikilib və yaxud əsaslı şəkildə yenidən qurularaq müasir avadanlıqla təchiz edilib. Təkcə ötən il ərzində 10-dan çox yeni tikilmiş və əsaslı təmir olunmuş tibb ocağı istifadəyə verilib. O cümlədən Mingəçevir, Göyçay və Ucar mərkəzi xəstəxanalarının açılışında dövlətimizin başçısı şəxsən iştirak edib və öz xeyir-duasını verib. Hazırda Ağsu, Masallı, Biləsuvar, Qazax, Neftçala rayon mərkəzi xəstəxanaları kimi böyük, çoxprofilli tibb müəssisələrinin tikintisi davam etdirilir. Ümumiyyətlə, artıq əminliklə demək mümkündür ki, ölkəmizin bütün regionlarındakı səhiyyə ocaqlarında əhaliyə yüksək səviyyəli tibbi xidmət üçün hər bir şərait yaradılıb, daha insanların hansısa bir müayinə və yaxud müalicə almaq üçün Bakıya gəlmələrinə heç bir ehtiyac qalmayıb.
Qlobal çətinliklərin yaşandığı və respublikamızın neft gəlirlərinin azaldığı indiki dövrdə Azərbaycanda sosial infrastruktur yaradılması prosesinin davam etdirilməsi ölkəmizdə sosial sferaya dövlətin xüsusi qayğı göstərdiyini təsdiqləyir. Prezident İlham Əliyev Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclasında söylədiyi nitqində növbəti illərdə bütün infrastruktur layihələrinin, o cümlədən də sosial layihələrin tamamlanmasının zəruriliyini xüsusi olaraq diqqətə çatdırıb. “Hazırda əsas prioritet içməli su layihələrinə, kənd yollarının çəkilişinə yönəlibdir və bu sahədə hələ görüləsi işlər çoxdur. Növbəti illər ərzində bütün infrastruktur layihələri öz həllini tapmalıdır, o cümlədən sosial infrastruktur layihələri”.
Yoxsulluğun bir fenomen kimi tamam aradan qaldırılması qarşıya qoyulan əsas vəzifələrdən biridir
Ölkəmizdə kompleks tədbirlər həyata keçirilir ki, Azərbaycan vətəndaşının rifah halı daha da yaxşılaşsın, maddi təminatı daha yüksək səviyyədə olsun. Son illərdə respublikamızda işsizliyin və yoxsulluğun azaldılması, əlillərin və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, sosial ödənişlərin artırılması üçün davamlı olaraq həyata keçirilən tədbirləri buna misal göstərmək mümkündür. Respublikamızda milli iqtisadiyyatın sosialyönümlülüyünün təmin olunması nəticəsində əhalinin real gəlirlərinin orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz bəndi üstələyib. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb.
Qısa müddətdə Azərbaycanda əhalinin sosial müdafiəsi ilə sıx bağlı olan məşğulluq probleminin həlli istiqamətində böyük uğur qazanılıb. Belə ki, son 12 ildə bütün ölkə üzrə 1 milyon 400 mindən artıq yeni iş yerlərinin yaradılmasına nail olunub ki, onların da böyük əksəriyyəti respublikanın regionlarında olmaqla daimidir. Hazırda dinamik sosial-iqtisadi inkişaf fonunda ölkədə müsbət demoqrafik vəziyyətin yaranmasına - əhalinin sayının artmasına uyğun olaraq yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilib.
Həyata keçirilən bu və digər tədbirlər ölkədə yoxsulluğun 5 faizədək azalması ilə nəticələnib. Qeyd edək ki, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində qeyd etdiyi kimi, bu sahədə vəzifə isə yoxsulluğu bir fenomen kimi tamamilə aradan qaldırmaqdan ibarətdir: “Bizim vəzifəmiz, - bunu biz artıq neçə ildir ki, bəyan etmişik, - ondan ibarətdir ki, yoxsulluq bir fenomen kimi Azərbaycandan tamamilə yığışdırılsın. Biz bu sosial bəlanı aradan götürməliyik. Yoxsulluq Azərbaycanda aşağı səviyyədədir - 5 faiz səviyyəsindədir. Ümumiyyətlə, olmamalıdır və əminəm ki, biz gələcək illərdə buna daha da yaxınlaşacağıq”.
Ölkədə yoxsulluğun azaldılmasında və əhalinin sosial müdafiəsinin gücləndirilməsində müəyyən qrup təbəqəyə verilən ünvanlı sosial yardımların da rolunu xüsusi qeyd etmək yerinə düşər. Hazırda respublikamızda 500 minə yaxın insan, başqa sözlə desək, 114 min ailə ünvanlı sosial yardım alır. Əlamətdar haldır ki, əhaliyə ünvanlı sosial yardımların verilməsi mexanizmi getdikcə təkmilləşdirilir və bu sahədə şəffaflıq daha artıq dərəcədə təmin olunur. Tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması məqsədilə institusional islahatlar da daxil olmaqla həyata keçirilən tədbirlər bu sahədə daha ədalətli yanaşmanı təmin edir və dövlətin qayğısından ilk növbədə buna daha çox ehtiyacı olan insanlar bəhrələnirlər. Görülən tədbirlərin nəticəsində sosial müavinət alan ailələrin sayı 20 faizədək, eyni zamanda, ilkin əlillik təyin edilmiş şəxslərin sayı 3600 nəfər, təkrar əlil hesab edilənlərin sayı isə 3 min nəfər azalıb. Yeri gəlmişkən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) yaradılması üçün müvafiq texniki infrastrukturun hazırlanması işləri yekunlaşdırılıb. Yeni sistem vətəndaşlara ünvanlı dövlət sosial yardımı üzrə sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxış imkanı yaradacaq. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində ünvanlı sosial yardımların verilməsində ədalət və şəffaflıq prinsipinin təmin olunmasından məmnunluğunu ifadə edərək vurğulayıb: “Hesab edirəm ki, ünvanlı sosial yardım sahəsində də çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin edilir. Görülən tədbirlər, islahatlar nəticəsində bu sahə insanları daha az narahat edir”.
Ölkədə xüsusi qayğıya ehtiyacı olan insanlar böyük diqqətlə əhatə olunublar
Azərbaycanın genişməzmunlu sosial siyasətindən söhbət açarkən ölkədə xüsusi qayğıya ehtiyacı olan insanların da böyük diqqətlə əhatə olunduqlarını xüsusi vurğulamaq lazımdır. Respublikamızda sosial sahədə dövlət siyasəti ona istiqamətləndirilib ki, ölkənin dinamik iqtisadi inkişafından əhalinin bütün təbəqələri, ələlxüsus da xüsusi qayğıya ehtiyacı olan insanlar bəhrələnə bilsinlər. Prezident İlham Əliyevin paytaxtın Nərimanov rayonunda gözdən əlillər üçün inşa olunan yaşayış binasının istifadəyə verilməsi mərasimində sakinlərlə görüşündə qeyd etdiyi kimi, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir.
Ölkəmizdə əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası diqqət mərkəzində saxlanılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki bərpa-müalicə müəssisələrində hər il orta hesabla 8 min nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşağa bərpa-müalicə xidməti göstərilir. Həmin insanların xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili işləri yüksələn xətlə davam etdirilir. 2015-ci ildə əvvəlki illə müqayisədə 65 faizə yaxın çox, yəni 265 nəfər bu təbəqələrdən olan şəxs xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib. Əlillərin protez-ortopedik xidmətlə təminatında da mühüm işlər aparılır və təkcə ötən ilin 11 ayında nazirlik tərəfindən onlara 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 40,1 faiz çox, yəni 31923 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib. Ümumilikdə 2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası proqramı müvafiq təbəqələrdən olan 16,3 min nəfərdən çox şəxsi əhatə edib.
Son illərdə xüsusi qayğıya ehtiyacı olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də bir sıra zəruri tədbirlər görülüb. Ötən ilin son ongünlüyündə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə paytaxtın Nərimanov rayonunda gözdən əlillər üçün inşa olunan yaşayış binası istifadəyə verilib. Yüksək səviyyədə inşa olunan 132 mənzilli binada gözdən əlillər üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılıb. Mənzillərin hamısı təmir edilib və yaşayış üçün hər cür şərait yaradılıb.
Ölkəmizdə Azərbaycanın dövlət müstəqilliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə fəal iştirak etmiş müharibə əlilləri və şəhid ailələri də hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyev yuxarıda bəhs olunan görüşdə bu istiqamətdə görülən işlərdən məmnunluğunu ifadə edib: “... Son illər ərzində müharibə əlilləri, şəhid ailələri üçün minlərlə evlər tikilib. 5200 şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən evlə təmin edilib. Eyni zamanda, onlara 5 mindən artıq minik avtomobili verilmişdir”.
Müharibə əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin miqyası kifayət qədər genişdir. Prezident İlham Əliyev 21 dekabr 2015-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, müvafiq kateqoriyadan olan şəxslərin ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 10 milyon manat ayrılıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 931 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31