Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Azadlıq” qəzetinin növbəti yalanı...

“Azadlıq” qəzetinin növbəti yalanı...

16.04.2015 [10:26]

Və ya dövlət tərəfindən iki dəfə mənzillə təmin edilmiş Qarabağ müharibəsi əlilinin qeyri-ciddi iddiaları ətrafında siyasi şou yaratmaq cəhdləri fiaskoya məhkumdur
Məlum olduğu kimi, ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir. Yəni, iqtisadi inkişaf nəticəsində sosial ayırmaların həcminin artırılması, əhalinin ümumi rifah halının yüksəldilməsi dövlətimizin yürütdüyü sosial siyasətin prioriteti qismində diqqət mərkəzindədir. Ötən illər ərzində pensiyaçıların, təqaüdçülərin, əlillərin, şəhid ailələrinin, milli qəhrəmanların ailələrinin, qaçqın və məcburi köçkünlərin, digər bu kimi kateqoriyalardan olanların sosial müdafiəsi ilə bağlı mühüm addımlar atılıb.
Bu mənada torpaqlarımızın azadlığı uğrunda vuruşan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı xüsusi qeyd olunmalıdır. Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyadan olan insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirir. Qeyd edək ki, ümumiyyətlə, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Ulu öndər Heydər Əliyev tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman, o cümlədən, Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin martında imzalanan “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” Sərəncam, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman bunun bariz sübutudur.
Malik Məcidovun mənzil hüququ pozulmayıb, o, əksinə xüsusi statusundan bir neçə dəfə istifadə edib
Təəssüf ki, dövlətimizin Qarabağ müharibəsi əlillərinə, o cümlədən, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan sui-istifadə etmək fikrinə düşənlər də tapılır. Dövlətimizin Vətən uğrunda sağlamlığını itirmiş şəxslərə tanıdığı xüsusi imtiyazlardan qeyri-qanuni şəkildə bəhrələnməyə çalışanlar bununla da öz döyüşçü yoldaşlarının haqqını mənimsəmiş olurlar. Bu azmış kimi, belələri radikal düşərgəyə xas KİV-də əsassız iddialar səsləndirirlər.
Məsələn, bir müddət öncə “Azadlıq” qəzetində dərc olunan yazıda analoji halla qarşılaşmaq mümkündür. Belə ki, yazıda Qarabağ əlili Məcidov Malik Qardaş oğlunun guya mənzil hüququnun pozulması və ona çatacaq mənzilin mənimsənilməsi ilə bağlı qeyri-ciddi iddialar səsləndirilir. Amma gəlin görək əsl həqiqət nəyi deyir?
Aparılan araşdırmalar zamanı bəlli oldu ki, Qarabağ müharibəsi zamanı əlil olmuş M.Məcidovun mənzil hüququ pozulmayıb. Əksinə, M.Məcidov öz Qarabağ əlili imtiyazından sui-istifadə edərək bir neçə dəfə mülkiyyət əldə edib.
Məcidov Qarabağ müharibəsi əlili kimi ilk dəfə 1992-ci ildə evlə təmin edilib
M.Məcidovun ilk dəfə mənzillə təmin edilməsi 1990-cı illərin əvvəlinə təsadüf edir. Belə ki, 1992-ci ildə Qarabağ müharibəsi əlili imtiyazı nəzərə alınmaqla Malik Məcidova işlədiyi Azərbaycan Boruyayma zavodu tərəfindən ev verilib. Zavod müdiriyyətinin və Həmkarlar İttifaqı Komitəsinin 16.11.1992-ci il tarixində keçirilmiş birgə iclasının 57 saylı protokolu əsasında yaşayış sahəsi 28 kv.m olan ikiotaqlı Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 2/29, mənzil 16 bir nəfər ailə tərkibi (özü) olmaqla Malik Məcidova ayrılıb. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 16.12.1992-ci il tarixli 786 saylı əmri ilə həmin mənzilə dair 28/831 saylı order verilib, 23.02.1993-cü il tarixində isə mənzil özəlləşdirilib.
2003-cü ildə Qarabağ müharibəsi əlilinin mənzil şəraiti daha da yaxşılaşdırılıb, ona yeni mənzil verilib
Sonradan Malik Məcidov Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 21.08.2001-ci il tarixli 273 saylı sərəncamı ilə imtiyazı əsasında yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınıb. 2003-cü ildə 47-ci məhəllədə inşa olunan 7 saylı yaşayış binasının bölgüsü zamanı Malik Məcidov notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək ona aid mənzilin yeni yaşayış binasından 2 otaqlı mənzilə dəyişdirilməsini xahiş edib. Qarabağ əlilinin müraciəti nəzərə alınıb və Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 30.12.2003-cü il 476 saylı sərəncamı ilə Malik Məcidovun 4 nəfərdən (özü, həyat yoldaşı və iki övladı) ibarət ailə tərkibinə əsasən yaşayış sahəsi 28 kv.m-dən ibarət olan ikiotaqlı, 47-ci məhəllə, ev 7, mənzil 6 ona verilib, adına 2003-cü il dekabrın 31-də 121 saylı order sənədləşdirilib. Malik Məcidov bununla yanaşı, həm də mənzil növbəsində saxlanılıb.
Dövlət tərəfindən verilən mənzili satan Malik Məcidov bu faktı dövlət orqanlarından gizlədib
Amma sonradan baş verənlər sağlam məntiqə sığmır. Belə ki, 2004-cü il iyunun 21-də həmin mənzil özəlləşdirilib və həmin il dekabrın 20-də alqı-satqı müqaviləsi əsasında Əliyeva Gülnarə Qabil qızının adına özgəninkiləşdirilib. Əldə olunmuş vəsait hesabına isə 2005-ci il iyun ayının 21-də Malik Məcidovun həyat yoldaşı Süleymanova İradə Dilavər qızının adına mülkiyyət hüququ əsasında sahəsi 42,28 kv.m.-dən ibarət ikiotaqlı 19-cu məhəllə, ev 9/20, mənzil 18 alınıb. Amma buna baxmayaraq, M.Məcidov və ailə üzvləri “hansısa səbəblərdən” özgəninkiləşdirilmiş 47-ci məhəllə, ev 7, mənzil 6-da qeydiyyatda qalıblar. Səbəb isə bəllidir. Bununla Malik Məcidov mülkiyyət hüququ əsasında mənzil əldə etməsi faktını dövlət orqanlarından gizlədib və nəticədə yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda qalmasına müvəffəq olub.
Malik Məcidov yenidən dövlət tərəfindən ona verilən mənzili sataraq “bağ evinə” köçüb
M.Məcidov bu addımı ilə yenidən mülkiyyət əldə etməyə nail olub. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 19.09.2007-ci il tarixli 343 nömrəli sərəncamı ilə yaşayış sahəsi 32,84 kv.m olan ikiotaqlı 18-ci mikrorayon, ev 38, mənzil 26 Malik Məcidovun 4 nəfərdən ibarət ailə tərkibinə ayrılıb və adına 2 otaqlı mənzili 18.03.2008-ci il tarixdə özəlləşdirərək 25.08.2010-cu il tarixində alqı-satqı müqaviləsi əsasında Məmmədov Qiyas Zülfüqar oğlunun adına özgəninkiləşdirilib. M.Məcidov həmin ildən ailə üzvləri ilə həyat yoldaşının mülkiyyətində olan 19-cu məhəllə, ev 9/20, mənzil 18-ə qeydiyyata düşüb. Araşdırmalar göstərir ki, bu mənzi uzun müddətdir ki, kirayə verilir. Hazırda mənzildə Sabirabad rayonunda qeydiyyatda olan bir ailə kirayədə yaşayır. Malik Məcidov isə 5 nəfərdən ibarət ailəsi ilə birgə Sumqayıt şəhəri “Xəzər” bağlar massivində 640 kv.m. torpaq sahəsində yerləşən birmərtəbəli, 4 otaqlı, 171 saylı bağ sahəsində yaşayır.
Bəli, Qarabağ müharibəsi əlili statusu ilə dövlət tərəfindən iki dəfə yaşayış sahəsi ilə təmin edilən M.Məcidov hər iki halda mənzilləri özəlləşdirərək alqı-satqı yolu ilə özgəninkiləşdirib, yəni, satıb.
Malik Məcidov 3 dəfə torpaq sahəsi ilə və avtomobillə təmin olunub
Bu azmış kimi, ona şəhər İcra Hakimiyyəti başçısının 842 saylı 1996-cı il dekabrın 24-ü tarixli sərəncamı ilə şəhərin 16-cı məhəllə ərazisində köşk üçün 6 kv.m., 335 saylı 1999-cu il may ayının 31-i tarixli sərəncamı ilə isə 18-ci məhəllə ərazisində 18 kv.m. qaraj üçün torpaq sahəsi ayrılıb. Bu da son deyil. Şəhər bələdiyyəsinin 21.06.2005-ci il tarixli 23 saylı qərarı ilə M.Məcidova “Yaşıldərə” bağ massivində 600 kv.m. bağ təsərrüfatı üçün, 18.11.2005-ci il tarixli 51 saylı qərarı ilə isə həmin massivə yaxın “Çerkassı” küçəsində avtomobillərə texniki xidmət göstərmək məqsədi ilə 56 kv.m. torpaq sahələri ayrılıb. Həmçinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən M.Məcidov minik avtomobili ilə təmin edilib.
Məcidovun növbəti müraciətinə hüquqi əsasla cavab verilib - Siz artıq öz hüququnuzdan istifadə etmisiniz
Bütün bunlara qane olmayan M.Məcidov 2011-ci ildən sonra yenidən mənzil əldə etmək üçün müraciətlər edib. Müxtəlif vaxtlarda yenidən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə şifahi və yazılı müraciətlər edən M.Məcidova hər dəfə uçota alınması üçün AR Mənzil Məcəlləsi və digər qanunvericilik aktlarına müvafiq olaraq hüquqi əsasların mövcud olmadığı barədə ətraflı izahatlar verilib. Yəni, ona bildirilib ki, siz artıq bu hüququnuzdan istifadə etmisiniz. Özü də bir dəfə yox, bir neçə dəfə...
“Azadlıq” qəzeti yalanlarını tirajlamaqla uğursuz siyasi şou arxasınca qaçır
Beləliklə, görünən odur ki, öz ampluasına sadiq qalan “Azadlıq” qəzeti heç bir araşdırma aparmadan, dəqiqləşdirmə həyata keçirmədən iddialar irəli sürür. Bu isə nə KİV haqqında qanunun tələblərinə cavab verir, nə də hər hansı çərçivəyə sığır. Bu məsələni siyasi şouya çevirməyə çalışan bu qəzet yenə də öz simasını Azərbaycan cəmiyyətinə nümayiş etdirmiş olur. Bu cür manipulyativ oyunlarla, guya, nə isə əldə edə biləcəyini düşünən qəzetin və bu qəzetin kölgəsinə sığınmağa çalışan qüvvələrin arzuları isə hər zamankı kimi puç olur...
Bir sözlə, dövlət tərəfindən iki dəfə mənzillə təmin edilmiş Qarabağ müharibəsi əlilinin qeyri-ciddi iddiaları ətrafında siyasi şou yaratmaq cəhdləri fiaskoya məhkumdur.
Digər tərəfdən, Qarabağ müharibəsi əlili Malik Məcidova dövlət tərəfindən yaradılan şərait, ona mənzil hüququ ilə yanaşı, digər güzəştlərin edilməsi və torpaq sahələrinin verilməsi, avtomobillə təmini faktlarla göz önündədir. Yəni, M.Məcidov dövlətdən yetərincə qayğı görüb və o, verilən imtiyazdan sui-istifadə etməməli, digər döyüş yoldaşlarının haqqını mənimsəməməlidir.
Daha dəqiq desək, Azərbaycan qanunvericiliyinə əsasən, Qarabağ müharibəsi əlilləri mənzil növbəsinə götürüləndən sonra bir dəfə mənzillə təmin oluna bilərlər. Bu mənada müxtəlif yollarla dövlətdən 2 və daha çox mənzil alanlar öz döyüşçü yoldaşlarının haqqını mənimsəmiş olurlar.
Prezident İlham Əliyevin diqqəti və qayğısı nəticəsində bütün Qarabağ əlilləri və şəhid ailələri mənzillə təmin ediləcək
Vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə daim diqqət və qayğı göstərilir, onların problemləri hər zaman diqqət mərkəzində saxlanılır. İndiyə qədər müharibə ilə bağlı xüsusi statusa malik 4454 nəfərin mənzillə, o cümlədən, 750 nəfərin fərdi evlə və 3300 nəfərin minik avtomobili ilə təmin olunması bunu deməyə əsas verir. Bununla yanaşı, 2014-cü il yanvar ayının 1-nə mənzil və fərdi ev növbəsinə götürülən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri 2018-ci ilin sonuna qədər mənzil və fərdi evlərlə təmin olunacaqlar. Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev Sərəncam imzalayıb. Hazırda 5 min nəfərə yaxın şəhid ailələri və Qarabağ müharibəsi əlilləri icra orqanları tərəfindən mənzil növbəsinə götürülüblər.
Və sonda arzulayardıq ki, hər bir xüsusi imtiyazlı şəxs dövlətin göstərdiyi qayğını düzgün qiymətləndirsin, neqativ halların qarşısının alınmasında fəal iştirak etsin və digər döyüşçülərə də qanuni imtiyazlarından bəhrələnməyə şərait yaratsın. Əks halda, bu həm qanun pozuntusuna, həm də mənəvi ağrılara səbəb olur...
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 733 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31